525.Az

Böyük Qayıdışa zəmin yaradan nəhəng quruculuq prosesi


 

LAÇINDA TƏMİR-TİKİNTİ İŞLƏRİ VƏ SOSİAL LAYİHƏLƏRİN İCRASI UĞURLA DAVAM EDİR

Böyük Qayıdışa zəmin yaradan nəhəng quruculuq prosesi<b style="color:red"></b>

İkinci Qarabağ savaşından qalib ayrılan Azərbaycan artıq işğal olunmuş ərazilərə tam nəzarətini bərpa edib. Bu ərazilərin gerçək sakinləri isə uzun illərdən sonra doğma el-obalarına qaytarılır. Artıq yerli əhalinin Laçın şəhəri də daxil olmaqla Zabux, Sus və digər kəndlərə köçürülməsi prosesinə başlanılıb. Bugünə kimi Laçına 315 ailə (1205 nəfər) köçürülüb. Bu ilin sonunadək 10 minə yaxın şəxsin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına köçürülməsi nəzərdə tutulub.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynovun sözlərinə görə, Laçına 700-dək ailənin, Laçın rayonunun Zabux və Sus kəndlərinə 400 ailənin köçürülməsi nəzərdə tutulub. Eyni zamanda, Füzuliyə 267 ailənin, Zəngilanın Ağalı kəndinə növbəti mərhələdə 100-ə yaxın ailənin qayıdışı və məskunlaşdırılması gözlənilir.

Laçın şəhərində təmir-tikinti işləri ilə bərabər, sosial layihələrin icrası da həyata keçirilir. Doğma yurdlarına köçürülən sakinlərin münasib vakansiyalar üzrə işlə təminatı, özünüməşğulluq proqramına cəlbi, eləcə də sakinlərdən bir qisminin yeni peşələrə yiyələnmələri məqsədilə peşə hazırlığı kurslarının təşkili üzrə tədbirlər icra olunur. Bu günədək Laçında 430 nəfər işlə təmin olunub.

"Bakı Abadlıq Xidməti" MMC-nin nümayəndəsi Aqil Səfərəliyev deyir ki, Laçında hazırda 712 tikilidə işlər davam etdirilir. Onlardan 9-u çoxmənzilli binadır. Aparılan abadlıq tədbirləri çərçivəsində qeyri-yaşayış obyektləri və kommunikasiyalarla bağlı da işlər görülüb. Şəhərdə 75 qeyri-yaşayış obyekti, həmçinin kommunikasiya xətlərinin hamısı - təbii qaz, su, işıq və rabitə xətləri tamamilə yenidən çəkilib. Bundan əlavə, ümumi kanalizasiya sisteminin inşası başa çatdırılıb. Şəhər bütünlüklə işıqlandırma sistem ilə təchiz edilib. Ümumilikdə şəhər infrastrukturu ilə bağlı işlərin 80 faizi tamamlanıb.

A.Səfərəliyev Laçında görülən işlər çərçivəsində buraya köçürülən ailələrin əsas məşğuliyyəti və əmək fəaliyyəti barədə də danışıb. Onun dediyinə görə, hazırda Laçında yaşayan ailələrin əmək məşğuliyyəti sahəsində işlər görülür: "Bu istiqamətdə bəzi sahələr üzrə işlər yekunlaşmaq üzrədir. Belə ki, rayonun Zerti kəndi ərazisində yaradılan aqroparkda 50-yə yaxın fabrik və müəssisənin yaradılması nəzərdə tutulub. Bakı Abadlıq Xidməti tərəfindən inşa olunan bu sənaye müəssisələri ilə laçınlı ailələr daimi işlə təmin olunacaq. Artıq aqroparkda mebel və yun emalı müəssisəsi daxil olmaqla, 5 fabrik fəaliyyətə başlayıb. 50-yə yaxın müəssisənin istismara verilməsi ilə 1200-1300 nəfər Laçın şəhər sakini işlə təmin olunacaq. Hazırda fəaliyyətə başlayan müəssisələrdə 430 nəfər Laçın sakini işləyir".

