525.Az

Heydər Əliyev obrazı Azərbaycan dramaturgiyasında - Əli Əmirli yazır


 

Heydər Əliyev obrazı Azərbaycan dramaturgiyasında - <b style="color:red"> Əli Əmirli yazır</b>

Olur ki, xalqın taleyində, ölkənin müqəddəratında möhtəşəm rolu olan, tarixi yazan yox, tarixi yaradan, hamının böyük insan, uzaqgörən siyasətçi, rəhbər kimi qəbul etdiyi dahi şəxsiyyətin bədii obrazını yaratmaq istəyi yaranır dramaturqda. Əlbəttə, istəmək çətin deyil, amma bu istəyi reallaşdırmaq qələminə inam, yazıçı cəsarəti və ilk növbədə həmin şəxsiyyətə bəslənən böyük məhəbbət nəticəsində mümkündür, necə ki, görkəmli yazıçı-dramaturq, mərhum Aqşin Babayev saydığımız bütün bu keyfiyyətləri özündə birləşdirən Ulu öndər Heydər Əliyevin möhtəşəm bədii obrazını Azərbaycan səhnəsinə gətirə bilmişdi.

Altmış ildən çox bir vaxt ərzində nasir, jurnalist, publisist, şair, tədqiqatçı alim kimi zəngin yaradıcılıq yolu keçmiş, geniş diapazonlu istedada malik Aqşin Babayev dramaturgiyaya da biganə  deyildi, onun səhnə əsərləri hələ 1955-ci ildən başlayaraq Dövlət Gənc Tamaşaçılar, Dövlət Musiqili Komediya, Rus Dram, Bakı Bələdiyyə və Sumqayıt Dövlət Musiqili Dram teatrlarında, habelə  ölkənin bir sıra bölgə teatrlarında uğurla tamaşaya qoyulub, Azərbaycan televiziyasında isə "Nekroloq", "Dəvətnamə", "Yol", "Mükafat" adlı televiziya pyesləri  əsasında televiziya filmləri çəkilib və geniş tamaşaçı auditoriyası qazanıb. Aqşin Babayevin Heydər Əliyev şəxsiyyətinə müraciət etməsi isə bir az əvvəl dediyim kimi, Ulu öndərə, hər şeydən əvvəl, böyük məhəbbət və sayğının nəticəsi idi.

Onu da deyim ki, Heydər Əliyevin işıqlı obrazına Aqşin Babayev bir dramaturq kimi iki dəfə müraciət edib. Birinci pyesini "Oğul" adlandıran dramaturqun əsəri Xalq artisti Amaliya Pənahovanın bir vaxtlar rəhbərlik etdiyi Bakı Bələdiyyə Teatrında maraqlı səhnə təcəssümünü tapmışdı. Daha sonralar Aqşin Babayev, ikinci dəfə Ulu öndərin obrazını səhnəyə gətirməyə müvəffəq olur. Söhbət dramaturqun hələ 1993-cü ildə qələmə aldığı məşhur "Xilaskar" pyesindən gedir. Ümumiyyətlə,  Heydər Əliyevin bədii obrazını səhnəyə gətirən və bu sahədə ciddi yaradıcılıq uğuru qazanan ilk dramaturq da elə Aqşin Babayevdir.

"Xilaskar", janrına görə bədii-publisistik dramdır. Heydər Əliyev, yəni əsərin qəhrəmanı pyesdə az görünsə də, bütün baş verənlər onun şəxsiyyəti və adı ətrafında cərəyan edir. Əsərdəki hadisələr böyük siyasətçinin ikinci dəfə ölkə rəhbərliyinə qayıdışı ərəfəsinə, Azərbaycanın yaxın tarixinin son dərəcə mürəkkəb, ziddiyyətli bir  dövrünə təsadüf edir.

Əsərin uğuru ilk növbədə Aqşin Babayevin çox mürəkkəb olan həmin dövrdə qaynar hadisələrin içində olması və bu hadisələrin iştirakçılarını yaxından izləyə bilməsi ilə bağlıdır. Ən vacib məqamlardan biri də, dramaturqun, qulluq vəzifəsinə görə birbaşa Heydər Əliyevin rəhbərliyi altında işləməsi, böyük şəxsiyyətlə birbaşa ünsiyyətdə olması, onu yaxından müşahidə edə bilməsidir. Bədii yaradıcılıqda bu məqamın əhəmiyyəti çox böyükdür, bir halda ki yazıçı öz qəhrəmanını yaxşı tanımalıdır.

