525.Az

"İki nəfərlik tənhalıq" - "Bir rəsmin dedikləri" rubrikası


 

"İki nəfərlik tənhalıq" - <b style="color:red"> "Bir rəsmin dedikləri" rubrikası</b>

Norveçli mahir ekspressionist rəssam Edvard Munk 1863-cü ildə yoxsul kəndli ailəsində doğulub. Munk doğulduğu gündən 5 il sonra vərəm xəstəliyindən əziyyət çəkən anasını itirib. Daha sonralar ona aqressiya, dinin ifratı, qarabasma hekayələri aşılayan atasının təsiri altında böyümüş rəssamın sağlamlığında ciddi problemlər yaranır. Ona anasından irsən keçən incəsənət eşqi uşaqlıq illərindən həyata bağlanma səbəbinə çevrilir. Bu sevgisinə görə atası tərəfindən hər an məzəmmət olunsa da, rəsm çəkməkdən əsla usanmamış Edvard, yazılarında "həyatı və onun mənasını özünə incəsənətlə izah etməyə" çalışdığını qeyd edirdi. 1881-ci ildən Kristiania (İndiki Oslo) Kral İncəsənət məktəbində təhsil almış rəssamın ilk əsərləri tənqidlərə məruz qalırdı. İşinin dəlicəsinə vurğunu olan norveçli rəssam özü haqqında belə demişdi:"Rəsm mənim üçün xəstəlik və sərxoşluq kimidir. Bu elə xəstəlikdir ki, mən ondan qopmaq və elə sərxoşluqdur ki, ondan ayılmaq istəmirəm". Beləliklə,"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Nərmin İmanovadır. Onunla məşhur rəssam Edvard Munkun "İki nəfərlik tənhalıq" əsəri haqqında danışmışıq.

 

- Nərmin xanım, bu əsər Munk yaradıcılığının hansı dövrünə təsadüf edir?

- Bütün həyatını nisbi tənhalıqda keçirmiş, heyranedici əsərləri ilə tamaşaçıların zövqünü oxşamış, ekspressionizmin sələfi olan sənətkar "İki nəfərlik tənhalıq" adlı tablosunu 1896-cı ildə ərsəyə gətirib. "Tənhalar" seriyasına daxil olan eyniadlı digər rəsmləri 1880-1917-ci illərə məxsusdur.

- Əsərin rəng həlli necədir?

- Rəsmin rəng həllindən bəhs edərkən xüsusilə vurğulamaq lazımdır ki, Edvard Munk əsl ekspressionist kimi ağ və qara rəngin kontrasından məharətlə istifadə edirdi. Öncə mərkəzdə diqqətimizi cəlb edən iki fiqurun rəng həllinə diqqət yetirək. Qadın və kişi obrazlarının geyim və saç düzümlərindəki koloritə nəzər saldıqda, sözsüz ki, bir-birilə təzad təşkil edən rənglərin əks olunduğunu görürük. Qadın obrazının geyimi ağ rəngin bütün qabarıqlığı ilə təsvir edilib. Rəssamın digər qəhrəmanı isə ağ rəngin müxalifi olan qapqara geyimdədir. Qadının saçının sarı tonda təsviri tamaşaçıda ümid və nikbinlik hissi yaradır. Kişi obrazının saçının aydınlığa əks olan qara fonda təsviri isə ziddiyyəti, soyuqluğu tərənnüm edir. Ətrafa göz gəzdirəndə mənzərənin necə tutqun rənglərlə verildiyini görürük. Ümumiyyətlə, incə fırça vuruşları yoxdur. Sanki hava dumanlıdır, dənizin tünd rəngindən suyun soyuqluğu hiss edilir. 

- Bəs kompozisiya haqqında nə deyə bilərsiniz?

- Kompozisiyada arxası tamaşaçıya yönəlmiş iki fiqur - qadın və kişi üstünlük təşkil edir. Bu obrazlar son dərəcə statik və donmuş haldadır. Əksər təsviri sənət nümunələrində qadın və kişi obrazı yan-yanadırsa, bir-birilərinə yaxın duraraq izləyiciyə mərhəmət və sevgi hissini ötürür. Lakin bu kompozisiyanın mərkəzindəki iki qəhrəman kifayət qədər bir-birindən uzaq məsafədə verilib. Burada dinamikadan da söz açmaq qeyri-mümkündür. Mənzərə fonuna gəldikdə isə tablodakı qayalıq və daşlar həddindən artıq deformasiyaya uğradılıb. Real görünən istənilən obyektin formasını dəyişmək ekspressionizmin sələfi olan Munka xas motivdir. İnsana hüzuru bəxş edən dəniz belə vahiməli şəkildə ifa edilib. Beləliklə, həm kompozisiya, həm də rəng çalarları baxımından qadın və kişi obrazının bir-birindən uzaq düşdüyünü görürük. 

