Ermənistan hakimiyyəti sülhlə manipulyasiya etdiyini növbəti dəfə ortaya qoydu. Baş nazir Nikol Paşinyanın Parisdə keçirilən 6-cı Sülh Konfransının panel müzakirələrində səsləndirdiyi əsassız iddialar onun məqsədinin heç də regionda barışın, qonşuluq prinsiplərinin təmin edilməsi olmadığını göstərdi. Paşinyan Azərbaycanla sülh müqaviləsini Brüssel danışıqlarında səslənən üç prinsip əsasında imzalamaqdan danışıb.
Məlumat üçün bildirək ki, Azərbaycan iki dövlət arasında münasibətlərin normallaşması üçün qarşı tərəfə beş baza prinsipi təqdim edib.
Bunlar,
- Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;
- Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;
- Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;
- Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
- Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulmasıdır.
İndi isə Paşinyanın sülh müqaviləsi imzalamağa hazır olduğu üç prinsipə nəzərə salaq. Onun dediyinə görə, birinci prinsip Ermənistan və Azərbaycanın qarşılıqlı olaraq 86,6 min kv.km və 29,8 min kv.km hüdudlarda bir-birinin ərazi bütövlüyünü tanımasıdır. İkinci prinsip sərhədlərin delimitasiyası və demarkasiyasının 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun şəkildə həyata keçirilməsidir. Nəhayət, üçüncü prinsip regional kommunikasiyaların keçdiyi ölkələrin suverenliyi, yurisdiksiyası və qanunvericiliyi çərçivəsində açılmasıdır.
Əlbəttə, Paşinyanın bu davranışları Fransanın və Qərbdə onu dəstəkləyən digər dövlətlərin təsiri ilədir. Həmin qüvvələr məhz Ermənistan vasitəsilə Azərbaycana təzyiq rıçaqlarını işə salmaq, Cənubi Qafqaza nüfuz etmək istəyirlər. Paşinyanın əsassız və məntiqsiz iddiaları bununla yekunlaşmır. O, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin guya "etnik təmizlənmə"yə məruz qaldığını da söyləyib. Məlumdur ki, bu barədə Ermənistanda və Qərbdə müxtəlif sərsəmləmələrin heç biri öz təsdiqini tapmayıb. Yəni hər hansı "etnik təzmizləmədən" söhbət belə gedə bilməz. Etnik təmizləməni məhz Ermənistan illərlə azərbaycanlılara qarşı aparıb. Amma həmin o Qərb bu barədə heç vaxt danışmayıb. İndi də Ermənistandan öz dədə-baba torpaqlarından çıxarılan soydaşlarımız geri dönə bilmirlər. Ermənilər isə Qarabağdan öz fərdi istəkləri ilə gediblər. Azərbaycan hökuməti onlara qalıb yaşamağı, bütün hüquqlarının, təhlükəsizliklərinin təmin olunacağını dəfələrlə bildirib. Amma əlbəttə ki, zorla onları saxlamaq da olmazdı.
Azərbaycan XİN Paşinyanın səsləndirdiyi iddiaları qətiyyətlə pisləyib və rədd edib. Qeyd olunub ki, otuz ilə yaxın təcavüzkar siyasəti ərzində bir milyona yaxın azərbaycanlının təməl hüquqlarını pozan, uşaq, qadın və qocaya fərq qoymadan onlara qarşı misli görünməmiş soyqırımı və kütləvi qırğınlar törədən Ermənistanın Azərbaycanı "etnik təmizləmə"də ittiham etməyə heç bir mənəvi haqqı yoxdur. Qarabağ bölgəsində yaşayan ermənilərin şəxsi qərarları əsasında Ermənistana köçməsinin məcburi yerdəyişmə ilə heç bir əlaqəsi olmadığı Paşinyana yaxşı məlumdur. Bu cür əsassız ittihamların regiona səfər edən, eləcə də Ermənistanda aktiv fəaliyyət göstərən BMT-nin ixtisaslaşmış qurumlarının nümayəndələrinin hesabat və bəyanatları ilə də açıq şəkildə ziddiyyət təşkil etdiyini Baş nazirə bir daha xatırladırıq.
