525.Az

Rusiyada vətəndaş etirazları güclənir - Xaqani Cəfərli yazır


 

Rusiyada vətəndaş etirazları güclənir - <b style="color:red"> Xaqani Cəfərli yazır</b>

Ukraynaya qarşı müharibəni davam etdirə bilməməsi üçün Rusiyanı neft-qaz gəlirlərindən məhrum etməyə çalışan Vaşinqton sanksiyaları sərtləşdirməklə yanaşı, qadağaların icrasına nəzarəti də gücləndirməyə başlayıb. Artıq Rusiya neftinin sanksiyalarından yan keçərək nəqli üçün Moskvanın yaratdığı "kölgə donanması"na qarşı tədbirlərə start verilib. ABŞ Maliyyə Nazirliyi noyabrın 16-da "qiymət tavanı" mexanizmini pozaraq Rusiya neftini daşıyan 14 şirkətə və üç tankerə qarşı sanksiyalar tətbiq etdiyini açıqlayıb. Tətbiq edilən sanksiya nəticəsində Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatdan keçmiş üç şirkətin - "Kazan Shipping Incorporated", "Progress Shipping Company Limited" və "Gallion Navigation Incorporated"in bütün aktivləri dondurulub. Onların ABŞ şirkətləri ilə əməliyyatları qadağa edildiyi kimi dollarla əməliyyatlar həyata keçirmələri də yasaqlanıb. ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo bildirib ki, "qiymət tavanı"nı pozaraq Rusiya neftinin ticarəti ilə məşğul olan daşıma şirkətləri və gəmilər müəyyən olunduqca Vaşinqton tərəfindən məsuliyyətə cəlb ediləcək. Nazir müavini bildirib ki, "qiymət tavanını"nı pozmağa kömək edənləri amansızcasına cəzalandırmaq niyyətindədirlər.

Avropa İttifaqı isə Danimarkaya Qərb sığortası olmadığı təqdirdə Rusiya nefti daşıyan tankerlərə boğazları bağlamağa imkan verəcək plan hazırlayır. Rusiyanın dəniz neft ixracının təxminən 60 faizi dar Danimarka boğazlarından keçir. Ekspertlər bildirirlər ki, Danimarka "Birləşmiş Millətlər Təşkilatının "Dəniz hüququ haqqında" Konvensiyasına əsaslanaraq Qərb sığortasına malik olmayan gəmilərin Baltik dənizindəki dar boğazdan keçidini qadağan edə bilər. Bu isə Rusiyanın neft ixracatına ağır zərbə vuracaq. Oktyabr ayında Rusiyanın qərb və şərq limanlarından ixrac etdiyi nefti daşıyan 134 tankerdən yalnız 37-sinin, yəni cəmi 28 faizinin Qərb sığortası olub. ABŞ-ın və Avropa İttifaqının "qiymət tavanı"nın təmin edilməsinə yönəlik tədbirləri Rusiyanın onsuz da azalan gəlirlərinin daha da azalmasına səbəb olacaq. Bu isə ölkədə sosial-iqtisadi vəziyyəti daha pisləşdirə və acların qiyamına səbəb ola bilər. Bu qiyamın "ayaq səsləri" isə artıq eşidilməkdədir.

Buzqıran gəmilər və dənizdə qazma platformaları inşa edən Vıborq Gəmiqayırma Zavodunun işçiləri maaşlarının kəsilməsindən sonra tətilə başlayıblar. Vıborq Gəmiqayırma Zavodunun daxil olduğu Birləşmiş Gəmiqayırma Korporasiyası ABŞ-ın sanksiyaları altındadır və buna görə korporasiya ötən il 20 milyard rubl zərər çəkib. İş yerlərini itirən və ya əmək haqlarını ala bilməyən işçilərin tətillərinin kütləviləşəcəyi gözlənilir.

Rusiya Federal Vergi Xidmətinin rəis müavini Konstantin Çekmışev noyabrın 15-də bildirib ki, müflisləşən şirkətlərin sayında "böyük artım" müşahidə olunur. Çekmışev bildirib ki, yanvar-iyun aylarında Rusiya məhkəmələri tərəfindən baxılan iflas işlərinin sayı təxminən 25 faiz artaraq 50.3 mindən 62.6 minə çatıb. Federal Vergi Xidmətinin rəis müavini yaranmış acınacaqlı vəziyyəti belə ifadə edib: "Təəssüf ki, cəmi altı ay ərzində belə ciddi, nəhəng artımla qarşılaşdıq". Vəziyyətin fəlakətli olduğunu göstərən başqa bir məlumat isə ondan ibarətdir ki, hazırda məhkəmələrdə 150 minə qədər müflisləşmə ilə bağlı iş var. Daha bir milyon məhkəmə mübahisəsi isə iflas haqqında baxılan işlərlə bağlı yaranan ayrı-ayrı işlərdir.

