525.Az

Yeni nəslin tərbiyəsi: ailənin və məktəbin təsiri vəhdətdə


 

Yeni nəslin tərbiyəsi: ailənin və məktəbin təsiri vəhdətdə<b style="color:red"></b>

Müasir dövrdə - dünyanın hər gün yeniləndiyi, ciddi dəyişiklik və irəliləyişlərin baş verdiyi bir vaxtda Azərbaycan təhsilinin də qarşısında böyük vəzifələr durur. Bunlar məktəbəqədər təhsilin daha da genişləndirilməsi, ümumi təhsildə keyfiyyət amillərinin yüksəldilməsinə ciddi diqqət yetirilməsi, "Ömürboyu təhsil" üzrə milli kvalifikasiyaların beynəlxalq meyarlara uyğunlaşdırılması istiqamətində xidmətlərin daha da gücləndirilməsi, təhsildə rəqəmsal gələcək üçün rəqəmsal bacarıqların və səriştələrin artırılması və digər vəzifələrdən ibarətdir. Təhsilin səviyyəsini respublikamızda və dünyada gedən bugünkü inkişaf səviyyəsinə çatdırmaq təhsil işçilərinin qarşısına mühüm məqsədlər qoyulur. Böyük tarixi, milli və beynəlxalq əhəmiyyət kəsb edən həmin vəzifələrin düzgün və vaxtında icrasında, məktəblərlə yanaşı, valideynlər də əsaslı rol oynamalıdır.

Məlumdur ki, ailə həm "kiçik dövlət", həm də cəmiyyətin təməl daşıdır. Məktəb kollektivləri ilə təhsil alan uşaqların, yeniyetmələrin və gənclərin ailələləri arasında mehriban münasibətlərin qurulması, təhsil, təlim-tərbiyə kimi çətin, mürəkkəb və məsuliyyətli bir işin yükünün birgə daşınması təlim-tərbiyənin inkişafına və dünyanın müasir inkişaf səviyyəsinə çatdırılmasına müsbət təsir göstərir.

Valideynlərin uşaq, yeniyetmə və gənclərə müntəzəm təsir etmək, onları məktəblə yanaşı, həyata hazırlamaq, eləcə də şəxsiyyətin düzgün və vaxtında formalaşmasına kömək və nəzarət etmək imkanları genişdir. Ailədə tərbiyənin əsas məqsədi şəxsiyyətin fiziki və əqli cəhətdən mükəmməl inkişafına, onun dünyagörüşünün ilkin səviyyədə formalaşmasına, Vətənə, doğma torpağa bağlılıq ruhunda yetişməsinə, əməyə alışmasına, birgəyaşayış qaydalarını mənimsəməsinə yol açmaqdır. Bu kimi keyfiyyətlərə sahib olmaq üçün təlim-tərbiyə sahəsində məktəb kollektivləri ilə valideynlər arasında yaradılmış qarşılıqlı əlaqə bir körpü və ya tramplin rolunu oynayır. Çünki məktəbin və valideynlərin birgə köməyi ilə həyata keçirilən təlim-tərbiyəni mükəmməl mənimsəmiş yeniyetmə və ya gənc həyatda hər bir çətinliyə sinə gərər, heç vaxt düz yoldan sapmaz, dürüst yolla uğur əldə etməyi bacarar.

Təsadüfi deyil ki, valideynlər uşağın körpə vaxtından ilk tərbiyəçisi və müəllimi hesab olunurlar. Onlar fiziki cəhətdən sağlam, intellektual səviyyəcə mükəmməl, əxlaqi dəyər baxımından yetkin, iti ağıla, dərin zəkaya və düşüncəyə malik kamil şəxsiyyət kimi yetişmələri üçün ailə böyükləri ilkin münbit şəraiti yaratmalıdırlar.

Hələ qədim zamanlardan böyük dahilər, filosoflar, mütəfəkkir-şairlər, məşhur pedaqoq və psixoloq alimlər təlim-tərbiyə prosesində ən gözəl uğurlar əldə etməyin yeganə yolunu məktəbinailə ilə qarşılıqlı əlaqəsində görürdülər.

Qədim Çin mütəfəkkiri Konfusinin təlim-tərbiyə haqqında gözəl və dəyərli fikirləri vardır. O, gənclərə münasibətdə hamıya çox səbrli və ehtiyatlı olmağı tövsiyə edirdi: "Heç vaxt gənclərə yuxarıdan aşağı baxmayın. Kim bilir, bəlkə də onlar yaşa dolanda görkəmli şəxsiyyətlər olacaqlar".

