525.Az

Mənim musiqi dünyam


 

Mənim musiqi dünyam<b style="color:red"></b>

Dünyanın ən unikal memarlıq abidələrindən olan "Tac-Mahal" sarayı qeyri-adi xüsusiyyətə malikdir. Yeganə tikilidir ki, insan ondan uzaqlaşdıqca kiçilmir, əksinə, böyüyür, daha əzəmətli görünür. Böyük şəxsiyyətlər də belədir. Onlardan zamanca uzaqlaşdıqca daha da böyüyürlər, əzəmət və möhtəşəmlikləri artır. Bu xüsusiyyətlər dahi söz ustalarını bütün dövrlərə qovuşdurur, insanlara daha çox yaxınlaşdırır, onların əbədi müasirinə çevirir. Nizami Gəncəvi, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli bütün dövrlərin şairi deyilmi?

Görkəmli yazıçı Əli İldırımoğlu da belə əbədiyaşar statusa malik qələm sahiblərindəndir. Yaşasaydı, indi ömrünün 96-cı ilini qeyd edəcəkdi. Zaman onu bizdən uzaqlaşdırdıqca o, bizə daha da çox yaxınlaşır, doğmalaşır, canlı və diri obraz kimi müasirimizə çevrilir. Dahilərin öz əsərlərində yaşamaq xüsusiyyəti var. Əli müəllim də öz əsərlərində daha canlı, daha təravətlidir. Hər gələn nəsil, əsərlərini mütaliə edən hər insan onunla yeni həmsöhbət olur, ona yeni ömür verir, öz oxucu qəlbində yazıçıya yeni abidə ucaldır.

Əli müəllim "525-ci qəzet"in də yaxın dostu, sadiq müəlliflərindən idi. Onun doğum gününün - 17 noyabrın bizim qəzetin ad günü ilə üst-üstə düşməsinə də təsadüfi baxmırıq. Bəs doğmalıq necə olur?

Doğum günündə Əli İldırımoğlunun işıqlı xatirəsini bir daha ehtiramla yad edir, onun bir essesini oxucuların ixtiyarına veririk.

"525"

 

Bəzən qələmim yoxuşa dirənir, sətirlər cığırı şaxələnir, dolaşığa düşür. Çaşıram, çətin döngələrlə, sərt yamaclarla üzləşirəm. Həmin məqamda Üzeyirin, Fikrətin, Niyazinin, Motsartın, Bramsın, Bethovenin... musiqisi dadıma yetir, harayıma çatır. Qəlbimə təpər, qoluma qüvvət, dizimə taqət, gözümə işıq gəlir. Bir də ki, bulaqların xəfif pıçıltısını dinləyəndə, dağların əzəmətini, barlı-barsız ağacların yaşıllığını, suların maviliyini, səmanın ənginliyində rəvan qanad çalan qartalların uçuşunu seyr edəndə xoş ovqat, dinclik tapıram. Uzaqlaşıram qəlbimin həssaslığına hakim kəsilən qara fikirdən, bədniyyətdən və bədniyyətlidən, naqis əməldən və əməllidən.

Sətirlər səltənətinin sehrli-sirli qapıları üzümə açılır. Qarşımdakı bəyaz kağızlar dərin-dərin mətləblərdən soraq verən mürəkkəbin solub-saralmayan rəngi ilə zinətlənir. Qeybdən peyda olan ilham köhləni nəfəs dərmədən mənzil başına doğru baş alıb gedir, mən də arxasınca. Dərələrdən keçirəm, dağları aşıram. Ancaq... Ancaq yorğunluq ahıllığımı üstələyəndə, qəddimi düzəldib ayağa qalxıram, yazı masamdan aralanıram. Dinclik, sakitlik axtarışına çıxıram. Yaşıllıqlar diyarına, dəniz sahilinə üz tuturam.

