525.Az

Heydər Əliyev sözün gücünə və müdrikliyinə inanırdı - Vilayət Quliyevlə müsahibə


 

Heydər Əliyev sözün gücünə və müdrikliyinə inanırdı - <b style="color:red"> Vilayət Quliyevlə müsahibə</b>

 Xalq yazıçısı Elmira Axundova Ümummilli lider Heydər Əliyev haqqında onlarla kitabın müəllifidir. Çoxcildlik "Heydər Əliyev. Şəxsiyyət və zaman" sənədli epopeyası üzərində işlərkən Azərbaycanda, keçmiş Sovet İttifaqında və dünyanın müxtəlif ölkələrində dövlət adamları, ictimai-siyasi və mədəniyyət xadimləri, görkəmli yaradıcı ziyalılarla görüşərək anadan olmasının 100 illiyini hörmət və minnətdarlıq hissi ilə qeyd etdiyimiz Ulu öndəri müxtəlif rakurslardan görməyə imkan verən 150-dən çox müsahibə alıb. "525-ci qəzet" həmin materiallardan birini - keçmiş xarici işlər naziri, tanınmış ədəbiyyatşünas alim, ölkəmizin Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyevlə müsahibəni oxuculara təqdim edir.

 

Xalq yazıçısı Elmira Axundovanın keçmiş xarici işlər naziri, səfir Vilayət Quliyevlə müsahibəsi

 

(Əvvəli ötən saylarımızda)

 

E.A. - Prezident xarici səfərlərində də imkan daxilində Azərbaycan dilində danışır və ən müxtəlif səviyyələrdə dövlət dilimizə ehtiramla yanaşılmasına diqqət yetirirdi. Yəqin ki, birlikdə işlədiyiniz müddət bunun da şahidi olmusunuz.

V.Q. - Haqlısınız. Sizə maraqlı və ibrətamiz bir əhvalat danışım. Heydər Əliyevin İran İslam Respublikasına rəsmi səfərinin sonuncu günü ali dini rəhbər Seyid Əli Xameneyi ilə görüş nəzərdə tutulmuşdu. Onun - islam inqilabı liderlərindən birinin çox sayıqlıqla qorunan kiçik, sadə iqamətgahına gələndə artıq Prezident Xatəmi, xarici işlər naziri Xərrazi, Xameneyinin xarici siyasət məsələləri müşaviri Vilayəti, bəzi nazirlər İran adətincə ayaqqabılarını soyunub qəbul otağında gözləyirdilər. Amma bizim üçün istisnaya yol verdilər. Zala ayaqqabılı keçməyimizə etiraz etmədilər.

Ayaqqabı məsələsi yadıma görkəmli rus yazıçısı və Rusiya imperiyasının Fətəli şah Qacar sarayındakı vəziri-muxtarı, yəni səlahiyyətli naziri A.S.Qriboyedovun acı taleyini saldı. Şah sarayının protokoluna görə əcnəbi elçilər də daxil Fətəli şahın hüzuruna gələn hər kəs ayaqqabılarını soyunmalı idi. Xaricilər istehza ilə bu qəribə adətə "corab diplomatiyası" adı vermişdilər. Amma müharibədə qələbə çalan dövlətin - Rusiya imperiyasının səfiri protokol tələblərinə əməl etməmişdi. Şahın hüzuruna süvarilərin geydiyi uzunboğaz çəkmələrdə gəlmişdi. Bu da azmış kimi yerdə oturmaq istəməmiş, kreslo gətirilməsini tələb etmişdi.

Şah saray adamlarının gözü qarşısında alçaldılmışdı. Şərqdə bu cür dikbaşlığı heç zaman cəzasız buraxmırlar.

Ayaqqabılarını soyunmaq istəməyən Qriboyedov başından keçməli olmuşdu.

"Qəribə işdir, - deyə öz-özümə düşündüm. - Şahı deviriblər, amma şah sarayının protokol qaydalarından əl çəkmək istəmirlər".