Qeyd etdiyimiz kimi, pyesdə hadisələrin baş verdiyi zaman çox mürəkkəb, dəyişkən, mütəhərrikdir. Heydər Əliyevi istəyənlərlə istəməyən azlıq arasındakı ziddiyyətləri, dramatik tarixi məqamları, yumşaq desək, bir neçə sifəti olan insanları ən müxtəlif şəkildə göstərən müəllif bəzən sırf dramatik, bəzən də komik elementlərdən gen-bol istifadə edir. Yeri gələndə isə dramaturq incə kinayədən, satira, şarj və qroteskdən  belə çəkinmir.

Aqşin Babayev pyesin janrını, qeyd etdiyimiz kimi, sənədli-publisistik dram adı ilə təqdim etsə də, əslində əsər sintetik mahiyyət daşıyır. Müəllif janra münasibətdə özünü heç bir çərçivəyə salmır. Elə bunun nəticəsidir ki, "Xilaskar"da dramaturq həm radio, həm televiziya, həm teatr, həm də bədii kollaj, hətta montaj  elementlərindən bacarıqla istifadə edir. Bu da müəllifin radio, televiziya və teatr işinə yaxından bələd olmasının nəticəsidir ki, sonda onların maraqlı sintezi meydana çıxmış və bütövlükdə pyesin uğurlu alınmasını təmin etmişdir.

Əlbəttə, hər bir bədii əsərdə müəllif fikrinin əsas daşıyıcısı ədəbi qəhrəmanlar, personajlardır, dramaturji əsərdə isə bu məsələ daha ciddidir, çünki dram əsərinin qəhrəmanının çiyninə qoyulan yük xeyli ağırdır. O da məlumdur ki, səhnə əsərində qəhrəmanın tam aydın görünən məqsədi, məramı olmalıdır. Əgər səhnə əsərində belə bir qəhrəman yoxdursa, tamaşanın uğursuzluğa düçar olacağı şəksizdir. Bu mövqedən yanaşanda "Xilaskar" əsərinin uğuru əvvəlcədən proqramlaşdırılıb, çünki əsərin  qəhrəmanı Heydər Əliyevdir, onun məqsədi, həyat missiyası   dramaturqa da məlumdur, əsərlə tanış olan oxucuya da və təbii ki, tamaşaçıya da. Bu məqsəd, bu missiya Azərbaycanın müstəqilliyi, onun əbədi olması, xalqın işıqlı, xoşbəxt gələcəyinin təmin edilməsidir.

Əsərin qəhrəmanı Heydər Əliyev olsa da, o, səhnədə az görünür, buna baxmayaraq, gərgin konflikt səviyyəsinə qaldırılmış ölüm-dirim mübarizəsi məhz Heydər Əliyevin adı, şəxsiyyəti və ona birmənalı olmayan münasibət ətrafında cərəyan edir. Bununla belə, əsərin işlək qəhrəmanı, Heydər Əliyevi dəstəkləyən xalqın nümayəndəsi və müəllif fikirlərinin ruporu Ədalətdir. Ədalət Ali Sovet aparatında şöbə müdiridir, böyük, taleyüklü məsələlərdə rolu həlledici olmasa da, əsərdə onun obrazı çox fəal, çevik və mübarizdir. Ədalət müəllif istəyinin daşıyıcısı olmaqla Heydər Əliyev tərəfdarlarının şavaşa hazır olan nümayəndəsidir, başqa sözlə, Ədalət Heydər Əliyevə böyük inam bəsləyən, onu xilaskar rolunda görən xalqın ümumiləşdirilmiş obrazıdır. Əslində Ədalət elə haqqın, ədalətin özü, rəmzidir. Müəllif qəhrəmanına  nahaqdan Ədalət adı verməyib ki?! Ədalətə qarşı Ali Sovet sədrinin simasında əks mövqedə dayanan  qüvvələr də var əsərdə. Bu qüvvələrin də ruporu Saqqal Həmzədir. Buqələmun kimi asanlıqla rəngdən-rəngə düşməyi bacaran qorxaq, satqın, hiyləgər, yaltaq birisi. Elə bu personajın da adında təsadüfi olmayan tanış stereotip var: Koroğlunun Qıratını hiylə yolu ilə qaçıran keçəl Həmzə yada düşür.

