(Əvvəli ötən çərşənbə sayımızda)
Uzun müddət dostluq etdiyim mərhum yazıçının böyük oğlu atasının izi ilə gedərək, öz işindən kənar yaradıcılıqla da məşğul olub, yeni bir janra imza atmışdır. Mərhum yaxınlara ünvanlanmış bu janrda onun ardıcılları da meydana gəlmişdir. O, həm də əsl mütaliə həvəskarı olmaqla yanaşı, aforizmlər pərəstişkarıdır. Söhbət nədən gedirsə, onlara öz ağıl xəzinəsinə yığdığı, dahilərdən gələn və əsasən yerinə düşən qiymətli müdrik sözləri əlavə edə bilir. Özü kimi kitabı sevənlərə xüsusi ehtiramla yanaşır. Bu prinsipinin real ifadəsi kimi o, özünün zəngin şəxsi kitabxanasından Britannica Ensiklopediyasının axırıncı nəşr nüsxəsinin komplektini, bu külliyatın son çapından iki onillik sonra mənə bağışladı. Britannica böyük elmi dəyərə malikdir və Böyük Sovet Ensiklopediyası onunla müqayisədə çox uduzur. Onun köməyi ilə mən biliklərimi artırmaqla yanaşı, böyük tarixi hadisələr və şəxsiyyətlər barədə əlavə məlumatlar bolluğuna sahib oldum. Mənim düşüncəmə görə, ingilislərin Ensiklopediyasını əsl elm məbədi adlandırmaq olar.
Xarici ölkələrdə yaşayan gənc dostlarımın hədiyyələri hesabına kitabxanamın qiymətli növlərlə zənginləşməsini də xüsusilə qeyd etmək istərdim. Yaxın dostumun İngiltərədə həkim işləyən oğlu son 20 ildə məni bizdə tapılmayan kitablarla təchiz edir. "Western Sivilization" və "Chronicle of the Mankind" adlı və çox sayda digər kitablara da onun hesabına sahib olmuşam, əvvəlki iki kitabda tarixə aid olduqca sanballı məlumatlar vardır. Son vaxtlarda isə qədim Vinçester şəhərində yaşadığından, həmin adı daşıyan tüfəngin şöhrəti ilə yarışa girə bilən yerli məşhur yazıçı Ceyn Ostinin 6 cildlik külliyatını göndərmişdir. Abu-Dabidə bankda işləyən qardaşı və onun ərəb əsilli nəcib xanımı isə mənə Qor Vidalın "Abraham Linkoln" kitabını və hind eposlarını göndərmişlər.
Digər bir dostumun Vaşinqtonda indi Dünya Bankında rəhbər vəzifədə işləyən oğlu isə ixtisasca hüquqşünas olan yazıçı Con Qrişhomun 90-cı illərdə Amerikada mafiyaya qarşı mübarizəyə həsr olunmuş 9 kitabını göndərmişdi. Onlardan üçü əsasında Hollivud film çəkmişdir, onlardan ən məşhuru "The Client" - "Müştəri" filmi idi.
Mən özüm də xarici ölkələrə səfər edərkən xeyli kitab yükü ilə qayıdıram. ABŞ-a iki səfərim vaxtı oradan Uebster və Kenbric Ensiklopediyalarını, dövlətin tarixinə dair qiymətli kitabları almışdım. Uçduğumuz Türkiyə Hava Yollarının təyyarəsinin stüardı kitablarla dolu mənim iri zənbilimə təəccübünü bildirib, pulu belə xərcləməyimə rişxəndli iradını bildirməyi də öz səviyyəsində vacib saymışdı. Qonşuluğumdakı kitab satan ziyalı oğlan da az-çox mənim zövqümə bələd olduğundan, ingilis dilində çap edilən müvafiq məzmunlu kitablarla məni təmin edir. Ondan xeyli sayda yaxşı kitablar almışam
Onu da qeyd etmək lazımdır ki, Avropanın iri şəhərlərindəki və Amerikada olduğum Nyu Yorkun kitab mağazaları göz oxşayır. Praqanın nəhəng kitab mağazasındakı silos quyusuna bənzər kitablardan hörülmüş iri quyu və onun üstündə ucalan qüllə məni heyran etdi. Bu qəribə installasiyada kitablar kaladeyskopu ilə qarşılaşırsan. Lakin xarici ölkələrdə kitab olduqca baha qiymətədir.
