525.Az

Yaxın tariximizin Çingiz Mustafayev səhifəsi


 

Yaxın tariximizin Çingiz Mustafayev səhifəsi<b style="color:red"></b>

Ötən əsrin  ən  amansız faciəsinin, qəddar erməni  faşistlərinin əli ilə qətlə yetirilib meyitləri çöllərdə,  düzlərdə qalmış günahsız  soydaşlarımızın başı üstündə  hönkürtü qoparıb ağlayan doğma, yaxın ilk adam Çingiz  oldu ...

Onun  bu  hönkürtüsünü  eşidəndə, lentə aldığı  dəhşətli kadrlara baxanda bəs biz nələr çəkdik?!.

Dünya qarışıq elə çoxlarımız  da Xocalı faciəsindən  beləcə xəbər tutduq ...

gizlədək, bəlkə elə o gündən, o telejurnalist  hünərindən, cəsarətindən sonra Çingiz Mustafayev   hamımıza  əziz, doğma  bir  insana  çevrildi ...

Adı adlar çıxarmış fitnəkar ifritə Qalina  Starovoytova ilə telemüsahibəsinə baxandasa fikirləşdik ki, Çingiz  hələ, doğrudan da, uşaqdı, cavandı ... Ancaq ölümlə üz-üzə güllə qabağına gedəndə isə bir deyənimiz olmadı:

"Sən hələ uşaqsan, yaşın var! .."

Yaşadığım Şabran bölgəsinə təyinatla işləməyə  indiyəcən  neçə-neçə gənc mütəxəssis gəlib, yenə   gələcək. Üç illik təyinat müddəti başa çatandan sonra  çoxları çıxıb gedib.

Çingiz  Mustafayev bir vaxt - 1984-  ilin dekabrında rayon sanitar- epidemioloji stansiyasına təyinatla həkim kimi gəlmişdi. Üç il Şabranın  sakini olan  həkim sonra yenidən Bakıya, doğulub boya-başa  çatdığı şəhərə qayıtdı.

İndi isə ... Müasirləri üçün , gələcək nəsillər üçün  cavan, 33 yaşında olan Azərbaycanın Milli  Qəhrəmanı Çingiz Mustafayev neçə illərdir ki, yenidən Şabrana  qayıdıb. Bu dəfə Şabranın əbədi sakini  kimi...

Qədim Yunanıstanda həkimlik peşəsinin adı "həyat  keşikçisi, həyat müdafiəçisi" demək idi...

İndiki Azərbaycan Dövlət Tibb Universitetini  bitirmiş Çingiz Mustafayev həkimlik oxumuşdu. Amma  tale elə gətirdi ki, o, "həyat keşikçisi, həyat  müdafiəçisi" kimi deyil, hamımızın suyunu içdiyimiz, çörəyini yediyimiz, havasını udduğumuz "könlümüzün  məhbubu" Vətənin  keşikçisi, müdafiəçisi kimi yaddaşlarda  qaldı, əzəli  əbədi  Vətənimiz, doğma  Azərbaycanın  ayrılmaz parçası olan Qarabağ uğrunda erməni  qəsbkarları ilə döyüşlərin şanlı salnaməsini yaradanlardan  biri oldu, bu şanlı salnaməni yaratmaq qərarına  gəldi ki, ötən əsrin 90- illərində öz tarixini qanı ilə  yazan Azərbaycan övladlarının Vətən eşqini, Vətən  məhəbbətini əbədiləşdirsin. elə özü əbədiləşdi. Sağlığında bəlkə heç bir təltifi, mükafatı  olmayan Çingiz Mustafayev ölümündən sonra  Milli Qəhrəman  adına layiq görüldü.

Belə deyirlər ki, hər bir adamı tanımaq üçün onunla  bir pud duz yemək lazımdır. Riyaziyyatçılar da  hesablayıblar ki, bir pud duzu 16 ilə yemək olar ... Deməli, bu hesabla adamı tanıyıb onunla dost olmaq üçün 16 il lazımdır !..

Ancaq çox vaxt belə olur ki, elə ilk tanışlıqdan  həmsöhbətinlə tez ülfət bağlayırsan, bu ülfətin, bu  mehribanlığın  səbəbini  xəbər  alanlara da cavabın qısa  olur: "Ürəyimə  yatdı ..."

1984- ilin bir soyuq dekabr günündə təyinatla  həkim kimi Şabrana gəldiyi elə ilk günlərdən Çingiz  Mustafayev  istər  öz  yaşıdlarının, istərsə  özündən  böyüklərin, özündən cavanların - hamının  ürəyinə  tez  yatdı.

 

Xatirələr işığında

 

Şabran sanitar epidemioloji stansiyasında bir vaxt  Çingizlə birgə çalışmış yoldaşları ilə, onunla  ünsiyyətdə olmuş adamlarla görüşüb söhbət edirəm. Onların sözləridir:

- Hamımız Çingiz həkimə elə  öyrəşmişdik  ki, indi onun yoxluğuna  inanmırıq ...

