|
|
|
|
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Almaniyanın "Der Spiegel" nəşrinə müsahibəsində jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Ukrayna 2030-cu ilə qədər İttifaqa üzv ola bilər. Şarl Mişelə görə, bunun üçün Ukrayna "ev tapşırıqlarını" yerinə yetirməlidir. Avropa İttifaqının rəhbəri vurğulayıb ki, Ukrayna və İttifaqa üzv olmaq istəyən namizəd ölkələr fəal və davamlı şəkildə islahatlar aparmalı, korrupsiyaya qarşı mübarizəni gücləndirməli, hüquqi öhdəliklərini yerinə yetirməlidirlər. Ukraynanın bu gün Avropa İttifaqına üzv olmağa nə dərəcədə hazır olduğunu qiymətləndirməkdən imtina edən Şarl Mişelin islahatlar və korrupsiya ilə mübarizə məsələsinə vurğu salması göstərir ki, Kiyevin həll etməli olduğu "ev tapşırıqları" var.
"Politico" nəşrinin yaydığı məlumata görə isə Brüssel Kiyevlə Ukraynanın İttifaqa üzvlüyü barədə rəsmi danışıqlara başlamağa hazırdır. Məlumatda o da qeyd edilir ki, danışıqların tarixi dekabr ayının sonuna qədər elan edə bilər. Ukrayna ilə yanaşı, Türkiyə, Albaniya, Şimali Makedoniya, Monteneqro, Serbiya, Moldova, Gürcüstan, eləcə də Bosniya və Herseqovina Avropa İttifaqına üzv olmaq istəyir. Əvvəllər Makedoniya adlanan Şimali Makedoniya isə Avropa İttifaqına üzvlük üçün ölkənin adında dəyişiklik etməkdən də çəkinməmişdi. Afina Yunanıstanın Makedoniya adlı əyalətinin olduğunu əsas götürürək keçmiş Yuqoslaviyadan müstəqilliyini elan etmiş Makedoniya Respublikasının İttifaqa üzv olmaq üçün adını dəyişməyi tələb edirdi. Makedoniyada Afinanın bu istəyinin qəbul edilməsini ən doğru yol hesab edərək ölkənin adını dəyişdilər. O zaman Makedoniya rəhbərliyi bu güzəşti "Avropa İttifaqı ilə məchul arasında seçim" kimi izah etmişdi.
Brüssel İttifaqa üzvlüklə bağlı namizəd statusu olan ölkələrin yerinə yetirməli olduğu məcburi şərtlər arasında məhkəmə islahatları və korrupsiyaya qarşı uğurlu mübarizəni son zamanlar ön plana çıxarıb. Bu isə təsadüfi deyil. İttifaqa üzvlüyə namizəd ölkələr azad iqtisadiyyata keçid etsələr də, məhkəmə sistemi və korrupsiya ilə bağlı narahatlıqlar azalmaq əvəzinə artıb.
Avropa İttifaqına üzv olmaq istəyən ölkələrin sırasında Ukrayna ilə bağlı məsələ xüsusi önəm kəsb edir. Bu da təsadüfi deyil. Rusiyanın Ukraynaya qarşı ötən ilin fevralın 24-də genişmiqyaslı müharibəyə başlamasının əsas səbəbi Kiyevin Avroatlantik strukturlara, NATO və Avropa İttifaqına üzv olmaq istəyi idi. Rusiyanın bütün təhdidlərinə, sonda isə genişmiqyaslı hücumuna baxmayaraq, Ukrayna Avroatlantik strukturlara inteqrasiya siyasətindən imtina etmədi. Digər tərəfdən Brüsseldə anlayırlar ki, Ukrayna Avropa İttifaqının şərq sərhədlərinin müdafiəçisinə çevrilib. İkinci Dünya müharibəsindən dərhal sonra Avropa daima Şərqdən gələ biləcək təhlükə altında olub. Moskva zaman-zaman bütün Avropanı keçib La-Manşa çıxa biləcəkləri haqqında təhdidlərlə Avopanı qorxu altında saxlayıb. Ən son olaraq 1-ci Qvardiya Tank Ordusu yaradılanda Rusiyada bu hərbi birliyin bir ay ərzində bütün Avropanı keçərək La-Manşa çıxacağı haqqında iddialı bəyanatlar səslənirdi. Ukrayna Avropanın kabusuna çevrilən bu ordunu darmadağın etməklə Avropanı böyük bir qorxudan xilas etdi. Ukraynaya Avropa İttifaqına üzvlüyə namizəd statusu da məhz həmin hadisədən sonra verildi. Brüsseldə və Avropanın aparıcı paytaxtlarında belə hesab edirlər ki, Ukrayna İttifaqa üzvlüyü haqq edir. Ən nəhayət, Brüsseldə belə hesab edirlər ki, Avropanın ərazicə ən böyük ölkəsi olan Ukraynanın İttifaqa üzv olması iqtisadi cəhətdən də faydalıdır. Brüsseldə Ukraynaya Avropanın aqrar nəhəngi olacaq ölkə kimi baxırlar. Ukraynanın Avropa İttifaqına üzvlüyü istiqamətində sürətli addımları isə Moldova və Gürcüstanın da İttifaqa üzvlüyünü asanlaşdırır. Çünki Avropada əksəriyyət belə hesab edir ki, Ukrayna ilə eyni zamanda Moldova da İttifaqa üzv olmalıdır. "Gürcü arzusu" hökuməti ilə Brüssel arasında ciddi fikir ayrılığı olsa da, prezident Salome Zurabişvili hesab edir ki, Gürcüstan, Ukrayna və Moldova eyni vaxtda Avropa İttifaqına üzv olacaqlar. Fransanın LCI televiziyasına müsahibəsində Salome Zurabişvili jurnalistin Gürcüstanın Avropa İttifaqına Ukraynadan sonra üzv ola biləcəyi ilə bağlı fikirinə dərhal etiraz edib və hər iki respublikanın eyni zamanda İttifaqa üzv olacağını bildirib: "Gürcüstanda bu məsələ ilə bağlı sorğu keçirilib. Avropa İttifaqının tərəfdarlarının sayı 80 faizdən 85 faizə yüksəlib".
Avropada hesab edirlər ki, hakim "Gürcü arzusu" partiyasının son vaxtlar bəzi "narahatedici addımlar" atmasına baxmayaraq, Avropa İttifaqı qapılarını Gürcüstana bağlamamalıdır. Əksinə, Gürcüstanın da Ukrayna və Moldova ilə birlikdə İttifaqa üzv olmasının tərəfdarların mövqeləri güclənir.
Avropa İttifaqı keçmiş sovet respublikaları olan Ukrayna, Moldova və Gürcüstanı öz sıralarına qəbul etməklə Şərqə doğru genişlənmək siyasətini sürətləndirdiyi bir zamanda digər postsovet respublikaları da seçim etməlidirlər. Rusiyanın liderliyi ilə qurulan Müstəqil Dövlətlər Birliyi, Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatınn dağılması ilə postsovet respublikaları daha çox seçim qarşısında qalacaqlar. Əgər əvvələr postsovet respublikaları Avropa İttifaqı ilə MDB, AİB VƏ KTMT-i arasında seçim edirdilərsə, indi vəziyyət dəyişib. Bu dəfə seçim Avropa İttifaqı ilə məchul arasındadır.