- Munk deyəndə çoxumuzun ağlına ilk olaraq, çarəsizliyin simvolikası kimi qəbul edilmiş "Qışqırıq" gəlir. "İki nəfərlik tənhalıq" və "Qışqırıq" tablolarını birləşdirən ümumi cəhətlər varmı?

- Munk uşaqlıq illərindən yaşadığı travmaları, qorxularını və daxili iztirablarını tez-tez rəsmlərində göstərməyə çalışıb. Bunun üçün ona ən yaxın üslub da elə ekspressionizm idi. Tabloda incə fırça vuruşlarının olmaması, tutqun və konflikt rənglərdən istifadə, sahildəki obyektiv fiqurların formalarını dəyişib deformasiyaya uğradılması kimi məqamlar rəssamın üslubunu açıq-aydın bir şəkildə bürüzə verir. Edvard Munk təbiətə müstəqil olaraq emosional reaksiyalar verirdi. Ekspressionizm təbiətin olduğu kimi ötürülməsini müsbət qarşılamır, əksinə, duyğuların və daxili aləmin təsirinə diqqəti yönəldir. Edvard Munk əsərlərində öz hisslərini necə ötürməli olduğunu çox gözəl bilirdi.

- Yaradıcılığının ilk illərində impressionizm üslubunda işləyən sənətkar sonralar başqa istiqamətə üz tutur. Bunun xüsusi bir səbəbi vardımı?

- Munk bir sıra təcrübələrindən sonra anlayır ki, bu üslub daha dərinə getməyə həvəsi yaranmış istedadlı fırça ustasına fikirlərini istədiyi formada ifadə etməyə imkan vermir. İmpressionizmə son qoyan tablosu vərəmdən əziyyət çəkən bacısının ölümü ilə bağlı "Xəstə uşaq" olub. "İki nəfərlik tənhalıq" və "Xəstə uşaq" rəsmləri üslub baxımından fərqli olsa da, hər ikisi rəng həlli baxımından bir-birinə yaxındır, eyni zamanda tamaşaçıya kədərli hadisələri ötürür. Lakin şiddətli səs olan qəlbin çığırtısını əks etdirən və bu rəsmlə eyni üslubda işlənmiş məşhur "Qışqırıq" tablosunu izlədikdə insanı daha da vahiməli və dəşhətli bir hiss bürüyür. Ölüm, xəstəlik, hüznlə dolu emosional atmosfer Edvard Munk yaradıcılığının əsas motiv və obrazlarını təşkil edir.

- Tablo hazırda harada saxlanılır?

- İzləyicilərini dərindən düşünməyə sövq edən, kətan üzərində yağlı boya ilə işlənmiş bu tablonu Edvard Munk 1901-ci ildə bir gəmi qəzasında itirir. Rəssam daha sonra tablodakı eyni motivlərlə işlədiyi bir neçə qrafika seriyasını yaradır. Bu əsərlər Osloda 1963-cü ildə açılmış, Edvard Munkun sənət əsərlərinin toplanılıb qorunması və populyarlaşdırılmasına həsr olunan, əzəmətli görünüşə malik "Munk" muzeyində saxlanılır.

- Sizcə, bu rəsm bizə nə deyir?

- İşıq rəng üçün varsa, eşq də tarazlıq, ekvivalentlik üçün mövcuddur. Rəsm Norveçin kiçik bir liman şəhəri olan Asqardstranddakı qayalı çimərlikdə dənizə baxan, fiziki və ruhi cəhətdən bir-birindən ayrı olan kişi və qadının varlığını özündə ehtiva edir. Tablo tutqun koloriti, libasların rəng həllindəki paradoks və dominant kompozisiya quruluşu ilə bizə bu iki obrazın xarakterinin, baxış bucaqlarının bir-birilərinə zidd olduğundan danışır. Burada qadın və kişinin timsalında laqeydlik vurğulanır. Onların dayandıqları sahil, hər ikisinin üzünü dənizə sarı tutması, həm tematik, həm də vizual olaraq həsrət və tənhalıq əhval-ruhiyyəsini əks edir. Ciddi və qapalı formada duran qadın ona yaxınlaşmağa çalışan kişi üçün əlçatmaz görünür. Kişinin gövdəsinin xanıma doğru azacıq bükülməsi, sol ayağı ilə sanki ona doğru getmək istəyi həm cazibəni, həm də onların arasındakı məsafəni ifadə edir. İki insan ruhundakı yalnızlığı əks edən bu rəsmdə Munk hər bir detala ayrı-ayrılıqda yanaşıb. Biz sənətsevərlər belə dahi rəssamların həyatındakı psixoloji sıxıntılarını, individual xarakterini öz əsərlərində yüksək səviyyədə tərənnüm etdiyini gördükdə, bu işlərin arxasındakı sirli ssenarini tapmaq üçün həvəslə onlardan yapışırıq.

Aytac SAHƏD

 

 





15.11.2023    çap et  çap et