- Hər dəfə televizorda onu cəbhə bölgəsində görəndə ondan  ötrü  özündən  çox  biz  nigarançılıq  keçirir, narahat  olurduq.

-  Qəhrəman olmazdan  əvvəl  o bizimlə  idi, aramızda, sıramızda idi əlbəttə, bu gün bizimlədir...

Sonra da Çingiz Mustafayevlə çalışanların xatirələrinə üz tuturam. Bu da onlardan birinin, hazırda rayon Gigiyena  mərkəzi adlanan müəssisənin direktoru Nazim Həmidovun dedikləri:

- Çingiz rayon epidemioloji stansiyasında ilk əmək  fəaliyyətinə  o zaman  mənim  müdir olduğum  şöbədə  laborant kimi başladı. Şöbəmiz uşaq müəssisələrində, məktəblərdə şagirdlərə verilən yeməklərin keyfiyyətini kaloriliyini müəyyən edirdi. Bu elə dövr idi ki, necə deyərlər, əl-əli yuyurdu... Çingizin yaxşı  qazanmaq  imkanı var idi. Amma ... Yaşlı işçilərimizdən guya  Çingizə canıyananlıq edib danışanlar var idi ki, əşi,   olsun ki, cavandı, dünya malında gözü yoxdu, uzaqgörənliyi  olsa, qara günü üçün arxaya bir şey atar ... Düzlük, təmizlik  elə  bil  təkcə  buna  qalıb.   

Belə söhbətlər Çingizin qulağına çatırdı. Bir  dəfə bu mövzuda onunla məhrəm söhbətimiz olanda  köks  ötürüb:

-  Eh, müsəlman  ki, müsəlman, - dedi, - müsəlmanın qara günü bəlkə elə  o gündən başlayır ki, oturub  qara gün haqqında fikirləşir ...

 

"Ötkəm oğlan"

 

Çingiz son dərəcə şəhər dəbi ilə geyinib gəzir, oturub-durur bu da balaca əyalət şəhərində o zaman  çox  qəribə  qarşılanırdı. Çingiz  çox  mehriban, xoşqılıq oğlan olsa da, hər adamla oturub-durmazdı. Oturub - durduqlarına qarşı isə çox  həssas, diqqətli idi.

Ötkəm bir oğlan olan Çingiz xüsusən haqsızlığa  qarşı çox dözümsüz idi. Haqqı nahaqqın ayağına verməz, bu yolda sinəsini sipər etməkdən çəkinməzdi.

Bir dəfə belə bir hadisə olmuşdu: kinoteatrın  qarşısında gəzişən milislər, necə deyərlər, dayanıb  durduğu  yerdə başıaşağı, sakit-fağır birisini təhqir etmişdilər. Bu,  orda olan Çingizə bərk toxunmuşdu, günahsız  adamın müdafiəsinə qalxmışdı. Onun təhqir etdikləri adama bu qəhmarlığı özündən razı milis nəfərlərini bərk  qəzəbləndirmiş Çingizi milis şöbəsinə  aparmışdılar.

Şöbədə onun haqqında saxta ittihamlarla protokol  imzalamaq fikrinə düşüblər. Lakin Çingizin özünü  layiqincə müdafiə etmək bacarığını görüb qorxaraq  geri çəkilmiş, ondan üzr istəyiblər. Lakin Çingiz  bu üzrxahlıqdan sonra da onlardan əl çəkməyib:

- Xeyr, - deyib,- təhqir etdiyiniz  vətəndaşdan da  sizi bağışlamağı xahiş etməlisiniz. Yalnız bundan sonra  mən sizinlə barışa bilərəm.

Milis nəfərləri işin böyüyəcəyini, Çingiz adlı bu  həkim oğlanın, doğrudan da, onlardan əl çəkməyəcəyini görüb təhqir etdikləri oğlanı axtarıb tapıb elə Çingizin  gözləri  qarşısında ondan da  üzr istəmişdilər.

Bu əhvalat milis şöbəsi rəisinin qulağına çatmışdı. Təcrübəli xeyirxah bir insan olan rəis Çingizi  kabinetinə dəvət edib həmin milis  nəfərlərini çağırtdıraraq:

- Sizə minnətdaram, həkim, - demişdi,  - mənim  işçilərimə çox layiqli, ibrətamiz bir dərs vermisiniz. İnanıram ki, şöbəmizdə  bu "dərsdən" paylarını alanlar da olacaq...

Rayona  səs salmış bu əhvalatdan sonra milis işçiləri  bir müddət  özlərini yığışdırmışdılar.