Ali dini rəhbər Heydər Əliyevi mərasim zalının qapısında qarşılayıb səmimi şəkildə görüşdü. Aralarında Azərbaycan dilində söhbət başlandı. Həm İran nümayəndə heyəti, həm də biz sakitcə dayanıb söhbətə qulaq asırdıq. İran tərəfi deyə bilmərəm, amma təbii ki, biz danışılanları tam başa düşürdük.

Ümumi hal-əhval sözlərindən sonra Heydər Əliyev Xameneyidən soruşdu.

- Yaxşı, Xamnədə (Təbriz yaxınlığında Xameneyinin doğulduğu kənd - V.Q.) nə var, nə yox?

- Sən Xamnəni də bilirsən? - deyə İranın ali dini rəhbəri heyrətini xalis Təbriz ləhcəsi ilə ifadə etdi.

- Əlbəttə, bilirəm, tanıyıram. Xamnə çox məşhur yerdir. Həm də təkcə sizin vətəniniz kimi yox. Azərbaycanın böyük şəxsiyyətlərindən olan Mirzə Fətəli Axundzadə də əslən Xamnədəndir. Sizin həmkəndlinizdir. Ümid eləyirəm ki, Axundzadənin adını eşitmis olarsınız.

- Bəli, haradasa eşitmişəm. - deyə Xamneyi həvəssiz, ağızucu cavab verdi.

Ali dini rəhbəri başa düşmək mümkün idi. Yəqin ki, bütün həyatı boyu fanatizmə qarşı mübarizə aparan, müstəbid İran rejimi haqda biri-birindən kəskin ittihamlar irəli sürməkdən çəkinməyən məşhur "Kəmalüddövlə məktubları" traktatının müəllifi ilə həmyerli olmasından o qədər də qürur duymurdu.

Xamenei Heydər Əliyevin fəaliyyətinin Moskva dövrü, keçmiş sovet rəhbərliyinin Azərbaycana münasibəti, Qarabağ danışıqlarındakı yeniliklər, Ermənistanın mövqeyi haqqında bir neçə sual verdi. Prezident də öz növbəsində İranın həm Ermənistan, həm də Azərbaycanla qonşu dövlət kimi bu məsələdəki mövqeyi ilə maraqlandı. Təbii ki, ali dini rəhbər ümumi sözlərdən uzağa getmədi. Görünür, siyasi söhbətlərdən uzaqlaşmaq üçün Heydər Əliyevi səhhəti ilə bağlı sorğu-sual etməyə başladı. Sonra özünün sağlamlıq durumundan danışıb 1980-ci ildə məsciddə törədilən terror aktı nəticəsində sağ qolunun yaxşı işləmədiyindən, ciyərinin zədələndiyindən şikayətləndi. İran-İraq müharibəsi zamanı cəsur səhra komandirlərindən biri kimi tanınan bu adamın ziyalı görkəmi və pianoçu əllərini xatırladan uzun, zərif barmaqları diqqətimi çəkdi. Yadıma düşdü ki, Xameneyi siyasi xadim olmaqla yanaşı, həm də poeziya bilicisi və şairdir. Vəzifə baxımından ölkə prezidentindən yüksəkdə dayansa da, yenə şeir məclislərində həvəslə iştirak edir. Azərbaycan türkcəsində kifayət qədər səlis və axıcı şəkildə, bütün təbrizlilər kimi şirin ləhcə ilə danışırdı.

Həmin anlarda düşünürdüm ki, başları sərvət toplamağa, eyş-işrətə qarışmış Qacarlar indi İran adlanan dövlətin hakimiyyət sükanını farslara verib tədricən özləri də farslaşmasaydılar, yaxud ən azı 1945-1946-cı illərdə Seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi 21 Azər hərəkatı qalib gəlsəydi, nə qədər fərqli (və gözəl!) bir mənzərə yaranardı! O taylı-bu taylı Azərbaycan mühüm geosiyasi mövqeyi, zəngin təbii sərvətləri, milli ruhlu və çağdaş fikirli vətəndaşları ilə Yaxın Şərqin qardaş Türkiyə qədər qüdrətli, aparıcı dövlətlərindən birinə çevrilərdi. Onda heç Şuşanı da, həmin dövrdə erməni-fars işburliyinin tüğyan etdiyi Qarabağı da itirməzdik...

