525.Az

Son kadans - Rəfail Tağızadə yazır


 

Son kadans - <b style="color:red"> Rəfail Tağızadə yazır</b>

Torpaq insan kimi ağlayandan, dağlar təpələrtək, yurdundan didərgin düşənlər içlərinə sıxılandan, zaman bizdən, biz zamandan küsəndən, "Biz sənə qayıdacağıq, Qarabağ!" hayqıraraq bu günün gələcəyinə inanırdım. Dünyanın belə qalmayacağına, həsrətə qovuşacağımıza, haqqın, ədalətin yerini tapacağına, 30 illik ağrını yaşayaraq vətən, yurd sevgisini ölməyə qoymayan, hər zaman torpaqlarımıza qayıdacağımızı duyaraq, hiss edərək. Buna inam verən görünənlər, görülənlər idi. Bir də sevgidən, istəkdən doğan daxili intuisiya, olasılar, olmalılar.

Bu millət, bu xalq haqsızlığa nə qədər dözməliydi. Səni hər tərəfdən sıxan, haqqının pozulmasına göz yuman, haqsızı müdafiə edənlərdən ədalət gözləmək yersiz idi. Ancaq özünə inamla buna son qoyula bilərdi.

Dünya belə dünyadı...

Heç kim zəifin, məğlubun yanında dayanmaq istəmir.

Səninlə o vaxt hesablaşırlar ki, gücünü görürlər.

Hamı ancaq güclüylə hesablaşır, danışıqlara gedir. Zəiflə yox. Ona görə də sən hər zaman diktə edən tərəf olmalısan. Sən ultimatum diliylə danışdıqca, səndən çəkinirlər.

Bəli, qaliblər mühakimə olunmurlar. Məğlubiyyət isə həmişə yetimdir.

2020-ci ilin 44 günlük Vətən müharibəsində gücümüzü, mübarizliyimizi görəndə, bizə münasibət dəyişdi.

Hərbi üstünlük, döyüş hazırlığı, qazanılan uğurlar düşmənə fərqli hərbi mövqedə olan Ağdamı, çox çətin relyefdə yerləşən - dağlı, meşəli, 28 ildə hər daşına, ağacına, koluna, dağına, dərəsinə bələd olduqları, yaşadıqları Kəlbəcəri, Laçını döyüşsüz təhvil verməyə məcbur etdi.

Bunlar erməni ordusu mifini tamamilə dağıtdı.

lll

Şuşadan Xankəndinə, Ağdamdan Xocalıya, Xankəndinə, Şuşaya uzanan yolun itib-batan izinə baxmağa dözmək olmurdu. Artıq bunlara son qoymağın vaxtı idi.

Məqam bu məqamdır, zaman bu zaman.

Torpağımızda oturub bizimlə silah gücüylə danışmaq istəyənlərə son zərbəni göstərmək lazım idi.

Torpağın erməni yarası yetişmişdi. Qara yara torpaqdan sovrulub atılmalıydı ki, torpaq da rahatlansın, biz də.

Yenə sentyabr. Bu dəfə 2023-cü il.

Birgünlük antiterror tədbirləri nəticəsində düşmənin bir mülki şəxsinin belə zədə almaması ilə hərbi obyektlərin zərgər dəqiqliyi ilə sıradan çıxarılmasından sonra ermənilərin gur-gur guruldayan separatçı qurumun ordu və siyasi rəhbərləri qorxuya düşərək qaçmağa çalışdılar. Bəziləri gizli yolla Azərbaycanı tərk edə bildilər, əksəriyyəti isə keçid məntəqəsində saxlanılaraq həbs edildilər. 

Bu, Azərbaycanın Ali Baş Komandanının, müzəffər ordumuzun siyasi, hərbi, psixoloji Qələbəsi, böyük Ermənistan xülyasının iflası idi!

Sosial şəbəkələrdə 30 il əvvəlki köçlə bugünkü köçün şəkillərinə, videolarına baxıb əsəbləşənlər çox oldu. Bəli, ağrılı müqayisədi. Biz erməninin Xocalıda, Ağdabanda, Qaradağlıda, ..., ümumən Qarabağda törətdikləri vəhşilikləri, insana və insanlığa sığmayan, ağla gəlməyənləri törədə bilməzdik. Çünki biz xalq, millət olaraq o deyilik. Ölkəni tərk edən hansı ermənidən soruşanda ki, "yaşadığın yerdən səni kim çıxartdı?", "bizimkilər dedilər: çıxın!" - söylədi. Sərhədə necə gəldiniz, sizə təzyiq olmadı ki, sualına hamısı "yox" cavabını verdi. Qayıdacaqsınızmı sualına isə bəzisi "hə" dedi.

