525.Az

Laçına Qayıdışın sonsuz sevinci


 

30 İLDƏN SONRA LAÇINLILAR DOĞMA YURDLARINA BÖYÜK RUH YÜKSƏKLİYİ İLƏ DÖNÜRLƏR

Laçına Qayıdışın sonsuz sevinci<b style="color:red"></b>

1992-ci ilin mayından erməni işğalı altında olan Laçın şəhəri avqustun 26-da düşməndən azad edildi. Mərhələli şəkildə Laçının bütün kəndləri düşməndən təmizləndi. Bundan sonra bu ərazilərin əsl sakinlərinin 30 illik həsrətdən sonra bölgəyə köçürülməsi üçün tikinti quruculuq işlərinə başlanıldı. Aparılan quruculuq işlərindən sonra yerli əhalinin Laçın şəhəri də daxil olmaqla Zabux, Sus və digər kəndlərə köçürülməsi prosesi davam edir.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı həyata keçirilir. Noyabrın 14-də Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərləri ərazisindəki yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən yola salınıb.

Bu mərhələdə Laçın şəhərinə daha 10 ailə - 40 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Daha da gözəlləşən və abadlaşan Laçın şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra Prezidentin göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da Laçın şəhərində 325 ailə, yəni 1245 nəfərin daimi məskunlaşması təmin edilib.

31 ildən sonra doğma yurduna qayıdan Ülviyyə Tağıyeva deyir ki, bu gün bizim üçün tarixi və möcüzəvi gündür: "Bu xoşbəxtliyi yaşamaq nəsibimiz olubsa, buna görə müzəffər ordumuza, Ali Baş Komandan İlham Əliyevə borcluyuq. Mən Laçını göz yaşı və qorxu içində tərk etmişəm. Həmin gün həyatımın ən dəhşətli günü idi. Şükür ki, 31 ildən sonra Laçına geri dönürük. Həsrətlə gözlədiyimiz torpaqlarımıza qədəm qoymuşuq. Ötən illər ərzində hər gün Vətən həsrəti, yanğısı çəkmişik".

Keçmiş məcburi köçkün Laçında yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıq edib: "Bu gün Laçın çox dəyişib, şəhərdə irimiqyaslı quruculuq işləri aparılır. Üç il ərzində şəhərdə belə quruculuq işlərinin aparılması bizə möcüzə kimi görünür. Laçın əvvəlkindən də gözəl və əzəmətli olub".

Laçına köçən Sürəyya Əsədova isə bildirib ki, yenidən doğma yurduna döndüyünə görə çox sevinclidir: "31 il Laçınsız qalmaq çox ağır və kədərli idi. Bacımın oğlu Birinci Qarabağ müharibəsində şəhid olub. Əzizlərimin Laçında dəfn olunmadığına, itkilərimə görə çox kədərlənirəm. Bu gün arzuma çatmışam. Laçına baxmaqdan doymuram. Bura mənim üçün həyatdır. Laçını bizə geri qaytaranlara qurban olum. Prezident İlham Əliyevə çox təşəkkür edirəm ki, bizə belə bir gün bəxş edib. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm".

Laçına köçən sakin Kəmalə Bayramova bildirib ki, o ömrümün qalan illərini Laçında keçirəcək. 31 ildir ki, Laçınsız olduğunu bildirən sakin ömrünün qalan hissələrini doğma yurdunda keçirmək istəyir: "Çox şükür ki, uzun illərdən sonra biz evimizə qayıtdıq. Mən Laçının ilk şəhidlərindən olan Sadıqov Rzanın bacısıyam. Laçın mənim üçün əzizlərimin yurdu deməkdir. Torpaqlarımızı işğaldan azad etdiyi, bizi yenidən torpaqlarımıza qaytardığı üçün Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm".

K.Bayramova qeyd edib ki, Laçın bu gün öz ucalığı ilə sakinlərini qarşıladı: "Laçına daxil olanda elə hiss etdim ki, sanki bu yurd öz sakinlərini gözləyib, bizim üçün darıxıb. Laçına gələndə sanki yenidən yaşamağa başladım. Ürəyimdəki vətən həsrəti yox oldu. Bu gün artıq mən öz obama, elimə qovuşdum".

Laçına köçən sakin Asif Baxışovun sözlərinə əsasən, Laçının yenidən qurulmasını görəndə qürur hissi keçirir: "Laçın azad olanda bütün yuxularım, arzularım reallaşdı. Böyük bir möcüzə idi. Yurdum azad olunandan sonra buraya üçüncü dəfədir ki, gəlirəm. Lakin bu dəfə artıq yaşamaq, məskunlaşmaq üçün gəlmişəm".

A.Baxışov qeyd edib ki, Laçın onun uşaqlığı, gəncliyi deməkdir: "Bu torpaqlarda böyümüşəm. 78 yaşım var, 31 ilini Bakıda yaşamışam. Qızlarımı, oğullarımı evləndirmişəm, amma Laçın mənim hər zaman qəlbimdə olub. Laçını bir gün də olsa, yadımdan çıxarmamışam. Yurdum hər zaman arzularımda olub. Erməni işğalı nəticəsində dağılan rayonları gördükcə mən də belə bir hiss yaranırdı ki, buranın hər yerində bizim şəhidlərin qanı var. Mən Laçına gələndə ayağımı ehtiyatla atıram. Bura mənim üçün müqəddəs yerdir. Allah şəhidlərə rəhmət eləsin, qazilərimizin canı sağ olsun. Prezidentimizə təşəkkür edirəm ki, bizə belə şərait yaradıb".

