525.Az

Çaparaq notlar - Firuz Mustafa yazır


 

Çaparaq notlar - <b style="color:red"> Firuz Mustafa yazır</b>

Namiq Abdullayev: "Əbülfət, məni girovluqdan azad et..."

 

Bir vaxtlar televiziyada (indiki AzTV-də) fantastik əsərlər müəllifi  Namiq Abdullayev və realist əsərlər müəllifi  Əbülfət Misiroğlu eyni redaksiyada işləyirdi. Namiq bir qədər sadəlövh, Əbülfət zarafatcıl adam idi.

O zamanlar Əbülfətin "Qaz 24"ü vardı.

Bir dəfə xasiyyətcə müxtəlif olan bu maraqlı qələm əhli sübh tezdən harasa getməli olurlar. İndiki Hüseyn Cavid (o vaxtki N.Nərimanov) prospekti ilə Ə.Haqverdiyev küçəsinin kəsişdiyi yerdə iri meyvə-tərəvəz köşkünün yanından keçəndə Əbülfət qəfildən maşının əyləcini basır.

Xaraktercə səbrsiz olan Namiq həyəcanla ətrafa boylanıb soruşur:

- Əbülfət, nə olub? Maşını niyə saxladın? Bəyəm QAİ var?

Əbülfət gülümsəyib sakit tonda deyir:

- Yox, əşi, QAİ kimdir ki, məni saxlasın. Orada pomidor satırlar.

- Pomidorun sənə nə dəxli?

- Dəxli odur ki, mən pomidor turşusunu çox sevirəm. Dəxli odur ki, evdəkilər mənə deyiblər pomidor görsən al... Dəxli odur ki, pomidor faydalı...

- Mən nə deyirəm ki? Alırsan, al də... Ta bu qədər izahata nə ehtiyac?

Əbülfət maşından düşür. Bir neçə iri yeşiyi seçib kənara qoyur. Sonra Namiqlə köməkləşib pomidor yeşiklərini maşının yük yerinə qablaşdırır. Realist yazıçı əlini cibinə atanda məlum olur ki, pul çatışmır. Satıcıya deyir ki, üstümdə pul azdır. Satıcı soruşur ki, bəs onda nə edək.

Əbülfət deyir:

- Onda belə edək. Mənim bu dostum hələlik qalsın sənin yanında. Pomidor yeşiklərini aparım evə, pul gətirim. Evim odur ey, orada universitetlə çörək zavodunun arasındadır. Uzaqbaşı beş-altı dəqiqəyə qayıdıb gələcəm.

Namiq əsəbiləşir:

- Mən nyə qalmalıyam burada, səninçün girov-zadam bəyəm?

Əbülfət gülüb deyir:

- Namiq müəllim, onda sən bu yeşikləri apar bizə, pul gətir, mənsə səni gözləyim burada.

- Axı mən nə maşın sürə bilirəm, nə də sizin evi tanıyıram, - deyə Namiq deyinir.

Bir xeyli mübahisədən, götür-qoydan sonra Əbülfətin dediyi həyata keçir.

Realist yazıçı maşını sürüb gedir, fantast yazıçı yerdəki boş pomidor yeşiklərindən birinin üstündə əyləşib kəmali-ədəblə öz dostunu gözləməyə başlayır.

Anlar, dəqiqələr, saatlar keçib keçir. Axşam düşür. Əbülfət gəlmir ki, gəlmir. Çox mədəni və dürüst bir insan olan Namiq Abdullayev bir neçə dəfə pomidor satıcısına "saqqal tərpətməli" olur:

- Əzizim, bəlkə icazə verəsiniz mən gedim? Sizi əmin edirəm ki, dostumu tapıb gətirəcəm, pomidorun pulunu da artıqlaması ilə ödəyəcəyik. O, elə adam deyil... Yəqin nəsə bir hadisə baş verib.

Satıcı bu xoşməramlı təklifə qətiyyən razı olmur.

Axşam düşən zaman Namiq birdən ilan çalmış adam kimi yerindən atılıb küçədən keçən maşının arxasınca götürülur və başlayır uca səslə qışqırmağa:

- Əbülfət, Əbülfət! Əşi, bir maşını saxla görüm, hara gedirsən belə?

Əbülfət Misiroğlu maşını saxlayıb təəccüblə həmkarının üzünə baxır:

- Namiq müəllim, salam.

