525.Az

"Yox!" cavabının yaratdığı mədəniyyət - Rəvan Cavid yazır


 

"Yox!" cavabının yaratdığı mədəniyyət - <b style="color:red"> Rəvan Cavid yazır</b>

"Vaxt öldürmək", "Boş vaxtımda..." ifadələrinin, demək olar ki, yox olduğu bir zaman başladı. İndi zaman ölü doğulur. Boş vaxtı doldurmaq qayğısından arınmışıq. Gələcəklə bağlı qurulan astagəl xəyallar "indi, vaxt itirmədən" anlayışına uduzub. Cəmiyyətlər tələsir. Aqibət duyğusu zamanın özünün də canına bir qorxu salıb.

Müasir sosiologiyanın ən məşhur imzalarından biri Byunq-Çul Handır. Cənubi Koreyada doğulmuş, Almaniya və İsveçrə vətəndaşı Byunq-Çul müasir fəlsəfənin, psixologiyanın və sosiologiyanın dünyada əsərləri ən çox satılan imzasıdır. Müasir insanın problemləri, sosial həyatı, sosial şəbəkələrin və internet divlərinin yaratdığı yeni psixoloji xəstəliklərin araşdırmaçısıdır.

Kapitalist eranın son iyirmi ilində insanların düşüncəsini dəyişən, onların həyatını şəkilləndirən nüansları araşdıran yazıçının ən məşhur əsəri "Yorğun toplum"dur. Bundan başqa, onun "Şiddətin topologiyası", "Erosun iztirabı", "Psixipolitika" və digər kitabların müəllifidir.

Byunq-Çul "Yorğun toplum"da insanların psixoloji davranışlarını onların həyatının aktivliyi ilə izah edir. Həyatımız sürətli şəkildə, bəzən bizdən xəbərsiz başlayır və bitir. Günümüzdə zaman anlayışını iyirmi dörd saatla ifadə etmək sadəcə simvolistikdir. Bizlər iyirmi dörd saat yaşaya bilmirik. Tıxac, növbə, uzun-uzadı davam edən boş, məzmunsuz söhbətlər, yolda canımıza daraşan "nə var, nə yox?!. başqa nə var, nə yox?!"lar, hiss etməsək də, faydalı iş əmsalımızı əlimizdən alır. Əgər iyirminci əsrin ortalarında praqmatik yaşamaq cansıxıcı görünürdüsə, o vaxtlar bunun həyatın gözəlliklərini yaşamamaqla əlaqələndirirdilərsə, indi praqmatiklik bir şərt olub. Zamanı dəyərləndirmək, iyirmi dörd saatın hamısını dolu yaşamaq istəyirsənsə, məcbur əlində gün boyu nə edəcəklərinin siyahısı olmalıdır. Və heç bir kəs, heç bir xüsusi hadisə bu siyahını pozmamalıdır. Təbii ki, bizim kimi cəmiyyətlərdə dost çağırışına, "yağlı, duzlu məclislərə", qarşı cinsin görüş dəvətinə "Yox!" demək qədər çətin ikinci sosial problem yoxdur. Avropada "Yox!" demək mədəniyyəti onları inkişaf etdirən əsas amillərdən biridir. Məsələn, alman dəqiqliyi, skandinav soyuqqanlılığı dediyimiz anlayışlar "Yox!" cavabının yaratdığı praqmatik mədəniyyətdir. Bütün bunlara baxmayaraq, hər mədəniyyətin əks təsiri olduğu kimi praqmatikliyin də əks təsirləri müasir cəmiyyətlərdə yeni xəstəliklər yaradıb.

İyirmi birinci əsrin psixoloqları yeni çağın insanın şiddətə meyilliyini, depressivliyini, stress çoxluğunu və bu qəbildən olan ictimai-sosial həyatımızda ciddi travmalar yaradan xəstəliklərin məhz praqmatiklikdən yarandığını araşdırıblar. İndi bizlər pis, ürəkyaxan xəbərlərə görə əsəbiləşmirik, biz vərdiş etdiyimiz əyləncələrin yoxluğuna, aktivliyin və adrenalinin daha az xərcləndiyi məkanlara əsəbiləşirik. Əyləncə və media sahələri bizi milli "Joker"lərə çevirir.

