|
|
|
|
Bu gün bir çox dünya ölkələrində moqapolis şəhərlərə insan axınının qarşısını almaq məqsədilə müxtəlif yönümlü proqram və layihələr hazırlanıb icra olunur. Artıq son onilliklərdə şəhərləşmə - əhalinin kütləvi şəkildə şəhərlərə axını bir sıra fəsadlar yaratmağa başlayıb.
Bu gün paytaxt Bakıya kütləvi axın da az problemlər yaratmır. Paytaxtda əhali sıxlığının yaratdığı qayğılar hər addımda hiss olunur. İşıq, qaz, su, kanalizasiya və digər kommunal xidmət sahələrində əmələ gələn yüklənmə, yollarda tıxacların yaranması, havanın çirklənməsi bu sıraya aid edilən problemlərdəndir.
Millət vəkili Qüdrət Həsənquliyev deyir ki, bölgələrdə iş, biznes qurub az-çox uğur qazanan, dolanışığı yaxşı olan insanlar da Bakıya üz tuturlar. Paytaxtdan mənzil alır, işlərini, bizneslərini şəhərdə davam etdirməyə maraq göstərirlər: "Nəticədə bölgələrimiz boşalır. İnsanların bölgələrə üz tutması, Bakıya axının önlənməsi üçün ciddi iqtisadi və hüquqi islahatlar aparılmalı, vergi sahəsində çox böyük dəyişikliklər, güzəştlər nəzərdə tutulmalı, stimullaşdırıcı addımlar atılmalıdır. Əks halda insanların paytaxta axını davam edəcək".
Millət vəkili Vahid Əhmədovun sözlərinə görə, hazırda paytaxtda müşahidə edilən sıxlıq, saatlarla davam edən tıxaclar nəticəsində artan narazılıqların aradan qaldırılması üçün müvafiq addımlar atılmalıdır: "Bu məqsədlə bəzi nazirliklərin paytaxtdan kənara köçürülməsi məqsədəuyğun olar. Ayrı-ayrı nazirliklərin köçürülməsi ilə yeni bir şəhər də yaratmaq mümkündür. Bununla Bakıdakı sıxlıq və tıxacların qarşısı da alınar. Kənd təsərrüfatı, ekologiya və digər sahələrlə bağlı nazirliklər köçürülə bilər. Məqsəd ondan ibarət olmalıdır ki, Bakı məruz qaldığı ağır yükdən azad edilsin. Dünyanın bir çox ölkələrində belə layihələr həyata keçirilir və müsbət nəticələr də var. Azərbaycanın iqtisadi potensialı imkan verir ki, bəzi nazirliklər yaxın ərazilərə köçürülsün".
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin fikrincə, əslində isə şəhərin sıxlaşmağa deyil, genişlənməyə ehtiyacı var. Bugünkü mənzərəyə əsasən isə demək olar ki, şəhərdə elə sıxlıq yaradılıb ki, Bakı ilə Sumqayıt bir-birinə bitişib. Çıxış yolu olaraq universitetlərin, böyük idarələrin, nazirliklərin bəziləri şəhərdən, ümumiyyətlə Bakıdan kənara çıxarsa, böyük bir kütlə həmin mərkəzlərin yerləşdiyi ünvanlara üz tutacaqlar, sıxlıq da müəyyən qədər azalacaq. Lakin təəssüflər olsun ki, bu gün bölgələrin əksəri axıb Bakıya gəlib. Bölgələr inkişaf etsə, Bakıda sıxlıq bu dərəcədə olmaz.
Bakının mərkəzində sıxlığın qarşısını almaq üçün ekspertin başqa bir təklifi də var: "Avropada paytaxt şəhərlərdə 16-17-ci əsrə aid binalar qorunaraq saxlanılır, lazımi vaxtda restavrasiya olunur. Həmin binalara xüsusi xidmət olunur ki, onlar baxımlı vəziyyətdə qalırlar. Restavrasiya işləri mütəmadi aparılsa, binaların hamısını sökməyə ehtiyac olmayacaq. Bakının mərkəzindəki arxitektura binaları Bakının tarixidir. O tarixi söksək, demək ki, Bakının tarixini sildik. ümumiyyətlə, mərkəzdə hündürmərtəbəli binaların tikintisinə icazə verilməməlidir. Son nəticə olaraq bu qənaətə gəlmək olar ki, mərkəzdəki bir sıra idarələr, ali təhsil mərkəzlərinin binaları rayonlara köçürülməli və rayonlarda da iqtisadi fəallıq artırılmalıdır".
