525.Az

"Bölgələrdən istedadlı uşaqları rəqs sənətinə cəlb edə bilmirik"


 

BAKI XOREOQRAFİYA AKADEMİYASININ REKTOR ƏVƏZİ, ƏMƏKDAR ARTİST NAİLƏ MƏMMƏDZADƏ: "XOREOQRAFİYA SƏNƏTİNƏ GƏLƏN OĞLANLARIN SAYI ÇOX AZDIR"

"Bölgələrdən istedadlı uşaqları rəqs sənətinə cəlb edə bilmirik"<b style="color:red"></b>

Xoreoqrafiya mürəkkəb və maraqlı olduğu qədər həm də xüsusi incəlik tələb edən zərif sənət növlərindəndir. Hərfi mənası "rəqs" və "yazıram" demək olan xoreoqrafiya rəqs və pantomima sənəti də adlanır.

Ölkəmizdə "Xoreorafiya" adında məktəb 1929-cu ildən fəaliyyət göstərməyə başlayıb. 1935-ci ildə Azərbaycan SSR Xalq Maarif Komissarları Şurasının qərarı ilə "Xoreoqrafiya Məktəbi" "Bakı Xoreoqrafiya Texnikumu", 1962-ci ildə isə Azərbaycan SSR Nazirlər Sovetinin Ali və Orta İxtisas Təhsili Komitəsinin qərarı ilə "Azərbaycan SSR Mədəniyyət Nazirliyi nəzdində Bakı Xoreoqrafiya Məktəbi" adlandırılıb. Hazırda Bakı Xoreoqrafiya Məktəbində iki bölmə fəaliyyət göstərir: klassik bölmə və xalq bölməsi. Klassik bölməyə 5-ci sinifdən, xalq bölməsinə 8-ci sinifdən şagirdlər qəbul olunur. 1-4-cü siniflər hazırlıq mərhələsidir. Həmin siniflərdə xoreoqrafiya sənətinin ibtidai, təməl elementləri şagirdlərə aşılanır. Elə bugünkü həmsöhbətimiz də, xoreoqraf, Bakı Xoreoqrafiya Akademiyasının rektor əvəzi, Əməkdar artist Nailə Məmmədzadədir.

 

-  Nailə xanım, Bakı Xoreoqrafiya Akademiyasının başlıca vəzifəsi nədən ibarətdir?

- Akademiyamızın əsas vəzifəsi klassik balet, dünya, xalq və Azərbaycan rəqsləri üzrə alitəhsilli kadrlarları hazırlamaq, fundamental, elmi tədqiqatlar aparmaq, yeni beynəlxalq təcrübəni öyrənmək və bu bilikləri tədrisdə tətbiq etməkdir.

- Daha çox hansı rəqslərə müraciət olunur?

- Həm tələbə, həm şagird qəbulunun nəticələri daha çox milli rəqsə marağın olduğunu göstərir, lakin sevindirici haldır ki, son zamanlar klassik rəqsə də maraq artıb.

- Bəs gənclərin bu sahəyə marağı varmı?

- Bəli, var. Əvvəlki illərlə müqayisədə xoreoqrafiya sənətinə olan marağın artdığını deyə bilərik. Əsasən, qızlarımız bu sahəyə maraq göstərir, həm klassik, həm də milli rəqsdə kifayət qədər qızlar var. Təəssüf ki, xoreoqrafiya sənətinə gələn oğlanların sayı azdır.  Xoreoqrafiyanı seçən oğlanlar da daha çox milli rəqslərimizə yönəlirlər. Bakı Xoreoqrafiya Akademiyası olaraq, gənclərin, xüsusilə də oğlanların xoreoqrafiya sənətinə marağını daha da artırmaq istiqamətində müəyyən layihələr üzərində işləyirik. Uzun müddətdir bölgələrdə davam etdiyimiz ustad dərsləri də bu marağı artırır. Amma ümumilikdə xoreoqrafiya sənətinə maraq tempi yüksəkdir.

- Xoreoqrafiya Akademiyası ilə bağlı bəzən bir çox narazılıqlar eşidirik. Bu nə ilə bağlıdır?

  - Biz xoreoqrafiyanın inkişafı üçün bütün tənqidləri qeydə alırıq, onların üzərində işləyirik. Əlbəttə, tənqid olmasa, inkişaf da olmaz. Təbii ki, sağlam və qərəzsiz tənqidi nəzərdə tuturam. Xoreoqrafiya sənətinə töhfə vermiş peşəkar sənət adamlarının, mütəxəssislərin, müəllimlərin, tələbələrimizin fikirləri bizim üçün əhəmiyyətlidir. Hamımızın bir istəyi, bir amalı var - Azərbaycan mədəniyyətinin inkişaf etməsi, şaxələnməsi. Hazırda akademiya mədəniyyətimiz üçün səfərbər olub. Bakı Xoreoqrafiya Akademiyasının gördüyü işlərin qiymətini isə tədbirlərimizə böyük maraq göstərən, səhnə zallarında hər zaman yanımızda olan tamaşaçılarımız verirlər.