Göründüyü kimi, kitabxanamın ingilis dilində olan bölməsinin böyüməsində və müxtəlif çeşidlərə yiyələnməsində dostlarımın və onların övladlarının hədiyyələrini xüsusilə vurğulayıram. Axı bizdə elə kitabları tapmaq o qədər də asan deyildir. Mən başa düşürəm ki, bu alicənablıqları ilə onlar məndən çox öz atalarına ehtiramlarını izhar edirlər və valideynini dostu ilə xoş əlaqə saxlamağı və yeri gəldikdə ona qiymətli hədiyyələr verməyi özlərinin borcu hesab edirlər.
Mütaliə adamın mədəni səviyyəsinin yüksəlməsinə də əvəzsiz köməklik göstərir. Hansı ölkəyə səfər edirsənsə, əvvəlcədən kitablar vasitəsilə onun təbiəti, tarixi, əhalisi barədə isə etnoqrafik məlumatlarla geniş tanış olmaq imkanı qazanırsan. Aldığın biliklər həmin ölkəni və xalqı yaxından tanımaqda sənə bələdçilik göstərir. Avropanın rəngkarlığı və heykəltaraşlığı barədəki biliklər də, onlarla əyani tanış olduqda, həmin əsərlərin mahiyyətini qiymətləndirməkdə kitablar əsl yol göstərən vasitə rolunu oynayır. Əvvəllər reproduksiyaları ilə tanıdığın əsərlər əyani təmas vasitəsi ilə sənə daha güclü təsir göstərir.
Mütaliə yaradıcılıqla məşğul olan insanlara da öz köməklik əlini uzadır. Geniş mütaliələri ilə fərqlənən yazıçılar adətən dar dairəni tərk edib, öz personajları ilə insan həyatı və ümümbəşəri dəyərlər barədə oxucuya geniş məlumat verir. Uilyam Şekspirin,Viktor Hüqunun, L.N.Tolstoyun əsərlərini oxuyarkən biz həyacanlı anlar yaşamaqla yanaşı, həm də elmə aid olan çox şeylər öyrənirik. İstedadına güvənərək öz səviyyəsini yüksəltmək qayğısına qalmayanların əsərlərində isə hökmən primitivlik özünü büruzə verir.
Bütün bunlar heç də didaktika xatirinə deyilmir, məhz kitabın, onu oxumağa həsr olunan vaxtın, mütaliənin insan həyatında mühüm rol oynadığını diqqətə çatdırmaq məqsədini güdür. Öz olduqca sadə təcrübəmə müraciət etdikdə də mən yalnız kitabları təbliğ etmək istəyirəm, az-çox savadlı adamların bu məbədə sitayiş etməməsini isə bağışlanmaz qəbahət sayıram.
Zaman çox şeyə təsir göstərdiyi, təsəvvürlərimizi dəyişməyə məruz qoyduğu kimi, kitabların təsir gücünə, kütləvi mütaliə həvəsinə də ziyan vurmamış qalmamışdır. Əlbəttə, süni intellektin həyata qədəm qoyduğu, reallığa çevrildiyi bir şəraitdə mütaliəni ön plana çəkmək bir qədər təəccüblü görünə bilər. Lakin hər şey dəyişsə də, insanın mədəni haləsi metamorfozalara uğrasa da, insan mənəvi varlığını itirməyəcəkdir.
Son vaxtlar bayağı, inancın mahiyyətini anlamayanlar ordusu da güclənmişdir, dini ehkamlardan yeri gəlib-gəlmədi misal çəkmək dəbi meydana gəlmişdir. Primitivliyə, vulqarlığa dalanlar özlərini az qala ilahiyyatçı hesab edirlər. İnanca qarşı mübarizə aparmaq ağılsızlıq olduğu kimi, cəhalətin yayılmasına qarşı laqeydlik göstərmək də ciddi səhv hesab edilməlidir. İnsanlara öz inancı barədə haray çəkməsinə görə deyil, adətən onların məhz fəaliyyətinə və əməlinə görə qiymət verilir. Bu sahədə amerikanların "Deed before Creed" - "Əməl inancdan əvvəldir" şüarı mühüm əhəmiyyət kəsb edir. İnsan dünyadan köçdükdən sonra məhz öz əməllərinə, cəmiyyət naminə fəaliyyətinə görə xatırlanır. Bəzi görkəmli şəxsiyyətlər isə öz xalqı, milləti üçün nümunəyə çevrilir.