- Əleykümsalam, - deyə Namiq hiddət və qəzəblə dillənir.

Əbülfət ciddi şəkildə soruşur:

- Namiq müəllim, xeyir ola, bu tərəflərdə nə gəzirsən belə?

Namiq Abdullayev hirsindən dili dolaşa-dolaşa deyir:

- Əşi, sən də qəribə adamsan. Bəyəm bilmirsən nə gəzirəm burada? Bu səhərdən məni bu pomidorsatanın yanında "girov" qoyub getmisən. Hələ üstəlik, soruşursan da ki, burada nə işim var? Pomidorun pulunu ver, qoy buradan, bu "girovluqdan", bu "əsirlikdən" xilas olum.

Realist yazıçı Əbülfət Misiroğlu and-aman edir ki, onu sübh tezdən burada qoyub getdiyini tamam unudub. Buna görə satıcıdan və dostundan üzr istəyir. Pomidorun pulunu artıqlaması ilə ödəyərək  fantast yazıçını "girovluqdan" azad edir.

 

Qəzzafinin Ukrayna payızı

 

2008-ci il payızının sonu idi. Kiyevin küçələri boyu uzanan qazon və yaşıllıqların üstünə "əl gəzdirən" dümağ qırov artıq qapını kəsdirən qışın ilk əlamətlərindən xəbər verirdi. O vaxt Ukraynada Yuşşenko prezident, Timoşenko isə baş nazir idi. Xatırlayıram, həmin günlərin ən mühüm hadisələrindən biri Obamanın Amerikada prezident seçilməsi idi. Seçkidən bir gün sonra Kiyevdəki qaradərili adamların hamısı - ali məktəb tələbələrindən tutmuş bazarlardakı alverçilərəcən, bütün gecəni fişəng atıb mahnı oxudular, çalıb oynadılar.

Həmin günlərin yaddaqalan hadisələrindən biri də Liviya lideri Qəzzafinin Kiyevə gəlişi idi.

Yadımdadır, Ukraynanın Yazıçılar Birliyinə getməli idim. Səhər tezdən durub qəlyanaltı etdim. Sonra televizorda yerli xəbərlərə qulaq asmağa başladım. Proqramlarda Qəzzafinin Kiyevə gəlişi barədə informasiyalar verilirdi. Mən heç yerə tələsmirdim. Görüşəcəyim yazıçı ilə də xüsusi bir işim yoxdu. Bir də ki, bu yazı-pozu tayfasının əksəriyyətinin tənbəl olduğuna, günortayacan yatmağına olan inamımdan dolayı, özümçün hoteldən bir az gec çıxmağı qərarlaşdırmışdım.

Nəhayət, günorta oldu. Gödəkcəmi geyib küçəyə çıxdım. Avtobusa minib şəhərin mərkəzinə yola düşdüm; Yazıçılar Birliyi orada yerləşirdi.

Avtobusdan düşüb yolu keçdim. Geniş prospektlə üzüyuxarı getməyə başladım. Nəhəng inzibati binanın yanından keçərkən polisin mənə gəldiyim yolu, daha doğrusu, istiqamətimi dəyişmək barədə işarə etdiyini gördüm. Görəsən, nə baş vermişdi belə?.. Ayaq saxlayıb ətrafa göz gəzdirdim. İrəlidə möhtəşəm bir çadır qurulmuşdu. "Görəsən, toydur, yoxsa yas?", - deyə ürəyimdən keçirdim. Polis nəfərinin kürəyinin arxasında, çadırın ətrafında dolaşan ucaboy, qaraşın, silahlı qızlar diqqətimi çəkdi. Yox, deyəsən, nə toy idi, nə də yas. Möhtəşəm, zəhmli çadır elə uzaqdan adama... "get-get" deyirdi.

Az sonra yolüstü köşkdən aldığım yerli qəzetlərdə öz-özümə verdiyim suala cavab tapa bildim: sən demə, gördüyüm o nəhəng çadır Liviya lideri üçün qurulubmuş. Axşam televizorda göstərilən geniş bir reportajda isə Qəzzafi və onun çadırı barədə ətraflı məlumat verdilər. O da məlum oldu ki, diktatoru qırx bakirə qız qoruyur. Qəzzafinin düşüncəsinə görə, bu cür qızlarda hissetmə, duyma qabiliyyıti yüksək olur.