Millət vəkili Vüqar Baryamov qeyd edib ki, 1992-ci ildə Laçın rayonunu işğal ediləndən sonra 65 mindən çox sakin 30 il məcburi köçkün həyatı sürməyə məcbur olub: "Hazırda rayonun əhalisinin sayı 80 mindən çoxdur. Laçın şəhərinin isə 1992-ci ildə 7829 sakini olub. İşğaldan əvvəlki son siyahıyaalmaya əsasən, şəhərdə yaşayanların 99.1 faizi azərbaycanlılar idi. Hətta keçmiş SSRİ dövründə - 1970-ci il siyahıyaalınmasında bütövlükdə Laçın rayonunun cəmi əhalisi 63.162 nəfər, azərbaycanlıların sayı 58.058 (95.6%), kürdlər 2.437, ermənilər cəmi 34 nəfər olub. Yalnız 2003-cü ildən sonra Suriyadan və Livandan erməni ailələrinin Laçın şəhərinə qeyri-qanuni köçü başlayıb. Zəfərdən sonra onlar zəbt etdikləri evlərin əksəriyyətini yandıraraq qaçdılar".

Millət vəkili xatırladıb ki, Ermənistan işğalı nəticəsində Laçın rayonunda 13,8 min, o cümlədən, Laçın şəhərində 1340, Zabux kəndində isə 100 ev dağıdılaraq məhv edilib: "Bu ilin may-avqust aylarında Zabux kəndində 30 ilə yaxın azərbaycanlı evində qalan erməni ailələri əmlakları yandırıb getdilər. Bütövlükdə rayonun işğalı nəticəsində 1 şəhər, 1 qəsəbə, 125 kənd, 13745 fərdi yaşayış evi, 48 sənaye, 63 kənd təsərrüfatı obyekti, 109 təhsil, 142 səhiyyə, 217 mədəni-maarif müəssisəsi, 460 ticarət obyekti, 30 rabitə qovşağı ermənilər tərəfindən dağıdılaraq yandırılıb.Artıq yeni mərhələdir. Laçın daxil olmaqla ərazilərimizin işğalı nəticəsində dəymiş ziyana görə işğalçıdan beynəlxalq hüquq prinsiplərinə uyğun təzminatın tələb edilməsi prosesi başlayır. İşğaldan sonra ilkin qiymətləndirmələrə görə işğal ilə əlaqədar rayona 7,1 milyard ABŞ dollar ziyan dəyib. 30 illik işğal müddətində bu ziyanın həcmi dəfələrlə artıb".

Hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə, Laçına qayıdışın daha sürətlə həyata keçirilməsi gözləniləndir: "Bildiyiniz kimi, uzun illər boyu davam edən danışıqlar zamanı heç vaxt Laçının qaytarılması müzakirə olunmurdu. İlk öncə beş rayonun qaytarılması, daha sonra Qarabağda referendumun keçirilməsi, Laçınla bağlı bundan sonra müzakirə olunması nəzərdə tutulurdu. Ermənilər Laçını özlərində saxlamaq niyyətində idilər. Onların Laçın iddiaları hətta Vətən müharibəsindən sonra da qalırdı - düz bu ilin 23 aprelinə qədər.  Ermənilər Laçını Qarabağdakı erməni separatizminin nəfəsliyi kimi görür, onu heç cür əldən vermək istəmirlər. Düzdür, Ermənistandan Kəlbəcər üzərindən də Qarabağdakı separatçılara yol çəkilmişdi, lakin ağırlıq yenə də Laçın yolunda idi. Bu baxımdan, onlar Laçın yolunda hansısa maneəni ağıllarına belə gətirmirdilər. Lakin Azərbaycan dövləti öz sözünü dedi, Laçın yolunda beynəlxalq hüququn tələb etdiyi formada öz sərhəd-keçid məntəqəsini qurdu".

İqtisadçı ekspert Xalid Kərimli deyir ki, Laçın rayonu iqtisadi cəhətdən böyük potensiala malik bölgələrimizdən biridir. Rayonun həm böyük turizm potensialı, həm də aqrar, eləcə də sənaye sektorunda müqayisəli üstünlükləri var. İşğaldan öncə rayonda əsas inkişaf etmiş sahə kənd təsərrüfatı, xüsusilə də heyvandarlıq idi. Bununla yanaşı, meyvəçilik, tütünçülük, üzümçülük, taxılçılıq, arıçılıq inkişaf etmiş sahələrdən hesab olunurdu. İşğaldan öncə Laçın rayonunda fəaliyyət göstərən sənaye müəssisələri daha çox xammal növlərinin emalına əsaslanmışdı. Laçın, həmçinin, zəngin təbii ehtiyatlara malikdir. Belə ki, Laçın rayonunda civə, xromit, mərmər, üzlük tikinti daşları və digər faydalı qazıntı ehtiyatları var. Rayonun dağıdılan iqtisadiyyatının bərpası və Azərbaycan iqtisadiyyatına reinteqrasiyası mümkün olacaq.

Sevinc QARAYEVA

 





16.11.2023    çap et  çap et