|
|
|
|
Gürcüstanın Qori bələdiyyəsinin Kirbalı kəndi ərazisində, separatçı Cənubi Osetiya ilə demarkasiya xəttinə yaxın yerdə Rusiya hərbçiləri Gürcüstan vətəndaşını öldürüblər. Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinə istinadən yayılan xəbərə görə, hadisə noyabrın 6-da işğal olunmuş ərazidə qanunsuz saxlama cəhdi zamanı baş verib. Daha bir Gürcüstan vətəndaşı qanunsuz saxlanılıb.
Gürcüstan Daxili İşlər Nazirliyi Rusiya işğalçı qüvvələri tərəfindən açılan atəş nəticəsində Gürcüstan vətəndaşının qətlə yetirilməsi ilə bağlı Cinayət Məcəlləsinin 143-cü maddəsi ilə araşdırmalara başlayıb. Bundan başqa, bir nəfərin də oğurlanması ilə bağlı 109-cu maddəsi cinayət işi açılıb.
Gürcüstan prezidenti Salome Zurabişvili artıq hadisəyə münasibət bildirib və bu hadisəni Gürcüstan dövlətçiliyinə açıq hücum adlandırıb. Dövlət başçısı beynəlxalq ictimaiyyəti bütün beynəlxalq normaları kobud və həyasızcasına pozan Rusiyanın hərəkətlərini birmənalı şəkildə pisləməyə çağırıb.
Rusiyayönümlü "Gürcü arzusu" partiyasını təmsil edən Baş nazir İrakli Qaribaşvilinin reaksiyası isə prezidentin mövqeyindən fərqli olaraq yumşaq olub.
Gürcüstanın İnsan Hüquqları üzrə Müvəkkili Levan İoseliani Gürcüstan vətəndaşının Rusiya işğalçı qüvvələri tərəfindən öldürülməsi ilə bağlı bəyanat yayıb. İoseliani Gürcüstan hakimiyyətini, eləcə də beynəlxalq insan haqları və monitorinq təşkilatlarını faktın effektiv araşdırılmasını, cinayətkarların cəzalandırılmasını və Rusiya Federasiyasının məsuliyyətə cəlb edilməsinin təmin olunması üçün hər cür səy göstərməyə çağırıb. İnsan Hüquqları üzrə Müvəkkil qeyd edib ki, bu hadisə bundan öncə qətlə yetirilmiş dörd Gürcüstan vətəndaşının qatillərinin cəzalandırılmamasının nəticəsidir: "Bu cür hərəkətlərin cəzasız qalması Gürcüstan vətəndaşlarını xüsusi təhlükə ilə üz-üzə qoyur".
Rusiyayönümlü "Gürcü arzusu" hökuməti Moskva ilə münasibətlərin daha da gərginləşməməsi üçün hadisə ilə bağlı səs-küyün böyüməməsinə çalışır. Lakin sosial şəbəkələrin Gürcüstan seqmentində Rusiyaya sərt etirazlar ifadə olunur.
Gürcüstan müxalifəti isə hökuməti Rusiyaya qarşı qəti mövqe tutmamaqda və Gürcüstanın maraqlarını satmaqda ittiham edir. Gürcü müxalifəti hadisə ilə bağlı etirazların keçirilməsini də istisna etmir. Qaribaşvili hökuməti isə qorxur ki, etirazlar Rusiya ilə münasibətləri daha da gərginləşdirəcək. Buna görə də hadisə ilə bağlı cəmiyyətin narazılığnın yumşaldılmasına çalışır. Rusiya hərbçilərinin Gürcüstanın işğal olunmuş ərazilərində törətdikləri cinayətlər isə Moskvanın postsovet məkanına öz ərazisi kimi baxdığını göstərir.