Amma nə yazıq ki, tarix feilin şərt şəklini qəbul etmir. Reallıq isə hələlik bütün niyyət və arzularımızdan çox uzaq, çox fərqli idi...

Nəhayət, danışıqlar masasına dəvət olunduq və söhbətin rəsmi hissəsi başladı. Təbii ki, Xameneyi dərhal təmsil etdiyi İranın rəsmi dilinə - farscaya keçdi. Burada təəccüblü bir şey yox idi - dövlət dilində danışmalı idi. Təəccüblü olan dediklərinin ruscaya, həm də naşı, bisavad şəkildə tərcümə edilməsi idi. Mütərcim zahirən slavyana bənzəyən sarı saçlı, səliqəsiz və nimdaş geyimli bir nəfərdi. Çox güman İran Xarici İşlər Nazirliyinin əməkdaşlarından idi. Ortada bir anlaşılmazlıq ruzgarı əsirdi. Farscanı başa düşdük, bəs nədən Azərbaycan türkcəsinə deyil, rus dilinə çevirirlər? İlk cümlədən sonra Heydər Əliyev tərcüməçiyə hökmlə "Podojdite!" - deyib söhbəti dayandırdı. Üzünü İranın ali dini rəhbərinə tutub azərbaycanca:

- Ağayi Xameneyi, bir az əvvəl sizinlə öz ana dilimizdə danışırdıq. Başa düşürəm, bura İran dövlətidir. Siz də onun lideri kimi rəsmi danışıqlarınızı farsca aparmalısınız. Amma tərcümənin nə səbəbdən ruscaya edildiyini başa düşmürəm.

- Bəs mən elə zənn eləyirəm ki, sizin dövlətin dili urus dilidir?! - deyə Xameneyi sifətinə sadəlövh görkəm verib guya özünün də bu anlaşılmazlıqdan təəccübləndiyini göstərməyə çalışdı.

- Ay kişi, - Heydər Əliyev onun özünü bilməməzliyə vurmasından açıq-aşkar əsəbiləşmişdi. - Heç şurəvi vaxtında da Azərbaycanın dövlət dili rus dili olmayıb. O dövrdə Konstitusiyamızda yazılmışdı ki, dövlət dilimiz öz ana dilimizdir. Biz hətta Moskvanın təzyiqləri altında da onu qorumuşuq, yaşatmışıq, inkişaf etdirmişik. Bu dildə nə qədər kitablar, məcmuələr, qəzetlər çıxıb. Məktəblər, institutlar, universitetlər fəaliyyət göstərib. İndi də göstərir. Doğrudur, o zamanlar bəzən məcbur qalıb Moskvadan gələnlər qarşısında rusca danışmalı olurduq. Amma  Azərbaycan türkcəsini qoruyub-saxlamağı, zəngin və gözəl bir dilə çevirməyi heç vaxt unutmurduq. Müstəqil olandan sonra isə hər yerdə ancaq öz dilimiz işləyir. Başım çıxmır, ağlınıza haradan gəlib ki,  bizim dövlət dili rus dili ola bilər? Mən rus dilini də çox gözəl bilirəm. Amma dövlət başçısı kimi hara getsəm, hansı ölkədə olsam, dünyanın hər yerində rəsmi danışıqları yalnız Azərbaycanın dövlət dilində aparıram.

Heydər Əliyevin kəskin etirazından sonra İran tərəfi əl-ayağa düşmüşdü. Deyəsən, əvvəlcədən tərcüməçi gətirmədikləri, yaxud Azərbaycan tərəfin dil məsələsinə belə əsəbi reaksiya verəcəyini düşünmədikləri üçün vəziyyətdən necə çıxacaqlarını bilmirdilər. Xameneyi də susub həmkarlarına baxırdı.

- Yaxşı, bu dəfə bizim səfirimiz tərcümə eləyər. O, fars dilini yaxşı bilir. Amma Azərbaycan elə uzaq yer deyil ki, ölkəmiz haqqında ən adi şeylərdən də bixəbər olasınız, - deyə Heydər Əliyev gərginliyi ortadan qaldırdı.