Sistemli şəkildə həyatında hər şeyə yer verməyə çalışan insanın ən böyük stressi vaxtının əlindən alınmasıdır. İnkişaf etmiş mədəni cəmiyyətlərdə bir nəfəri boş yerə yubatmaq ən böyük əxlaqsızlıq sayılır. Müqayisədə Qafqaz cəmiyyətləri bu qədər aqressiv yanaşmır məsələyə. Daha rahatdırlar. Bu lazımsız rahatlıq onları (yəni biz qafqazlıları) tənbəl böyüdür. Tənbəl cəmiyyətlərin düşüncə tərzi isə heç vaxt inkişaf etmir. Eyni hal İslam cəmiyyətlərinə də aiddir. Nə qədər müqəddəs kitabları onlara oxumağı əmr etsə də, bugünkü İslam coğrafiyası vaxtını daha çox çilçıraqlı əyləncələrə xərcləyir.

Zaman keçdikcə bu əyləncələr xırda toplumları yormağa başlayır. Əzginlik, yorğunluk, bədbinlik çökür həmin cəmiyyətlərin üstünə. Nəticədə Byunq-Çulun ifadə etdiyi yorğun toplumlar yaranır.

Bu toplumları yaradan başqa bir səbəb isə fərdiyyəçi sinifləndirmədir. Marksın sinfi cəmiyyət anlayışının əksinə olaraq bu gün kollektiv mübarizədən daha çox fərdi mübarizənin yaratmaqda olduğu cəmiyyət modeli ilə üz-üzəyik. İnsanları cəmiyyət deyil, öz həyatlarının məcrası daha çox maraqlandırır. Fərdiyyətçiliyin yaratdığı ən böyük problemlərdən biri isə xaricə qarşı olan reflekslərimizin ölməsidir. Bu vaxt ötdükcə sosial əxlaqı da zədələyir. Sosial əxlaqı zədələnmiş cəmiyyət üçün bütün günahlar mübahdır. Zombiləşmiş küçələrin qurduğu qaranlıq və dumanlı şəhərlər beləcə peydə olur.

Modern insan alış-verişin, əyləncənin, işıqlı məkanların, yüksək səsli ritmbaz musiqilərin, aktiv həyatın, robotların, brendlərin və reklamların əsiridir. Bəzi cəmiyyətlər (yenə skandinavları misal çəkmək məcburiyyətində qalırıq, çünki yeganə ideala yaxın cəmiyyəti onlar qura bilib) bu vərdişləri tərgidə bilib, bu tip süni şəkildə xoşbəxt edici nəsnələrə "yox!" deməyi bacarıblar. Bu xəstəliklərdən əziyyət çəkən toplumlarda isə bitkinlik, yorğunluq hökm sürür.

Amerika adlı böyük bir şirkətin uzanan ən böyük qolu da əyləncə sektorudur. Bu qol dünyanın hər yerində, hətta Afrikanın ən ibtidai toplumunun bir fərdinə də üzərində Messinin şəkli olan köynəyi geyindirə bilir. Ən səfil ölkə olan Brundidə bir aya on beş dollar qazanan ailəni telefona, meqabaytlara, internet və sosial şəbəkələrə möhtac buraxır. İnsanlar gülmək istəyir, amma bu görkəmsiz qəhqəhələrin altını doldurmaq istəmir.

Bir tərəfdə siyasi anlaşılmazlıqlar, bir tərəfdə ekoloji problemlər, digər tərəfdə dərmanı tapılmayan xəstəliklər, bir digər tərəfdə yenidən alovlanan dini və irqi ayrı-seçicilik insanların altşüurunda bədbinliyi, tükənmişliyi böyüdür. Bu qədər ciddi problemlərdən qaçmağın yolunu əllərindəki bir qarış telefonda tapan toplumlar özləri də bilmədən başqa bir bəlanın əsir-yesiri olurlar - İnternetin.

Byunq-Çul bu kimi problemlərin həllini artterapiyada (sənətlə terapiya), sənətlə məşğul olmaqda, səyahət etməkdə və günün boş saatlarında boş olmamaqda görür. Vaxtımızı boşaltmaq yox, doldurmaq üçün çalışmalıyıq ki, ruhumuzu ölü zamanın bədbin qalıqlarından təmizləyə bilək.

 

 





20.11.2023    çap et  çap et