İqtisadçı ekspert Natiq Cəfərli qeyd edir ki, paytaxtda iş yerləri və xidmət sahələrinin çoxluğu, sosial imkanlar, həmçinin təhsilin əlçatan olması bölgələrdə yaşayan əhalinin Bakıya köçməsinə səbəb olub. Daha gəlirli iş və normal yaşamaq arzusu kütləvi köçün əsas səbəblərindəndir. İqtisadçının dediyinə görə, Bakıya kütləvi axın regionlarda iqtisadi inkişafa mənfi təsir göstərir: "Regionlarla Bakı arasında iqtisadi fərqin azaldılması, eyni zamanda, bölgələrdə sosial tələbatların ödənilməsi üçün infrastuktur yaxşılaşdırılmalıdır ki, kənddən şəhərə gələnlərin sayı azalsın. İqtisadi fürsətlər Bakıdadır. Ona görə də əhali paytaxta axın edir. Məskunlaşma iqtisadi fürsətlərlə bağlıdır. Doğrudur, burada iqlim və təbii şərait də az əhəmiyyət daşımır. Amma əsasən, iqtisadi fürsətlər rol oynayır. Harda ki iqtisadi fürsətlər genişdir, orada məskunlaşma da sıxdır. İqtisadi fürsətlərə sənaye, emal müəssisələri, fabrik, zavodlar, əkinə yararlı torpaqlar və s. daxildir. İqtisadi imkanlar çoxaldıqca, daxili miqrasiya da artır. Niyə son illər Bakıya böyük axın oldu? Çünki paytaxtda iş imkanları genişləndi. Sadəcə, tikinti sektorunu xatırlatmaq yetərlidir".
Natiq Cəfərli vurğulayıb ki, bəzi bölgələrdə iqtisadi fürsətlərin azalması əhalinin şəhərlərə axın etməsi ilə nəticələnib: "Bakıda, Sumqayıtda, Gəncədə hər zaman sıx məskunlaşma olub. 21-ci əsrdə isə məskunlaşma yüksək həddə çatdı. Çünki bu şəhərlərdə iş və qazanc imkanları var. Bakı ilə regionlar arasındakı kəskin fərqlər də paytaxta axını sürətləndirən əsaslı səbəblərdəndir".
Natiq Cəfərli hesab edir ki, qeyri-təbii urbanizasiyanın qarşısını almaq üçün bölgələr üzrə iqtisadi göstəricilərin dəyişməsinə çalışmaq lazımdır: "Bölgələrə daha çox investisiya yatırmaq, dövlətin təşəbbüslərindən başqa, sahibkarların, iş adamlarının da investisiya yatırmasına nail olmaq, rəqabət mühitinin yaxşılaşdırılmasına çalışmaq lazımdır. Dünya praktikasında iqtisadi inkişafı və bundan irəli gələrək məskunlaşma səviyyəsini yüksəltmək üçün bir sıra güzəştlər tətbiq edilir. Məsələn, ABŞ-ın Alyaska ştatı sərt iqlimi ilə tanınır. Bu səbəbdən təbii ki, orada məskunlaşma da azdır. Amma ABŞ hökuməti Alyaskaya marağın artması üçün oranı ən az vergi alınan bölgə elan edib. Bu da iş adamlarının marağına səbəb olur. Azərbaycanın hər bölgəsi nəyləsə seçilir, fərqlənir. Sadəcə, bu fərqli cəhətlərdən çıxış edərək, hər bölgənin spesifik xüsusiyyətinə uyğun iqtisadi fürsətlər yaradılmalıdır. Pilot layihələr həyata keçirilə, dediyim kimi, vergi siyasətində fərqlilik tətbiq edilə bilər. O cümlədən, yerli əhalinin mədəni tədbirlərə, informasiya-kommunikasiya texnologiyalarına sərbəst çıxışı təmin edilməlidir ki, bölgəni tərk etmək məcburiyyətində qalmasınlar, əksinə, başqa rayonlardan, şəhərlərdən ora axın artsın. 21-ci əsrdə şəhərlə kənd arasında dərin fərqlər olmamalıdır. Belə fərqlər olduqda, kənd sıxıcı hala gəlir və əhali də şəhərlərə üz tutur".
Ekspert qeyd edib ki, inzibati yolla bölgələrdən Bakıya üz tutan insanların qarşısını almaq mümkün deyil. Bu, Konstitusiyaya da ziddir. Lakin iqtisadi fürsətlərin regionlara verilməsi, dövr etməsi, bir çox universitetlərin, nazirliklərin, həmçinin bir sıra instansiya məhkəmələrinin regionlara köçürülməsi, işğaldan azad olunan ərazilərdə normal inkişaf proqramları Bakının yükünü azalda bilər: "Kəndli krediti də, gübrəni də, texnikanı da, əkini üçün zəruri olan suyu da asan əldə etməlidir. Onun məhsulu ədalətli qiymətə alınmalıdır. Bu məsələlər hökmən həllini tapmalıdır. Əks halda əhalinin kəndlərdən şəhərə axını gərginlik yaradacaq və biz aqrar sektorun imkanlarından lazımınca istifadə edə bilməyəcəyik. Bunun üçün düşünülmüş və iqtisadi fürsətləri genişləndirən strateji hədəf, plan lazımdır. Təəssüf ki, hələlik bu cür strateji planın olduğunu demək mümkün deyil. Ona görə də Bakının yükü artmaqda davam edir".
