525.Az

Müasir Vyanaya və Avstriyanın zəngin tarixinə səyahət - Telman Orucov yazır


 

Müasir Vyanaya və Avstriyanın zəngin tarixinə səyahət - <b style="color:red"> Telman Orucov yazır</b>

 Müharibənin tarixi, onda gedən hadisələrin təsviri də çox vaxt mübahisələrə səbəb olur, təəssüf ki, həm də hətta bir-birinə və obyektivliyə zidd olan  mövqelərdən qələmə alınır. Ona görə də çox sayda əsərlərdə qərəzli münasibət özünü büruzə verir, tarixi faktların təhrifi də hakim ideologiyaya itaət qılmaq xatirinə məqbul sayılır. Qərb müəlliflərinin çoxu Soyuq müharibənin yaratdığı mübarizə şəraitində, doğurduğu əks münasibətlər atmosferində öz əsərlərini yazanda Şərq Cəbhəsinin danılmaz əhəmiyyətini etiraf etmək istəmirlər. Təəssüf ki, rəsmi dairələr də onlardan geri qalmır. 8 may 2023-cü ildə Birləşmiş Ştatlar Ağ Evinin verdiyi bəyanatda deyilir ki, faşizm üzərindəki qələbəni ABŞ əldə etmişdir, "qitədə ABŞ və müttəfiq qüvvələrinin faşizm üzərindəki qələbəsi" baş vermişdir. Rus tarixçiləri isə özlərinin "Böyük Vətən müharibəsi" mövzusuna həsr olunmuş əsərlərini yazanda qərəz mərəzindən uzaqlaşmağı bacarmadıqlarından, öz xalqının və silahlı qüvvələrinin qələbədəki iştirakını hədsiz qaydada şişirdib,  digər iştirakçıların çox mühüm cəhdlərini az qala inkar etməklə, Qərb Müttəfiqlərinin ümumi qələbənin əldə edilməsindəki həqiqətən böyük olan xidmətlərini aşağılamaqla, onlara qarşı tarixçi mövqeyinə zidd olan bir ədalətsizlik göstərirlər. Rusiya rəhbərliyi isə digər qalib dövlətlərdən fərqli olaraq, dünyada hər il, hətta qələbədən 78 il keçdikdən sonra da yeganə hərbi parad keçirməklə, qələbənin təkcə öz silahlı qüvvələrinə məxsus olduğunu, yalnız onunku olduğunu iddia etməyə üstünlük verir.

 Hər iki tərəf ümumi qələbəni yalnız öz adına çıxıb, həqiqətə göz yummaqla yanaşı, həm də tarixin təftişinə, daha dəqiq deyilsə, təhrifinə yol verir. Tarixdə onsuz da saxtakarlıq halları az olmamışdır. Bizim eradan əvvəl XIII əsrdə (b.e.ə. 1286-cı il) Misir faraonu II Ramzes, Kadeş döyüşündəki hettlərlə vuruşda əslində məğlub olduğu və ya əks tərəfə heç də üstün gəlmədiyi halda özünü qalib kimi qələmə vermişdi. Borodino döyüşündən sonra rus ordusu geri çəkilib, hətta Moskvanı Napoleona təhvil verdikdən sonra da, həmin məşhur döyüşdə rusların qalib gəldiyi iddia edilirdi. XX əsrin böyük münaqişəsinin əsl tarixi də bəzən milli üfüqlər tərəfindən bağışlanmaz qaydada retuş edilir, hətta sui-istifadə obyektinə çevrilməkdən də yan keçmir.

