525.Az

Arif Əliyev: "Jurnalist ictimai marağa xidməti həmişə üstün tutan romantik şəxsdir"


 

BU GÜN İSƏ CƏMİYYƏTDƏ ROMANTİKAYA YER ÇOX AZ AYRILIR - YAŞAMAQ UĞRUNDA MÜBARİZƏ, QAZANMAQ, AİLƏNİ DOLANDIRMAQ EHTİYACI HƏR ŞEYİ ÜSTƏLƏYİB"

Arif Əliyev: "Jurnalist ictimai marağa xidməti həmişə üstün tutan romantik şəxsdir"<b style="color:red"></b>

Bir qələm əhli üçün yəqin ki, sözün yerini verə biləcək başqa heç nə ola bilməz. yoxdur. Bir şərtlə ki, o qələmdən süzülən sözün müəllifi həm də hal əhli ola. Bəzən nəzərdə tutub, arzusunda olduğumuz müsahiblərlə söhbətlərimiz istədiyimiz kimi anında alınmadığından, zamanla ayaqlaşmağa məcbursan. O da qalır zamanın sənə ayıracağı zamana. Amma həmkarlarla qarşılıqlı söhbətə həmişə hazır olduğumuzdan onları gözləməyə dəyər. Bugünkü həmsöhbətimizi gözlədiyimiz kimi... Bəlli səbəblər üzündən oxucularımızla şənbə görüşlərimizin arasında qısa fasilə oldu. Amma vədimiz dəyişməz olaraq qalıb. Zəfər qoxulu fasilədən sonra yenə də maraqlı bir həmkar müsahibimizlə oxucuların görüşünə gəlmişik. Onu ilk dəfə iki il əvvəl təsadüfi bir rastlaşmada görmüşdüm. İkinci görüşümüz isə bir müsahibənin əsasını təşkil edən sual-cavab xarakterli oldu. Tətil günü olmasına baxmayaraq, təklifimizi məmnuniyyətlə qəbul etdi. Və bu şənbə günü jurnalist, bu sənətin peşəkarı, mənalı və dolğun fəaliyyət yolunun sahibi, həmkarımız Arif Əliyevlə söhbətimizi oxucularımıza təqdim edirik. Düzü, ilk suala aldığım konkret cavab məni azacıq narahat etsə də, ardınca gələn dolğun söhbət hər şeyi öz yoluna qoya bildi.

 

 

- Yaxından tanımaq istərdim sizi...

- Qazaxda anadan olub, Bakıda böyümüşəm. Babaxan müəllimin adı ilə tanınan 82 nömrəli məktəbi bitirmişəm. Ali təhsilimi Moskva Dövlət Universitetinin jurnalistika fakültəsində almışam. Yazmağa çox erkən başlamışam. İlk yazım 8 yaşında ikən dərc olunub və buna görə xeyli başım ağrayıb. Təhsilimi başa vurandan sonra çox böyük arzu və ümidlərlə Bakıya qayıtmışam, baxmayaraq ki, Moskvada qalmaq və işləmək imkanı vardı. Nə dərəcədə düz elədim bunu bilmirəm, amma bu fürsətdən yararlanmadım və  az sonra ümidlərimin əbəs olduğunu anladım. Lakin bir müddət sonra eşidəndə ki, Nəcəf Nəcəfov adlı bir redaktor "Molodyoj Azerbaydjana" qəzetində nəsə maraqlı işlər görür "Azərtac"dakı işimdən ayrılıb həmin redaksiyaya gəldim. Bu gəliş həyatımdakı ən uğurlu qərarlarımdan biri oldu, çünki mərhum Nəcəfdən çox şey öyrəndim, uzun müddət onun rəhbərliyi altında işlədim. Daha sonra rus dilində çap olunan "Xəzər" adlı jurnalın baş redaktoru oldum, Aydın Məmmədovla birlikdə çalışdıq. Növbəti mərhələ "Azadlıq" qəzeti oldu. Yaradılan vaxtdan Nəcəf Nəcəfovun müavini kimi fəaliyyətə davam etdim. Qısa bir müddət ölkənin ikinci prezidentinin mətbuat katibi oldum. 90-cı illərin ortalarında "Yeni Nəsil" Azərbaycan Jurnalistlər Birliyinə rəhbərlik etdim, daha sonra yaratdığımız Bakı Mətbuat Klubunun prezidenti olaraq çalışdım. "Gün" qəzeti İdarə Heyətinin sədri oldum. Lakin getdikcə bir çox sahələrdə, ümumi jurnalistikanın vəziyyətindən asılı olaraq bu fəaliyyət söndü. Yəqin ki, artıq özüm də nələrdənsə yorulmuşdum. 2018-ci ildən qismən Bakı Mətbuat Klubunun fəaliyyəti bərpa olunub və mən də onu dostların, həmkarların köməkliyilə genişləndirməyə çalışıram.