Ermənilər Qarabağdan köç edərkən tıxacda qalan ermənilərə çörək, qida məhsulları paylayan Azərbaycan polisinin rəftarı ilə özlərinin vaxtiylə Ermənistandan, Qarabağdan qovulan azərbaycanlılara göstərdikləri münasibətlə, vəhşiliklə müqayisə etdilərmi??? O vəhşiliklərə əmr verənlər, icra edənlər bunlara baxanda az da olsa xəcalət çəkdilərmi? Yaralı erməniyə ilk tibbi yardım göstərən, qocaya, uşağa dərman verib sağaldan Azərbaycan əsgərini görəndə insanlıq haqqında düşündülərmi? Bəlkə heç olmasa indi insanlığın nə olduğunu görüb peşmanlıq hissi keçirərlər. Amma çətin. İnanmıram! 

Bizə müsibətlər yaşatmış ermənilərə bizim mədəni, insani davranışımızı, insanlığımızı bütün dünya gördü. Hətta görməzlikdən gələnlər də.

Azərbaycanlılardan həmişə yaxşılıq gördüklərini, özləri ilə bizə fərq qoymadıqlarını bildirənlərdən "Azərbaycanlılar yaxşı millətdilər. Ermənilər millət deyil!", - deyənlər də oldu. Milləti özününkülər qədər tanıyan olmaz.

Humanistliyimiz, insaniyyətliyimizlə bərabər, başımıza gələnləri, gətirilənləri də unutmamalıyıq. Çünki sən tarixi unudursansa, onu təkrar yaşamalı olursan. Hamıya yerini göstərərək, "sən, busan" deməyi bacarmalısan. İstifadəçi həmişə istifadəçidir.

Zaman bizim zaman, dövran türkün dövranıdır.

Hələ 23 fevral 2017-ci ildə yazdığım "Qara-qırmızı Xocalı (muğam üstündə oxunan ağı)" poemamda Xocalının azad olunacağını, Xocalı övladlarının oranı gülüstana çevirəcəklərindən yazmışdım.

 

Bu tarix beləcə qalmaz, Xocalı!

Bu zülmün sonu da mütləq gələcək.

Bizim qəlbimizdə gəzən ağrıya

Oğullar bir xoşbəxt sonluq verəcək.

 

Başı bəlalar çəkmiş, müsibətlər yaşamış Xocalını azad görmək, bu qədim yaşayış məskənimizdə müqəddəs bayrağımızın dalğalandığını seyr etmək təzədən yaşamaq deməkdir. Xocalı da son vaxtlar azad olunan başqa torpaqlarımız kimi qansız-qadasız azad olundu.

Biz körpələrimizin, qadınlarımızın, qocalarımızın qanları axıdılan torpağa erməni qanını axıda bilməzdik. Təmiz qanımız üsyan edərdi. Alışardı.

Arzularımız həqiqətə çevrildi. Qarabağ artıq tam olaraq bizimdir. 2020-ci ildə işğaldan azad olunmuş torpaqlarımız kimi Xocavənddə də, Ağdərədə də, Xocalıda da, Xankəndində də Azərbaycan bayrağı dalğalanır. Bütöv Qarabağda!

Bu, son kadansdır!

Qarabağda hər şey yavaş-yavaş yoluna qoyulacaq, ən müasir bölgələrdən birinə çevriləcək. Gözəlləşəcək.

Yenə də Ağdamdan Şuşaya köhnə yolumuzla gedəcəyik. Yolda Xocalıda dayanıb dostları da özümüzlə götürəcəyik.

Düz 100 ildən sonra öz adı özünə qaytarılan Xankəndimizə getmədiklərimiz illərin əvəzini çıxacağıq.

Son vaxtlar yadda qalan aylar, rəqəmlər üst-üstə düşür. Sentyabrlar, Şuşanın məhz ayın 8-də işğaldan azad olunması... Bəlkə də, bunlar təsadüfü deyil...

Ağdamdan Kəlbəcərə də gedəndə artıq bizim olan, yolumuzu gözləyən Ağdərəyə təzə gözlə baxıb, dolanbacları aşaraq daha rahat yolla gedəcəyik. Gözəllikləri təzədən seyr edərək.

Azərbaycanın İsveçrəsi sayılan Kəlbəcərə çatıb ordan o yana - köhnə dədə-baba yurdlarımıza yeni baxışla, yeni düşüncəylə baxacağıq.

Neçə əsrlər sonra ilk dəfə torpaqlarımızı geri alaraq Qələbə sevincini yaşayırıq.

"Qarabağ bizimdir, Azərbaycandır!" - deyərək hər zirvəsində, inzibati binalarında dalğalanan bayrağımıza baxıb qürurlanırıq.

Şəhidlərimizin ruhları şaddır!

Qələbə sənə çox yaraşır, Azərbaycan!

Zəfər sənin haqqındır!

ZƏFƏRİN MÜBARƏK, AZƏRBAYCAN!

 





13.11.2023    çap et  çap et