525.Az

ABŞ və Qərbdə diskriminasiya pik həddə çatıb


 

ABŞ və Qərbdə diskriminasiya pik həddə çatıb<b style="color:red"></b>

ABŞ və Qərbi Avropa ölkələrinin demokratiya, insan haqlarından öz mənafeləri üçün istifadə etdikləri artıq heç kimə sirr deyil. Başqa sözlə, Qərb digər dövlətlərin daxili işlərinə müdaxilə etmək, onlara təzyiq göstərmək üçün demokratiya, insan haqlarından bir vasitə kimi istifadə edir. Əgər həqiqətən də, Qərb üçün bu prinsiplər önəmli və həyati əhəmiyyətli olsaydı, o zaman Ermənistanın işğalı nəticəsində öz yurd-yuvasından didərgin düşmüş bir milyona yaxın soydaşımızın 30 il ərzində bütün hüquqlarının pozulmasına göz yummazdı. Heç bir Qərb dövləti və təşkilatı indiyə qədər bu mövzuda danışmayıb, Ermənistanın qeyri-insani əməllərini pisləməyib.

Ermənilər 30 il ərzində ərazilərimizi tamamilə dağıdıb, minalayıb, viran qoyub. Müharibə bitdikdən bu yana çoxsayda insanımız mina partlayışının qurbanı olub. Eyni zamanda Ermənistandan öz tarixi yurd yerlərindən qovulmuş insanlarımızın geri qayıtmaq hüququ tanınmır. Amma həmin Qərb yenə də susur, əvəzində erməniləri müdafiə edir, Azərbaycana qarşı qərəzli münasibət bəsləyir, əsassız iddialar səsləndirir. Bu, əlbəttə ki, Qərbin dəyişməyən ikiüzlü və riyakar simasıdır. Digər tərəfdən, dünyaya demokratiya, insan haqları dərsi keçməyə çalışan Qərb ölkələrində dini və etnik məsələlərdə diskriminasiya, islamofobiya, miqrantlara qarşı nifrət, rasizm baş alıb gedir. ABŞ-da qaradərili vətəndaşlara qarşı ayrı-seçkilik xüsusilə vurğulanmalıdır. Polis onları istədiyi vaxt rahat şəkildə güllələyə bilir. Və polis həmişə “haqlı” çıxır. Belə faktlar saysız-hesabsızdır. Hətta ABŞ-da “Black Lives Matter” hərəkatı buna etiraz olaraq davamlı aksiyalar keçirib. Qərbdə vətəndaşlıq alsalar belə, digər millətlərə yanaşmada hər zaman nifrət, ayrı-seçkilik özünü göstərir. Azərbaycana qarşı qərəzli siyasətin önündə gedən Kanadada ksenofobiya, diskriminasiya, nifrət pik həddədir. Gündüz vaxtı belə müsəlmanlar küçədə rahat şəkildə gəzə bilmir, onlara hücumların sayı hər gün artır. 

Sözdə insan hüquqlarından danışan Qərb miqrantlara qarşı sərt siyasət həyata keçirir və bu siyasət Aralıq dənizində çoxsayda insanların boğulub ölməsinə səbəb olur. İllər əvvəl Yunanıstana üz tutan qayığın batması nəticəsində qurbanlardan birinin - azyaşlı olması və onun sahildə üzüqoyulu düşmüş fotosu Qərbin üz qarası, onun miqrant siyasətinin gətirdiyi insan faciəsinin rəsmi idi. Həmin foto “dənizin sahilə atdığı insanlıq” tviter postu ilə dünyanı sarsıtdı. Hər il Avropa sahillərinə çıxmağa can atan minlərlə miqrant dənizdə boğulur. 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hər zaman Qərbin miqrant siyasətini tənqid edib. O, öz çıxışlarında bildirib ki, Avropada miqrasiya siyasəti, əcnəbilərə nifrət və İslam düşmənçiliyi mövzusunda təəssüf ki, heç bir addım ata bilinmədi. Onun sözlərinə görə, Türkiyənin səyləri olmasaydı, miqrasiya böhranı daha da dərinləşəcək, ölüm sayları daha da artacaq, terror daha çox yayılacaq və qeyri-stabillik daha geniş coğrafiyaya yayılacaqdı. Türkiyə 4 milyondan çox miqranta öz qapılarını açdı, Avropa İttifaqı isə kömək üçün söz versə də, heç bir dəstək göstərmədi.

Bu gün Avropanın insan hüquq və azadlığı prinsiplərindən öz maraqları üçün istifadə etmələri digər xalqların faciəsinə səbəb olur. Avropa daxildə artan ksenofobiya, nifrət, rasizm məsələlərində hansısa təsiredici qərarlar qəbul etmir, əvəzində, bu ölkələrdə müsəlmanların müqəddəs kitabı olan Quranın yandırılmasını görürük. Bu da islam düşmənçiliyini göstərir. Təəssüf ki, bu istiqamətdə də Qərbdə hər hansı tədbir görülmür. Bu gün ABŞ-da, Qərbdə islamofobiya, ksenofobiya, nifrət çox geniş və qarşısıalınmaz formada özünü göstərməkdədir.

Xaricə demokratiya eksportu adı ilə həmin ölkələrin daxili işlərinə müdaxilə edib, hakimiyyətlərin dəyişdirilməsi, təbii resurslarının ələ keçirilməsi ilə məşğul olan Qərb, öz daxilində dərinləşən problemləri görmək və onları həll etmək istəmir. Azərbaycana qərəzli münasibət göstərən Qərbdən fərqli olaraq, bizim ölkəmizdə heç vaxt dini və etnik zəmində qarşıdurma, digər xalqlara və millətlərə qarşı ayrı-seçkilik, nifrət zəminində cinayətlər baş verməyib. Əksinə, Azərbaycanda bütün millətlər, etnik qruplar bir mehriban ailə kimi yaşayıb. Ölkəmiz dünyada tolerantlıq nümunəsi kimi tanınıb.  Ona görə də Qərbi Avropa ölkələrinin, xüsusən Fransa, Almaniya və digərləri qarayaxma kampaniyası ilə öz mənfur niyyətlərinə nail ola bilməyəcəklər. Bu gün məhz qeyd edilən ölkələrdə aksiyaya çıxan vətəndaşlara qarşı ən sərt üsullardan, qadağan olunmuş gözyaşardıcı qazlardan, rezin güllələrdən, hətta atlardan belə istifadə olunur. İnsanların dinc toplaşmaq hüququ kobud şəkildə pozulur. 

Burda bir misal da yada düşür, öz gözündə tiri görmür, başqasının gözündə çöp axtarır. İndi Qərb Azərbaycanda axtardığını tapa, görmək istədiklərini görə bilmir. Təbii ki, mənfi halda. Gördüyü müsibətlər isə onun planlarına uyğun gəlmir. İstənilən halda, ABŞ və Qərb liderləri öz ölkələrində və Azərbaycanda yuxarıda sadaladıqlarımızla bağlı bir müqayisə aparsalar, onda fərqin necə böyük olduğunu görüb, bəlkə qərəzli yanaşmalarından çəkərlər.

 

 





13.11.2023    çap et  çap et