Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov dekabrın İsveçrənin Cenevrə şəhərində keçirilən BMT-nin İnsan Hüquqları Şurasının Universal Dövri İcmal (UDİ) üzrə İşçi Qrupunun 44-cü sessiyasında çıxış edib.
Komitədən 525.az-a verilən xəbərə görə, Azərbaycanın 10 milyonluq əhalisinin 10 faizini məcburi köçkünlər təşkil edir. 2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü və suverenliyi bərpa edilib, soydaşlarımızın təhlükəsiz, ləyaqətlə və könüllü şəkildə doğma yurdlarına qayıtmasına şərait yaranıb.
Diqqətə çatdırılıb ki, qarşıdakı illərdə Şuşa şəhəri də daxil olmaqla, ümumilikdə 100-ə yaxın yaşayış məntəqəsini - 8 şəhər, 8 qəsəbə və 84 kəndi əhatə edən mənzil tikintisi layihələrinin genişmiqyaslı icrası nəzərdə tutulur.
İşğaldan azad edilmiş ərazilərdə yeni salınmış qəsəbələrə köçürülmə mərhələli şəkildə həyata keçirilir. İlkin olaraq müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayan məcburi köçkünlərə geri qayıtmaq imkanı yaradılır.
Yaxın üç ildə Azərbaycan hökuməti işğaldan azad edilmiş torpaqların davam etdirilən yenidən qurulması, yeni və müasir evlərin tikintisi və iqtisadiyyatın bərpası ilə bütün sürətlə davam etməklə, 140 minə yaxın məcburi köçkünü Qarabağ və Şərqi Zəngəzurdakı öz evlərinə köçürməyi planlaşdırır.