525.Az

Böyük Qayıdış: viranədən abadlığa


 

QARABAĞDA VƏ ŞƏRQİ ZƏNGƏZURDA APARILAN NƏHƏNG QURUCULUQ İŞLƏRİ UĞURLA DAVAM ETDİRİLİR

Böyük Qayıdış: viranədən abadlığa<b style="color:red"></b>

İşğaldan azad olunan ərazilərə Böyük Qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin bərpası, yenidən qurulması, həmin ərazilərdə müasir infrastrukturların yaradılması (elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların və mədəni-tarixi abidələrin bərpası və yenidən qurulması, yaşayış evlərinin tikintisi və s.) məqsədilə 2024-cü ilin dövlət büdcəsində 4 milyard manat vəsait nəzərdə tutulub.

Bu, Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında əksini tapıb. Eyni zamanda, keçmiş məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi məqsədilə isə növbəti ilin dövlət büdcəsində 355,3 milyon manat vəsait proqnozlaşdırılıb. Belə ki, keçmiş məcburi köçkün statusu olan və onlara bərabər tutulan şəxslərə (467,1 min nəfərə) 60 və 33 manat məbləğində vahid aylıq müavinət verilməsi üçün 317,0 milyon manat, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər tərəfindən istehlak edilən kommunal xidmətlərin haqqının dövlət büdcəsinin vəsaiti hesabına qarşılanması üçün 20,7 milyon manat, digər tədbirlər üçün 17,6 milyon manat vəsait proqnozlaşdırılıb.

Maliyyə naziri Samir Şərifov deyir ki, 3 il ərzində, yəni bu ilin sonuna kimi ümumilikdə 12 milyard manata yaxın vəsaitin azad olunmuş ərazilərin bərpasına xərclənməsi nəzərdə tutulub: "İlkin olaraq 7,4 milyard manat vəsait bu istiqamətə nəzərdə tutulmuşdu. Sonradan isə əlavə gəlirlərin bu istiqamətə yönəldilməsi nəzərdə tutuldu, həm də hansısa dövlət qurumunda olan qənaət də bu istiqamətə yönəldilir. Bunların sayəsində bu vəsait 7,4 milyard manatdan 12 milyard manata qədər artıb. Ona görə də dövlət büdcəsində hər hansı əlavə gəlir yaranarsa, büdcə qaydasında ziddiyyət təşkil etmədiyi təqdirdə, azad olunmuş ərazilərin bərpasına yönəldiləcək".

Prezidenti İlham Əliyev çıxışlarından birində bu mövzuya toxunarkən bildirib ki, üç il əvvəl, Vətən müharibəsi başa çatdıqdan dərhal sonra işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri başlandı. Bu məqsədlə artıq Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il ən azı 2,4 milyard ABŞ dollarının ayrılacağı nəzərdə tutulur: "Artıq keçmiş məcburi köçkünlər - bu torpaqların əsl sahibləri Laçın və Füzuli şəhərlərinə və üç kəndə qayıdıb. 2026-cı ilin sonunadək Qarabağa və Şərqi Zəngəzura 140 mindən artıq insanın geri dönməsi nəzərdə tutulur".

İqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə, işğaldan azad edilən ərazilərdə enerji infrastrukturunun qurulması və regionun enerji, o cümlədən, bərpa olunan enerji potensialından səmərəli istifadə çərçivəsində əhalinin infrastruktur təminatının yaxşılaşdırılması və layiqli həyat şəraitinin yaradılması üçün elektrik, su, qaz, istilik təchizatı və kanalizasiya xidmətlərinin qurulması istiqamətində sistemli tədbirlər həyata keçirilir. Ərazilərdə zəruri rabitə infrastrukturu qurulmaqla mobil rabitə, radio-televiziya yayımı, xüsusi radiorabitə, internet, poçt və sair təşkil edilib. Xüsusilə də, həmin ərazilərdə kənd təsərrüfatı sahələrinin məhsullarının istehsalı onu göstərir ki, bu sahə iqtisadi fəaliyyət növlərindən biri olacaq. Müharibənin başa çatmasından çox az vaxt ötməsinə baxmayaraq, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və infrastruktur quruculuğu işlərinə başlanılması Azərbaycan dövlətinin böyük gücünü göstərir. Bu ərazilərdə aparılan bütün yenidənqurma, bərpa və şəhərsalma işləri qabaqcıl urbanizasiya modellərinin tətbiqi ilə əhalinin həyat səviyyəsinin yüksəldilməsinə xidmət edəcək. Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə insan kapitalının inkişafı sahəsində sosial xidmətlər şəbəkəsinin yaradılması və maddi-texniki bazasının gücləndirilməsi, bölgədə məskunlaşacaq əhalinin keyfiyyətli səhiyyə və təhsil xidmətləri ilə təmin edilməsi, mədəniyyət və idman obyektlərinin bərpası və yenidən qurulması, məşğulluq imkanlarının artırılması məqsədilə fəal özünüməşğulluq proqramlarının həyata keçirilməsi və reabilitasiya müəssisələrinin qurulması planlaşdırılır.