- Akademiyanızın beynəlxalq əlaqələri hansı səviyyədədir?

- Bakı Xoreoqrafiya Akademiyası beynəlxalq əlaqələrin genişləndirilməsi və xarici ölkələrin müvafiq təmayüllü ali təhsil müəssisələri ilə əlaqələrin qurulmasında maraqlıdır. Əməkdaşlıq ikili sazişlər çərçivəsində həyata keçirilir. Akademiyamız İncəsənət İnstitutları Avropa Liqasının (ELİA) üzvüdür, eyni zamanda, bir sıra ölkələrin müvafiq qurumları. Təhsil ocaqları ilə ikitərəfli əməkdaşlıq protokolları imzalanıb. Bundan əlavə, akademiya Azərbaycanada fəaliyyət göstərən xarici ölkələrin diplomatik nümayəndəliklərinin rəhbərləri ilə də əlaqələri genişləndirmək marağındadır. Türkiyə Cümhuriyyətinin, Peru, Bolqarıstan, Pakistan, Argentina və Meksikanın Azərbaycandakı səfirləri ilə rəsmi görüşlər təşkil olunub, bu görüşlərdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib.

- Bu gün Xoreoqrafiya Akademiyasının həll olunması vacib problemləri hansıdır?

- Ən vacib problem 1000 nəfərə yaxın şagird və tələbənin təhsil aldığı Akademiyada rəqs-məşq zallarının, geyinib-soyunma otaqlarının və auditoriyaların çatışmazlığıdır. Bu bina hələ 1985-ci ildə Qəmər Almaszadənin təşəbbüsü, Ulu öndər Heydər Əliyevin göstərişi ilə tikilib və 250 şagird üçün nəzərdə tutulub. Hazırda isə burada 3 təhsil pilləsində tədris aparılır və dediyim kimi, 1000 nəfərə yaxın şagird və tələbə təhsil alır. Digər problem isə orta ümumtəhsil pilləsini bitirən IX sinif şagirdlərin xoreoqrafiya sənəti üzrə ixtisasını davam etdirmək üçün Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarından müvəffəqiyyət qazana bilmədikləri təqdirdə təhsillərini davam etdirə bilməmələridir. Bu səbəbdən 9 il ərzində dövlət tərəfindən şagirdlərə ayrılan ödəniş və illərlə müəllimlərin çəkdiyi əziyyət boşa getmiş olur. Xoreoqrafiya sənəti üzrə təhsil davamlı olmalıdır, ümumi orta təhsil pilləsini bitirən IX sinif şagirdlərinin ixtisas imtahan qiymətlərinin əsas götürülməsini və DİM imtahanlarının nəticələrinin isə məqbul hesab olunmasını istərdik. Eyni zamanda, profilli məktəb olduğumuzu nəzərə alaraq tədris proqramlarında texniki fənlərin əvəzinə ixtisas fənlərinin saatlarının artırılması kimi problem də mövcuddur. Boloniya sisteminin müsbət tərəfləri olsa da, xoreoqrafiya sənətinə qismən təsir edən mənfi tərəfləri də var. Boloniya sisteminin kredit çərçivəsi bizi çox sıxır. Bu sənətdə uğur qazanmaq üçün saatlarla məşq etmək lazımdır - ən azı gündə 6 saat.

Növbəti problem qiyabi təhsildir ki, zamanının çox hissəsini məşq zallarında, teatrlarda keçirən artistlər əyani şəkildə təhsil ala bilmirlər. Onların rəqs sahəsi üzrə kifayət qədər bilikləri var. Biz onlardan və xaricdən (Albaniya, Gürcüstan, Dağıstan kimi ölkələrdən) Bakı Xoreoqrafiya Akademiyasında qiyabi təhsil almaq üçün müraciətlər almışıq. Buna görə də istərdik ki, bakalavr və magistratura pilləsində qiyabi təhsil açılsın.