Görkəmli pedaqoqlardan Vasili Suxomlinski ailə və məktəb mövzusundan söz açarkən demişdi: "Ailə olmasaydı, biz - məktəbi nəzərdə tuturam - gücsüz olardıq". O, məktəblə ailə arasında gözəl münasibət qurmaqla yanaşı, həm də dərs dediyi məktəbin şagirdlərinin təbiətlə canlı ünsiyyətinə şərait yaradırdı. Şagirdləri dərsdənkənar vaxtlarda təbiətin qoynuna aparır və onlara ekoloji şüur da aşılayırdı. Məşhur pedaqoq şagirdlərində sağlam həyat tərzinə həvəs formalaşdırmaqla, həm də onları təbiətə böyük məhəbbət ruhunda tərbiyə edirdi.

Müasir Azərbaycan dövlətinin yaradıcısı olan Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan Respublikasına rəhbərlik etdiyi bütün dövrlərdə millətin gələcəyini müəyyən edən təhsilə mühüm strateji məsələ, digər bütün sahələrin inkişafı üçün güclü stimul yaradan qüvvə kimi yanaşıb və bu sahəyə həmişə xüsusi diqqət yetirib. Ulu öndərimiz daim müəllim adını uca tutub, ölkəmizdə təlim-tərbiyənin səviyyəsinin ildən-ilə daha da yüksəlməsində müəllim əməyinin və müəllim nüfuzunun rolunu son dərəcə yüksək qiymətləndirib. Ümummilli lider təhsilin ölkəmizdə davamlı tərəqqisi, onun inkişaf etmiş ölkələr səviyyəsinə yüksəlməsi, dünyanın yeni və qabaqcıl təhsil texnologiyalarının və tədris üsullarının respublikamızın təhsilinə gətirilməsi üçün böyük zəhmət sərf edib. Ulu öndər müstəqil Azərbaycanın gənclərini təkcə istehsal sahələrində, ordu quruculuğunda deyil, cəmiyyətin bütün sahələrində, o cümlədən, dövlətin idarəetmə sistemində də fəal iştirakçılar kimi görmək istəyirdi.

Ailə dəyərlərimizin qorunmasına və inkişafına daim diqqət yetirən Ulu öndərimiz bu milli məsələyə xüsusi qiymət verərək: "Ailə dəyərləri, ailə ənənələri, milli-mənəvi dəyərlərimizə sədaqət, uşaqların müasir səviyyədə tərbiyəsi mühüm əhəmiyyət kəsb edir" - demişdi.

Ümummilli lider təlim-tərbiyə işinin ailədə və məktəbdə paralel aparılması ilə bağlı da çox müdrik və uzaqgörən fikirlər söyləyib. O, mükəmməl təhsillə tərbiyəni məktəbin və ailənin ortaq vəzifəsi hesab edərək deyirdi: "Məktəblə ailənin sıx, qarşılıqlı əlaqəsi olmadan mükəmməl tərbiyə ola bilməz, çünki bu proses kompleks bir prosesdir və onun səmərəliyini valideynlərlə pedaqoqların birgə səyi ilə yüksəltmək lazımdır".

Ulu öndərin başlatdığı mükəmməl siyasi kursun, dövlət idarəçiliyinin böyük davamçısı olan Prezident İlham Əliyev ölkədə təhsil sahəsində əldə edilən uğurları qeyd etməklə yanaşı, bu strateji sahənin yeni islahatlar vasitəsilə müasir dünyanın ən qabaqcıl ölkələrinin təhsil sistemindəki tələblər səviyyəsinə yüksəldilməsini qarşıya çox vacib məqsəd kimi qoyub: "Təhsil sahəsində bu günə qədər aparılan islahatlar daha da dərinləşməlidir. Təhsil ölkəmizin ümumi inkişafına uyğun şəkildə inkişaf etməlidir və ən müasir tələblərə cavab verməlidir", - deyə dövlətimizin başçısı vurğulayıb.

Təəssüf ki, müasir dövrdə məktəbin tərbiyə funksiyası nisbətən arxa planda qalaraq sürətlə zəifləməyə doğru gedir. Halbuki müasir narahat dünyamızda, gərgin dövrdə məktəb kollektivindən bu sahədə daha ciddi fəaliyyət tələb olunur. Bəzi valideynlər, xüsusilə gənc ata və analar isə elə düşünürlər ki, onların məktəbdə oxuyan uşaqlarının tərbiyəsi ilə ancaq müəllimləri məşğul olmalıdırlar. Bu, çox yanlış fikirdir və təlim-tərbiyə işinə yolverilməz münasibətdir. Əslində, uşaqların təlim-tərbiyəsində müəllimlərin və valideynlərin ayrı-ayrılıqda öz məsuliyyətləri və cavabdehlikləri var.

