525.Az

Heydər Əliyev sözün gücünə və müdrikliyinə inanırdı - Vilayət Quliyevlə müsahibə


 

Heydər Əliyev sözün gücünə və müdrikliyinə inanırdı - <b style="color:red"> Vilayət Quliyevlə müsahibə</b>

Xalq yazıçısı Elmira Axundova Ümummilli lider Heydər Əliyev haqqında onlarla kitabın müəllifidir. Çoxcildlik "Heydər Əliyev. Şəxsiyyət və zaman" sənədli epopeyası üzərində işlərkən Azərbaycanda, keçmiş Sovet İttifaqında və dünyanın müxtəlif ölkələrində dövlət adamları, ictimai-siyasi və mədəniyyət xadimləri, görkəmli yaradıcı ziyalılarla görüşərək anadan olmasının 100 illiyini hörmət və minnətdarlıq hissi ilə qeyd etdiyimiz Ulu öndəri müxtəlif rakurslardan görməyə imkan verən 150-dən çox müsahibə alıb. "525-ci qəzet" həmin materiallardan birini - keçmiş xarici işlər naziri, tanınmış ədəbiyyatşünas alim, ölkəmizin Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyevlə müsahibəni oxuculara təqdim edir.

 

(Əvvəli ötən sayımızda)

 

E.A. - Bildiyim qədər o zaman Heydər Əliyev yazıçılara yaxşı bir vətəndaş mövqeyi dərsi keçsə də, tezliklə özü məsələyə müdaxilə etmişdi. Sonralar jurnalist Elmira Əmrahqızına verdiyi müsahibədə həmin prosesi belə xatırlamışdı: "Hadisə mənə çox pis təsir bağışladı. SSRİ Xarici İşlər Nazirliyinin köməyi ilə məsələni gündəliyə çıxardım. Lazımi yerlərə məktublar göndərdik. Amma bir cavab almadıq. Süleyman Rüstəmi, Mirzə İbrahimovu, Rəsul Rzanı, Nəbi Xəzrini yanıma çağırdım. Xahiş etdim ki, bu işlə yaxından məşğul olsunlar. O zaman artıq  Bakıda İraq konsulluğu da fəaliyyətə başlamışdı. Bizə dedilər ki, məsələnin dövlət səviyyəsində  həlli çətindir. Amma yenə də İraq prezidenti Həsən əl-Bəkrə məktubla müraciət etdik. Sonra regionda İran-İraq müharibəsi başlandı. Vəziyyət çətinləşdi. Bütün səylərimizə baxmayaraq, Füzulinin cənazəsini Azərbaycana gətirmək mümkün olmadı".

V.Q. - Bəli, bu sətirlərdə həqiqi Heydər Əliyevi görmək mümkündür. O, başladığı heç bir işi yarımçıq qoymurdu. Bilmirəm, bəlkə də yazıçıların VII qurultayındakı vətənpərvərlik və milli hisslərlə dolu çıxışının təsiri altında sonralar bir qədər qeyri-ardıcıl şəkildə də olsa, Heydər Əliyevin istər klassik, istərsə də müasir şair və yazıçılara münasibətini öyrənməyə başladım. Zəngin irsində, gündəlik fəaliyyətində ədəbiyyat və mədəniyyət məsələlərinin araşdırılması ilə məşğul oldum. Ayrıca olaraq onu da qeyd etməliyəm ki, dövlət başçısı Sovet Azərbaycanı ilə müqayisədə müstəqillik dövründə ziyalılarla ünsiyyətə daha çox və davamlı diqqət yetirirdi. Bu da onun göstəricisidir ki, ədəbiyyat və sənət sahəsində çalışan insanlara, bütünlükdə isə mədəniyyətə maraq, qayğı hansısa direktivlərin icrası deyildi. Yəni bu məsələlərlə mərkəzin göstərişi ilə məşğul olmurdu. Öz təbiətindən, xarakterindən irəli gəlirdi.