Həyat fəlsəfəsini, özünü dərk etməyi öyrənməkdə bizim ən yaxın köməkçilərimiz kitablardır, onlar öz xidmətləri üçün bizdən iri məbləğdə haqq tələb etmirlər. Kitablardakı nümunələr vasitəsilə biz həyatın mənasının həyatın özündən qiymətli olduğu qənaətinə gəlirik. Kitab təkcə onu oxuyanlarla təmasa girməklə öz işini bitmiş hesab etmir, oxucu onun məziyyətlərini müzakirə və analiz etməyə də girişir. Əvvəllər adamlar bir-birilə kitablar vasitəsilə danışırdılar. Kitab həm də nitqi və yazı mədəniyyətini inkişaf etdirir.
Təəssüf ki, son vaxtlar kitab oxuyanlar seqmenti daralmışdır. Lakin bədbinliyə qapılmaq da düzgün olmazdı. Mütaliə edən seqment nisbətən kiçilsə də, daim qalacaqdır. İndiki nəsil çox az hallarda öz şəxsi kitabxanasını yığır, kitab oxumayanlar isə öz diqqətlərini kinoseriallara verirlər.
Yaxşı olardı ki, yazıçılar kitabın təbliği ilə də məşğul olaydılar, təkcə şöhrət qazanmaq barədə düşünməyəydilər. Onları oxucya tanıtdıran və sevdirən yazdıqları kitablardır. Onlarla şəxsi tanışlığa da elə bir ehtiyac yoxdur. Kitabları vasitəsilə onlarla qiyabi tanışlıq daha sərfəlidir, çünki onlar yalnız yaradıcılıqları ilə ağıla və ürəyə hakim kəsilirlər, çox adamın arzu olunan qonağına çevrilirlər. O, təkcə personajlarını deyil, çox vaxt özünü də oxucuya dolayı yolla təqdim edib, yeri düşdükcə qiymətləndirir. Onların bilavasitə yazıb yaratdıqlarına da zamanın, dövrün xüsusiyyətləri öz təsirini göstərir. Puşkin "Yevgeni Onegin"də kübarı tərənnüm edirdisə, Səməd Vurğunun "Muğan" poemasında ekskavatorçu qəhrəmana çevrilmişdi. Axı, hər iki müəllif öz əsərini real oxucularına ünvanlamışdı. Bəzən köhnə formada yazılmış əsər də sonralar öz oxucularını tapa bilmir, hətta dahi yazıçılar da belə münasibətlə üzləşməli olur. Tolstoy Puşkinin "Kapitan qızı" əsərini bu qüsura görə tənqid edirdi. Plexanov isə Tolstoyun özünü ardıcıl metafizik adlandırırdı.
Təəssüf ki, yazıçı çox vaxt şəxsi həyatda öz qəhrəmanları səviyyəsinə yaxınlaşa bilmir. Onlarla şəxsi tanış olmaq istəyi də gözlənilənin əksinə, bəzən xoşagəlməz hallarla nəticələnir. Bəzilərinin nümunəsi heç adi ləyaqət prinsiplərinə də cavab vermir. Bunun təsdiqi üçün hətta məşhur yazıçıların da həyatına aid olan çox sayda misallar gətirmək olar.
XV əsrdə yaşamış ilk fransız lirik şairi Fransua Viyon dəfələrlə quldurluqda, savaşda və qarətdə iştirak etmiş, Parisdən sürgün edilmişdi. O, özünün dəyişikliyə uğrayan həyatını "Böyük vəsiyyət" və "Kiçik vəsiyyət" adlanan balladalarında təsvir etmişdi. O, həmçinin Yer üstündəki həyatın faniliyi motivini, cavabsız məhəbbətin əzabını yaşamağı qələmə almışdır.