- Bir az da böyüdüyünüz mühitdən danışaq...

- Mən daha çox ana tərbiyəsi ilə böyümüşəm. Ağır xasiyyətli atamın başı həmişə işə qarışıq olub, çünki sürücü idi və nəqliyyat sahəsində çalışanlar adətən çətin xarakteri ilə fərqləniblər. Buna görə də yeyinti sənayesi sahəsi üzrə texnoloq işləyən anamın təsirinin izlərini daima hiss etmişəm. Ailədə üç qardaş olmuşuq və ilk övlad mənəm.

- Dediniz ki, ilk yazınız 8 yaşında ikən işıq üzü görüb...

- Yəqin ki, içimdə olanı ifadə etmək üçün qələmə çox erkən üz tutmuşam. Qazax elindən olsam da, poeziyaya meylim o qədər güclü olmayıb. Bəzi təcrübələr olsa da, çox tez anlamışam ki, bu sahə mənim çörəyim deyil. Düşünürəm ki, qələmi elə özüm tapmışam. Müxtəlif təsirlərin, o cümlədən, mistik təsirlərin nəticəsində məndə elə bir əminlik olub ki, bu sahədə özümü ifadə edə biləcəyəm, istədiyimə nail olacağam. Deyəsən, bunu bacarmışam.

- Onu da dediniz ki, 8 yaşında çap olunan ilk yazınıza görə başınız da ağrıyıb. Bir az qəribə gəldi...

 - Yazı küçəmizdəki yolların bərbad vəziyyəti haqqında idi. Əslində kiçik bir qeyd idi bu və "Azərbaycan gəncləri" qəzeti bunu çap etdi o zaman. Yazı çıxandan sonra redaksiyada oldum və yazıçı Bayram Bayramov mənə avtoqrafla kitabını bağışladı və bu, mənim üçün çox böyük hadisə idi. Həmin yazıya görə məktəbə şikayət gəldi, onun ardından da müəllimlər məni tənbeh etdi. Amma onu deyim ki, həmin o yol indi də bərbad vəziyyətdədir.

- Onda ünvanı da bilək...

- "Ulduz" metro stansiyası yaxınlığında 205 nömrəli qəsəbə adlanan bir yaşayış sahəsi vardı. O zamanlar bizə çox sirli gəlirdi bu ad. Düşünürdük ki, yəqin burada hərbi hissə yerləşib, çünki həmin qəsəbədəki evləri alman əsirləri tikmişdi. Və qəsəbənin adı ilə biz hətta fəxr də edirdik. Lakin sonra məlum oldu ki, qəsəbədə 205 nömrəli elektrik yarımstansiyası var və ad da ona uyğun qoyulub. Bu da bizi çox peşman etmişdi.

- Beləcə jurnalistikaya gələn yola qədəm qoya bildiniz...

- Bəli, qədəm qoya bildim, hərçənd ki, daha çox rejissor olmağa həvəsli idim və mən bu istəyimi məktəbin sonuncu siniflərində tətbiq də etmişdim. Yəqin ki, xatırlayarsız, o zaman Azərbaycan televiziyasında "Gəlin, a dostlar" adlı yarışlar keçirilirdi. Məktəbimizin komandası iki il həmin yarışlarda çıxış etdi və hər dəfəsində də çempion oldu. Həmin yarışlarda bizim komandanın rejissorluğunu edirdim. Elə o vaxtdan müəllimlərim də məni rejissorluğa sövq edirdi, üstəlik, öz istəyim də vardı. Məktəbi bitirdim, sənədlərimi İncəsənət İnstitutuna verdim. Yazılı imtahanlardan keçdim, gəlib çatdım yaradıcılıq mərhələsinə. İmtahanı mərhum Ədil İsgəndərov götürürdü. 17 yaşlı bir yeniyetməyəm, həyəcanla dəhlizdə gözləyirəm və görürəm ki, məndən başqa imtahan verənlər yaşca xeyli böyükdülər. Növbəm çatdı, içəri daxil oldum. Ədil İsgəndərov məni görən kimi dedi ki, axır ki, bir uşaq gəldi, bayaqdan qocalar məni yorub. Yaşımı soruşdu, dedim ki, 17. Bir balaca zarafat edəndən sonra dedi ki, bax, fərz edək ki, qəbul olundun və 21 yaşında rejissor sənətinə yiyələndin. İndi bir tamaşaya quruluş verirsən və orada da Amalya Pənahova rol alıb. Ona necə deyəcəksən ki, bu hissəni elə oynama, belə oyna? Bununla də  rejissor olmaq həvəsim söndü.