Səhv etmirəmsə, 1997-ci ildə ədəbi-mədəni tədbirlər və sənət adamları ilə görüşlərdəki çıxış, məruzələri, respublika və ümumittifaq mətbuatına müsahibələri əsasında tərtib etdiyim 500 səhifəlik "Ədəbiyyatın yüksək borcu və amalı" kitabı Milli Məclisin üzvü, Heydər Əliyevin birinci katib kimi respublikaya rəhbərlik etdiyi dövrdə Naxçıvan MSSR-nın mədəniyyət naziri vəzifəsində çalışmış Fəttah Heydərovun müqəddiməsi ilə çapdan çıxdı. Yadımdadır ki, aradan bir neçə il keçəndən sonra, artıq nazir kimi  işlədiyim dövrdə bir dəfə bu toplu haqda söhbət düşdü. Prezident  kitabın həcm etibarı ilə böyüklüyünə, əhatəli mündəricatına baxdı, ayrı-ayrı çıxışlarını yada saldı və zarafatla "İndi sən bu kitabı düzəldib ortaya qoymusan. Bunu götürüb oxuyanlar da elə fikirləşəcəklər ki, sovet vaxtı Heydər Əliyev bütün işini-gücünü atıb ancaq ədəbiyyat məsələləri ilə məşğul olurmuş" - deyə gülümsədi.

Sovet İttifaqının süqutuna qədər elə düşünmək olardı ki, müttəfiq respublikaların rəhbərləri yaradıcılıq qurultaylarında, ədəbi-mədəni tədbirlərdə məcburi-könüllü şəkildə, Moskvanın göstərişi əsasında iştirak edirlər. Amma müstəqilliyin ilk və çətin illərində Heydər Əliyevin "ədəbi sexdə" baş verən hadisələrlə yaxından maraqlanması, ölkənin üzləşdiyi iqtisadi çətinliklərə, müharibə vəziyyətinə baxmayaraq, Yazıçılar Birliyinin qorunub saxlanması, ədəbi jurnalların nəşri, yazıçılara qayğı kimi məsələlərdə ardıcıl mövqe tutması onun hər hansı direktivi yerinə yetirmədiyini, sadəcə ürəyinin səsinə qulaq asdığını, ədəbiyyata sevgisini nümayiş etdirdiyini göstərdi.

E.A. - Yalançı təvazökarlığı bir tərəfə ataraq deməliyəm ki, Heydər Əliyevin yazıçıların 1991-ci ildə keçirilən IX qurultayına dəvət edilməsinin "günahkarlarından" biri mən idim. Şübhəsiz, təzyiq və təqiblərlə səciyyəvi olan həmin dövrdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın da bu məsələdə prinsipiallığı və qətiyyəti mühüm rol oynadı. O zaman Heydər Əliyevlə sıx ünsiyyət saxlayırdıq. Naxçıvandan Bakıya gələndə adətən qardaşı Cəlalın evində qalırdı. Orada dəfələrlə olmuşdum. Azərbaycan SSR Ali Sovetinin 1991-ci ilin yaz sessiyasında Heydər Əliyevə qarşı böyük ədalətsizlik etmişdilər. Üzərinə haqsız hücumlar olmuş, yersiz ittihamlar səsləndirilmişdi. O, keçmiş silahdaşlarının etibarsızlığından çox incimişdi. Bunu mənə açıq şəkildə söyləmişdi. Həmin vaxt qurultaya hazırlıq gedirdi. Öz dəvətnaməmi götürməkdən ötrü Yazıçılar Birliyinə gələndə Anarla görüşmək məqsədi ilə onun otağına keçdim. Söhbət əsnasında Heydər Əliyevə dəvət göndərib qurultaya çağırmağı təklif etdim. Dedim, qoy gəlib ruhən özünə yaxın adamlar arasında bir qədər mənəvi dinclik tapsın. Anar da sağ olsun, təklifimlə dərhal razılaşdı. Dəvətnaməyə əlimlə adını yazıb elə həmin gün Heydər Əliyevə apardım. Sonralar Prezident özü Yazıçılar Birliyinin X qurultayındakı nitqində bu hadisəni yada saldı. Xatirində deyil?

