525.Az

Lazım olsa yenə gedəcəyəm, gedəcəyik... - "Qazilərimizi tanıyaq" rubrikası


 

Lazım olsa yenə gedəcəyəm, gedəcəyik... - <b style="color:red">"Qazilərimizi tanıyaq" rubrikası</b>

"Qazilərimizi tanıyaq" rubrikasının ilk qonağı İkinci Qarabağ müharibəsi iştirakçısı Əsgərov Nofəl Elçin oğludur. Onunla keçdiyi döyüş yolu haqqında danışmışıq.

 

- Vətən müharibəsinin il dönümündə bu gün qonağımız İkinci Qarabağ müharibəsi iştirakçısı Əsgərov Nofəl Elçin oğludur. Biz Nofəli necə tanımalıyıq?

- Əvvəla salam. Mən Nofəl Əsgərov İkinci Qarabağ Müharibəsinin iştirakçısıyam. Hələ ki, bu qədər (gülür)

- Uşaqlığı döyüş illərinə düşən demək olar ki, hər uşağın içində Qarabağı azad görmək, oranı düşməndən almaq arzusu var idi. Bəs bu arzu sən böyüdükcə sənin üçün bir missiyaya çevrilirdi, hiss edirsən bunu özündə?

- Mən Naxçıvanda doğulmuşam. 5 il orada yaşadıqdan sonra Bakıya köçmüşük. Naxçıvana getmək üçün həmişə təyyarədən istifadə etmirdik, bəzən İrandan keçərək gedirdik. O zaman işğal edilmiş torpaqlarımızı Araz çayı sahillərini görürdük, Zəngilan, Cəbrayıl , Xudafərin körpüsünü görürdük uzaqdan. Məni tanıyanlar, xüsusən də valideynlərim yaxşı bilir ki, mənim ən böyük arzum idi o torpaqlar uğrunda döyüşmək. Hərbi xidmətdə olan zaman da Naxçıvanda sərhədboyu ərazilərdə olmuşam. Uzaqdan da olsa o torpaqları görəndə, oradan keçəndə məni nəsə çəkirdi ora, qəribə bir hiss idi. Şükür ki, müqəddəs torpaqlarımız uğrunda döyüşə bildim. 

- Müharibənin ilk günü, döyüşə çıxarkən nələr hiss edirdin? Bir müqəddəs yolun ilk addımında nələr keçirdi içindən?

- Səhər saat 5 radələrində bizə həyəcan siqnalı verilərkən döyüşə getdiyimizin və bizi nələrin gözləyə biləcəyini başa düşmüşdük. Amma yola düşəndən, hərbi kolonları görəndən sonra vəziyyətin daha dəqiq hansı səviyyəyə çatdığını anladıq. Əslində çox kövrək anlar keçirirdik. Birincisi, sevinc hissi bizi sarmışdı. Milyonlarla soydaşımızın arzusu olan o müqəddəs döyüşə yollanırdıq, Qarabağı azad etmək uğrunda döyüşə gedirdik. Başa düşürdük ki, bu yolda şəhidlik zirvəsinə yüksələ, qazi ola bilərdik amma bunlardan da əvvəl biz daha vacib bir amal uğrunda yola çıxmışdıq - illərdi həsrət qaldığımız torpaqlara olan həsrətimizi bitirmək üçün. İkincisi, yolboyu bizə dəstək verən, dualar edən, bizim üçün ağlayan insanları gördükcə təkrar-təkrar başa düşürdük nə qədər böyük bir amala görə yola çıxdığımızı. Təkrar vurğulayıram bu döyüş sadəcə iki ordunun üz-üzə gəlməsi yox bir xalqın sonsuz arzusuna qovuşmasına aparan yol idi. Təbii ki, bu yola bir çıxdığımız dostlarımızdan geri dönməyənlər. Onsuzda belə şeyləri gözə almışdıq, lakin, içimizdəki müqəddəs amal üçün yanan arzular o qədər güclü idi ki, bu heç kimi qorxutmurdu.

- İlk hansı işğaldan azad edilmiş rayonumuzda gəzdin, oraları hiss etməyə başladın?

- Kəşfiyyat bölməsində xidmət etdiyimə görə bizdə fərqli tapşırıqlar olurdu. Əvvəlcə bir neçə Ağcabədidə, işğal olunmuş ərazilərimizə yaxın yerdə gözləyirdik. Ordan Füzuliyə daxil olduq, düzdür, Füzulinin bir hissəsi bizdə idi amma Əhmədbəylidən sonrası işğal edilmişdi. Oranı keçəndən sonra gördüyümüz mənzərə qarşısında çox kədərli anlar keçirirdim şəxsən. Ordakı dağılmış yaşayış məntəqələrini, məktəbləri, məscidləri görəndə düşmənin vanddallığı, vəhşiliyi qarşısında təəccüblənmişdim. Hər dəfə döyüş yoldaşlarımla da bu barədə danışırdım, təsəvvür edin, o uçulmuş divarların, ağacların dili olsaydı bizə nələr danışardı, nələr görmüşdülər bu işğal illəri ərzində...