Səksən səkkizimin payızında ömrümə ömür calayan yazı masamın arxasından qalxıb Bakının gözəl guşələrindən olan Zabitlər bağına güzar saldım. Fəvvarələrin əhatəsindəki hündür ağacların qədd-qamətinə, qol-budağına riqqətlə nəzər yetirdim. Qəlbim ehtizaza gəldi. Neçə-neçə müsafir yola salan bu qədim ağaclarla təmasda oldum. Məni tanıdılar. Nə gizlədim, ilk təhsilimi müəllimlər müəllimi təbiətdən, öyüd-nəsihətimi Sokrat kəlamlı kənd müdriklərindən almışam. Ona görə də təbiətin və onun yaratdığı varlıqların dilini bilirəm. Bu da bir qismət... Tanrının mənə bəxş etdiyi ilahi qisməti. Yazıb-yaratdığım əsərlərin ab-havasına poetik vüsət verən qismət.

Payızın ilıq mehi əsdikcə qol-boyun olan ağaclar bir-birinə sığınıb xısın-xısın pıçıldaşırdı. Nədənsə, kimdənsə giley-güzar edirdilər, dərdləşirdilər. Bəlkə də, canlı məxluq kimi nə isə demək, həyəcan təbili çalmaq istəyirdilər. Diqqətlə qulaq asdım. Şəhərə yar-yaraşıq verən təbiət inciləri deyirdi:

- Özümüzü amansız-aramsız küləklərə sipər edirik. Həndəvərimizə sərinlik yayırıq, ətrafımızda dolaşan ahıllara-cahıllara, beşikdəki körpələrə xoş ovqat, tərtəmiz ab-hava bəxş edirik. Ancaq belə bir lütfkarlığın müqabilində qədir-qiymətimiz bilinmir. Qəsdimizə duranların qabağına durmurlar. Yaşıl qiyafəli, şeytan əməlli sarmaşıqlar bizə qənim kəsilib. Qol-qanadımıza sarmaşıb, insafsızcasına ətimizi-qanımızı sorurlar. Barsız-bəhrəsiz, qolsuz-qanadsız, kölgəsiz müzürlər başımızdan yuxarı qalxıb. Bu da azmış kimi, qəddi-qamətimizə rişxənd də edirlər. Nə zillətlə torpağın dərinliyindən çəkib gətirdiyimiz şirəmizi sorub bizi yaman günə qoyublar. Günbəgün quruyuruq. Sahiblərimiz halımıza yanıb dərdimizə çarə qılmaq əvəzinə bu müzürlərin nazını çəkirlər. Təəssübkeşlərimiz vaxtında ayılmasa, quruyub, məhv olub bu gözəl məkanı biryolluq tərk etməliyik...

Ağacların bu nisgilli giley-güzarını eşidəndə mütəəssir oldum. Onun qanadları altında əylənib dincəlməyə daha haqqım çatmırdı. Xoş əhval-ruhiyyə niyyətində ikən, incə qəlbimə kədər çökdü. Bu dilsiz-ağızsız ağacların getdikcə qurumaq, yox olmaq dərdi mənə də sirayət elədi. Kor-peşman ayağa qalxdım, qol-qola verən təbiət gözəllərinə üzrxahlıq edib bu dilbər guşəni tərk etmək qərarına gəldim. Həmin anda yaxınlıqdakı çoxmərtəbəli binanın yarıaçıq pəncərəsindən süzülüb gələn musiqinin sədasını eşitdim və ayaq saxladım. Sanki başqa bir aləmə düşdüm. Xəyal dünyama qovuşdum. Məni sehrinə alan musiqinin qanadlarında arxada qalmış yarıməsrlik ömür yolumu bir göz qırpımında qət etdim. Ötən əsrin əllinci illərinə qayıtdım. Bərgüşad və Həkəri çaylarının bir vaxt şirin layla çaldığı, indi isə yas tutduğu Qubadlı elini dəli bir həsrətlə seyr etdim...

...Onda maarif işçisi idim. İnspektor kimi at belinda kəndbəkənd düşüb məktəblərə baş çəkirdim. Elmin ilk bünövrə daşı qoyulan təhsil ocaqlarını gözdən-nəzərdən keçirirdim. Və insan qəlbinin mühəndisləri olan cəfakeş, görüb-götürmüş mələksima müəllimlərlə təmasda olurdum. Onlarla məsləhət-məşvərət edirdim. Nəzərə çarpan, üzəçıxan əyər-əskik cəhətləri düzəldib yoluna qoymağa çalışırdım.