X.Kərimli qeyd edib ki, işğaldan azad edilmiş ərazilərin bərpası üçün 2024-cü ilin dövlət büdcəsindən ayrılan vəsaitin bir hissəsi yol infrastrukturunun qurulmasına xərclənir: "3 milyard 825 milyon manatın xərclənəcəyi istiqamətlər var. Yol infrastrukturunun inkişaf etdirilməsi əsas mövzulardandır. Müxtəlif istiqamətlərdə avtomobil və dəmir yol xətləri çəkilir. Eyni zamanda, Qarabağın mərkəzi hissəsi də qayıdıb. Mövcud ərazilərdə Qarabağın mərkəzinin əlaqələndirilməsi istiqamətində həm dəmir yol xəttinin, həm də avtomobil yol xəttinin tikintilərinin birləşdirilməsi prosesi gedəcək. Həmçinin, yolların tikintisinə, ərazilərin minadan təmizlənməsinə, dəmiryol xəttinin çəkilməsinə, hava limanlarının, yaşayış yerlərinin tikilməsinə, elektrik və su xətlərinin çəkilməsinə xeyli vəsait ayrılıb. Dövlət üzərinə düşən bütün problemləri həll edir".

X.Kərimli əlavə edib ki, ərazilərin təhlükəsizliyinin təmin edilməsi, minalardan təmizlənməsinə vəsaitlər sərf olunacaq: "Ərazidə enerji infrastrukturunun qurulması investisiya tələb edəcək. Bundan əlavə, hökumətin yaxın zamanda 100 min əhalinin köçürülməsi ilə bağlı ciddi planı var. Yaşayış yerlərinin tikilməsi üçün vəsait xərclənəcək".

Memar Fərid Bayramovun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə yeni bərpa layihələri yaşayış, istehsal, sosial xidmətlər, "ağıllı kənd təsərrüfatı", alternativ enerji sahələri kimi mühüm prinsiplər üzərində qurulur. Bu isə məskunlaşmanın özünəməxsus yeni modelini təşkil edəcək: "Məskunlaşmanın yeni modeli olan "Ağıllı şəhər" və "Ağıllı kənd" layihələrinin həyata keçirilməsi bu regionların sosial-iqtisadi inkişafını artırmaqla yanaşı, ölkənin müdafiə və iqtisadi təhlükəsizliyinin təmin edilməsi üçün böyük imkanlar yaradır. Azad edilmiş ərazilərdə yeni məskunlaşma modelinin inkişafı üçün geniş imkanları mövcuddur. Kəlbəcər rayonu ərazisində də su elektrik stansiyalarının tikilməsi üçün çox əlverişli şərait var. Yeni dəmir yolu infrastrukturunun yaradılması, bir neçə aqrar sənaye parklarının planlaşdırılması kənd təsərrüfatının sənayeləşdirilməsinə də geniş imkanlar açır. Şərqi Zəngəzurda azad iqtisadi zonanın yaradılması bir çox ölkələrin marağındadır və nəticə etibarilə ərazidə iqtisadi artım məsələsini həll edəcək".

F.Bayramov əlavə edib ki, 2026-cı ilin sonunadək Qarabağ iqtisadi rayonu üzrə Ağdam və Füzuli şəhərlərində 8 yaşayış məhəlləsinin, Hadrut və Suqovuşan qəsəbələrinin və 32 kəndin tikilməsi nəzərdə tutulur. Böyük Qayıdışın təmin edilməsi üçün ilk mərhələdə baza və sosial infrastrukturun qurulması prioritet məsələdir və bu istiqamətdə işlər sürətlə davam edir. Eyni zamanda, ərazilərin elektrik təchizatı da dövlətin diqqət mərkəzindədir.

Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni bildirib ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində görülən sosial-iqtisadi inkişaf və həyata keçirilən Dövlət Proqramı böyük qayıdış çərçivəsində həyata keçirilən quruculuq işləri ictimaiyyət tərəfindən çox diqqətlə izlənilir və yüksək qiymətləndirilir: "Qısa müddət ərzində işğaldan azad olunmuş ərazilərdə bu qədər böyük işlərin görülməsi və artıq Zəngilana, Füzuliyə, Laçına və digər ərazilərə quruculuq işlərindən sonra böyük qayıdışın təmin olunması sözün əsl mənasında tarixi hadisədir və eyni zamanda çox böyük nailiyyətdir. Böyük işlər həyata keçirilir, nəhəng quruculuq işləri görülür. Dövlətin bu ərazilərdə həyatın tezliklə bərpa olunmasında, ora tezliklə yerli əhalinin köçürülməsində maraqlıdır. Həmin regionlarda vətəndaş cəmiyyətinin yaranması isə artıq bizim işimizdir. Yəni böyük qayıdışın özü də böyük hadisədir və bizim də qeyri-hökumət təşkilatları bu proseslərdə fəal iştirak edirlər və biz yenə də əhali arasında öz missiyamızı yerinə yetiririk. O cümlədən, beynəlxalq ictimaiyyət tərəfindən bu proseslər necə qarşılanır, necə müşahidə olunur və əlbəttə ki, bunlar hamısı ictimai rəydir və ictimai rəyin öyrənilməsi sahəsində də qeyri-hökumət təşkilatları öz üzərinə düşən vəzifələri yerinə yetirir".

R.Zeyni qeyd edib ki, qısa müddət ərzində Füzulidə, Laçında, Zəngilanda beynəlxalq hava limanlarının tikilməsi və yüz kilometrlərlə yolun çəkilməsi, o cümlədən, Zəngəzur dəhlizi ilə əlaqədar olaraq avtomobil yollarının, dəmir yolunun çəkilməsi çox böyük işlərin görülməsindən xəbər verir: "Bu nəticələr xalqımızı sevindirir, ictimaiyyətimiz də bundan məmnun olur".

Sevinc QARAYEVA

 

 





15.11.2023    çap et  çap et