|
|
|
|
Türkiyə 40 ədəd "Eurofighter Typhoon" almaq üçün Böyük Britaniya və İspaniya ilə danışıqlar aparır. Bu barədə müdafiə naziri Yaşar Gülər Böyük Millət Məclisində çıxışı zamanı deyib: "Biz satınalmalar üzərində işləyirik. İndi Böyük Britaniya və İspaniya Almaniyanı razı salmaq üçün səy göstərirlər. Mümkünsə, 40 "Eurofighter Typhoon" almağı planlaşdırırıq".
Ankara həmçinin Vaşinqtonla F-16 qırıcılarının almaqla da bağlı danışıqlar aparır. Türkiyə hətta İsveçin NATO üzvlüyünü F-16 qırıcıları ilə satışa Konqresin razılıq verməsi ilə bağlamağa da çalışır. ABŞ Dövlət Departamenti Konqresin Türkiyəyə 20 milyard dollarlıq F-16 qırıcı təyyarələri satılmasına razılıq verməsini isitəyir.
Türkiyənin təcili şəkildə ABŞ-dan F-16 qırııcıları və yaxud da Böyük Britaniyadan "Eurofighter Typhoon" təyyarələri almağa çalışması təsadüfi deyil. Tarixdə ilk dəfədir ki, Yunanıstanın hərbi hava qüvvələri Türkiyə qüvvələrindən üstün vəziyyətə keçib. Bunun səbəbi Yunanıstanın Fransadan 24 ədəd "Rafale" döyüş təyyarəsi alması idi. Ötən il gerçəkləşdirilən bu əməliyyat üçün Yunanıstan 24 "Rafale" döyüş təyyarəsi və 3 freqat üçün 5.5 milyard avrodan çox pul ödəmişdi. Yunanıstan 2025-ci ilədək daha 16 "Rafale" təyyarəsi alaraq ümumi sayı 40-a çatdırmağı çalışır.
Türkiyə isə son 21 ildə bir dənə də olsa təyyarə almayıb. Buna görə də Yunanıstanla rəqabətdə geri düşüb. İndi Ankara təcili sürətdə bu geriliyi aradan qaldırmağa çalışır. Ancaq bu, asan deyil. ABŞ Konqresindəki müəyyən qruplar Türkiyəyə F-16 qırıcılarının satılmasına qarşıdırlar. Buna görə də Ağ ev Türkiyəyə 40 ədəd F-16 qırıcısının satılmasını gerçəkləşdirə bilmir. Bu səbəbdən də Türkiyə Britaniyadan "Eurofighter Typhoon" təyyarələri almağa çalışır. Amma bunun üçün Almaniyanın da razılığı lazımdır. Əks halda Türkiyənin bu cəhdi də nəticəsiz qalacaq. İsrailin Qəzzaya qarşı həyata keçirdiyi əməliyyatlardan sonra Türkiyənin Tel-Əvivlə olduğu kimi, Berlinlə də münasibətlərində gərginlik yaranıb. Almaniya parlamentinin deputatları hökumətdən Türkiyə qarşı daha sərt mövqe tutmağa çağırırlar. Hətta bəzi deputatlar Türkiyə Prezidentinin Berlində qəbul edilməsindən imtina olunmasını tələb ediblər. Ona görə də çox böyük ehtimalla, Türkiyənin Britaniyadan "Eurofighter Typhoon" təyyarələri alması çətin olacaq.