V.Q. - Elədir. Bağışla, tamam yadımdan çıxmışdı. Çoxları bilməsə də, mərhum dövlət başçısının sənə necə hörmətlə, hətta məhəbbətlə yanaşdığını mən yaxşı bilirəm. Xüsusən xarici səfərlərdə həmişə səninlə söhbət edirdi, fikirlərinlə maraqlanırdı, müşahidələrini bölüşürdü. Sənin Rusiya mətbuatında Heydər Əliyevi haqsız hücumlardan qoruyan məqalələrini, "Azadlıq" radiosunun rus proqramındakı prinsipial reportaj və çıxışlarını yaxşı xatırlayıram. Təsadüfi deyil ki, başqa birisi deyil, məhz sən mərhum dövlət başçısının rəsmi bioqrafı oldun (bildiyim qədər bunu özü istəmişdi), onun mürəkkəb ömür yolu və zəngin siyasi-dövlətçilik fəaliyyəti haqda çoxcildlik monumental "Şəxsiyyət və zaman" adlı sənədli tarixi epopeya yaratdın. Çox şadam ki, birgə əməkdaşlığımız nəticəsində həmin əsər Budapeştdə macar dilində çap olundu. Böyük məhəbbətlə qələmə aldığın "Əbədiyaşar məhəbbət" kitabın mənim tərcüməmdə nəşr edilib geniş yayıldı. Üzərində işlədiyin yeni kitab da illərdən bəri davam edən bu işbirliyinin başqa bir səhifəsi, başqa bir fəslidir.

Azərbaycan yazıçılarının Prezident Heydər Əliyevin iştirakı ilə keçirilən və yuxarıda haqqında söz açdığım X qurultayını yaxşı xatırlayıram. Bu görüşlər zamanı nə qədər maraqlı söhbətlər, mükalimələr oldu! Necə ibrətamiz fikirlər səsləndi! Yəqin ki, yaşından, ədəbi mövqeyindən asılı olmayaraq bu günlərdə hər söz adamı, xüsusən də gənclər o görüşdə "öz" Heydər Əliyevini kəşf etmək imkanı qazandı. Prezident vəzifə və şəxsiyyətinin siqləti, ağırlığı ilə heç kəsi sıxıb əzmirdi. Əksinə, çıxış edənləri monoloqdan dialoqa, açıq və bərabərhüquqlu fikir mübadiləsinə səsləyirdi.

Oktyabrın 30-da isə əvvəldən sona  -seçkili orqanlara səsvermə başlayana qədər qurultayın işində iştirak etdi. Müstəqilliyin ədəbi-mədəni platforması ilə bağlı proqram xarakterli nitq söylədi. Həm də Heydər Əliyev qurultaya tək gəlməmişdi. Yeni dövrün ədəbiyyatı, mədəniyyəti, ideologiyası üçün cavabdeh olanların hamısını özü ilə gətirmişdi. Qurultayın məruzəçilərindən olduğum üçün rəyasət heyətində oturmuşdum. Odur ki, zalı diqqətlə müşahidə edə bilirdim. Ədəbiyyat və ideologiya məmurlarının bəziləri yerlərində mürgülədikləri (xüsusən də nahar fasiləsindən sonra!) halda, Heydər Əliyev məruzə və çıxışlara böyük maraqla qulaq asırdı. Hiss olunurdu ki, ədəbiyyat adamları ilə (son illərdə keyfiyyət baxımından sıralar xeyli zəifləsə də, korifeylər aramızdan getsə də!) birlikdə olmaqdan zövq alır.

Bu, Azərbaycan yazıçılarının böyük və qədirbilən dostu - Prezident Heydər Əliyevin iştirakı ilə keçirilən sonuncu yaradıcılıq hesabatı idi. Əslinə baxanda ondan sonra qurultayların da bir dadı-duzu qalmadı. Heydər Əliyevin yoxluğu ölkə həyatının bütün digər sahələri ilə birlikdə yaradıcı mühitdə də (bəlkə də, hər yerdən daha çox) hiss olunmaqda idi. Çünki Azərbaycana rəhbərlik etdiyi dörddə bir əsr ərzində bu mühitin ilham və istiqamətvericisi, ruhlandırıcı və qoruyucusu olmuşdu.