 Onu da nəzərə almaq lazımdır ki, II Dünya müharibəsi Avropada olduqca təhlükəli miras qoymuşdur və onlara müvafiq olaraq, həm də ciddi diqqət yetirilməlidir. Müəlliflər müharibə maşınının qan çayı axıtmaq, ölkələri nəhəng qəbiristanlıq ərazilərinə çevirmək yoluna daş döşəmək sahəsindəki rolunu etiraf etməklə yanaşı, eyni zamanda xırda əhvalatların bolluğu altında mühüm cəhətlərin, prinsipial amillərin unudulmasına yol verirlər. Bəzən isə onlar hansısa əhəmiyyətsiz epizodu şişirdib, onu müharibənin taleyini həll edən vacib bir səhnəyə çevirirlər. Lakin müharibə qlobal xarakter daşıdığına görə, onun təsviri də, analizi də əhatəli, obyektiv, qərəzsiz və ədalətli olmalıdır. Axı bu əsərlər hansısa xüsusi məqsədi güdməklə kəşfiyat orqanlarının yazdıqları gizli hesabat deyildir, müqayisə etməyi və məntiqi nəticəyə gəlməyi də bacaran kütləvi oxucuya ünvanlanmışdır.

Obyektivlikdən qəsdən uzaqlaşan belə tarixçilər qoca köstəbəkləri yada salırlar, belələri, təəssüf ki, bilə-bilə özlərini də aldatmaq yolunu tuturlar. Çünki təbiətən kor olan köstəbəklərdən fərqli olaraq, onlar şüurlu insanlardır, heç şübhəsiz, müəyyən müşahidə və təhlil etmə qabiliyyətinə də malikdirlər. Onlara, çox saydakı yazılarında yol verdikləri qeyri-obyektiv mövqelərinə görə üz tutub, Hamletin sözləri ilə müraciət etmək istəyirsən; "Belə, qoca köstəbək, sən necə də cəld qazırsan". Axı köstəbək kor-koranə yeri deşməklə məşğul olur, bəzi müəlliflər də həqiqətə göz yumub, tez-tez üzə çıxan elmi iş adı altında saxtakarlığa meyl etməkdən də çəkinmirlər.

Çox heyif ki, kimlərəsə xoş gəlmək xatirinə, tarixi saxtalaşdıranlar bu elmin özünün də hörmətdən düşməsinə səbəb olurlar. Bığı əldə etmək əvəzinə, saqqalı da itirmiş olurlar. Burada ədəbiyyatda təmsil janrının banisi, b.e.ə.VI əsrdə yaşamış Ezopun bir təmsili yada düşür. Onun məcazi məna daşıyan əsərində köstəbək anasına, möcüzəli şəkildə görmək qabiliyyəti qazandığını elan edir. Anası onun qarşısına buxur dənəciyi qoyub, əşyanın nə olduğunu soruşur. Bala köstəbək deyir ki, bu daşdır. Anası onun əvvəlki tək kor olaraq qaldığına əmin olub, deyir: "Sən nəinki görmək qabiliyyəti qazanmamısan, hətta öz iy bilmə qabiliyyətini də itirmisən". Çünki buxur əslində iyi ilə məşhurdur və bu məqsəd üçün indi də xristian dini tədbirlərində istifadə edilir. Kor olanlarda isə adətən iy bilmə, intuisiya güclənir, görmədən hərəkət etmək qabiliyyəti yaranır. Bəzi qələm sahibləri isə hakimiyyətə itaət göstərməkdə hədsiz canfəşanlıq edərək, elmi əsər əvəzinə surroqat məhsul buraxır və onunla həm də şöhrət qazanmaq istəyirlər. Zaman dəyişdikcə, nəinki zövqlər, hətta mövqelər də sürətli dəyişikliyə uğrayır, bəzən sarsılmaz qalmalı olan prinsiplər belə, öz yerini iyrənc mimikriya daşıyıcılarlnın sifətinin biabırçı ifadəsinə verir. Buna isə yalnız təəssüflənmək lazımdır.