- Və...

- ...və düşünmədən jurnalistikaya qəbul olmaq qərarına gəldim. Lakin həmin dövrdə yeganə olan indiki Bakı Dövlət Universitetinin hüquq, jurnalistika və şərqşünaslıq fakültələrinə daxil olmaq ətrafında müxtəlif söhbətlər dolanırdı və mən sənədlərimi Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinə verdim, qəbul olundum, təhsili başa vurub qeyd etdiyim kimi böyük ümidlərlə Vətənə döndüm.

- Sanki peşmançılığınızı hiss etdim...

- Əslində peşman deyiləm. Amma əgər bir neçə ömür olsaydı, yüz faiz başqa peşə seçərdim. Tək peşmançılığa görə yox. İnsan çox şeyi yoxlamaq istəyir və təəssüf ki, etmək istədiklərini bir ömrə sığışdırmaq olmur. Bəlkə də on peşə var ki, daha üstün tuturam deməzdim, amma o sahələrdə də təcrübəmin olmağını istəyərdim. Buna rəğmən, mən jurnalistikanı həqiqətən müqəddəs sayıram. Hesab edirəm ki, bəşər tarixinin insanlara özlərinə kömək üçün yaratdığı, formalaşdırdığı ən böyük institutdur jurnalistika. Bəlkə elə ona görə də deyirlər ki, qədim peşədir. Bir də düşünürəm ki, mənim bu sahədə bacarıqlarım da var, deməyə sözüm də var. Yəni düşünmürəm ki, səhv addım atmışam. Təbii ki, o zaman biz özümümü başqa cür görürdük, özümüzü başqa cürə hazırlamışdıq, lakin təəssüf ki, alınmadı, çünki çox ağır və çətin bir dövr yaşadıq. İkinci Dünya müharibəsini yaşayan nəsil bizə deyirdi ki, siz nə ağrı görmüsüz, nə də müharibənin dəhşətini yaşamısız. Amma zamanla biz hər şey gördük. Dünyanın ən böyük imperiyasının dağılmağını da, yenisinin formalaşmasını da, müharibələri də, çevrilişləri də gördük. Hər birində nələrisə qazansaq da, nələrisə də itirə-itirə gəldik və təəssüf ki, bu itənlər arasında bizim üçün vacib, mühüm olan çox şeylər arxada qaldı.

- Hakimiyyətin dövrü qısa oldu...