Məktəblə ailənin qarşılıqlı əlaqəsində əsas amil müəllim-valideyn münasibətlərinin düzgün təşkilidir. Təlim-tərbiyə prosesində müəllimlərin, psixoloqların valideynlərə göstərdikləri maarifləndirmə yardımları bu baxımdan xeyli mühümdür.

Ailənin iqtisadi cəhətdən "zəngin" və ya "kasıb" olması təlim-tərbiyənin keyfiyyətinə mənfi təsir göstərməməlidir. Bu məsələni həm müəllimlər, həm də valideynlər unutmamalıdırlar. Əlbəttə, ailənin iqtisadi problemlərini həll etmək valideynlərin əsas vəzifəsidir. Belə bir vəziyyətdə iqtisadi problemlərin həllinə başı qarışan bəzi valideynlərin diqqəti uşağın təlim-tərbiyəsindən yayınır. Bu cür hal uzun müddət davam edirsə, mənfi nəticəsini müxtəlif formalarda göstərir. Əfsuslar olsun ki, hətta bir sıra valideynlər "ailəyə maddi kömək" niyyəti ilə öz uşaqlarını məktəbdən, yəni təhsildən və tərbiyədən uzaqlaşdırırlar.

İndi elə bir mürəkkəb dövrdə yaşayırıq ki, təlim-tərbiyə işinə təkcə məktəb və valideynlər deyil, bütün cəmiyyət məsuliyyət daşımalıdır. Bu prosesdə hamı iştirak etməlidir. Lakin bu sahədə əsas güc məktəb kollektivlərinin, xüsusilə müəllimlərin, digər tərəfdən isə valideynlərin üzərinə düşür.

Təsadüfi deyil ki, belə bir məşhur atalar məsəlimiz var: "Uşağım əzizdir, tərbiyəsi ondan da əzizdir".

Uşaqların tərbiyəsində müxtəlif səhvlərə və boşluğa yol verilməsi ciddi qəbahətdir və acı nəticələr doğurur. Belə bir hal qısa müddətdə uşağı sağlam mühitdən uzaq salır. Onda həmin uşağın pis yola düşməsi ehtimalı xeyli artmış olur. Buna görə də valideynlər mütləq hər gün müəyyən saatlarda vaxt ayıraraq şəxsən uşaqlarının təlim-tərbiyəsi ilə məşğul olmalıdırlar. İctimai yerlərdə olduqda uşağın davranışına gizlincə göz qoyulmalı, lazım gəldikdə belə yerlərdə mövcud davranış qaydaları ona izah edilməlidir.

Valideynlər uşaqların televiziya və kompüterdən istifadəsinə də göz qoymalıdırlar. Ailələrdə bəzi uşaqlar səhərdən axşamacan belə texniki vasitələrdən fasiləsiz istifadə edirlər. Xüsusilə yaxın məsafədən və ya uzun müddət ifrat dərəcədə bu cür texnikadan istifadə gözləri yorur, görməni pisləşdirir, başağrısı baş verir. Bəzi uşaqlarda isə uzun zaman  qulaqlıqlardan istifadə edilməsi tədricən karlığa səbəb olur. Uşaqların internetə və kompüterə çox aludə olması onların təkcə görməsini əlindən almır. Bu cür texniki vasitələrdən həddindən artıq istifadə etməsi uşaqların tez-tez əsəbiləşməsinə, özündən çıxmasına, özünəqapanmaya yol açır. Uşağın valideynləri, dostları və şagird yoldaşları ilə ünsiyyəti gündən-günə zəifləyərək azalır. Onlar ünsiyyətdən qaçaraq tək qalmaq istəyirlər. Belə təhlükələrin qarşısı vaxtında və düzgün tərbiyə ilə alınmalıdır.

Təlim-tərbiyə işinin nəticəsini cəmiyyətin güzgüsündə aydın görmək mümkündür. Bu güzgüdə hər bir məktəbin, hər bir valideynin yetişdirdiyi gəncin Vətənə, xalqa, elə-obaya, orduya və ümumilikdə bütün cəmiyyətə nə qədər yararlı, faydalı və sədaqətli olmasını görə bilərik.

Məktəb və valideynlərin uşaq, yeniyetmə və gənclərə verdiyi yüksək təlim-tərbiyə əslində milli sərvətdir. Bu sərvəti daha da artırmaq və daim qorumaq hər birimizin müqəddəs vəzifəsi olmalıdır.

 

 





13.11.2023    çap et  çap et