Saqqal Həmzə də tək deyil, onun da  arxasında vətənini, xalqını, müstəqilliyini vəzifə, şəxsi mənafe tərəzisinə qoyan bir dəstə dayanır. Və bu iki qüvvə arasında gərgin mübarizə gedir. Bax elə bu qarşıdurmada tərəflərin məqsəd və məramı açılır. Həqiqətən, kimin kim olduğu həmişə müəyyən dramatik situasiyada məlum olur. Əgər Ədaləti ölkənin gələcək taleyi, vətənin müqəddaratı, xalqımızın bir millət kimi var olması, qazanılmış müstəqilliyin bir daha itirilməməsi narahat edirsə, Saqqal Həmzənin hədəfi şəxsi mənafe, vəzifə imtiyazları və qisas hissi kimi xırda məsələlərdir. Onu da deyək ki, birincilərdə hər şey davamlıdırsa, prinsipial mahiyyət daşıyırsa, ikincilər havanın dəyişməsi ilə tam dəyişməyə həmişə hazırdırlar və buna görə də daima gözdə-qulaqda və səksəkə içərisindədirlər.

Pyesdəki maraqlı məqamlardan biri də əsas personajların prototiplərinin dərhal görünən və tanınan olmasıdır. Əlbəttə, bu, maraqlı olmaqdan başqa, həm də çox məsuliyyətli bir məsələdir. Axı Aqşin Babayevin prototiplərinin çoxu hələ yaşayır, bəziləri hətta vəzifə başındadır. Balaca bir səhv, qeyri-dəqiqlik müəllif üçün, elə onun əsəri üçün də problemlər yarada bilər, amma nə etməli, tarixi hadisələrin gedişini dramaturq da poza bilməz, bir halda ki, əsər bədii olmaqdan başqa, həm də sənədliliyə iddialıdır.

Bir az əvvəldə qeyd etdiyimiz kimi,  "Xilaskar" pyesində işlək müsbət qəhrəman kimi biz ilk növbədə Ədaləti görürük. O, Heydər Əliyev uğrunda açıq savaşdadır, bəzən buna görə o, özünü təhlükəyə də hədəf edir. Elə əsər də Ədalətin Saqqal Həmzə ilə növbəti savaşı ilə başlayır, amma bu da məlumdur ki, proses çoxdan başlayıb. Necə ki  pyesdə və ya səhnədə görünməyən neqativ bir məkan da var, yaşanmış həyat və ya həyatlar, ölkə miqyasında baş vermiş gərgin, taleyüklü hadisələr, ciddi ictimai-siyasi dəyişikliklər, kataklizmlər, bir-birini əvəzləyən hakimiyyət yerdəyişmələri... Bütün bunlar əsər çərçivəsində baş verən hadisələrdən əvvəl olub, amma bitib qurtarmayıb.

Elə bu yerdə dramaturgiyada çox vacib olan bir məsələni qeyd etmək istərdim: pyesi hardan, hansı hadisədən, həmin hadisənin harasından başlamalı? Təcrübəli dramaturq kimi Aqşin Babayev bu məsələni də diqqətdə saxlaya bilib, başqa sözlə, "Xilaskar"da hadisələr ölkə həyatının ən gərgin, həlledici bir anı ilə başlayır: ölkə dəhşətli bir uçurum qarşısındadır və bu uçurum sürətlə dərinləşir. Bax bu uçurum şəraiti əsərdəki dramatik situasiyanın başlanğıcı kimi təqdim olunur.

Bir anlığa Hüseyn Cavid dramaturgiyasını yada salaq. Böyük ədibin səhnə əsərlərinin dramatik strukturu olduqca oxşardır. Onun hər bir əsərinin qəhrəmanı sanki uçurum qarşısındadır. Deməli, faciəni yaradan dramatik vəziyyət tapılıb, müəllif qəhrəmanın bundan sonrakı addımlarını, nələr edəcəyini, hansı çətinliklərdən keçəcəyini tamaşaçıya göstərmək əzmindədir, daha doğrusu hadisələr neqativ məkandan pozitiv məkana, başqa sözlə, görünən, səhnədə baş verən hadisələrə keçir. Aqşin Babayevin "Xilaskar"ında da həmin strukturdan istifadə olunur, amma bir fərqlə, "Xilaskar"da Afət, Maral, Şeyda kimi konkret bir qəhrəman deyil, bütöv bir ölkə, xalq uçurum qarşısındadır və az-çox düşünən, ölkənin taleyi üçün yanan insanlar bu vəziyətdən xilas yolunu axtarırlar.