Dediyim kimi hər nə qədər qürur, fərəh dolu anlar keçirsək də zaman-zaman qarşımıza çıxan bu mənzərələr bizi kədərləndirir, məyus edirdi. Buna oxşar halları təkrar-təkrar yaşadım amma, sanki , ordakı hər şey nəsə danışmaq, dərdləşmək istəyirdi bizimlə.

- Erməni vandalizminin ən bariz nümunəsini döyüş zamanı harda, nədə gördün?

- İrəlilədikcə hər dəfəsində fərqli yerlərdə gecələməli ya da istirahət etməli olurduq. Ölkəmizin ən ucqar kəndlərində belə olduqca yaxşı yol infrastrukturu, qaz, su, işıq var. Hər şeylə təmin edilib, şəhərlərdən çox az fərqlənirlər. Amma orda sosial vəziyyət çox bərbad idi, təbii ki, başa düşürəm döyüş vaxtı müəyyən çətinliklər olmalı idi. Amma ordakı qalıntılardan da başa düşmək olurdu ki, burda insan həyatını yaxşılaşdırmaq üçün heç nə edilməyib. İşğal edilmiş torpaqlarımızdakı inkişafdan geri qalmış bariz nümunəsi idi ki, bu torpaqları ermənilər nə qədər sözdə mənimsəsə də, heç vaxt bura onların vətəni olmayıb. Yoxsa adam vətənini belə saxlayar heç? (gülür).

- Ermənilər ordumuzun qarşısında dayana bilməyib dinc əhalini, Tərtəri, Bərdəni, Gəncəni hədəfə alırdılar. Bu xəbərləri eşidəndə nələr düşünürdüz, nələr baş verirdi?

- Təbii ki, düşmənin bizə qarşı aqressiyasını hiss edirdik. Bizə qarşı törətdiyi soyqırımlardan, bizdən qalma evlərə belə mərhəmət göstərməməyindən bilirdik bizə qarşı nifrətini. Bizim orda tək məqsədimiz var idi - sona qədər döyüşüb, onları torpaqlarımızdan qovmaq. Müharibə bölgəsində təbii ki, informasiya qırıqlığı olurdu. Hadisələrdən bir neçə gün sonra xəbərimiz olurdu əsasən, bu təbii ki, bizim qəzəbimizi daha da artırırdı. Onlarla çox böyük fərqimiz var idi nə qədər qəzəblənsək belə biz bu əsəbi, qəzəbi dinc əhaliyə yox əli silah tutan orduya göstərirdik. Onlarsa bizə heç nə edə bilməyib, arxadakı dinc insanları hədəf alması düşmənin nə qədər mənfur, necə çirkin və xain olduğunun göstəricisi idi. 

- Yaxşı, əsgər Əsgərov Nofəldən başqa, gündəlik həyatda Nofəl necə biridir, nə işlə məşğuldur, nələri sevir?

- Nofəl "Kontakt Home"da satış məsləhətçisi işləyir, ailəsi ilə vaxt keçirməyi sevir, dostlarıyla görüşüb futbol oynamaqdan, kitab oxumaqdan zövq alır. 

- Yenidən döyüş əmri verilsə yenə özünü səngərdə görürsənmi?

- Ali Baş Komandan yenə əmr versə yenə eyni şövqlə döyüşə getməyə hazıram. Məni tanıyanlar, ailəm, dostlarım bu məsələdə nə qədər səmimi olduğumu bilirlər. Neçə-neçə Nofəl, neçə-neçə adını çəkmədiyim oğullarımız var ki, bir əmrə döyüşə hazırdır. Bəzən ön cəbhədən nəsə xəbər görəndə atam soruşur ki, "hazırsan" deyirəm: "mən həmişə hazıram" . Yenə lazım olsa yenə gedəcəyəm, gedəcəyik... Yollarda belə bir elan var idi "sən Bakı üçün nə etdin?" İndi bu sualı özümə verə bilirəm: "sən Vətən üçün nə etdin?" Və inamla deyə bilirəm ki, əlimdən gələni etmişəm. Bəlkə mənim əlimdən gələn az bir şeydi amma mən əlimdən gələn "az"la da həmişə vətənin xidmətində hazıram.

- Təşəkkür edirəm, Nofəl, səni tanımaq xoş oldu.

- Mənim üçün də xoş oldu!

Malik Atilay

 





14.11.2023    çap et  çap et