Detektiv janrın banisi, amerikan yazıçısı Edqar Allan Po 13 yaşlı öz qız qohumuna evlənmişdi. Bu izdivac bir əsr yarım sonra baş versəydi, onu pedofiliyada ittiham edib, ağır cəzalandırardılar. Corc Qordon Bayron və A.N.Gertsen isə intsestlə məşğul olub, öz ögey bacıları ilə intim yaxınlıq etmiş, Bayronun bacısı Avqusta ona qız doğmuş, Gertsen isə bacısına rəsmi qaydada evlənmişdi.
Böyük rus şairi A.S.Puşkin hər xırda məsələyə görə adamları dəfələrlə duelə çağırmışdı, onların arasında doğma dayısı da var idi. 1837-ci ilin yanvarında duelə çağırdığı Dantes tərəfindən sərrast atəşlə yaralanmış və həmin yaradan ölmüşdü. Ondan xeyli əvvəl, dramaturq A.S.Qriboyedov İranda Rusiyanın diplomatik korpusuna başçılıq edərkən Fətəli şahın hərəmxanasının başçısı, erməni əsilli xacə Yaqub Mirzənin provakasiyasına uğrayaraq, səfirliyin iqamətgahı binasında saraydan qaçmış hərəm qızlara sığınacaq vermişdi. Tehranda kütlə bunu millətin namusunun təhqiri kimi qiymətləndirərək, səfirlik binasını dağıtmış, Qriboyedovu da öldürmüşdülər. Sonra onun cəsədini atın quyruğuna bağlayaraq, küçələrdə sürümüşdülər.
Rus yazıçısı F.M.Dostoyevski qumarbazlıqla məşğul olur, çox vaxt uduzurdu, hətta arvadının qızıl bəzək əşyalarını da satıb, həmin pulu da qumara qoymuşdu.
Rus yazıçısı İ.S.Turgenyev Parisdə məşuqəsi, aktrisa Polina Viardo və onun əri ilə bir mənzildə yaşamışdı. Qadın həm məşuqu, həm də əri ilə fiziki yaxınlıq edirdi. Şair V.V.Mayakovski də öz sələfinin təcrübəsini davam etdirmiş, məşuqəsi Liliya Brik və onun əri Osip Briklə bir yerdə yaşamışdı.
SSRİ Yazıçılar İttifaqının sədri A.A.Fadeyev sərxoşluğa qurşanmış, intihar etmişdi.
Azərbaycan yazıçılarından bəziləri 1937-38-ci illərin repressiyası vaxtı donosçuluq edərək, öz qələm yoldaşlarının həbsinə və ölümünə səbəb olmuşdular.
Göründüyü kimi, bəzi yaradıcı insanlar şəxsi həyatlarında ciddi nöqsanlara yol verdiklərinə görə oxucularına nümunə ola bilməzlər. Ona görə də biz onların yaradıcılığına qiymət verməliyik, şəxsi davranışları isə ümumiyyətlə bizim diqqətimizi cəlb etməməlidir. Hətta hansı inanca və ideyalara tərəfdar və ya zidd olmaları, onların yaradıcılığına qiymət verildikdə də həmçinin heç bir rol oynamamalıdır. Bu barədə Rusiya çarı III Aleksandrın L.N.Tolstoya bəslədiyi münasibət ibrətamizdir. Onu ağır qaydada cəzalandırmağı tələb edənlərə çar sərt cavab vermişdi: "Mənim Tolstoyuma toxunmayın". Tolstoy isə provaslav dininə qarşı üsyan edirdi və buna görə onun çox sayda düşmənləri meydana gəlmişdi.
Kitab ağıla, ruha yalnız fayda verir. Faşizm, terror, şovinizm təbliğatına həsr olunanlardan başqa, heç bir kitab adama ziyan vura bilməz Biz kitaba hörmətlə yanaşırıqsa, onların yaradıcılarına da ehtiram bəsləməliyik. Axı onlardan bəziləri heç də adi, ötəri adamlar deyillər. Bəlkə də müqəddəslərə bəslənən xoş münasibətdən onlara da pay düşsəydi, bizim pərəstişimizin qiyməti də daha vəznli olardı.
Son.
İyul 2023-cü il