- Bunun bir fəlsəfi izahını deyim. Qısa dövrünə işarə etdiyiniz hakimiyyət bir eksperiment etmək istəyirdi - neftlə zəngin Şərq ölkəsində demokratiya qurmaq. Tarix belə bir təcrübə tanımır. Dünyada elə bir Şərq ölkəsi yoxdur ki, orada neft də olsun, demokratiya da. Düşünürəm ki, bu,uğursuzluğa düçar olan tələsik yanaşma tərzi idi o zaman. Yadımdadır, Turqut Ozalın Bakıya son səfərində Prezident iqamətgahında onun şərəfinə bir ziyafət təşkil olunmuşdu. O, çıxışında belə bir fikir səsləndirdi, dedi ki,  Azərbaycan böyük müqavilələrin imzalanması ərəfəsindədir. Bu, o zaman idi ki, "Əsrin müqaviləsi" hazır idi, xırda detallar qalmışdı və demək olar ki, imzalanma günü də müəyyənləşdirilmişdi. Sözünün davamında söylədi ki, bundan çox ehtiyatlı olun. Türkiyədə hakimiyyətə gələndə ilk gördüyüm iş o oldu ki, dünyadakı türk iqtisadçılarına müraciət edib onları ölkəyə dəvət edərək dedim ki, gəlin və inkişafımız üçün iqtisadi plan hazırlayıb mənə verin. Çağırışımı eşidib hamı gəldi və ölkənin iqtisadi inkişaf planını hazırlayıb təqdim etdilər. Dedilər ki, ölkənin bir hissəsində biz neft yataqları tapmışıq. Gəlin bu nefti istehsal edək və ondan gələn gəliri ölkə iqtisadiyyatının inkişafına, yenidən qurulmasına sərf edək. Onlara dedim ki, nəbadə o axtarışları davam edəsiniz. Əgər tapmış olsanız belə, quyuların ağzını elə qapadın ki, onları uzun müddət açmaq olmasın. Çünki neft qədər bir ölkənin əhalisini tənbəlləşdirən və hakimiyyətini rahatlaşdıran heç nə yoxdur. Neft inkişafa gedən yolu açmır, əksinə, saxlayır. Bu yanaşma tərzinə sonralar bir çox digər müdrik dövlət xadimlərinin fikirlərində də rast gəldim və araşdıranda gördüm ki, tarixdə belə bir taktika yoxdur. Yəni mən bunu Şərq ölkələrinə aid edirəm. Bu günün özündə belə, dünyada həm nefti, həm mükəmməl demokratiyası olan bir Şərq ölkəsi hələ yoxdur. Görünür ki, bunun özünün hazırlıq mərhələrinini keçmək lazımdır. İkincisi, idarəçilik sahəsindəki təcrübəsizlik, səhvlər özünü çox göstərdi. Üçüncüsü də, Rusiya faktoru. Düşünürəm ki, bu məsələlər həmin hakimiyyətin qısamüddətli taleyini həll edə bildi.

- Amma uğurlar da oldu yəqin...

- Qısa dövrdə həmin hakimiyyətin əlbəttə ki, uğurları oldu və bu gün də onların nəticəsini görməkdəyik. Test üsulu, milli valyutanın dövriyyəyə buraxılması, rus qoşunlarının Azərbaycandan çıxarılması. Bu, elə belədən deyildi. Bunun cavabını Azərbaycan almalı idi və aldı da. Nə yaxşı ki, yıxılmağına baxmayaraq, o hakimiyyət sonda bu baxımdan ən düzgün seçimini etdi.

- Azərbaycan jurnalistikasının bu günündən danışaq...

- İtkilərimiz çox böyükdür, hədsiz böyükdür. Azərbaycan jurnalistikası neft bumu üzərində yaranıb. Bu dalğa maraqları böyütdü, yeni resurslar yaranmağa başladı, Zərdabi "Əkinçi"ni buraxdı, digər cəhdlər oldu və bizi bəlaya saldı. Sonralar bu faktor Azərbaycan mediasının inkişafına böyük təsir göstərdi, çünki bu, iqtisadi proseslərlə çox bağlıdır. 80-ci illərin ortalarında media ilə məşğul olanda böyük sıçrayış dövrü keçdik. Bəlkə də bu, indi heyrət doğurar, lakin  bizim qəzetlər fantastik tirajla çıxırdı. "Azadlıq" qəzetinin ilk sayı 200 min tirajla buraxıldı və artıq günorta köşklərdə qəzet qalmamışdı. Bu, tək bizə deyil, böyük təsir gücünə malik digər qəzetlərə də aid idi. Televiziya az qala Prezident Aparatından üstün bir institut idi. Biz belə bir dövr keçdiyimizdən medianın böyük gələcəyini görürdük. Sonra medianın reklam dalğası gəldi. 1998-ci ildə medianın qızıl dövrü başladı, həm vəsait vardı, həm də imkanlar. Redaksiyalarda 150-200, televiziyada 1200  nəfər insan çalışırdı. Artıq beynəlxalq arenaya çıxmaq haqqında düşünürdük. Belə imkandan sonra bu gün redaksiyalar 6-10 nəfər işçi saxlamaq gücü ilə fəaliyyət göstərir. Bu gün medianın nə vasəiti var, nə təsir gücü var, nə də tirajı var. Bu gün media sağdan da, soldan da qorunmaqla məşğuldur. Yadımdadır, bir qəzet redaktoru mənə zəng vurmuşdu ki, reklamdan bizə 6 maşın veriblər bunları nə edək, nə məsləhət görürsünüz? Təsəvvür edirsizmi bir redaksiyanın öz işçisinə maşın hədiyyə etmək qədər inkişaf səviyyəsi olub. Amma bu gün əməkdaşına məvacibini belə verə bilməyən redaksiya mediaya xidmət edir. Bu bir yana, eyni zamanda bu gün media güclü ideoloji təsir altındadır. O zamanın həm müxalifət, həm hakimiyyət, həm müstəqil medianın fəaliyyəti, yanaşma tərzi, cəmiyyətin müxtəlif seqmentlərini müdafiə cəhdləri, həyatla qaynaşması bu gün yoxdur. Bu gün təəssüf ki, media prinsipləri təhsil sahəsindən də uzaqlaşıb. O zaman doqquz universitet jurnalist hazırlayırdısa, bu gün onun sayı dörddür və hamısı da dövlət təhsil ocaqlarıdır. Orada jurnalistika təhsilinin nə gündə olduğunu biz redaksiya işçiləri yaxşı görürük, çünki onlarla hər şeyi təzədən başlamaq lazım gəlir. Bir dəfə mənə sual verdilər ki, bugünkü medianı nə ilə müqayisə edə bilərsiniz? Cavab verdim ki, ağzı açılıb göyə buraxılan şarla. Həmin şarın xaotik hərəkət trayektoriyasını izləmək bəlkə də mümkündür, lakin proqnozlaşdırmaq qeyri-mümkün. Çünki bu günün mediası öz dayaqlarından deyil, yalnız siyasi  iradədən asılıdır.