Nümayəndə bildirib ki, Zerti Aqro və Sənaye Parkında yerləşən "Zootopia" (qoyun və keçi saxlama məntəqəsi), "Fəyaz bağı" (istixanalar), "Gusto" (ət kəsimxanası), "Həkəri" (balıq təsərrüfatı), "Aydınoğlu" (mebel fabriki) fəaliyyət göstərəcək.

A.Səfərəliyev qeyd edib ki, Laçın dağlıq ərazidə yerləşdiyi üçün burada havalar tez soyuyur: "Bu amil nəzərə alınaraq əhalinin qış istilik ehtiyatı artıq təmin edilib. Üstəlik, Laçın şəhəri noyabrın 8-dən etibarən təbii qazla təmin olunub. Sakinlərin istifadəsinə verilən evlərə kombi istilik sisteminin quraşdırılması da nəzərdə tutulub. Evlərdə və binalardan istilik sistemləri əvvəlcədən çəkilib, otaqlarda qızdırıcılar quraşdırılıb".

Onun dediyinə görə, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı məşğulluq proqramı çərçivəsində sakinlərin işə qəbulu davam edir. MMC nümayəndəsi deyib ki, Zerti kəndində aqro və sənaye parkı inşa edilib. Təkcə burada 46 müəssisənin fəaliyyəti nəzərdə tutulub: "Artıq bunların bir neçəsi fəaliyyətə başlayıb və 400 nəfərdən çox laçınlı işlə təmin olunub".

Bakı Abadlıq Xidməti MMC-nin memarı Elnur Abdullayevin sözlərinə əsasən, Laçın şəhərinin mərkəzində ilkin olaraq 712 obyektdə tikinti işləri aparılıb və hazırda işlər davam etdirilir. İşlər görülən obyektlərin 75-i qeyri yaşayış, 628-i fərdi evlər və 144 mənzildən ibarət olan 9 ədəd ümumi yaşayış evləridir. Prezident İlham Əliyevin may ayının 28-də Laçına köçən 20 ailəyə evlərin açarlarını təqdim etməsindən bu günə kimi Laçına şəhərinə 1205 nəfər olmaqla 315 ailə, Zabux kəndinə isə 94 nəfər olmaqla 21 ailə köçürülüb. Laçına 75 ailənin köçürülməsi nəzərdə tutulub: "Laçın şəhərində köçlə yanaşı, prioritet məsələ burada yaşayan sakinlərin işlə təmin edilməsidir. Hazırda Laçın şəhərində fəaliyyət göstərən müəssisələrdə 430-dan artıq sakin işlə təmin olunub. Əhalinin rahat yaşayışının təmin edilməsi üçün görülən işlər çərçivəsində şəhərin kommunikasiya xətləri çəkilib yekunlaşıb, Laçın şəhəri və Zabux kəndinə mavi yanacağın verilişi təmin olunub və 150 evdə birləşmə işləri görülür, yaxın günlərdə isə digər evlərə mavi yanacağın verilişi təmin olunacaq".

E.Abdullayev vurğulayıb ki, Laçın şəhərinin içməli su ilə təminatı üçün işlər başa çatıb və 9 su anbarı, 3 yağış sularının toplanması üçün depo, 1 ədəd isə çirkab suların təmizlənməsi üçün qurğu istifadəyə verilib: "Alternativ olaraq Laçın şəhərinin su təminatı üçün dəniz səviyyəsindən 1800 metr hündürlükdə olan Xırmanlar kəndi ərazisindəki bulaqdan uzunluğu 8900 metr olan su xətti çəkilib və tamamən təbii bulaq suyunun şəhərə verilməsi məhz bu xətt ilə gerçəkləşir. Yağış sularının axıdılması üçün və kanalizasiya xətləri də tamamlanaraq istifadədədir. Bütün kommunikasiya xətləri şəhərin estetik gözəlliyinin pozulmaması üçün məhz yeraltı olaraq çəkilib. Həmçinin Laçın şəhərində 1974-cü ildə tikilən kinoteatr binası artıq yenidən əsaslı təmir olunaraq istifadəyə verilib. Laçın şəhərində modul tipli xəstəxana, aptek, məktəb, marketlər əhali üçün xidmətini yüksək səviyyədə davam etdirir. Bundan başqa, Laçın şəhəri ərazisində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə birlikdə hazırlanan ictimai nəqliyyatın təşkili ilə bağlı layihə üzrə marşrut xətləri xəritə üzərində tərtib olunub və yaxın günlərdə Laçında ictimai nəqliyyatın fəaliyyəti gerçəkləşəcək".

