525.Az

Naxçıvanda məhkəmə orqanları: Çar Rusiyası dövrünün neqativ reallığı


 

Naxçıvanda məhkəmə orqanları: Çar Rusiyası dövrünün neqativ reallığı<b style="color:red"></b>

Naxçıvanın dövlət və hüquq tarixi ilə bağlı ciddi elmi tədqiqata ehtiyac duyulan mövzulardan biri çar Rusiyası dövründə Naxçıvanda məhkəmə orqanlarının strukturu və onların fəaliyyəti ilə bağlıdır. Söhbət açdığımız məsələ haqqında "Naxçıvanın məhkəmə tarixi" adlı kitabdan (Naxçıvan, "Əcəmi", 2018, s. 46-58) müəyyən qədər məlumatlar əldə etmək olar (kitabın həmmüəlliflərindən biri kimi bu məqalənin müəllifi məhz söhbət açılan məsələyə dair fəsli yazıb).

Məlumdur ki, Rusiya ilə İran arasında Türkmənçay müqaviləsi bağlandıqdan sonra I Nikolayın 1828-ci il martın 21-də verdiyi fərmanla İrəvan və Naxçıvan xanlıqlarının idarəçiliyi aşağıdakı kimi dəyişdirildi: "...İrəvan və Naxçıvan xanlıqları bundan sonra bütün işlərdə "Erməni vilayəti" adlandırılsın və o, bizim titula daxil edilsin..."

Çar hökuməti tarixi Azərbaycan torpaqlarını "Erməni vilayəti" adlandırması ilə I Pyotrdan başlayaraq ermənipərəst xislətli siyasətin həyata keçirildiyini bir daha nümayiş etdirdi.

Qeyd edək ki, Naxçıvanda 1827-ci ildən 1833-cü ilədək şəhər məhkəməsi fəaliyyət göstərmişdi. Məhkəmənin naibi (sədri) Ehsan xan olmaqla o, rus qərargahından verilən zabit köməkçilərə, xəzinədar və iki açıq səsə malik olan kənd ağsaqqallarından ibarət starşinalara malik olmuşdu. Məhkəməyə gəlincə, o, mülki və az əhəmiyyətli cinayət işlərini istisnasız olaraq Rusiya qanunları ilə baxıb həll edirdi. Qəsdən adam öldürmə işlərinə xanın özü baxır, digər işlər isə əsasən şəhər naibinin daxil olduğu heyətdə araşdırılırdı. Mülki işlər və kiçik cinayət işlərinə hər bir halda Rusiyadan olan iclasçıların iştirakı ilə baxılırdı.

Tarixi qaynaqlardan aydın olur ki, o dövrdə məhkəmə işlərinin baxılmasında Ordubad dairəsi Naxçıvan şəhər məhkəməsinə tabe idi. Hazırda AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə olunan 1832-ci il (h.q. 1248) tarixli bir sənəd onu deməyə əsas verir ki, həmin vaxt Ağa Mir Fətxan Ordubadi adlı şəxs Ordubad şəhərinin hakimi təyin edilmişdi.

Çar hökuməti tərəfindən 23 iyul 1833-cü ildə qəbul edilmiş Əsasnaməyə edilən dəyişikliklər Naxçıvanda məhkəmə orqanına da öz təsirini göstərdi. Belə ki, Əsasnamədən sonra Naxçıvanda əyalət məhkəməsi yaradıldı. Əvvəlki Naxçıvan şəhər məhkəməsindən fərqli olaraq onun tərkibi tamamilə rus məmurlarından təşkil olunmuşdu. Həmin illərdə Naxçıvan əyalət məhkəməsinin səlahiyyətləri geniş deyildi. Nümunə üçün deyə bilərik ki, mülkiyyət hüququ ilə bağlı iddialara aid işlərə adı çəkilən məhkəmədə iddiaçı və cavabdehin mübahisəni Rusiya qanunları ilə həll etməyə razı olduğu halda baxıla bilirdi. Bu dövrdə məhkəmələr formal olaraq kollegiallıq prinsipinə əsaslanır, qərarlar isə çox vaxt hər hansı qanuna deyil, komendantın jurnal qeydiyyatına əsaslanırdı.

Həmin dövrdə Naxçıvan əyalət məhkəməsi cinayət işlərinə də baxırdı. Ancaq sənədlərdən aydın olur ki, mülki işlərə daha çox baxılıb.

Çar I Nikolayın 10 aprel 1840-cı il tarixli "Qafqaz diyarının idarə olunması üçün təsisat" adlı inzibati-məhkəmə islahatı ölkəmizdə uzun illərdən bəri mövcud olan məhkəmə sistemini bütövlüklə rus məhkəmə sistemi ilə əvəz etmiş, bununla da ölkəmizdə rus dilində fəaliyyət göstərən qəza məhkəmələri, o cümlədən, quberniya və vilayət, cinayət və mülki məhkəmə palataları təsis olunmuşdu.