- Sizin nəzərinizdə jurnalistin tərif forması...

- Jurnalist yazmaq, fikrini ifadə edə bilmək mədəniyyəti və bacarığı olan, ictimai marağa xidməti həmişə üstün tutan romantik bir şəxsdir. Bu gün isə cəmiyyətdə romantikaya yer çox az ayrılır. Niyə görə? Çünki yaşamaq uğrunda mübarizə, qazanmaq, ailəni dolandırmaq ehtiyacı hər şeyi üstələyib. Uzağa getməyək, jurnalistikada təhsil alan tələbələrə baxaq. Qrupda 20-25 nəfər varsa, onun yalnız 3-4 nəfəri deyir ki, mən jurnalistikanı davam etmək istəyirəm. Hələ bunların bacarığı olub-olmayacağı da sual altındadır. Bizim peşə üçün zəruri olan faktorlar var. Biri Allah vergisidir, yəni yazmaq bacarığıdır. Əgər bunlar yoxdursa, oxuyub təhsil almaqla heç nə əmələ gəlməyəcək. İkincisi, daima oxumalı, işləməli, cilalanmalı və hərəkətdə olmalısan. Dayandınsa, yıxılacaqsan. Bir də jurnalistika professionallıq tələb edir. Çox zaman bu professionallıq sualının cavabını axtarırlar. Profesionalizm əmtəədir. Hərə bacardığı işlə məşğul olub güzəranını təmin edir. Niyə jurnalist professional olmaq istəyir? Ona görə ki, istəyir hər şeyi olsun, təminatı da yüksək. Amma bu, professionallıqdırmı? Təbii ki, yox. O qədər bizim dəyərli, peşəkar yazarlarımız var ki, onlar bir kənara qısılıb qalıblar. İşinə ömür, əmək, vaxt sərf eləyib ortaya qoyanlar yalnız dediyim romantiklər ola bilər. Praktiklər jurnalistikadan kənar peşə seçməlidirlər.

- Anladığım o oldu ki, onda tənqidlə təhqiri ayırd edə bilməyənlər də həmin praktiklərdir...