Federal Dövlət Statistika Xidmətinin məlumatına görə, sentyabrın 1-nə Rusiya şirkətlərinin vaxtı keçmiş kreditor borcları 4.394 trilyon rubla çatıb. Məlumatda o da qeyd edilir ki, vaxtı keçmiş borcların ən yüksək səviyyəsi istehsal şirkətləri arasındadır. İstehsal şirkətlərinin borcu 1.417 trilyon rubl təşkil edir. Borc səviyyəsinə görə ikinci yerdə olan pərakəndə və topdansatış şirkətlərinin borcu 718.7 milyard rubldur. Rusiya iqtisadiyyatının əsasını təşkil edən enerji və mədən sektorunda çalışan şirkətlərin də yüz milyardlarla rubl borcu var.

Rusiya hakimiyyəti isə çııxş yolunu "kəməri sıxmaq"da və vətəndaş hüquqlarını məhdudlaşdırmaqda görür. Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev regionlarının və federal hakimiyyət orqanlarının rəhbərlərini iqtisadiyyatı səfərbər etməyə çağırıb. Patruşev qubernatorlara və məsul federal məmurlara kritik obyektlərin təhlükəsizliyini, o cümlədən, onların pilotsuz təyyarələrin hücumlarından qorunmasını təmin etməklə yanaşı, iqtisadiyyatı səfərbər etməyi "şəxsi nəzarətdə saxlamağı" tapşırıb.

Rusiyada Prezident Putindən sonra faktiki olaraq ikinci şəxs hesab olunan, radikal baxışları ilə fərqlənən Patruşev ardıcıl olaraq iqtisadi özünütəcridinin gücləndirilməsini təşviq edir. Bir neçə gün öncə Patruşev 1990-cı illərin əvvəllərində həyata keçirilmiş liberal islahatları kəskin tənqid edərək, bunun "kütləvi yoxsulluğa", "sənayenin məhvinə" və "siyasi-iqtisadi suverenliyin tamamilə itirilməsinə" səbəb olduğunu bildirib.

Qərbin sanksiyaları ilə qadağan olunan xarici malları əldə etməyə imkan verən "paralel idxal"ın məhdudlaşdırılması ilə bağlı təkliflə çıxış edən Patruşev işadamlarını şoka saldı. Patruşev hesab edir ki, "paralel idxal" mexanizmi yerli innovasiyaların inkişafına mane olur. İş adamları iqtisadiyyatın idarə edilməsində heç vaxt iştirak etməmiş Patruşevin bu çağırışından şoka düşsələr də, hökumət rəsmiləri dərhal hərəkətə keçməyə başlayıblar. Sənaye və Ticarət Nazirliyi bəzi qeyri-ərzaq istehlak mallarının idxalına qadağa tətbiq etmək imkanını nəzərdən keçirir. Rusiyada qeyri-ərzaq istehlak mallarının pərakəndə satış dövriyyəsi ildə 25 trilyon rubla çatır ki, bunun da 15 trilyon rublu idxalın payına düşür. Sənaye və Ticarət Nazirliyi 15 trilyon rublluq ticarət dövriyyəsi olan qeyri-ərzaq istehlak mallarının idxalatını qadağan etməklə yerli istehsalın yaranmasına və ya güclənməsinə səbəb olacağını planlaşdırır. İş adamları isə bu proqnoza çox bədbin yanaşırlar.

İş adamlarının gələcəklə bağlı bədbinliyinin artdığı, şirkətlərin müflisləşməsinin sürətləndiyi və fəhlə tətillərinin başlandığı bir zamanda ərlərinin müharibədən qayıtmasını tələb edən qadınların aksiyaları da artmağa başlayıb. Rusiya hakimiyyəti isə bu aksiyaların qarşısını almaq üçün vətəndaş azadlıqlarını daha məhdudlaşdırmağa çalışır. Kemerovo vilayətində və Krasnoyarsk diyarında polis aksiya keçirmək istəyən qadınların evlərinə basqın edib. Yaxınlarının geri qaytarılmasını tələb edən qadınların hərəkatı isə genişlənir.

Müharibə bölgəsindən gələn xəbərlər də Rusiyanın qiyam ərəfəsində olduğunu təsdiqləyir. Əsgərlər zabitlərin pis rəftarından, silah, geyim və çörək çatışmazlığından şikayət edirlər. Rusiya ordusunun son zamanlar ağır itkilər verməsi də qiyam ərəfəsində olan cəmiyyətdə gərginliyi artıran digər bir amildir.

 

 





20.11.2023    çap et  çap et