Kiçik qəsəbəyə bitişik olan bağ-bağatın arasında müəllimlər üçün tikilmiş binanın bir otağı mənə verilmişdi. Mətbəxi, aynabəndi, dəhlizi olmayan iyirmi kvadratmetrlik kiçik bir mənzil. İçərisində də bir cüt dəmir çarpayı. Yazı masası, odun sobası, qulplu saplıca, bir nəfərlik qab-qacaq, qaşıq, vəssalam. Bir küncdə də bişirilməsi mənim üçün asan olan beş-on yumurta, kartof, soğan, yağ kiloluq banka. Bir də ki mis çaydan, qənd, şəkər tozu. Bu dəbdəbəsiz həyat tərzi, məişət şəraiti məni heç də bezdirib ikrah hissi yaratmırdı. Bəzən biş-düş eləyəndə, əlim yananda, heç də hövsələdən çıxmırdım. Əksinə, hazırladığım xörəyin dadı-tamı mənə ləzzət verirdi. Çünki yeyib-içdiklərimdə barmaqlarımın rayihəsini, qalayı getmiş qulplu saplıcanın hərarətini duyurdum. Lakin belə bir şəraitə görə mənə ərki çatanların məzəmmətinə məruz qalırdım:

- Niyə evlənmirsən? Tay-tuşlarının uşağı məktəbə gedir!

Bu barədə mən özüm də özümə az sual vermirdim. Məgər evlənməyə əsilli-nəsilli bir insan övladı qəhət olmuşdu? Xeyr! Ürəyimə yatan gözaltılarım vardı. Ancaq onların əkin-biçinlə əlləşən rəncbər atama qarşı nə dərəcədə nəzakətli, ləyaqətli gəlin ola biləcəyi məni daha çox düşündürürdü. Nə zillətlə məni boya-başa çatdıran valideynlərimlə sevib-seçdiyim qız rəncbər atamla, qoca nənəmlə ədəb-ərkanla, nəzakətlə, nəvazişlə davranarmı?!

Axır ki institutu yenicə bitirib qonşu kənddəki məktəbdə dərs deyən gənc bir müəllimə ilə ulduzumuz barışdı... Atası Vətən müharibəsində həlak olub, anası məktəbdə katibə. Dörd bacı, bir qardaş. Dostlarımdan biri bunu biləndə məni qınadı:

- Səni uzaqgörən adam hesab edirdim, - dedi. - Görünür, zənnimdə yanılmışam. Bekara yerdən yapışmısan! Yetim-yesir saxlamaq elə sənə qalıb?! Bir varlı-hallısının qızını al, saa arxa olsun. Atam yaxınlıq etdiyi və gediş-gəlişi olan hörmətli bir nazirin qızını mənə ad eləyib, sən də sərçəni lap gözündən vurmusan, - dostum ikrahla başını buladı.

Bu cür bayağı söz-söhbətlər, dəlil-dəlalətlər qulağıma girmirdi. Ailə həyatı qurmaq barədə ölçüb-biçdiyim, dönə-dönə götür-qoy etdiyim qərar qətiləşdi... Hərdən vaxt tapıb Bərgüşadın sağ sahilində meşələrlə örtülmüş dağın ətəyindəki on bir evli kəndə at sürürdüm. Evlənəcəyim xanımın dünyaya göz açdığı kəndə. Otağın tavanından ətirli alma-armud, dəhlizindən qarğıdalı, pəncərədəki dəmirlərdən saç hörüyü kimi əvəlik, qırmızı bibər, üzərrik asılmışdı. Torpaq döşəməli bir otaqlı ev getdikcə mənə doğmalaşırdı. Həyətdəki köpək də ilk günlərdə olduğu kimi daha üstümə dartınmırdı. Saçlarına vaxtından əvvəl dən düşən qayınanam diribaş, səriştəli qadın idi. Sürüynən mal-qara, hinduşka saxlayır, ailəsini kənddəki başıpapaqlılardan yaxşı dolandırırdı... Övladlarını da işə-gücə alışdırmışdı... Və deyərdim ki, mənə canıyananlıq edib məsləhət verən "ağıllı" dostumun nazir qayınatasından çox-çox təpərli idi. Kənddə hamı qayınanamın evdarlığına, dor-dolanışığına, yığımcıl qadın olmasına qibtə edirdi. Lakin hərdənbir evin aşağı küncündəki dəmir qurşaqlı iri sandığı açıb Hitlerin müharibəsində həlak olmuş ərinin şəkillərinə, saralıb-solmuş məktublarına baxıb xısın-xısın yaş tökməsi mənə də nisgilli təsir bağışlayırdı və hənirtimi eşidən kimi tez sandığı bağlayıb həyalı çöhrəsini əks tərəfə çevirirdi ki, onu gözü nəmli görməyim. Mənsə bu məşum mənzərəni hiss etsəm də, gözü yaşlı qadını sorğu-suala tutub onsuz da ağır olan dərdini dərinləşdirmək istəmirdim.