Baş nazir Timoşenko ağ paltarda bədəvi çadırına, məşhur qonağın görüşünə gəlmişdi.

Həmin gün mənim yadımda həm də digər bir hadisə ilə qalıb. Amma bu, sırf mənim özümlə bağlı olan bir faktdır. Həmin gün, daha doğrusu, gecə, televizorun pultundakı düymələri basıb Bakı kanallarını gözdən keçirməyə başladım. Ekranda mədəniyyət yeniliklərindən bəhs edən xəbərlər verilirdi. Əl saxladım. Aparıcı elan etdi ki, Dövlət Gənclər Teatrında "Su pərisi" adlı əsərin uğurlu premyerası olub. Əsərin müəllifi Firuz Mustafa, rejissoru Rəhman Əlizadədir. Sonra əsərin lentə alınmış bir parçası göstərildi.

Həmin ilin soyuq Kiyev payızı yadımda bax bu cür qalıb.

 

Tanıdığımız və tanımadığımız Tolstoy

 

Böyük yazıçı öz toyu ərəfəsində gələcək həyat yoldaşını uzun illər boyu qələmə aldığı gündəliklərlə tanış olmağa təhrik etmişdi.  

Lev Tolstoy az qala bütün dünyanın sevdiyi, qiymətləndirdiyi böyük söz və fikir adamıdır. Onun əsərlərində rus adamının psixologiyası, dünyagörüşü sözün imkan verdiyi bütün rəng və qatlarla təsvir edilmişdir.

Lev Tolstoy həm də bir ailəcanlı adam kimi tanınır. O, öz arvadı Sofiya Andreyevna Bers-Tolstayaya daim sadiq olmuş, onunla birgə 48 il ömür sürmüşdür.           

Bütün bunlar, bu ailə səadəti və etibarı böyük yazıçı ailə həyatı qurandan sonra baş vermişdir. Məsələ burasındadır ki, subay Tolstoyun həyatı coşqun, odlu-alovlu macəralarla zəngin olmuşdur. Məlumdur ki, Lev Nikolayeviç uzun illər gündəliklər yazmışdır. Həmin qeydlərdə yazıçının həyatının bir çox maraqlı anları əks olunub. Gündəliklərdə ədib öz intim duyğuları, sevdiyi qadınlar, hətta aldatdığı xanımlar haqda da çəkinmədən söhbət açır. Gənc Tolstoyun vurulduğu, görüşdüyü qadınlar arasında evli-ailəli xanımlar da olub, subay-ərlik qızlar da.           

Tolstoy həyatında yaxınlıq etdiyi ilk qadın barədə gündəliyində belə yazırdı: "Qardaşlarım məni ilk dəfə "ümumxanaya" apardılar, bu, mənim ilk əlaqəm idi və mən bundan sonra həmin qadının çarpayısı yanında dayanaraq ağladım".      

Gənc Tolstoy ailə həyatı qurana qədər bu cür bir çox sevgi macəraları yaşayır və öz "təəssüratlarını" ərinmədən gündəliklərdə səliqə ilə qeyd edir. Qrafın ən çox əyləndiyi "xanımlar", təbii ki, onun öz malikanəsindəki qulluqçular, xidmətçilər, əkinçi-biçinçi qadınlar idi. Onlardan birinə - Aksinya adlı ailəli qulluqçu xanıma isə Lev Nikolayeviç qəlbən vurulmuşdu. Tolstoyun bu qadınla bağlı fikirləri ilə tanış olarkən mən nədənsə digər bir dahi rus yazıçısı - Nobel mükafatı laureatı Mixail Şoloxovun "Sakit Don" romanının eyniadlı qəhrəmanı olan Aksinyanı xatırladım: Qriqori Melexovu başdan çıxaran odlu-alovlu və evli-ailəli Aksinyanı. Gənc qrafın sevgisi Yasnaya Polyanada çoxlarına məlum idi.

Bütün bunlar öz yerində.     

Qraf Tolstoy ailə qurmaq qərarına gələrkən artıq 34 yaşı vardı. O, əvvəlcə Sofiya Andreyevnanın böyük bacısı Lizaya vurulmuşdu. Tolstoy gündəliklərində yazırdı: "Liza Bers məni cəlb edir. Amma bu, baş tutmayacaq... Hissiyyat yoxdur".        