Laçın şəhər sakini Bəxtiyar Həsənov deyir ki, doğma yurdunda yaşamaqdan qurur duyduğunu bildirib: "Laçında yaşayıram və doğma yurdumda fabrikdə işləyirəm. Burada mənimlə birgə işləyənlərin demək olar hamısı laçınlılardır".

Fabrikdə iş üçün gözəl şəraitin yaradıldığını deyən B.Həsənov onların Laçına qayıdışına və işlə təmin olunmalarına görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Laçında məskunlaşan İsgəndər Nəcəfov bildirib ki, o, digər laçınlılar kimi 31 il yurd həsrəti ilə yaşayıb. Köçkün həyatı yaşadıqları dönəmlərdə bir neçə rayonda məskunlaşmalı olublar. Bu həsrət artıq bitib. Onlar yenidən doğma yurdlarına qayıdıblar. Ailə başçısı İsgəndər Nəcəfov deyir ki, Laçına qayıdanda sanki yenidən dünyaya gəldiyini və yeni bir həyata başladığını hiss edir: "1992-ci il mayın 18-də Laçından məcburi köçkün düşdük. Lakin hər zaman doğma yurda yenidən qayıdacağımıza inanırdıq. Vətənin hər bir qarışı bizim üçün əzizdir, amma insanın doğulub boya-başa çatdığı yer daha şirindir. 31 il həsrətlə yaşadığımız o nisgilli dönəmlər şükürlər olsun ki, artıq bitib. Biz 2023-cü ilin mayın 28-də Laçına qayıtdıq. Bura gəldiyim andan sanki yeni bir həyata başaldığımı hiss etdim. Çünki Laçını daha gözəl, daha abad gördüm. Biz ailə olaraq iki mərtəbəli, 6 otaqlı evlə təmin olunmuşuq və burada hər bir şərait yaradılıb. Hətta həyətimizdə meyvə ağaclarına qədər var. Bütün kommunal ödənişlərdən azadıq, hətta burada bizə çörəkpuluna qədər dövlət tərəfindən ödəniş olunur. Şəhərin də hər bir yeri abadlaşdırılıb. Uşaqlar üçün əyləncə meydançası, istirahət parkı, Laçın bulvarı gözəlliyi ilə göz oxşayır. Biz Laçında məskunlaşdıqdan sonra, həmçinin işlə təmin olunmuşuq. Ailəmizindən dörd nəfər öz sahəsi üzrə çalışır".

31 il əvvəl övladları ilə məcburi şəkildə Laçını tərk etməli olduğunu deyən Mirvari Nəcəfovanın söylədiyinə görə, kədər göz yaşları ilə çıxdıqları Laçına sevinc göz yaşları ilə qayıdıblar: "Laçın əvvəllər də gözəl idi, lakin erməni işğalı zamanı biz doğma elimizdən, obamızdan ayrı düşdük. Ötən müddət ərzində erməni vandalları bu bənzərsiz yerləri viran qoymuşdu. İndi Laçın dövlətimizin səyi, diqqəti, qayğısı ilə öz əvvəlki şöhrətinə qayıdır, bura günü-gündən abadlaşır, gözəlləşir. Bura çatanda Laçının əsl laçın çağlarını gördüm. Gözəl evlər, abadlaşan yollar və Laçınımızın göz oxşayan təbiəti bizləri yenidən valeh etdi. İndi bizlər üçün həyat yenidən davam edir. Hazırda övladlarımla birlikdə yaşayıram və hiss edirəm ki, Laçın hər ötən gün gözəlləşir və daha gözəl günlər bizləri gözləyir".

Sevinc QARAYEVA

 





17.11.2023    çap et  çap et