lll

Toy günümüzə az qalırdı. İdarədə zəruri işlərimi qaydaya salıb mənzilimə yollandım. Qarşı-qarşıya dayanan dağların arasındakı qəsəbənin səmasında cövlan edən buludlar getdikcə sıxlaşırdı. Qapını açıb içəri daxil olanda göyün üzü damarlandı, ildırım çaxdı, yer-göy silkələndi. Şiddətli yağış başladı. Toz basmış neft peçini yandırıb özümə yüngülvari yemək düzəltdim. Hazırladığım xörəyi iştahla yeyib, bir-iki stəkan çay içdim. Və qayışımın altını bərkidəndən sonra o qədər də böyük olmayan yazı masamın arxasına keçib, qarşıma ağ kağız qoydum, əlimə qələm aldım. Nəsə yazıb-pozmaq istədim. Ancaq pəjmürdə olduğum üçün fikrimi cəmləşdirə bilmədim. Əlimi üzümə qoyub fikrə getdim. Divardakı mismardan asılmış təvərə radionun xırıltılı səsi kiçik mənzilimə çökən sükutu pozurdu. Özümdən asılı olmayaraq hərdən göz qapaqlarım yumulur, məni yuxu tuturdu.

Radionun verilişi dəyişdi, musiqi başladı. Gözlərimi geniş açıb özümü düzəltdim. Elə bil mənzilimə çökən mənhus sükut yox oldu. Divarlar işıqlandı. Bəstəkar Soltan Hacıbəyovun "Gülşən" baleti sanki məni zülmət qaranlıqdan xilas edib parlaq gündüzə qovuşdurdu. Ömrümdə ilk dəfə eşitdiyimə baxmayaraq, bu balet musiqisi bütün varlığımı fəth etdi. Pəncərədən görünən ağacların yaşıl qiyafəsi də bir andaca təravətləndi.

İstər kədərli, istərsə də şən dəqiqələrim olsun, aradan neçə onilliklər keçsə də, ilk dəfə eşitdiyim hər hansı musiqi məni həmin anlarıma qaytarır, həmin günlərimi yaşayıram, Bakının Zabitlər bağında olduğu kimi. "Gülşən"in sədası məni ötən əsrin ortalarına apardı. Mənsizləşən mənzilimə qovuşdum. Ömrümə qənim kəsilən ahıllığımdan uzaqlaşdım. Gənclik çağlarıma qayıtdım. Gec də olsa sevgi macəramı qələmə almalı oldum . Eh! Düz, əyri, bu da mənim xasiyyətimdir. Özümə xas olan xasiyyət. Hər dəfə Fikrət Əmirovun "Şur" simfonik muğamı səslənəndə başa vurduğumuz əsrin əllinci illərinə qayıdıram. Turşsu meşəsinin ətəyində, Ağdamdan Laçına gedən magistral yolun kənarında un yüklü maşının üstündə gecələyirəm. Niyazinin "Rast" simfonik muğamı çağlayanda "İnturist" mehmanxanasında sonbeşik övladımın neçə il bundan əvvəl Tibb İnstitutunu bitirməsi münasibətilə təşkil etdiyim ziyafətdə şənlənirəm.

