"The EurAsian Times" qəzetinin xəbərinə görə, Almaniya Fransa ilə birlikdə gerçəkləşdirməyi planlaşdırdığı yeni nəsil döyüş təyyarəsi layihəsini tərk edə bilər. Məlumata görə, Almaniya Fransa ilə əməkdaşlığa son vedikdən sonra Böyük Britaniyanın təşəbbüsü olan proqramda iştirak etmək imkanını nəzərdən keçirir. Böyük Britaniyanın təşəbbüsü isə Fransanın yeni nəsil döyüş təyyarəsi proqramına Avropada əsas rəqib hesab olunur. Fransa Almaniya və İspaniya ilə birlikdə yeni nəsil döyüş təyyarəsi proqramı olan "Gələcək Döyüş Hava Sistemi"nin həyata keçirilməsinə 100 milyard avrodan çox vəsait sərf etməyi planlaşdırırdı. Avropanın ən böyük müdafiə layihəsi kimi dəyərləndirilən "Gələcək Döyüş Hava Sistemi" layihəsinin Almaniyanın iştirakı olmadan gerçəkləşməsi mümkün görünmür.
"The Times" nəşrinin məlumatına görə isə, Almaniya kansleri Olaf Şolts gələcək döyüş təyyarəsinin hazırlanmasında Böyük Britaniya ilə tərəfdaşlığa üstünlük verir. Hətta Berlinin "Eurofighter Typhoon" döyüş təyyarələrinin Səudiyyə Ərəbistanına satışına etirazını aradan qaldırmaq üçün Londonun danışıqlar apardığı da bildirilir. Bu danışıqlar Böyük Britaniya üçün həyati strateji əhəmiyyətə malikdir. Səudiyyə Ərəbistanının Fransanın "Rafale" qırıcı təyyarəsinə yönəlməsi Böyük Britaniyanın müdafiə sektorunda 6000 iş yerinin itirilməsinə və qırıcı təyyarələrin istehsalının on il müddətində ləngiməsinə səbəb ola bilər. Bu baxımından Almaniya ilə anlaşmanın əldə edilməsi Böyük Britaniyanın qələbəsi olmaqla, Fransanın məğlubiyyəti olacaq. Əgər Almaniya Böyük Britaniya ilə anlaşsa, bu, Fransanın Avstraliyanın səkkiz nüvə sualtı qayığı alınması ilə bağlı layihədən imtinasından sonra ikinci böyük məğlubuyyəti olacaq. Məlum olduğu kimi, Avstraliya Fransa ilə əməkdaşlıqdan imtina etdikdən sonra Böyük Britaniya və ABŞ-la əməkdaşlığa başlamışdı.
Aydın görünür ki, Fransa Böyük Britaniya ilə rəqabəti uduzur. Son zamanlar Fransa Almaniya ilə də fikir ayrılığı yaşayır. Berlin ilə Paris arasında enerji sektorundan başlamış hava hücumundan müdafiə sahəsinə kimi bütün məsələlərdə getdikcə daha çox ziddiyyət müşahidə edilir. Məsələn, Paris Almaniyanın ABŞ və İsrail kimi ölkələrdən hava hücumundan müdafiə sistemlərini almasına qarşıdır. Almaniya isə İsrail və ABŞ-la bu sahədə əməkdaşlığını genişləndirir.
Qeyd edək ki, Almaniya ilə yanaşı, bir neçə Avropa ölkəsi də İsrailin hava hücumundan müdafiə sistemlərinə maraq göstərir. Finlandiya isə artıq İsraillə "Davudun sapandı" raketdən müdafiə sisteminin alışı ilə bağlı müqavilə imzalayıb. İsrail hakimiyyətinin tarixi anlaşma adlandırdığı sövdələşmə 1.3 milyard şekel (317 milyon avro) təşkil edib. Qeyd edək ki, "Davudun sapandı" ballistik və qanadlı raketlər, təyyarələr və pilotsuz uçuş aparatları da daxil olmaqla hava hücumlarının qarşısını almaq üçün dünyada mövcud olan ən qabaqcıl sistem sayılır.
Almaniyanın hərbi-texniki məsələlərdə Fransanın əvəzinə Böyük Britaniya, ABŞ və İsraili seçməsi Parisin dünya siyasətində rolunun daha da azaldığının göstəricisi də hesab oluna bilər.