Görüş başa çatanda isə Prezident İran protokolunun əslində siyasi məzmunlu naqolay hərəkətinə bir daha diqqət çəkərək Xameneiyə:

- Çox mətləblərdən danışdıq. İndi bilmirəm, hamısına müvəffəq olacağıq, yoxsa yox? Amma düşünürəm ki, bugünkü görüşümüzün ən böyük faydalarından biri Azərbaycanın dövlət dilinin rus dili olmadığını bilməyiniz oldu, -  dedi.

İranın ali dini rəhbəri hədəfə dəyən bu sözlərə:

- Əstəğfürullah! Əstəğfürullah! - deməklə cavab verdi.

Səfərdəki Azərbaycan gerçəkliyinin müdafiəsinə yönəlmiş başqa bir epizod da diqqətəlayiq idi. İran Prezidenti Məhəmməd Xatəmi ilə görüşdə Xəzər dənizinin hüquqi statusu ilə bağlı Xəzəryanı ölkələr arasında hələ də tam həllinin tapmayan məsələ müzakirə olunurdu. Xatəmi danışıqlar zamanı dilinin öyrəndiyi şəkildə, ya da çox güman, bilərəkdən "Xəzər dənizinin problemləri" əvəzinə "müşkülati-dəryaçayi-Mazandaran" ("Mazandaran gölünün problemləri" - V.Q.) ifadəsini işlədirdi. Səfirimiz Abbasəli Həsənov da görünür, İran tərəfinin belə söz oyunbazlıqlarına öyrəncəli olduğundan ifadəni deyildiyi şəkildə yox, "Xəzər dənizinin problemləri" şəklində çevirirdi. Prezidentin fars dilini bir az bildiyimdən xəbəri vardı. Odur ki, arada ani fasilə yarananda mənə tərəf çevrilib:

- Bu nə çox Mazandarandan danışır? Mazandaranın məsələyə nə dəxli var? - deyə soruşdu.

- Cənab Prezident, iranlılar öz aləmlərində Xəzəri İranın daxili su hövzəsi sayırlar. Ona görə də ara-sıra "Mazandaran gölü" ifadəsini də işlədirlər.

Prezident əsəbi şəkildə səfir Abbasəli Həsənova irad tutdu:

- Niyə dəqiq tərcümə eləmirsən? - deyə soruşdu.

Sonra isə əlinin işarəsi ilə sözünə davam etmək istəyən Xatəmini dayandırıb:

- Ağayi Xatəmi, - dedi. - Mənim bildiyimə görə, qədim vaxtlardan bəri Xəzər dənizinin çox müxtəlif adları olub. Amma indiyə qədər ikisi daha geniş yayılıb. Sizinlə biz Xəzər, avropalılarla ruslar Kaspi deyirlər. İndi nə edək? Hərəmiz bu dənizə təzə bir ad tapıb qoyaq? Məgər bununla iş düzələcək? Əksinə, belə getsə, məsələni heç vaxt həll edə bilməyəcəyik!

Xatəminin üzrxahlıq etməkdən başqa çarəsi qalmadı. "Dəryaçayi-Mazandaran"ı bir tərəfə buraxıb söhbəti "dəryayi-Xəzər"lə bağlı davam etdirdi.

Amma görünür, İran tərəfin prezidentlər səviyyəsindəki danışıqlarda xoşagəlməz söz oyununa əl atmaları Heydər Əliyevi çox hiddətləndirmişdi. Ona görə də birgə mətbuat konfransı zamanı yenidən bayaqkı söhbətə qayıdıb dedi:

- Mən istərdim ki, gələcəkdə belə səhvlər buraxmayasınız. Dünya xəritəsində Mazandaran gölü adlı bir göl yoxdur. Və əgər belə bir göl İran ərazisindədirsə, mən hələ onu tanımıram və xahiş edirəm, mənə tanıdasınız. Siz, İranda bəzi adamlar bu cürə yeni adlar icad etməklə bizim Xəzər ətrafındakı danışıqlarımıza mane olursunuz. Amma İranın daxilindən bir az kənara çıxın də... Daxilində qalsanız, bir şey çıxmayacaq.