Gül-çiçəklərə də münasibətim belədir. Musiqiyə olduğu kimi. Ötən əsrin yetmişinci illəri. Bahar müjdəli mart ayı. Əsəblərim pozulmuşdu. Nə gizlədim, gecələr eymənirdim, tək yata bilmirdim. Xeyirxahım olan, ailəvi dostum Süleyman Ələsgərov işini-gücünü atıb müalicə üçün məni Mərdəkana, Teymur Quliyevin adını daşıyan bağlı-bağatlı sanatoriyaya apardı. Həyətdə sarı çiçəyi, kəskin qoxusu olan nərgiz gülünü ilk dəfə burda gördüm. Ağ xalatlı həkimlərlə, tibb bacıları ilə əhatə olunduğum böhranlı günlərimdə. O vaxtdan qaçıram nərgiz gülündən. Çünki görəndə mənə səhhətimin böhranlı anlarını xatırladır. Ovqatım korlanır.

Qubalı günlərim. Şəhərin kənarından keçən Qudyalçayın sahillərini dolaşırdım. Ətirşahın qoxusunu duydum. Tez ayaq saxladım. Xəyallandım. Doğma kəndimi, Bərgüşadla həmsöhbət olan Çay bağlarımızı xatırladım. Rəncbər atamın kərəntisinin səsini dinlədim. Ətirşahın rayihəsinə qərq olan Çay bağında. Bəlkə də onun adı ətirşah yox, ətirlərin şahıdır. Deyərdim ki, belə bir ifadə daha doğru-dürüst olardı. Yarpaqlarından təzə dilimlənən tər limonun qoxusu gəlir. Diqqətimi cəmləşdirib Qudyalçayın yaşıl sahilindəki Qubernator bağını qarış-qarış dolaşdım. Axır ki, tapdım ətirşahımı. Rayihəsi bihuş etdi məni. Bir anlığa özümü gəncliyimin izi qalan Çay bağımızda hiss etdim. Ətirşah bir dünya sevinc bəxş etdi mənə. Ona görə də asudə vaxtlarımı Qubernator bağındakı qədim ağacların kölgə saldığı ətirşahlı yaşıllıqları seyr edəndə dərin-dərin xəyallara dalır, gəncliyimin unudulmazlığında yaşayan Çay bağında olur, əlimə məktəbli çantası alır, pioner qalstuku bağlayır, atam iri qabarlı əllərini nəvazişlə gur saçlarımda gəzdirir.

Yuxarıda qeyd etdiyim kimi, ahıl çağımda musiqi yenə də məni Zabitlər bağında qanadına aldı. Xoş təranələrinə büküb həsrətində olduğum yurd-yuvama apardı. Fərəhli günlərimə qaytardı. Ahıllığımın giley-güzarından, ağrı-acısından xilas etdi. Sevib-sevildiyim anlarımı yaşatdı.

...Artıq yağış səngimişdi. Mənzilimin şifer döşəməsinin kənarlarından tək-tək damcılar düşürdü. Deyirlər, su aydınlıqdır. Ona görə də ulu göylərdən süzülüb gələn damcılar təbiətin mənə mərhəmətlə xeyir-dua verməsi kimi səslənirdi. Və sanki "Gülşən"in təranələrinə qovuşub qarşıdakı toy mərasiminin kəm-kəsiri barədəki dumanlı fikirlərimi müşayiət edirdi... Və tənhalığımla həmdərd, həmsöhbət olurdu. Atam neçə gün idi özünü oda-közə vurub toy tədarükü görürdü. Aldığım aylıq məvaciblə özümü güclə dolandırırdım. Ona görə də toyun bütün ağırlığı atamın boynunda idi. On puddan çox çəltiyi qapıdakı dingdə döyüb, düyüsünü bazarda satmışdı. Təzə höyürə gələn düyəni satıb pul eləmişdi. Gecə məclisini əyləndirmək üçün qonşu rayondan olan sazlı-sözlü aşıqlara əvvəlcədən beh vermişdi. Gündüzlər çalıb-oynamaq üçün toyçuların yerini eləmişdi. Məni ən çox düşündürən toy günü gəlinin gəlməsi idi. Maşın işləmir, Bərgüşadın coşqun sularını keçmək üçün körpü yox. Hər ata da bel bağlayıb sürüşkən daşları olan çaya girmək müşkül məsələ idi. Şər deməsən, xeyir gəlməz. Çayın dərin yerində at kəllə-mayallağ olsa necə? Eşidib bilən bizə nə deyər!