Müharibənin baş verməsinə gəldikdə, onun qarşısını almaq üçün səylər birləşsəydi, qüdrətli dövlətlər vahid cəbhədən çıxış etsəydilər, yəqin ki, bu cəhdlər uğur qazana bilərdi. Təəssüf ki, bu birlik yalnız müharibənin gedişində, nəhayət təhlükənin məhvedici olduğunun anlaşıldığı anda meydana çıxdı və xoşbəxtlikdən, arzulanan nəticənin də əldə edilməsinə səbəb oldu. Müharibədən əvvəlki dövrdə isə mənafelər üst-üstə düşmədiyindən, iki sistem arasında mövcud olan şübhə atmosferi alman nasizminə və yapon militarizminə qarşı mübarizənin təşkili imkanlarını sıfıra endirdi. İqtisadi depressiya, 1929-cu ildə Uoll Stritin süqut etməsi ilə başlanmaqla, Birləşmiş Ştatlara, müharibənin qarşısının alınmasında Millətlər Liqasının cəhdlərinə qoşulmağa imkan vermədi. Belə güclü dövlət iqtisadi depressiyanın təsiri ilə həm də yaponların və italyanların 1930-cu illərin sonlarındakı geniş təcavüz hərəkətlərinin qarşısını ala bilmədi.

Yaponlar ABŞ-ın Pyorl-Harbor hərbi dəniz bazasına 1941-ci ilin 7 dekabrında məhvedici hücum etdikdən sonra, sabahısı gün Amerika Yaponiyaya müharibə elan etməklə, II Dünya müharibəsinə girdi və onun qalibiyyətlə yekunlaşması üçün olduqca böyük iş gördü. Ümumi qələbədə ABŞ-ın rolunun kiçildilməsi cəhdi də həqiqəti inkar etməkdən başqa bir şey deyildir. Amerika hələ Müttəfiqlikdən əvvəl Böyük Britaniyaya və SSRİ-yə müharibənin ilk anlarından hərbi, iqtisadi, siyasi və mənəvi yardım göstərmişdi. Prezident Franklin Delano Ruzveltin bu sahədəki xidmətləri təqdirə layiq xarakter daşıyırdı. Nasistlər və faşistlər isə ona nifrət edirdilər. İtaliya diktatoru Benito Mussolini, onu nəzərdə tutaraq istehza qaydasına deyirdi ki, tarixdə gödək boylu və eybəcər dövlət başçıları olmuşdur, lakin heç vaxt hansısa bir dövlətə iflic adam rəhbərlik etməmişdir.

Təəssüf ki, müharibə dövründəki sıx və uğurlu müttəfiqlik qələbədən sonra uzun sürmədi və müharibədən əvvəlki bir-birinə qarşı inamsızlıqdan xəbər verən münasibətlər sistemi yenidən bərpa olundu. Uinston Çörçill 1946-ci ilin martında ABŞ-da, Missuri ştatının Fulton şəhərində çıxış edərkən SSRİ-ni ittiham edib, onun Şərqi Avropada sosialist sistemi yaratması cəhdini nəzərdə tutaraq demişdi: "Baltikdəki Ştettindən Adriatikdəki Triestə qədər qitədə Dəmir Pərdə salınmışdır". Əlavə etmişdi ki, məşhur Avropa şəhərləri və onların ətrafındakı əhali Sovet Sferasına düşmüşdür. Bununla da o, Soyuq Müharibəyə start verdi. Əvvəllər isə o, ümumi mübarizəni nəzərdə tutaraq, "Biz bütün dünyanı nasist tiraniyasının bubon taunundan xilas etmək və insan üçün bütün müqəddəs olanları müdafiə etmək üçün vuruşuruq" sözlərini işlətmişdi.