O dövrdə Naxçıvanda fəaliyyət göstərən qəza məhkəməsi əsasən notarial, əmlak, mülki, torpaq, oğurluq və polis orqanları tərəfindən daxil olmuş cinayət işlərinə baxmaq səlahiyyətini yerinə yetirirdi.

10 aprel 1840-cı il tarixli qanun Cənubi Qafqazda, o cümlədən, Azərbaycanda 1841-ci ilin əvvəllərindən tətbiq olunmağa başlanıldı. Bu qanun dini məhkəmələrə də mühüm funksiyalar vermişdi. Qanuna əsasən, müsəlmanlar şəriət qaydaları əsasında müəyyən mülki işlərini həll edə bilirdilər. O dövrdə Azərbaycanın digər bölgələrində olduğu kimi, Naxçıvanda da qazılar fəaliyyət göstəriblər.

II Aleksandr tərəfindən imzalanan 20 noyabr 1864-cü il tarixli fərmanla Zaqafqaziyada həyata keçirilməyə başlanan məhkəmə islahatlarına əsasən silki məhkəmələr bütün silklər üçün ümumi olan məhkəmələrlə əvəz edildi, andlılar məhkəməsi və vəkillər korpusu yaradıldı.

1866-cı il tarixli məhkəmə islahatına görə isə Azərbaycanda hakim vəzifəsinə seçkilər keçirilmir və onlar yalnız ruslardan təyin olunurdu. Bu hal öz növbəsində xalqa doğma olmayan hakimlərin müəyyən hallarda yerli adət-ənənələrə hörmətsizlik göstərməsinə, bir sıra hallarda isə qanunsuz hərəkətlərə gətirib çıxarırdı. Bu cür məkrli və qərəzli hallara şərait yaradılması isə təbii ki, çarizmin müstəmləkəçilik siyasətindən irəli gəlirdi.

1866-cı il yanvar ayının 1-dən yeni məhkəmə nizamnamələri Tiflis, Bakı, Yelizavetapol və İrəvan quberniyalarında tətbiq olunmağa başlandı. Bu proses İrəvan quberniyasının tərkibinə daxil olan Ordubad və Naxçıvan qəzalarında da həyata keçirilirdi.

Zaqafqaziyada 1864-cü ildə məhkəmə islahatları keçirildikdən sonra Azərbaycanda 19 fevral 1868-ci ildə tərkibində müvafiq prokuror nəzarəti və istintaq hissəsi olan yeni məhkəmə idarələri yaradılmasına başlandı. Belə idarələrdən biri də İrəvan quberniyasında yaradılan Naxçıvan barışıq şöbəsi idi. Barışıq şöbələrinin yalnız hakimləri yox, üzvləri, katibləri, məhkəmə pristavları (məhkəmə icraçıları), bir sözlə, bütün məhkəmə işçiləri, demək olar ki, bütünlüklə qeyri-azərbaycanlılardan təşkil edilirdi. Qafqaz təqviminin materiallarına nəzər saldıqda görürük ki, 1883-cü ildə Naxçıvan qəzası üzrə barışıq hakimi Saruxanbekov, onun köməkçisi Raqovski, məhkəmə pristavı Aşot İoannesyants, Şərur-Dərələyəz üzrə barışıq hakimi Qayk-Ter Ambakumyan, 1887-ci ildə Naxçıvan barışıq şöbəsinin barışıq hakimi Bakradze, onun köməkçisi Yunkis, Şərur-Dərələyəz üzrə məhkəmə pristavı Qriqorov imiş.

1870-ci ilin aprel ayında canişinin göstərişi ilə yerlərdə barışıq şöbələri ilə yanaşı, istintaq və barışıq məntəqələri də təsis edildi. Barışıq məntəqələri barışıq şöbələrinin səlahiyyətində öz funksiyalarını yerinə yetirirdi. Həmin dövrdə Ordubadda da belə bir təsisat olmuşdu və "Ordubad Barışıq məntəqəsi" adlanırdı və bu quruma rəhbərliyi müdir həyata keçirirdi. Ordubad Barışıq məntəqəsində çıxarılan məhkəmə qərarlarının icrası pristav (məhkəmə icraçısı) tərəfindən yerinə yetirilir, Ordubad Barışıq məntəqəsinin müdiri tərəfindən çıxarılan icra vərəqəsində bu qərarların icra olunmasında pristava (məhkəmə icraçısı) yerli polis və hərbi rəhbərlik tərəfindən köməkliklər göstərilməsi xüsusi olaraq qeyd edilirdi.