Fikirləşdim ki, kənddəki yük atlarındansa, öz mindiyim köhlən yaxşıdır. Qəmər at bərkə-boşa çox düşüb. Dava vaxtı neçə il orduda olub, təlim görüb, necə deyərlər, insan kimi dil bilir. O vaxt sovet  ordusundan təxris olunan atları rayonlara paylayıb, maşını olmayan idarələrə verirdilər. Maarif şöbəsinə ayrılan at mənə təhkim olunmuşdu. Saxlanma xərcini hökumət verirdi. Hündür boyu, enli sinəsi, qara yal-birçəyi olan Qəmər atı kənddə atam saxlayırdı. Hökumət atı kimi atam ona xüsusi fikir verirdi. Qoymurdu arpa-samandan korluq çəksin. Hər gün qaşovlayıb, cani-dildən tumarlayırdı. Vaxtı gələndə də ipçin nalladırdı. Yola çıxanda özünə qamçı vurdurmazdı. Ayağımı üzəngiyə qoyub belinə aşırılanda altımda quş kimi qanad açırdı. Dördnala qalxanda heç bir at onunla ayaqlaşa bilməzdi. Qaranlıqda kəndlərdən keçəndə qanıq itlər üstümüzə cumurdu. Lakin Qəmər at itlərə bac vermirdi. İrəli soxulmaq istəyəni necə vururdusa, zəncirli-zəncirsiz köpəklərin zingiltisi kəndin o başına gedirdi. İt sahibləri qənşər bir yerə çıxıb kimliyimi bilmədən gecənin qaranlığından arxamca söyüb-söylənirdi. Qəmər atın isə vecinə deyildi. Altımda kəklik kimi səkirdi. Arxadan quyruğuna ağız atmaq istəyən qurdboğan köpəkləri ipçin nallanmış təpiyi ilə vurub yerə sərirdi.

Yeri gəlmişkən onu da deyim ki, bir dəfə günün günorta çağı Kürd kəndinin yaxınlığında at ilxısına rast gəldim. Ayğırın hücumuna məruz qalmamaq üçün cilovu təkqanad edib, səmti dəyişmək və başqa bir yolla getmək istədim... Burada yol sıldırım qayalıqlardan, kol-kosla örtülmüş dağ yamaclarının arasından keçir. Qarşı tərəfdəki düzənliyə at ilxısı yayılmışdı. Qəmər atı dördnala çapıb ilxıdan yan keçmək istədim. Lakin mümkün olmadı. İlxını qabağına qatıb ora-bura hərləyən göydəmir ayğır qaraltımızı alan kimi bizə tərəf cumdu. Əlimdəki qamçını başımın üstündən tovlayıb qışqırdım ki, ayğır geri çəkilsin. Lakin gözləri hədəqədən çıxan ayğır haray-qışqırığı vecinə almadı. Və qulaqlarını qırpıb, boynunu şax tutub üstümüzə yeridi. Altımda Qəmər at döyüşə hazır imiş kimi qorxub-çəkinmədən dal ayaqları üstünə qalxıb ayğırla döş-döşə gəldi. Ayğırla Qəmər atın vuruşmasının qaçılmaz olduğunu hiss edib tez yəhərdən aşırılıb kənara çəkildim. Atlar gah şahə qalxıb bir-birinə ağız atır, gah da arxalarını çevirib nallı ayaqları ilə bir-birinin qabırğasına ağır zərbələr endirirdi. Atların döyüş səhnəsi məni təbdən çıxarmışdı. Nə etməli olduğunu bilmirdim. Axır ki, Qəmər at rəqibinin boynundan yapışıb ayğırın dizlərini yerə qoydu. Ayğır yorulub heydən düşmüşdü və məğlubiyyətini etiraf edirmiş kimi müqavimət göstərmirdi. İrəli yeriyib Qəmər atın üstünə çəmkirdim...

Nəhayət, Qəmər at ayğırın boynunu buraxıb geri çəkildi. Boyun-boğazından qan axan ayğır Qəmər atın dizləri altından qalxıb üz qoydu qaçmağa. Qəmər at onu bir qədər təqib edib tövşüyə-tövşüyə geri döndü.