Ədalət kimi insanlar isə çıxış yolunu çoxdan bilirlər və bunu açıq-aydın deməkdən də çəkinmirlər. Onlar bilirlər ki, xalqı qırğından, ölkəni uçurumdan qüdrətli bir şəxsiyyət qurtara bilər, indiki halda həmin şəxsiyyət Heydər Əliyevdir. Bu xaosdan, hərc-mərclikdən, hakimiyyətsizlikdən vətəni yalnız Heydər Əliyev xilas edə bilər. Deməli, hakimiyyətə Heydər Əliyevin gəlməsi sözün həqiqi mənasında xilas yoludur. Ədalət, onun kimi düşünən insanlar bilirlər ki, vətəndaş müharibəsinin qarşısını dünya səviyyəli siyasətçi Heydər Əliyev alacaqdır.

O da məlumdur ki, bir az əvvəldə qeyd etdiyim kimi, dramaturgiyanın ən vacib qanunlarından biri ali məqsədi, məramı olan qəhrəmandırsa, daha vacib olan şərtlərdən biri də həmin qəhrəmanın  məqsədinə çatmaq  yolunda qarşıya çıxan ciddi, əsaslandırılmış maneələrin yaradılmasıdır. Əlbəttə, indiki halda bu maneələrin müəllif tərəfindən uydurulmasına ehtiyac qalmır, bir halda ki, yaxın və məlum tarix, onun kifayət qədər açıq səhifələri müəllif fantaziyasına o qədər də yer qoymur, əksinə, ən çətini artıq tarixə çevrilmiş həmin  hadisələr bolluğu içərisindən pyes üçün lazım olan situasiyanı seçmək, maraqlı süjet qurmaq, həmin süjeti gözlənilməz hadisələrlə zənginləşdirmək, teatral effekt yarada biləcək hadisələrə üstünlük verməkdir ki, dramaturq bu çətin vəzifənin öhdəsindən bacarıqla gəlir.

Beləliklə, əsərdə baş verən bütün hadisələr, çəkişmələr, dartışmalar, deyişmələr Heydər Əliyevin  tribunada görünməsi ilə donur, qurbağa gölünə daş atılır. Bu, ilkin effektdir, Heydər Əliyev şəxsiyyətinin meydanda  görünməsinin yaratdığı effekt! Amma bu, uzun çəkmir, ilk zərbənin təsirindən silkinib çıxan rəqib cəbhə son gücünə qədər mövqeyindən əl götürməyəcək. Ulu öndərin Ali Sovetdəki tarixi çıxışına etiraz olaraq deputatların əksəriyyəti ayaqlarını döşəməyə döyür, haray-həşir salır, etiraz edir, natiqin səsini batırmağa çalışırlar. Bəzi deputatların hələ yaddaşlardan tamam silinməmiş qaragüruhçu  çıxışları isə əsərdə tam dəqiqliyi ilə olduğu kimi verilmişdir. Bax elə bu yerdə əsərdə adı konkretləşdirilməyən şair Bəxtiyar Vahabzadə tribunaya çıxıb insanları sayğılı olmağa, kin-küdurətə, qisasa uymamağa çağırır və sözünü Məhəmmədəmin Rəsulzadənin "İstiqlaliyyəti olmayan xalqın xırda çəkişmələrlə məşğul olmağa haqqı yoxdur!" fikri ilə bitirir. Şairin çıxışı ilə məsələ həll olunsaydı nə vardı ki?! Deməli, mübarizənin ikinci fazası başlayır, amma oxucu  arxayındır, Heydər Əliyev meydandadır, bundan sonra hadisələr onun arxasınca gedəcək. Bəli, nəticə artıq hamıya məlumdur. Bəs elə isə niyə 1993-cü ildə yazılmış və düz 15 ildən sonra     tamaşaya qoyulmuş əsər bu qədər maraq oyadırdı? Cavab elə də mürəkkəb deyil, tamaşaçı bütün bu hadisələrin bədii yozumunu, təfsirini görmək, o tarixi anları yenidən içindən  keçirmək istəyir. Yazıçı qələminin sehri ilə tarixi həyat həqiqəti bədii həqiqətə çevriləndə o, yeni keyfiyyət qazanır,  bir sözlə, bədii əsər yaranır.