- Bu, düşünürəm ki, insanların içindəki xislətin təzahürüdür. Bu gün jurnaistika deyəndə sərhədləri çox genişləndirmişik. Bu, əvvəlki kimi dar dairə deyil. O zaman bir yerə toplasaydın, ölkədə 5-6 min jurnalist olardı. Bu gün yazmaq, çap olunmaq, üzə çıxmaq, fikrini cəmiyyətdə ifadə etmək, kütləyə çatdırmaq prizmasından baxanda, bəlkə də, ölkənin yarısı jurnalistdir. Sərhədlər o qədər genişdir ki, onların içərisində həmin çərçivələri gözləmək çox çətin olur. Bu gün ən kəskin media Azərbaycandan xaricdə olanlardır. Amma orada hansı professionallıqdan söhbət gedə bilər? Onlar qapalı söyüş formalarını da ötüb keçir, çünki daxildə özlərinin haqq-hesabı var.  Azərbaycan rəhbərlərindən tutmuş biz peşəkarlara qədər dəfələrlə fikir bildirmişik ki, media kompromat müharibə meydanına çevrilib. Media bir şantaj vasitəsinə çevrilib. Bir də cəmiyyətdə ümumi mədəniyyətin aşağı düşməsinin də  təsiri özünü göstərir. Vaxt vardı biz jurnalistlərin hansısa kitabı oxumaması utanc gətirən bir hadisə idi. Bu gün oxumaq, hansısa bir mədəni inkişafa tərəf doğru addım atmaq, bundan istifadə etmək ən sonuncu mərhələdir. Ona görə də daha aşağı bilik səviyəsilə, daha aşağı mədəni səviyyə ilə yürüyənlərin peşəsi qərəzli də olmalıdır.

- Bu, həm də senzuranın olmamasından sui-istifadəyə bənzəyir...

- Senzuranı klassik mənada başa düşürüksə, bu, lazım deyil. Çünki senzura, yəni kənar bir təşkilatın sənin fikirlərinin ifadə istəyini məhdudlaşdırması deməkdir və bunun əleyhinəyəm. Lakin hər bir insanın daxilində, beynində bir nəzarətçi olmalıdır. Biz hər şeyi nəzərə alırıq. Biz cəmiyyətin fikrini, haqqında söz dediyimiz adamla sabah qarşılaşacağımızı, öz mədəni səviyyəmizi, hətta reklam itirməməyi belə, nəzərə alırıq. Yəni medianın özünü daxilindən məhdudlaşdıran məqamlar az deyil ki, bunları senzura adlandıra bilərik. Lakin təəssüf olsun ki, Azərbaycanda bu gün həmin səviyyə mümkün olan bütün sağlam çərçivələri keçib. Jurnalist bir fikir yazmaq istəyəndə ehtiyat edir, çünki onun yazacağı qanunvericiliyə söykənibsə, deməli, cəza alacaq. Belə hallar da olub. Fakta görə deyil, fikrinə görə cərimə cəzası kəsilən jurnalistlər görmüşük. Xırdalıqlara varmaq istəmirəm, lakin hazırda senzura çox yüksək həddədir. Ona görə də qızıl ortanı tapmaq çətindir.

- Açıq-aşkar görürük ki, bu günün oxucusu sarı mətbuata daha həvəslidir. Televiziyalar da göz önündə...

- Belə bir şeyi nəzərə alaq. Milli dəyərlərimiz, mentalitet kimi ifadələri çox işlədirik. Adi insan mentalitetinə görə bir-birinə çox yaxındır. Digər ölkələrlə müqayisə etsək belə, görərik ki, burda o qədər güclü fərq yoxdur. Sarı mətbuata maraq dünyanın bütün ölkələrində var və yüksək tirajla da çap olunur. Eyni vəziyyəti özümüzdə də görürük. Niyə? Çünki cəmiyyətin özünün təxminən 60 faizi həmin məhsulu istehlak edəndir. Buna nə qədər yüksək texnoloji və ya mədəni inkişaf imkanları verilsə də. Digər tərəfdən düşünürəm ki, burada media səhəsində yürüdülən siyasətin də böyük rolu olub. Televiziyalar dediniz sualda. Azərbaycan televiziyası öz-özünə bu dərəcədə bayağılaşa bilərdi? Buna müəyyən bir istiqamət verildi və sonra hökumət özü dəhşətə gəldi ki, bu nədi belə? Bu gün televiziyalarda ekstrosenslərin hökmranlıq etdiyi, orda-burda adam axtaranların at çapdığı bir mühiti görürük. Axı televiziya nəsillər formalaşdırır. Biz nə qədər desək ki, sosial şəbəkələr dövrüdür, televiziya əhalinin əsas informasiya mənbələrindən biri olaraq bu gün də qalmaqdadır və uzun müddət də belə olacaq. Televiziya sehrli bir aləmdir və bununla da insanları cəlb edir. Təəssüf ki, cəlb etdiyi insanları seriallarla, bayağı verilişlərlə, səviyyəsiz tok-şoularla, müğənnilərin bir-birilə dalaşmağı ilə formalaşdıra-formalaşdıra gedir. Beləcə, 30 ilə üç nəsil yetişdirə bilib bu televiziya və sonra da deyirik bunları hardan tapmışıq. Bax, bu iki faktor birləşəndə güclü bir qüvvəyə çevrilir və axırda bizi də əzir. Nəticədə bizlər də balaca kabinetlərdə, kiçik kollektivlərlə, az-çox aşağı tirajlarla, imkanlarımızdan qat-qat məhdud şəraitdə fəaliyyətimizi davam etdiririk, çünki gücümüz buna çatır.