Məhəmməd Xatəmi və danışıqlardakı rəsmi İran heyəti Azərbaycanın dövlət başçısının sərt sözlərini başlarını aşağı salaraq dinləyirdilər. Bəziləri isə gülümsəməklə vəziyyətdən çıxmağa çalışırdılar.

E.A. - Vilayət, yaxşı başa düşürəm ki, dövlət işləri ilə həddən artıq məşğul olması nəticəsində Prezidentin kənar söhbətlərə demək olar ki, vaxtı qalmırdı. Amma bununla belə, birgə işlədiyiniz dövrdə ədəbiyyat və incəsənət haqqında, görkəmli sənətkarların yaradıcılığı barəsində hər hansı söhbətiniz, fikir mübadiləniz olmuşdumu?

V.Q. - İstər Bakıda, istərsə də xarici səfərlər zamanı yalnız iş haqqında deyil, tarix, ədəbiyyat, incəsənət, teatr haqqında da danışırdıq. Xüsusən də ədəbiyyatla bağlı məsələlərdən yəqin ki, diplomatiya ilə müqayisədə (hərçənd yaxşı diplomat xalqının tarixini, ədəbiyyat və mədəniyyətini də yaxşı bilməli idi) daha yaxşı baş çıxardığım üçün bu mövzuda söhbətlərimiz olurdu. Arabir, xüsusən də xarici səfərlərdə Prezident mənə Azərbaycan və ümumən türk xalqlarının ədəbiyyat tarixi barədə suallar verir, müxtəlif ədəbi şəxsiyyət və hadisələr haqda fikirlərimi soruşurdu. Bilmirəm, bu, imtahan idi, yoxsa sadəcə maraqdan irəli gəlirdi. Hətta bir-iki dəfə televiziya ilə nümayiş olunan toplantılarda da müəyyən məsələlərlə bağlı izahat verməyimi istəmişdi.

Təbii ki, nazir vəzifəsində çalışdığım dövrdə Prezident üçün mənim yaxşı alim yox, yaxşı məmur olmağım daha önəmli idi. Görünür, bunu unutduğumdan 2001-ci ildə rus dilində çap olunan və Mirzə Cəfər Topçubaşov, Mirzə Kazımbəy kimi dünya şöhrətli orientalist alimlərimizin yaradıcılığından bəhs edən "Rusiya şərqşünaslığında Azərbaycan məktəbi" kitabının bir nüsxəsini Prezidentə təqdim etmişdim. Bəlkə də ani şöhrətpərəstlik hissi sağlam düşüncəyə qalib gəlmişdi. Hədiyyəmin xoş qarşılandığını deyə bilmərəm. Əksinə, dövlət başçısından narazılıq ifadəsi olan sözlər eşitdim:

- Sənə etimad göstərib mühüm vəzifəyə irəli çəkmişik. İndi vaxtını, enerjini üzərinə düşən işi layiqincə yerinə yetirməyə sərf eləməlisən. Kitab, roman, şeir yazmaq kimi məsələlərlə pensiyaya çıxandan sonra məşğul olarsan...

Kitabın on-on beş il bundan əvvəl yazıldığını, 1990-cı ildə müdafiə etdiyim doktorluq dissertasiyasının mətni olduğunu, indi hətta istəsəm də, belə işlərə qətiyyən vaxt qalmadığını desəm də,  Heydər Əliyevi inandıra bilmədiyimi hiss etdim. Amma Prezident sərt olduğu qədər də həssas idi. İradları qarşısında pərt vəziyyətə düşdüyümü görüb kitabı masanın üstündən götürdü, mündəricata, şəkillərə baxdı, annotasiyaya göz gəzdirdi. Sonra mənə müraciətlə:

- Bu Kazımbəylərdən biri Rusiyanın çox mühüm keşişi olub, - dedi.