 

Quşa qıymayan ovçu 

Nazim Həmidov:

-Çingiz  həm ov həvəskarı  idi. onun ovçuluğa bu meyli təbiətə vurğunluğunun bir təzahürü, ifadəsi idi. Çünki ixtisasca ən humanist bir peşə sahibi olan  bu cavan təbiətin heç bir canlısına qıymağa ürək etmirdi.

Dəvəçidə Xəzərin sahilindəki ovçuluq limanı hələ  çox-çox uzaq vaxtlardan Azərbaycanda məşhurdur. Hətta Rusiya çarı II Nikolayın qardaşı  burada  ov edib, çarın  qardaşının  gəlişindən  əvvəl limana gedən 15-20 kilometrlik yola daş döşənib.

İlk dəfə idi ki, Çingizi limana ova aparmışdıq. Dörd-beş nəfər yoldaş idik. Hərəmiz ayrı-ayrı  yerlərdə  durmuşduq. Mən Çingizlə bir yerdə idim.

Dənizin qırağında ins-cins dəymirdi. Əslində isə  limana yüzdən çox ovçu gəlmişdi. Hərə bir tərəfdə  pusquda  durmuşdu .

Səhərin ala-toranlığında qatarlanan quşlar göydə  görünən kimi tüfənglər açılmağa başladı. Bir güllə, ikinci güllə, üçüncü güllə ...

Bir partapart düşmüşdü ki, limana ilk dəfə ova gələn Çingiz hər atəş səsindən sonra  diskinirdi ...

Bu atəş səslərini sakit qarşılaya bilməyən Çingiz axır ki, dözə bilməyib özünəməxsus yumorla:

-  Əşi, bu dəniz sahilində elə bil ikinci dünya müharibəsi gedir - dedi.

 Hiss edirdim ki, ovçuların apardığı bu "müharibə" Çingizi bərk sarsıdıb. Çingiz güllə səsinə dözə bilmir. Hər güllə açıldıqca göydə bir quşun millənib daş kimi yerə düşməsi  ürəyiyuxa Çingizin qəlbini parçalayır.

Eh, o vaxt biləydik ki, quşların halına yanan Çingiz vaxt gələcək ki, öz həyatından qorxub-çəkinmədən  Vətən uğrunda bir vaxt səsindən diksindiyi güllələrin düz üstünə gedəcək özü  gülləyə tuş gələcək...

... , həmin ov əhvalatından sonra Çingiz bir daha limana ova getmədi.

"Yox, tüfəng ilə ov mənim işim deyil, dedi, mənimki tilovla  balıq  tutmaqdır ..."

"Ölümə hazır olmaq - bu da bir silahdır ..." 

Hələ heç otuz üç yaşı tamamlanmamış dünyadan  əbədi köç edib gedən bir insan özündən sonra yer  üzündə nələr qoyub gedə bilər?..

Bu, abidə ola bilər; sözlə ifadə etmək mümkün  olmayan elə bir abidə ki, insanları  həmişə  xırdalıqlardan, cılızlıqdan uzaq olmağa səsləsin.

Çingiz Mustafayev bir telejurnalist kimi döyüş bölgələrinə, qaynar nöqtələrə, odun-alovun içinə ona görə can  atmırdı ki, həyatı, yaşamağı başqalarından az sevirdi ... Yox, otuz üç yaşlı qaynar, enerjisi aşıb-daşan Çingizin  həyatı hələ qabaqda idi. Yeganə övladı, oğlu Fuad  hələ  təzə-təzə ayaq açırdı. Onu böyütməli  idi ...

Çingiz  Mustafayev ona görə irəliyə can atırdı ki, Vətənini daha çox sevirdi.

Çingiz şöhrət üçün yaşamırdı, onun Vətən  məhəbbəti haqqında konkret anlayışı vardı. Xalqı  qarşısında öz  vəzifəsini, öz  konkret borcunu dərk etmək anlayışı vardı. Bəlkə onun müasiri olan gənclər Çingizin  şəhidliyindən sonra bu cəsur telejurnalistin öz  kamerası ilə necə tarixi bir vəzifəni yerinə yetirməsinin fərqinə  vardı!..

Telejurnalist Çingiz Mustafayev bizləri həm öz  həmkarlarımızla fəxr etməyə, Vətən qarşısında borcumuzu dərk etməyə vadar etdi. Qəhrəmanlıq qəlbimizdə təkcə qürur, iftixar hissi  doğurmur, həm insanı ən çətin suala cavab  axtarmağa məcbur edir: Bəs mən?..

Rus şairi Mixail Lvovun misralarıdır: 

Ölümə müntəzir olmaq bir silah,
Sən bunu ömründə bir dəfə sına.
Kişilər ölməyi bacardığından
Ölməzlik onları alır qoynuna ...

Çingiz  Mustafayev bu sınaqdan qalib çıxdı!

 





27.08.2014    çap et  çap et