Mənə elə gəlir ki, o, ədəbiyyat və sənət adamlarının mühitində ruhən dincəlirdi, daxilən zövq alır, hətta şənlənirdi. Bürokratik mühitin bozluğundan, tutuquşu kimi eyni sözləri, kəlmələri təkrarlayan bəzi məmurların darıxdırıcı yeknəsəkliyindən, dövlət idarəçiliyinin dəyişməz protokol qaydalarından bir neçə saatlığa da olsa uzaqlaşırdı. Təkcə elə Qabilin "Heydər müəllim, uşaqlar "İnturist"in "Mramornı zalı"nda yaxşı süfrə açıblar, qutab-filan da var, bizimlə adama yüz qram vurardınız" - sözləri, yaxud Sirus Təbrizlinin öcəşkənliyə varacaq dərəcədə söz güləşdirməsi (amma qarşısının inzibati-amirlik yolu ilə alınmaması!) dövlət başçısını vəzifə borcuna görə uzaq düşdüyü, darıxdığı adi, gündəlik həyata qaytarırdı. O biri tərəfdən ədəbiyyat əhli də başa düşürdü ki, Prezident məmurlarla müqayisədə onlara bəlli bir azadlıq, sərbəst davranmaq, gizli həqiqətləri demək üçün kart-blanş verib. Həm də bu azadlıqdan şəxsi problemlərin həlli üçün deyil, xalqın və dövlətin xeyrinə, ədəbiyyatın və bədii sözün faydasına istifadə olunanda daha məmnun qalır, yaradıcı insanlara daha böyük ehtiram göstərirdi. Eyni zamanda şəxsi xahiş və istəklərə də heç vaxt laqeyd yanaşmırdı.

E.A. - Vilayət, bir çox həmsöhbətlərim, xüsusi ilə də sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə və Moskvada Heydər Əliyevlə birlikdə işləyənlər, çıxış və məruzələrini hazırlayanlar onun tələbkarlığından, Azərbaycan və rus dillərini mükəmməl bilməsindən çox danışıblar. Yəqin ki, sən də Prezidentin çıxışları üçün hazırlanan tezislər, hətta ola bilsin ki, məruzələrin mətnləri üzərində işləmisən, birlikdə mühüm sənədləri gözdən keçirmisiniz. Bu barədə nə deyə bilərsən?

V.Q. - Bilirsiniz ki, dövlət başçıları tez-tez xarici səfərlərə gedir, rəsmi şəxslər və nümayəndə heyətləri ilə  görüşür, yığıncaq və tədbirlərdə çıxış etməli, mətbuata və televiziyaya müsahibələr verməli olurlar. Dünyanın əksər ölkələrdə onların xüsusi "spiçrayterləri" - nitq yazanlar komandası olur. Orijinal və diqqətçəkici yazı bacarığına, analitik təfəkkürə, səlis və ifadəli dilə, üsluba malik olan bu adamların vəzifəsi xarici səfərlərdən, beynəlxalq tədbirlərdən, açılış mərasimlərindən tutmuş rəsmi qəbul və ziyafətlərdəki çıxışlara qədər hər yerdə dövlət başçısı üçün müxtəlif xarakterli nitqlər, məruzələr, salamlama və təbrik mətnləri və s. hazırlamaqdan ibarətdir.

İndi düşünürəm ki, əgər Heydər Əliyev çoxsaylı məruzə və nitqlərini (dövlət başçılarına ünvanlanmış rəsmi təbrik məktublarını çıxmaq şərti ilə 1993-cü ildən həyatının sonun qədərki fəaliyyət dövrünü əhatə edən 46 cildlik "Müstəqilliyimiz əbədidir" külliyyatında toplanan materialların hamısı qeyd-şərtsiz Prezidenti öz yaradıcılıq nümunələridir) hər hansı yazılı mətnə əsaslanmadan söyləməsəydi, qeyri-adi natiqlik məharətinə malik olmasaydı, onunla işləyənlər çox ciddi çətinliklərlə üzləşməli olar, əksər hallarda haqlı danlaq və məzəmmət eşidərdilər...

Təbii ki, Xarici İşlər Nazirliyi görüşlər, səfərlər və beynəlxalq tədbirlərlə əlaqədar Prezidentə müxtəlif sənəd və arayışlar hazırlayırdı. Lakin bunlar əsasən informasiya xarakteri daşıyan "çiy" materiallar olurdu. Həmin qeydləri sistemə salmaq, onların əsasında ardıcıl və məntiqi nitq qurmaq, bir sözlə, quru arayışı inandırıcı və ehtiraslı sözə çevirmək ağırlığını  Heydər Əliyev heç bir "spiçrayterə" etibar etmirdi. Əksinə, məsuliyyət yükünü həmişə öz üzərinə götürürdü.