Mən professor Mirzə Məhəmməd Əli Kazımbəyin məşhur şərqşünas olmaqla yanaşı, həm də Kazan Ruhani Akademiyasında mühazirələr oxumasından, xristian dini kitablarının türk-tatar dillərinə tərcüməsi ilə bağlı Müqəddəs Sinoddakı fəaliyyətindən danışmağa başladım. Lakin Prezident sözümü yarıda kəsib:

- Yox, yox, mən son vaxtları, 1970-ci illəri nəzərdə tuturam, - dedi. - Yadımdadır ki, o vaxtlar Moskva Patriarxatlığında Kazımbəy familiyalı bir nəfər vardı. Deyəsən, rus kilsəsinin xarici əlaqələr məsələsinə baxırdı. Bir-iki dəfə SSRİ Nazirlər Sovetində görmüşdüm. Həmişə fikirləşirdim ki, görəsən, sən dediyin Kazımbəylə qohumdurmu? Bir də Kazım bəy hara, keşişlik hara? Şəxsən tanış deyildik. Ona görə də özündən soruşmağa imkan olmamışdı. Gələcəkdə bu məsələ ilə maraqlanarsan. Gələcəkdə, yəni vəzifədən uzaqlaşandan, pensiyaya çıxandan sonra! Yoxsa "Prezident mənə tapşırıq verib" - bəhanəsi ilə iş-gücünü atıb təzədən kitab yazmağa qurşanma!

Sonralar maraqlandım və Mirzə Kazımbəyin oğlu xətti ilə nəticəsi olan görkəmli ictimai-siyasi və dini xadim, yeni Rusiya siyasi mühacirətinin, 1930-cu illərdə Qərbdə böyük populyarlıq qazanmış  "Molodaya Rossiya" hərəkatının liderlərindən biri olan və Prezidentin dəqiq xatırladığı kimi həqiqətən də həyatının sonuna qədər Moskva Patriarxatlığının xarici əlaqələr şöbəsinə rəhbərlik etmiş ilahiyyatşünas Lev Aleksandroviç Kazımbəy (1902-1977) haqqında "Kazımbəylər nəsli: 200 il Rusiya ilə birlikdə" adlı araşdırma qələmə aldım.

Bu ibrətamiz epizodu nədən xatırladım? Özümü heç vaxt bacarıqlı məmur saymamışam. Bu gün də saymıram. Hərdən fikirləşirəm ki, Heydər Əliyev işlədiyim dövrdə yol verdiyim səhvləri, tələsiklik və yanlışlıqlarımı, çox güman ki, necə deyərlər, mənim "şairliyimə" bağışlayırmış. Çünki o, sözün gücünə və müdrikliyinə inanırdı. Məşhurluq dərəcəsindən asılı olmayaraq həmişə söz adamlarına diqqət, qayğı və hörmətlə yanaşırdı, onların qəlbinə dəyməməyə çalışırdı.

Azərbaycanın qədim və zəngin tarixində tək rəhbərlik fəaliyyəti deyil, həm də bədii yaradıcılığı ilə tanınan dövlət başçıları az olmamışdı - Qazi Bürhanəddin, Cahanşah Həqiqi, Şah İsmayıl Xətai, Nəriman Nərimanov... Heydər Əliyev sırf bədii yaradıcılıqla məşğul olmasa da, üzərinə daha böyük missiya - ədəbiyyatın həqiqi dostu, tələbkar oxucusu, çətin məqamlarda isə qoruyucusu, mühafizi olmaq vəzifəsini götürmüşdü. Və onilliklər boyu bu missiyanı şərəflə yerinə yetirmişdi...

Bir daha təkrar edirəm ki, 2003-cü il dekabrın 12-dən sonra Heydər Əliyevin fiziki yoxluğunu hamıdan çox yaradıcı adamlar - yazıçı, şair, rəssam və bəstəkarlar - bir sözlə, sənət adamları hiss etmişdilər və bu gün də hiss etməkdədirlər.

E.A. - Tamamilə haqlısan, əziz dost. Əhatəli və maraqlı müsahibəyə görə sağ ol!

 

 

 





20.11.2023    çap et  çap et