Bütün mübarizələr, çək-çevirlər qəhrəmanın qələbəsi ilə başa çatır, amma dramaturq tamaşaçıya hiss etdirir ki, əsl qələbə üçün hələ nə qədər mübarizələr aparmaq lazım gələcək, bir şəxsiyyətin qüdrəti ilə ölkə dəhşətli kataklizmlərdən yan keçəcək, möhtəşəm tarixi işlər görüləcək.

Pyesdə dramaturq Heydər Əliyev şəxsiyyətinə layiq monumental bədii obraz yarada bilmişdir. Təsadüfi deyil ki, "Xilaskar" bir neçə teatrda, o cümlədən, Sumqayıt və İrəvan teatrlarında uğurla tamaşaya qoyuldu. Mənə hər iki tamaşanı görmək nəsib olub və deyim ki, öz quruluşuna görə tamaşalar xeyli fərqli olsalar da, hər ikisi böyük ilhamla, məhəbbətlə hazırlanıb. Teatr estetikasına, yaradıcılıq üslubuna və ənənələrinə görə çox fərqli olan bu iki teatrı "Xilaskar" tamaşasında bir ümumi cəhət birləşdirir, o da Heydər Əliyev şəxsiyyətinə olan böyük məhəbbət və heyranlıq hissidir. Bu, bütün tamaşa boyu hiss olunur. Daha bir ümumi cəhət də Ulu öndərin obrazını yüksək səviyyədə canlandırmaq üçün aktyorların düzgün seçilməsidir. Bu da başa düşüləndir. Heydər Əliyev hər bir azərbaycanlının çox yaxşı tanıdığı, gördüyü, sevdiyi, pərəstiş etdiyi böyük şəxsiyyətdir. Heydər Əliyevin xarici görkəmi, güclü xarizması, özünəməxsus səs tembri, aydın nitqi, nüfuzedici baxışları... Bütün bunları səhnədə göstərə biləcək aktyorun tapılması asan deyil. Necə deyərlər,  "Hamlet"i tamaşaya qoymaq üçün birinci şərt teatrda Hamleti oynaya biləcək aktyorun olmasıdır. "Xilaskar"ı da tamaşaya qoymaq üçün teatrda ilk növbədə əsərin qəhrəmanını - Heydər Əliyevin obrazını yarada  biləcək aktyorun olması əsas şərtdir. Hesab edirəm ki, hər iki teatrda, həm Sumqayıt teatrında, həm də İrəvan teatrında Heydər Əliyev rolunun ifaçıları yuxarıda dediyimiz şərtləri ödəyə bilən yüksək səviyyəli aktyorlardır.

Sumqayıt teatrının "Xilaskar"ının (rejissor Firudin Məhərrəmov) 2009-cu ildə Bakıda Rus Dram teatrının binasında tam anşlaqla keçən tamaşası yaxşı yadımdadır.  Heydər Əliyev (Əməkdar artist Namis Şirməmmədov) səhnədə ilk dəfə görünəndə bütün zal qeyri-ixtiyari ayağa qalxdı. Alqış səsləri binanı titrətdi. Aktyorun yerişi, Ulu öndərə məxsus jestləri, səsi və  danışıq tərzi, bir sözlə, bütün görkəmi obraza tam uyğun idi. Elə bir portret oxşarlığı vardı ki, heyrətlənməmək mümkün deyildi.

İrəvan teatrının monumental üslubda hazırlanmış tamaşasında isə Heydər Əliyevin möhtəşəm  obrazını teatrın direktoru, istedadlı aktyor və dramaturq İftixar Piriyev mükəmməl yaradır. Təsadüfi deyil ki, uzun illərdir "Xilaskar" İrəvan teatrının vizit kartına çevrilib. Tamaşa demək olar ki, Azərbaycanın bütün bölgələrində böyük uğurla nümayiş etdirilib. İrəvan teatrının kollektivi məhz "Xilaskar"la bir neçə xarici ölkədə qastrol səfərlərində olmuşdur.  "Heydər Əliyev İli"ndə teatr yenidən "Xilaskar"la qastrol səfərlərini davam etdirir.

Əlbəttə, Heydər Əliyev nəhəngliyində şəxsiyyətin dramaturgiyaya, səhnəyə gətirilməsi böyük məsuliyyət tələb etməklə,  həm də dramaturq üçün şərəf işidir. Fikrimcə, bir dramaturq kimi  mərhum Aqşin Babayev dediyimiz kimi, bu məsuliyyətli, çətin və şərəfli işin öhdəsindən bacarıqla gələ bilib.

 





16.11.2023    çap et  çap et