2002-ci il aprelin 30-da Trabzon şəhərində Türkiyə, Azərbaycan və Gürcüstan prezidentlərinin zirvə görüşü keçirilirdi. Həm Əhməd Necdət Sezər, həm də Eduard Şevardnadze açılış mərasimi və toplantıdakı çıxışlarını, hətta dedikləri sağlıqları da əvvəldən hazırlanmış mətn əsasında, kağızdan oxudular. Heydər Əliyev hər üç halda heç bir qeydə, konspektə baxmadan parlaq nitqlər söylədi.

Tədbirdən sonra xoş əhvali-ruhiyyədə idi. Məni, Katibliyin rəhbəri Dilarə Seyidzadəni, Protokol xidmətinin rəisi Elçin Bağırovu yanına çağırdı. Yeri gəlmişkən deyim ki, Heydər Əliyev hər hansı bir zarafat eləyəndə hamıdan çox özü zövq alır, hamıdan əvvəl və hamıdan ürəklə özü gülürdü. Bu dəfə də gülə-gülə:

- Hərəniz kifayət qədər maaş alırsınız, - dedi. - Əvəzinizə isə mən işləyirəm. Gərək bundan sonra maaş cədvəlinə qol çəkib pulları mənə verəsiniz. Görürsünüz, o biri prezidentlərin işçiləri onlara çıxış hazırlamışdılar. Hətta lazımi məqamda gəlib vərəqi də çevirirdilər ki, oxumaq asan olsun. Siz hamınız isə hazırın nazirisiniz. Hər işi mənim üstümə atmısınız. Ortada yeyib qıraqda gəzirsiniz.

Zarafatla deyilsə də, bu sözlərdə həqiqət vardı. Komandanın, köməkçilərin görməli olduqları bəzi işləri Heydər Əliyev çox vaxt heç bir tənə-töhmət etmədən öz üzərinə götürürdü. Amma başqa bir həqiqət də vardı ki, onun yaradıcı zəkasını, fövqəladə natiqlik qabiliyyətini, qeyri-adi yaddaşını və gözlənilməzliklərlə dolu improvizasiya istedadını hazır yazılı materiallarla dar çərçivəyə salmaq mümkün deyildi. Belə çərçivələri birinci qıran Prezidentin özü olurdu.

Yenə eyni ilin iyul ayının 20-də Yaltada GUÖAM ölkələri dövlət başçılarının sammiti keçirilirdi. Gündəlikdə təşkilata üzv dövlətlər arasında azad ticarət zonası yaradılması, habelə terrorçuluq, mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayətlərlə mübarizədə GUÖAM hökumətlərinin qarşısında dayanan vəzifələr  müzakirə olunurdu. XİN-də Prezident üçün çıxış mətni hazırlanmışdı. Əvvəlcə hər şey yaxşı gedirdi. Digər dövlət başçıları kimi Heydər Əliyev də mətni tələsmədən oxuyurdu. Amma o zaman dəbdə olan "paradiqma" sözünə çatanda duruxdu. Azərbaycan dilində yavaşca "Bu nə sözdür bura yazmısınız?" - deyə soruşdu. Sonra isə kağızları bir tərəfə qoyub:

- Davayte ostavim gti uçenıe zapiski v storonu. A ə popıtaösğ vnesti əsnostğ v obsujdaemıe voprosı isxodə iz svoix vozmojnostey ("Gəlin bu elmi qeydləri bir tərəfə qoyaq. Müzakirə olunan məsələlərə imkanlarım daxilində aydınlıq gətirməyə çalışaram") - dedi və bundan sonra 20 dəqiqəlik ardıcıl, sistemli, ən başlıcası isə sadə və anlaşıqlı nitqində bütün məsələlərə sərrast və məntiqli münasibət bildirdi.