Araşdırmalarımıza görə, barışıq şöbələrinin qərarlarından dairə məhkəmələrinə şikayət etmək olurdu. Dairə məhkəmələrində də eynilə barışıq məhkəmələrində olduğu kimi işlərə rus dilində, qeyri-azərbaycanlılardan olan hakimlərin iştirakı ilə baxılır, çıxarılmış qərarlar isə əsaslandırılmadan verilirdi. Fərq isə ondan ibarət idi ki, bu məhkəmələrdə işlərə bir hakim tərəfindən deyil, sədrlik edən və iki üzv tərəfindən baxılırdı. Deyilənlərə İrəvan dairə məhkəməsinin 17 noyabr 1889-cu il tarixli qətnaməsinə nəzər salmaqla aydınlıq gətirə bilərik: "İrəvan dairə məhkəməsi Böyük İmperator fərmanı üzrə mülki şöbədə aşağıdakı tərkibdə sədrlik edən İ.S.Poznyak, üzvlər D.M.Luşinskiy, A.F.Matuseviç, katib köməkçisi K.O.Ter-Krikorovun iştirakları ilə baxıb Ordubad şəhər sakini ... oğlunun Ordubad Barışıq məntəqəsi müdirinin qərarından verdiyi apellyasiya şikayətinə baxaraq müəyyən etdi: ... oğlu tərəfindən ona qarşı 5 rubl iddia tələbi irəli sürüb qərar verdi: Ordubad Barışıq məntəqəsi müdirinin 08 fevral 1889-cu il tarixli qərarı təsdiq edilsin..." (Naxçıvan MRDA, f. 22, siy. 1, sax. vah. 8/53, v. 1).

Yuxarıdakı qərardan bu nəticəyə də gəlmək olur ki, verilmiş şikayətlərə baxılması uzun müddət tələb edirdi (aşağı məhkəmənin qərarından 9 ay sonra yuxarı məhkəmənin qərar çıxarılmışdı). Bu isə nəticədə süründürməçilik hallarına, bəzən isə hədsiz ləngimələr ucbatından baxılmış işin əhəmiyyətinin itirilməsinə qədər aparıb çıxarırdı.

Həmin dövrdə məhkəmələrdə işlərə istisnasız olaraq rus dilində baxılması proses işti-rakçılarının, demək olar ki, bir-birini başa düşməməsilə nəticələnir və onları tərcüməçilər vasitəsilə əlaqə saxlamaq məcburiyyəti qarşısında qoyurdu. Mülki işlər üzrə ədalət mühakiməsinin həyata keçirilməsində də xalqımızın əsrlər boyu formalaşmış yerli adət-ənənələri qətiyyən nəzərə alınmır, işlərə baxılarkən şahid ifadələri heç bir səbəb olmadan əsassız yerə rədd edilirdi. Rahat yolların olmaması və barışıq şöbələrinin bir sıra yaşayış məntəqələrindən uzaq məsafələrdə yerləşməsi, məhkəmə sənədləşmələrində ifrat dərəcəli formallıq, işlərin baxılmasının lüzumsuz yerə uzadılması mövcud vəziyyəti daha da ağırlaşdırırdı.

Məhkəmə iclaslarının aparılması ilə yanaşı, istintaqın, notarius işlərinin və hamilik idarələri vəzifələrinin yerinə yetirilməsinin də barışıq məhkəmələrinin üzərinə qoyulması nəticədə ona səbəb olurdu ki, bu məhkəmələr saysız-hesabsız cinayət və mülki işlərin içində "başını itirir", işlərə baxılmasında süründürməçilik halları artırdı. Gürcüstanda mühafizə olunan arxiv mənbələrinə əsasən təkcə bir statistik məlumata nəzər salsaq, görərik ki, XIX yüzilliyin sonunda Bakı quberniyasının barışıq məhkəmələrinə bir il ərzində orta hesabla 27 min iş daxil olmuşdu ki, onun yarısı, yəni 14 mini baxılmamış qalırdı. Bütün bunlar isə onu deməyə əsas verir ki, barışıq məhkəmələrinin fəaliyyəti lazımi səviyyədə olmamış və beləliklə, zəhmətkeşlərin qanuni hüquq və mənafeyinin qorunması əksər vaxt formal xarakter daşımışdı.

Sonda bunu da qeyd edək ki, çar Rusiyası dövründə Naxçıvanda ayrı-ayrı adlara və səlahiyyətlərə malik olan məhkəmə orqanları fəaliyyət göstərmiş, onların tərkibi əksər vaxt milli kadrlardan təşkil olunmamış, bu günədək həmin məhkəmə orqanlarının strukturu və fəaliyyəti, eləcə də məhkəmə heyətinə daxil olan hakimlərin, habelə digər məhkəmə işçilərinin şəxsiyyətinə dair məlumatlar ətraflı şəkildə elmi tədqiqata cəlb edilməmişdi. Ümidvarıq ki, yaxın gələcəkdə aparılan daha təfsilatlı elmi araşdırmalar, barəsində söhbət açdığımız mövzunu daha ətraflı işıqlandırmağa imkan yaradacaq.

 

 





17.11.2023    çap et  çap et