Azərbaycanın bölgələrindən istedadlı uşaqları rəqs sənətinə cəlb olunması sahəsində də problemlərimiz mövcuddur. Bizim müəllimlərimiz bölgələrdə ustad dərsləri verirlər. Amma çox təəssüf ki, biz o uşaqları Bakıya gətirə bilmirik, çünki akademiyanın yataqxanası yoxdur. Xoreoqrafiya sənətinə gələn oğlanların sayı çox azdır. Kolleci bitirən oğlanların 18 yaş tamam olubsa, bakalavr pilləsinin qeydiyyatına düşə bilmirlər. Hərbi xidmətdən sonra rəqqas formasını itirirlər və əsgərlikdən sonra nadir hallarda kimsə bu sənətə qayıdır. Kollecdən bakalavra keçid dönəmində onların imtahanlarda iştirak etmələri kimi problemimiz də var.

- Son illər Akademiyanın hansı nailiyyətləri var?

- Bakı Xoreoqrafiya Akademiyasının beynəlxalq əlaqələri xeyli genişlənib. Yeni müqavilələrimiz, yeni layihələrimiz var. Həm ölkə daxilində, həm də ölkə xaricində. Tələbə-müəllim mübadiləsi proqramımız uğurla davam edir. Qazaxıstan Milli Xoreoqrafiya Akademiyası ilə mövcud əməkdaşlıq müqaviləmizə əsasən tələbə mobilliyi proqramı çərçivəsində İncəsənət fakültəsinin tələbəsi hazırda orada təhsil alır və bu sayı artırmaq istəyirik. Qəbul planımızda da artım var. Bakı Xoreoqrafiya Akademiyasında profilə uyğun olmayan ixtisaslar üzrə qəbul planı dayandırılıb. Xoreoqrafiya spesifik sənətdir.

Akademiyanın iki müəllim-xoreoqrafı - Xalq artisti Yusif Qasımov, Əməkdar müəllim Pellumb Aqalliyay Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdünə layiq görülüblər. Bakı Xoreoqrafiya Akademiyasının müəllim-tələbə heyəti Meksikanın Müstəqillik Gününə həsr olunmuş tədbirlərdə göstərdikləri fəallığa görə Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi tərəfindən  mükafatlandırılıb. Müəllimlərimiz "Bakılı" Beynəlxalq Mədəniyyət Cəmiyyəti və "Humay" Milli Mükafatı Akademiyası tərəfindən təsis olunan "Humay" milli mükafatına layiq görülüblər. Tələbə və şagirdlərimiz, eləcə də müəllim heyətimiz müxtəlif tədbirlərdə aktiv fəaliyyətinə görə həm ölkə daxilində, həm də ölkə xaricində mükafatlandırılıblar.

Tədris ili başlayandan bir neçə konsert proqramı ilə çıxış etmişik. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ilə birgə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "El bilir ki, sən mənimsən" adlı konsert keçirmişik. Azərbaycanın filosof şairi, böyük dramaturqu Hüseyn Cavidin 140 illiyi ilə bağlı Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında onun "İblis" pyesini səhnələşdirmişik.

17 oktyabr Füzuli Şəhəri Günü münasibətilə Füzulidə, Şuşada Xarıbülbül festivalında, Vaqif Poeziya Günlərində tədbirlərdə Bakı Xoreoqrafiya Akademiyasının tələbələri müxtəlif rəqs kompozisiyaları ilə çıxışlar ediblər. Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un təsis edilməsinin 30 illiyinə həsr olunmuş "Biz birlikdəyik" adlı qala konsertdə Bakı Xoreoqrafiya Akademiyasının müəllim və tələbə heyəti də iştirak edib. Bakıda keçirilən III "Korkut Ata" Türk Dünyası Film Festivalında Bakı Xoreoqrafiya Akademiyası, Azərbaycan Dövlət Rəqs Ansamblı, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının nümayəndələrinin möhtəşəm rəqsləri nümayiş olunub.

- Bəs gələcək planlar barədə nə deyə bilərsiniz?

- Ölkə rəhbərliyi tərəfindən Akademiya qarşısına qoyulmuş vəzifələri bundan sonra da layiqincə yerinə yetirərək, Azərbaycan klassik baletinin və balet artistlərini yetişdirilməsi sahəsində daha böyük səy göstərməyə çalışırıq. Bunun üçün klassik rəqs üzrə xarici mütəxəssislərin ölkəmizə dəvət olunması ənənəsi davam etdiriləcək. Akademiya ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında illərə dayanan əməkdaşlıq mövcuddur. Milli rəqsimizlə bağlı bizim problemimiz yoxdur, mütəxəssislər və professional kadrlar yetərincədir, lakin klassik rəqsimizə daha çox önəm verməliyik, onun da inkişaf etdirilməsinə çalışmalıyıq.

Havar ŞƏFİYEVA

 

 





20.11.2023    çap et  çap et