Yaxud 2002-ci ilin fevralında ilk və son dəfə Milli Məclisdə Qarabağ münaqişəsi ilə bağlı açıq dinləmələr keçirildi. İclasda deputatlar, hökumət üzvləri, jurnalistlər, siyasi partiyaların nümayəndələri, ictimaiyyət təmsilçiləri və b. iştirak edirdilər. Milli Məclisin toplantısından əvvəl Heydər Əliyevin tapşırığı ilə BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsi Azərbaycan dilinə tərcümə olundu. Prezident sənədin dəqiqliyinə, onun "BMT dili və üslubuna" uyğunluğuna çox ciddi yanaşırdı. Odur ki, qətnamələr peşəkar səviyyədə, AzərTAC-ın ştatlı tərcüməçiləri tərəfindən dilimizə çevrilmişdi. Nazirlikdə də dönə-dönə baxmış, rus və ingilis dillərindəki orijinalları ilə tutuşdurmuşduq. Amma Heydər Əliyev mətnlərin dəqiqliyi və keyfiyyəti ilə özü tanış olmaq istəyirdi. Tapşırdı ki, rusca orijinalı və tərcüməni də götürüb Prezident Aparatına gəlim. Kabinetində ikilikdə bütün mətnləri başdan ayağa qədər gözdən keçirdik. Həm də Prezident əvvəldən zarafatla şərt qoyaraq dedi:

- Sən dilçisən, ədəbiyyatçısan. Özün də elmlər doktorusan. Odur ki, mətnin dəqiq, anlaşıqlı Azərbaycan dilində olmasına sən, düzgün siyasi məzmun daşımasına isə mən cavabdehəm.

Bəzi kiçik düzəlişlər və dəqiqləşdirmələr aparıldı. Bir daha anladım ki, Heydər Əliyev üçün dövlət idarəçiliyində, xüsusən də Qarabağ münaqişəsinin həlli ilə bağlı yalnız siyasi deyil, dil və ifadə baxımından kiçik, əhəmiyyətsiz heç nə yoxdur.

Dördillik birgə fəaliyyətimiz ərzində yalnız bir dəfə Prezident üçün çıxış mətni hazırlamalı olmuşdum. 2002-ci ilin mayında Roma papası İkinci İohann Pavel ölkəmizə səfər edəndə belə zərurət yaranmışdı. Heydər Əliyev məni çağırıb:

- Bilirsən, - dedi, - indiyə qədər krallarla, prezidentlərlə, baş nazirlərlə, parlament sədrləri ilə çoxlu görüşlərim olub. Amma ilk dəfədir ki, Papa ilə danışmalı olacağam. Düzünə qalsa, heç ona rəsmən necə müraciət edildiyini də bilmirəm. Çünki bildiyim qədər, kilsənin müraciət formaları da fərqlidir, özünməxsusdur. Ona görə də sən idarəndə göstəriş ver, başqa ölkələrin təcrübəsini, protokolunu öyrənsinlər, həm qarşılama mərasimi, həm də toplantı üçün mətn hazırlasınlar, sonra birlikdə baxarıq.

Cəmisi iki gün vaxt vardı. Aydın məsələdir ki, belə məsul işi hansı attaşeyə tapşırmaq olmazdı. Həmin gecə oturub çıxış mətnlərinin layihəsini hazırladım. Ertəsi gün isə Prezidentin yanında bu 4-5 səhifəlik sənəd üzərində iki saata yaxın işlədik. Filoloq olsam da, Heydər Əliyevin Azərbaycan dilinin incəliklərinə bələdliyini, ən uğurlu seçim tapılana qədər hər söz üzərində düşündüyünü, müxtəlif variantları nəzərdən keçirdiyini heyrətlə müşahidə edirdim. Arada bir Vatikan başçısına müraciət forması kimi istifadə olunan "Zati-Əqdəsləri" ifadəsi üzərində dayandı. Bunun belə olduğunu dəqiq bilib-bilmədiyimi soruşdu. Hətta tapşırdı ki, Akademiyanın Dilçilik İnstitutuna zəng vurub bir də doğru-dürüst məlumat alaq.

Yüksək qonağı qarşıladığımız gün Prezident aeroportda məni yanına çağırıb dünən gecə mətnə baxdığı zaman o qədər də yerinə düşməyən bir söz tapdığını deyəndə isə heyrətim daha da artdı. Başqalarının bəlkə də fərqinə varmadan mexaniki oxuyub sonra unutduğu adi mətnə də o, həyatının mühüm işi kimi baxırdı.

(Ardı var)

 





17.11.2023    çap et  çap et