Soyuq müharibə isə az qala yarım əsr davam etdi, 1991-ci ilin sonunda SSRİ-nin dağılması nəticəsində meydana gələn Rusiya Federasiyası dövləti öz təhlükəsizliyini təmin etmək adı altında əvvəllər ümumi ailənin üzvü kimi bir yerdə mehriban yaşamış qonşu dövlətlərlə silahlı münaqişəyə əl atdıqda, Qərb dövlətlərinin sərt cavab xarakterli münasibəti ilə üzləşməli oldu. Rusiya öz təhlükəsizliyinə qorxu yarandığına əsaslanaraq 2014-cü ildə Ukrayna ərazisi olan Krım yarımadasını tutdu. Səkkiz il sonra diplomatik həll yolunu bütünlüklə kənara ataraq, Ukraynanın rus dilli əhalisini müdafiə etmək bəhanəsi ilə onun suveren ərazisinə 24 fevral 2022-ci ildə silahlı müdaxilə etdi.  Qanlı müharibə 500 gündən çoxdur ki, davam etməklə səngimək bilmir. Vaxtilə qardaş hesab edilən iki slavyan xalqı bir-birilə qanlı cəbhədə vuruşmaqla, barışmaz düşmənə çevrilmişlər. Ukraynanın  xeyli sayda şəhəri, müəyyən fasilələrlə davam edən raket zərbəsi və aviasiya bombardmanı ilə xarabazara çevrilmişdir, çox sayda mülki insanların məhvinə səbəb olmuşdur. 

 

Avstriya 1945-ci ildən sonra və ölkənin varlanma dövrü

 

Avstriya Respublikası da 27 aprel 1945-ci ildə elan edildikdə, onun torpaqları və xalqı bütünlüklə bədbəxtlik və mənəvi deqradasiya şəraitində idi. Bu ölkə, bu xalq daha çox tövbəsi gecikən cinayətkara bənzəyirdi. Avstriyanın Üçüncü Reyxdəki iştirakı yalnız fiziki, iqtisadi, mənəvi və siyasi sahədəki dağılmalar ilə, viranəliklə mükafatlanmışdı. On il sonra isə Avstriya dünyanın daha da çiçəklənmiş və təhlükəsiz ölkələrindən biri idi. 2006-cı ildə Avstriya yenidən Avropa İttifaqının prezidentliyi vəzifəsini daşıyırdı. Avstriya İkinci Respublikasının feniks quşu kimi 1945-ci ildəkindən dirilib qalxması, müharibədən sonrakı Avropada ən görkəmli nailiyyət timsallı əhvalatlardan biri idi.

1945-ci ilin mayının xaotik günlərindən birində Amerika qoşunları Yuxarı Avstriyaya müdaxilə etdi. Monfilddə bir qəribə hadisə baş verdi. Yeniyetmə qız evlərinin qapısının döyüldüyünü eşidib, qapını açanda qaradərili afro-amerikan əsgərini görəndə, bu adamın qara sifətinə görə şok keçirdi. Qız qapını bağlayıb, pilləkənlə geri qaçdı. Nasist doktrinasına və mədəni düşüncəsinə görə, belə bir reaksiya zəruri idi. Hələ adamlar dəyişilməmişdi və işğalın yeni reallığından qaçmaq da mümkün deyildi.

Müttəfiqlərin rəyinə müvafiq olaraq Avstriya rəsmi qaydada azad olunmuş ölkə hesab olunurdu. Çünki nasist işğalından yaxasını böyük məğlubiyyət hesabına qurtarmışdı.

4 iyun 1945-ci il ilk Nəzarət Razılaşması ilə Müttəfiqlər Avstriyanı Müttəfiqlər Şurasının nəzarəti altına qoymuşdu, bunun üçün dörd hərbi zona yaradılmışdı və onlarda qalib dövlətlərin hərbi qüvvələri yerləşdirilməli idi. Avstriyada Sovetlərin amerikanların, britaniyalıların və fransızların işğal zonaları meydana gəldi. Almaniya özü də belə dörd zonaya bölünmüşdü, onlardan üçü sonralar birləşib Almaniya Federativ Respublikasını əmələ gətirdi və ölkənin şərq hissəsində isə Sovetlərin köməkliyi ilə Almaniya Demokratik Respublikası yarandı. Paytaxt Berlin şəhəri  sovetlərin zonasında olsa da, öz növbəsində müvafiq olaraq dörd zonaya bölündü, şəhərdəki Brandenburq qapısından şərqdə ADR-in paytaxtı yerləşirdi.

(Ardı var)   

 





20.11.2023    çap et  çap et