Rəsmi Bakı Ermənistanı sülh perspektivlərinə xələl gətirən açıqlamalardan əl çəkməyə və Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün yaranmış tarixi imkanlardan istifadə etməyə çağırıb.
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Paris Sülh Forumu çərçivəsində keçirilən panel müzakirədə Nikol Paşinyana Azərbaycanla bağlı qərəzli suallar ünvanlayan moderatora cavab verib. Bildirib ki, Fransada Azərbaycanın Ermənistana qarşı qondarma təhlükə ilə bağlı qorxuları tamamilə əsassızdır: "Siz Fransada Azərbaycanın Ermənistana qarşı törətdiyi "təhdidlərdən" narahatsınız. Diqqətinizə çatdırım ki, bu "təhdidlər" tamamilə əsassızdır. Çünki Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən tanınmış öz əraziləri üzərində suverenliyini bərpa edib. Azərbaycan dəfələrlə sülhdə maraqlı olduğunu bəyan edib. Bunu sadəcə bəyan etməyib, 2020-ci ildə müharibədən dərhal sonra Ermənistanla normallaşma prosesinin təşəbbüskarı və birbaşa dialoqun tərəfdarı olub".
Bu arada Fransa Ermənistana təkcə siyasi dəstək verib, onu sülh prosesindən uzaqlaşdırmır, həm də İrəvanı silahlandırmaqla onu yeni müharibəyə hazırlayır. Məlum olduğu kimi, ötən ay Fransa ilə Ermənistan arasında hərbi saziş imzalanıb. Və artıq Fransa Ermənistana silahlar göndərməyə başlayıb. Bu silahlar Azərbaycana, dinc insanlarımıza, hərbçilərimizə tuşlanmaq üçündür. Eyni zamanda, bununla Ermənistan bir daha nümayiş etdirir ki, sülh üçün yaranmış tarixi imkanlarını dəyərləndirməkdən uzaqdır. Təəssüf ki, Makron hakimiyyətinin beynəlxalq hüquqa zidd, sülh prosesinə zərbə vuran, Cənubi Qafqazda sabitliyə mane olan bu cür addımlarına Avropa İttifaqı da susur. Brüssel platforması çərçivəsində normallaşma prosesində vasitəçilik edən Aİ də Fransanın pozucu addımları ilə uğursuz oldu. Azərbaycan həqiqətən regionda sülhün olmasında, sülh sazişinin imzalanmasında maraqlıdır. Bu istiqamətdə böyük səylər göstərir. Və bu gün sülh üçün çox yaxşı imkanlar var. Amma gördüyümüz budur ki, Qərb iki ölkə arasında nəhayət sülhün, qonşuluğun, birgəyaşayışın təmin olunmasını istəmir. Bu prosesdən öz mənafeyi üçün yararlanmağa çalışır. Ermənistan isə Qərbin marionetkasına çevrilib. Adı müstəqil olsa da, özü müstəqil dövlət olaraq qərarlarını qəbul edə bilmir. Əgər belə olmasaydı, Ermənistan və Azərbaycan vasitəçi olmadan da anlaşa bilərdi. İstənilən halda, Fransa və Qərbin digər dövlətləri Azərbaycana yanaşmada qərəzli mövqeləri, yeni-yeni məkrli planları ilə Bakıya təzyiq edə bilməyəcəklər. Çünki Azərbaycanın bütün addımları beynəlxalq hüquqa və onun prinsiplərinə tam uyğundur. Qərb nəhayət, bunu anlamalı və bölgəni yeni müharibəyə sürükləməkdən əl çəkməlidir.
çap et