Sofiya Andreyevna ilə tanışlıq onun həyatında yeni mərhələ olur. Gənc qraf qıza, necə deyərlər, bir könüldən min gönülə vurulur. Gündəlikdəki qeydlərdə oxuyuruq: "Mən vurulmuşam. Heç ağlıma gəlməzdi ki, belə sevmək olar". O zaman Sofiyanın on yeddi yaşı vardı.

Amma... Tostoy qıza ürəyini açmağa tərəddüd edirdi. Yox, məsələ təkcə qrafın cəsarətli olub-olmamağında deyildi. Məsələ burasında idi ki, Lev Nikolayeviç çox vicdanlı bir adam kimi gələcək arvadını özünün "keçmiş həyatı" ilə tanış etmək istəyirdi. Tolstoy belə hesab edirdi ki, indiyəcən bada verdiyi ömür bəlkə də bağışlana bilinməyəcək pozğunluqlarla doludur və o, bu barədə mütləq əvvəlcədən Sofiyaya məlumat verməlidir. Bax buna görə o, iki od arasında qalmışdı. Qraf gündəlik qeydlərində yazırdı: "Sabah onunla görüşüb ya bütün həqiqəti deyəcəm, ya da başıma güllə sıxacam".              

Tostoy öz keçmişi haqda gələcək zövcəsinə şifahi yox, "yazılı" məlumat verməyi qərara aldı. O, bunun üçün sevgilisinə ilk növbədə illərdən bəri yazdığı gündəliklərlə tanış olmağı təklif etdi. Gənc xanımın gündəlik oxumağa marağı və həvəsi yox idi. Tolstoy şərt qoydu: əgər mənimlə, daha doğrusu, mənim yazdıqlarımla tanış olmasan, bu izdivac baş tutmayacaq. Yazıq Sofiya Andreyevna zorən də olsa gələcək ərinin qeydlərini oxumağa başlayır və oxuduqca da dəhşətə gəlir. Aman Allah, Lyova nə qədər pozğun adam imiş. Tolstoy hətta vurulduğu ailəli qadın qulluqçu Aksinya ilə əlaqələrini bütün "detalları" ilə qələmə almışdı... Amma artıq gec idi. Sofiya qrafla ailə qurmağa söz vermişdi. Bir həftədən sonra onların toyu oldu.

Sofiya Andreyevna yazırdı: "Onun keçmişi o qədər dəhşətli idi ki, mən onunla heç vaxt barışmayacağımı zənn edirdim. O, məni öpür, mən isə ürəyimdə düşünürəm ki, bu, ilk dəfə deyil ki..."

Amma ailə qurandan sonra qraf Tolstoy bütün keçmiş "səhvlərindən" xilas oldu. O, indi Rusiyanın ən nümunəvi ailələrindən birinin başçısı hesab edilirdi. Sofiya Andreyevna ilə Lev Nikolayeviçin bu izdivacdan on üç uşağı dünyaya gəldi ki, onlardan da beşi hələ körpə ikən həlak oldu. Tolstoyların sonuncu uşağı doğulanda dahi yazıçının 60, onun arvadının isə 44 yaşı vardı. 

Əksər qohumları, dostları və həmkarları ər-arvad Tolstoyların bir-birinə sədaqətinə, diqqətinə görə qibtə edirdilər. Həqiqətən, onlar bir-birini çox gözəl tamamlayırdı. Bütün bunlara baxmayaraq, dahi söz ustası ölümündən on gün əvvəl arvadından inciyib evdən getmişdi. Bunun da bar başqa səbəbi vardı. Səhv etmirəmsə, vaxtilə bu "səbəb" barədə ətraflı yazmışam.

Yeri gəlmişkən, bir nüansı da qeyd etmək yerinə düşərdi. Tolstoyun gənclik illərində sevdiyi Aksinya ömrünün sonunacaq onların evində qulluqçu kimi fəaliyyət göstərdi. Tez-tez həmin qadınla üz-üzə gələn Sofiya Tolstayanın elə indinin özündə belə daxilən nələr çəkdiyini anlamaq çətin deyildir. Dahi Tolstoyun özü demişkən, "bütün xoşbəxt ailələr bir-birinə bənzəyir..." Əlbəttə, bu məşhur ifadənin ardı hər kəsə məlumdur.

 

 





14.11.2023    çap et  çap et