- Günümüzün gəncliyi...

- "Əsgərlər unudulanda ölürlər" filmi ilə bir neçə xarici ölkəyə səfərə getdim. Filmi diaspor nümayəndəliyinin vasitəsilə nümayiş etdirmək üçün idi bu səfər.  Mən həmin səfərdən böyük heyrətlə qayıdandan sonra bir yazı yazdım ki, Azərbaycanın xaricdə qızıl gəncliyi yetişir. Çox eşidirik deyirlər ki, gedirlər, oxuyub Vətənə qayıtmırlar və sairə. Lakin belə deyil, istər xaricdə, istər ölkəmizdə unikal gənclik yetişir, özü də istənilən sahədə. Uzağa getmədən götürək hərbi sahəni. Bizim bacarmadığımızı bu gənclik bacardı. Bəli, rəhbərlik də vardı, hərbi texnika da vardı, amma müharibəni onlar etdilər və uddular. Gəncliyə daha geniş imkanlar açmaq və düzgün istiqamətləndirmək lazımdır. Öz sahəmizdə müxtəlif treninqlər keçiririk və həmin bu günün gəncidir ki, gəlib iştirak edir. Əgər 10-12 nəfər arasından üç uğurlu jurnalist çıxırsa, bu, artıq medianın qələbəsidir. Lap yaxşı, gənc jurnalistləri tapdıq, bəs bunları hara yerləşdirək? Azərbaycan televiziyasına göndərəcəksən, o, həqiqi jurnalist prinsiplərilə bir həftədən artıq orada işləyə bilməz. Ona görə ki, onu orda saxlamayacaqlar, çünki prinsiplər fərqlidir. Nəticədə bu savadlı gənc kadr iri KİV-lərə üz tutur, hansının ki, mediadan kənar maliyyə qaynaqları, dəstəkləri var. Təbii ki, bu qaynaq və dəstəklərin də mediadan kənar tələbləri, standartları olur. Beləcə həmin savadlı gənc kadr ya onlara uyğunlaşmalıdır, ya çıxıb getməlidir, ya da bizim böyük əksəriyyət kimi başqa sahəyə yönlənməlidir. Bizim sənətindən uzaqlaşan peşəkar jurnalistlərimiz kifayət qədərdir. Ona görə də onlardan gileylənmədən əvvəl bir özümüzə də baxmalıyıq ki, nə şərait yarada bilirik bu gənc istedad üçün? Təəssüf ki, heç nə.

- Arif Əliyevin mediaya sözünü eşidək sonda...

- Sözüm böyük danışmaq kimi qəbul edilməsin, çünki mən özüm də bu medianın içindəyəm. Çox istərdim ki, media özünü əvvəlki qədər böyük qüvvə kimi hiss etsin. Nə qədər böyük humanizm nümayiş etdirmək istəsək də, dərk etməliyik ki, istənilən halda ədalət məntiqlə bağlı qüvvəyə söykənməlidir, özünü müdafiə etməyi bacarmalıdır. Bu gün Azərbayan jurnalistikası bunu bacarmır. Çox istərdim ki, həmin qüvvə bərpa olunsun. Bu gün mediadan nə qədər narazılıq etsələr də, bu sahə bütün strukturların önündə getmək imicini saxlaya bilib. Haqqı tapdanan, çətin vəziyyətdə olan öz sözünü hələ də media vasitəsilə deyə bilirsə, deməli, dəyişən forma ola bilər, mahiyyət isə olduğu kimi qalıb.

SÖZARDI: Söhbəti bitirdikdən sonra qapının astanasında ayaq saxlayan Arif Əliyev dedi ki, qəzetinizə bir neçə dəfə müsahibə vermişəm və həmişə də razı qalmışam. Nə xoş bizə... Öz növbəmdə ümid edirəm ki, daha bir müsahibə ilə yadınızda xoş təəssüratla qala biləcəyik.

Tamilla M-zadə

 

 





20.11.2023    çap et  çap et