Sağrısından qan axan Qəmər at hələ də hikkəli idi. Onun burun pərələrindən sanki isti-buxar püskürürdü. Sinəsi zədələnmişdi. Belindəki yəhər qarnının altına əyilmişdi. Qəmər atın qələbəsini təqdir edib, əlimi yal-quyruğunda gəzdirəndə barmaqlarıma qan ləkəsi bulaşdı. Yəhəri düzəldib atın belinə aşırıldım. Qəmər at hərdən boynunu gərib ilxıya tərəf boylanır və ayğırı hədələyirmiş kimi kişnəyirdi...

Mənzilimin divarından asılmış təvərə radiodan süzülüb gələn balet musiqisi, bir də ki, çöldəki damcı səsləri toy mərasimi barədəki düşüncələrimi müşayiət edirdi... Qəmər atın şücaətini xatırlayanda əmin oldum ki, o, heç vaxt çayda büdrəməz. Və evimizə gələn gəlini Bərgüşadın coşqun sularından zavalsız keçirər. Mənə təsəlli verən bir də o idi ki, qonşu kənddən gələn toy atlılarının yolu dağlardan, meşələrdən, yalçın qayaların keşik çəkdiyi gen dərələrdən, yaşıl-yaşıl yamaclardan, bakirə çöllərdən keçir. Onlara ilk xeyir-dua verən bu yerlərin xınalı kəklikləri olacaq. Dəstənin önündə ayğırlara bac verməyən və qara birçəkləri geniş alnına tökülən Qəmər at sahibinin zövcəsini apardığı ilə fəxr edib, nazlana-nazlana, şövqlə səkəcək. Bütün bunları düşündükcə rahatlıq tapırdım.

Divardakı təvərə radio susmuşdu. Artıq damcı səsləri də kəsilmişdi. Sehrinə düşdüyüm xəyallar aləmini tərk edib ayağa qalxdım. Mənzilin qapısını bağlayıb yaxınlıqdakı yaşıl otlaqlara tərəf yönəldim. Qəlbimə hakim kəsilən "Gülşən" baletinin musiqisini zümzümə edə-edə Qəmər atın hörüyünü açıb yəhərlədim. Qəmər at rayon mərkəzi ilə kəndimizin arasındakı dörd saatlıq enişli-yoxuşlu piyada yolunu bir göz qırpımında qət etdi.

Toyun başlanmasına üç gün qalırdı. Atam toyla əlaqədar bütün hazırlıq işlərini vaxtında-vədəsində görüb arxayınlaşmışdı. Toyçular gəlinin gəlməsini gözləyirdi. Mən valideyn-oğul arasındakı abır, ismət pərdəsini pozub toyla əlaqədar atamla kəlmə kəsib danışmırdım. Kəndimizin arxasındakı ağ, yastı təpənin üstünə qalxıb ətrafdakı dağları, bağları, yal-yamacı heyranlıqla seyr edirdim. Qonum-qonşu toy atlılarının kəndə yaxınlaşdığını görəndə qazını, ördəyini, hinduşkasını, toyuq-cücəsini hinə yığırdı ki, bu vurhavurda gözə görünməsin. Əks-təqdirdə dəstənin qabağında gələn çiyni tüfəngli atlıların gülləsinə tuş ola bilərdi. Kəndimizin toy adəti belədir. Gəlini müşayiət edən silahlılar qarşısına çıxan ev quşlarını nişan alırdı. Toyun şən keçməsi üçün bu da bir adət idi. Və buna görə heç kəs küsüb-inciməzdi.

...Gün əyiləndə çalğıçılar işə başladı. Qara zurnanın zil səsi kəndi əhatə edən dağları, qayaları lərzəyə gətirirdi. Dəf vuranla balabançı öz məharətlərini vəcdlə nümayiş etdirirdi. Geniş meydançada onları dövrəyə alan qoca-cavan, qız-gəlin, cahil-cuhul ürəklərinə yatan havaları sifariş verib, sonra da qol götürüb ortalıqda dövrə vururdu. Axşam düşəndə adamlar xalı-xalça döşənmiş otaqda cərgə ilə bardaş qurub, sinə-dəftər aşıqlara diqqətlə qulaq asırdılar. İstər çalğıçılar, istərsə də aşıqlar toy məclisində verilən şabaşa zəhmət haqqı kimi qane olurdular. Bahalı-bahalı nişan üzüyü, daş-qaş məsələsi heç kəsi düşündürmürdü. Toy xonçası açılanda qızın anası bircə onu demişdi ki, daş-qaş, bəzək-düzək nəyimizə lazımdır! Təki insanlıq, arada xətir-hörmət olsun.