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, millət vəkili Tahir Rzayev isə bildirib ki, bu gün Bakı çox yüklənib. Bu da paytaxtda sıxlıq yaradır, nəqliyyatın hərəkətini çətinləşdirir: "Bu gün regionlarda aqrar sektor inkişaf edir, yeni sənaye məhəllələri, aqroparklar, emal müəssisələri yaradılır ki, bu da yeni iş yerlərinin açılması və əhalinin işlə təmin olunması deməkdir. Bölgələrdə sahibkarlığın inkişafına təkan verilib. Bundan sonra da regionların iqtisadi və təbii potensialından səmərəli istifadə ediləcək. İşğaldan azad edilən ərazilərdə insanların yaşaması, işləməsi üçün bütün imkanlar yaradılacaq. Azərbaycanın uzunmüddətli inklüziv inkişaf modelinə uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə müasir istehsal infrastrukturunun yaradılması, yeni texnologiyaların tətbiqinə yönəlmiş investisiyaların cəlb edilməsi, bölgənin potensialının effektiv reallaşdırılması əsas hədəfdir".
Dünyanın bir çox inkişaf etmiş ölkələrində ali təhsil müəssisələri müxtəlif şəhərlərdə yerləşir. Burada əsas məqsəd bir şəhərə kütləvi axının və insan sıxlığının qarşısını almaqdır. Azərbaycanda isə demək olar ki, bütün universitetlər paytaxtda cəmləşib. Bu da ali təhsil almaq istəyən gənclərin paytaxtda toplanmasına səbəb olur. Nəticədə şəhərdəki sıxlıq daha da artır.
Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, Azərbaycan dünyaya inteqrasiya edir. Artıq tələbələrin kampusları olmalıdır. Amma paytaxtın mərkəzindəki universitetlərin buna imkanı yoxdur. Mütləq şəkildə tələbələrin yataqxana, kitabxana, məişət-iaşə məsələləri həll olunmalıdır: "Universitetlərin şəhərin mərkəzindən kənarlara köçürülməsi ilə bağlı layihələr inkişaf etmiş ölkələrdə uzun illərdir ki, həyata keçirilir. Qonşu Türkiyədə universitetlərin çoxunun tələbə şəhərcikləri var. Bu tip tələbə şəhərcikləri tələbələrin təhsili, istirahəti və yaşaması üçün bütün sosial obyektlərlə təmin olunub. Avtomobili olmayan tələbələr isə aylıq ödəniş etməklə, xüsusi avtobuslarla universitetə gedib gələ bilərlər. Şərait yaradılacağı halda tələbələr əlavə vaxt itkisinə yol verməyəcəklər. Çünki kitabxana və yataqxana üçün başqa yerlərə getməyəcəklər. Məlum olduğu kimi, universitetdən çıxaraq qaldıqları yerə, kitabxanaya getmək kimi işlər artıq vəsait və vaxt tələb edir. Universitetlərin kampus şəklində bir çətir altında toplanması isə tələbələrin ciblərinə müəyyən dərəcədə xeyir verəcək. Düşünürəm ki, bu, yaxın vaxtlarda reallaşa bilməz. Çünki neftdən gələn gəlirlər ciddi şəkildə azaldığı, dövlət büdcəsində müəyyən ixtisarlar həyata keçirildiyi üçün bu tipli iritutumlu layihələrin reallaşması yaxın illərdə mümkün deyil. Əgər bu layihə reallaşsa, ilk növbədə bir-birindən uzaq məsafədə tədris binaları olan universitetləri vahid bir yerə köçürmək mümkündür. Bu tipli ali təhsil müəssisələri Dillər Universiteti, Slavyan Universiteti və Pedaqoji Universitetidir. Məhz bu ali təhsil müəssisələri şəhərin mərkəzində yerləşir və tıxacların yaranmasına səbəb olur. Həmçinin düşünürəm ki, Memarlıq və İnşaat Universiteti, Texniki Universitet daha çox texniki zonada olmalıdır. Məsələn, Sumqayıtda Prezidentin sərəncamı ilə iqtisadi zona, texniki mərkəz yaradılıb. Yaxud Dənizçilik Akademiyasını Ələtdə dənizlə bağlı yaradılan əraziyə köçürmək lazımdır. Tibb Universitetinin tələbə kontingenti böyükdür və onu Qəbələyə köçürmək olar, çünki Qəbələnin təbiəti gözəldir. Bəzən deyirlər ki, regionlarda infrastruktur yoxdur. İnfrastrukturlar yavaş-yavaş formalaşacaq. Xatırladım ki, regionların iqtisadi inkişaf proqramı var. Bu, regionların inkişafına, əlavə iş yerlərinin açılmasına gətirib çıxaracaq".
Sevinc QARAYEVA