Toydan bir neçə gün sonra qayınanam qızın görüşünə gəldi. Cehiz də gətirmişdi. Armudu samovar, əldə toxunma kilim, vəssalam  Qayınanam kilimi açanda: - O vaxt Qaryagin bazarından bir inəyə almışıq, - dedi. - Onda təzə evlənmişdik. On metr boyu, dörd metr eni. Evin divarından asanda yarısı yerə tökülür. Böyük olduğundan, yük üstünə çəkməyə də yaramır. Ona görə də işlətmirik. Bürüb-büküb qoymuşuq bir qırağa. Fikirləşdim ki, elə yerinə düşdü, qızıma cehiz verim...

Qayınanam bu sözləri deyəndə, daxilən kilimin alındığı bəxtəvər günlərini xatırladı. Davada itkin düşən ərini gözünün qabağına gətirdi. Ancaq nisgilini büruzə verməsə də, onun səsinin ehtizazında çətin sezilən bir kədər duyurdum. Atam ötkəm görkəm alıb söhbətə qarışdı:

- Bir halda ki, qohum olmuşuq, gərək saf söz danışaq, - dedi.- Bayaqdan dillənmirəm, mənim aləmimdə cehiz-mehiz boş şeydi. Qızın ağlı-kamalı, ədəb-ərkanı olsun, oturuşunu-duruşunu bilsin. O olmadı, özü ağırlığında qızıl gətirsə də, qara qəpiyə dəyməz. İkincisi də, vallah, evimizda xalı-xalçadan yer yoxdur. Arvadlar ildə birini toxuyub atırlar ora. İndi bu kilimi də gətirmisən, sağ ol, yaxşı eləmisən. Bundan qiymətli nə ola bilər?! Bazara çıxartsan, ölüsü iki atın qiymətinə gedər. Ancaq bizə gərək deyil. Kilimi qaytar apar. Sonra özünə lazım olar, o biri qızlara verərsən.

Qayınanam atamın sözünü çevirmədi.

Ötən əsrin ortalarında ilk dəfə eşitdiyim musiqi, bax, beləcə məni Bakının səfalı guşəsində qanadına aldı. Ahıllığımdan cahıllığıma qaytardı. Əsirlik əzabına düçar olan isti yurduma qovuşdurdu. Mənsizləşən mənzilimin qapısını açdım. Təvərə radiodan süzülüb gələn "Gülşən" musiqisinin səsini-sədasını dinlədim. Kəhər ata süvar oldum. Toy mərasimində şənləndim. Rəncbər atamın solğun çöhrəsində dərin izlər salan çalın-çarpaz qırışlardakı zəhmət, əzab-əziyyət, halallıq, mərdlik salnaməsini oxudum və Zabitlər bağında cərgələnən ağacların xəcalətindən çıxacağımı vəd edib... sakit addımlarla geri döndüm.

Bu da ahıllığımın bir günü.

Yaradan birdi, yaranan çox. Bir-birinə bənzəməyən məxluq. Hər kəsin də öz aləmi, öz dünyası. Bu da mənim musiqili, ətirşahlı dünyam. Çoxu gedib, azı qalan dünyam. Gəncliyimdən uzaq düşüb, ahıllığımla üzbəüz qalan dünyam. Parlaq gündüzlərini, aylı-ulduzlu gecələrini tərk etməyə tələsmədiyim dünya. Çarxı tərsinə fırlanıb məni Qubadlıya həsrət qoyan dünya... Ahıllığımı nisgillərə qərq edən sirli, soraqlı dünya...

20 yanvar 2015-ci il.

 

 

 

 

 

 

 

 

 

 





17.11.2023    çap et  çap et