525.Az

"Yaşıl enerji" konsepsiyası: Qarabağ və Şərqi Zəngəzur üçün böyük perspektivlər


 

"Yaşıl enerji" konsepsiyası: Qarabağ və Şərqi Zəngəzur üçün böyük perspektivlər<b style="color:red"></b>

Günəş və külək enerjisindən sistemli şəkildə istifadə edilməsi "yaşıl enerji" konsepsiyasının əsas elementlərindəndir. Xüsusən nəzərə alsaq ki, işğaldan azad olunan ərazilərimizin günəş və külək potensialı böyükdür. Bu, həm də həmin ərazilərdə istehsal olunan elektrik enerjinin digər rayonlara nəql edilməsinə imkan yaradacaq.

Qarabağ və Şərqi Zəngəzur 7200 meqavat günəş, 2000 meqavat külək enerjisi potensialına malikdir. Ölkəmizin daxili su ehtiyatlarının isə təxminən 25 faizi, yəni illik 2 milyard 560 milyon kubmetri bu ərazilərdə formalaşır. Günəş enerjisi potensialı Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıda, külək enerjisi potensialı isə Laçın və Kəlbəcərin dağlıq ərazilərində daha çox müşahidə olunur. Hər iki bölgədə mövcud olan Tərtərçay, Bazarçay, Həkəriçay kimi əsas və digər kiçik çaylar böyük hidroenerji potensialına malikdir. Həmçinin, ilkin təhlillərə əsasən Kəlbəcərdə günlük 3093 kubmetr, Şuşada isə günlük 412 kubmetr termal su ehtiyatlarının mövcud olması ehtimal edilir.

Yer səthinə düşən günəş radiasiyasının miqdarına görə Zəngilan, Cəbrayıl, Qubadlı və Füzuli rayonları Naxçıvan MR-dan sonra ikinci yerdədir.

Azərbaycanın ən günəşli rayonlarından biri də Ağdamdır. Burada günəşli günlərin çox olması günəş enerjisindən istifadəni aktuallaşdırır. Gələcəkdə burada da günəş enerjisindən və digər bərpaolunan enerji mənbələrindən istifadə nəzərdə tutulur.

Qarabağın dağlıq hissəsində 100 metr hündürlükdə küləyin orta illik sürətinin saniyədə 7-8 metr olduğu geniş ərazilər mövcuddur. Xüsusilə Kəlbəcər və Laçın rayonlarının Ermənistanla sərhəd ərazilərində küləyin orta illik sürəti saniyədə 10 metrə çatır. Ümumilikdə, Qarabağın dağlıq ərazilərində külək enerjisinin potensialı 500 meqavatadək qiymətləndirilir. Təbii ki, bunlar ilkin qiymətləndirmələrdir.

İqtisadçı ekspert Xalid Kərimli deyir ki, müasir dünyada günəş enerjisi bərpaolunan enerjinin ən perspektivli və ən böyük potensiala malik olan növü hesab olunur. Günəş enerjisindən elektrik enerjisi əldə etmək məqsədilə günəş panellərindən, istilik və isti su təminatı üçün isə günəş kollektorlarından istifadə edilir. Günəş enerjisi texnologiyaları yaşıl siyasətlə bağlı müxtəlif beynəlxalq tədbirlərdə və yeni layihələrdə fəal iştirak edən Azərbaycanda yaşıl enerji istehsalı və ixracını artırmaq üçün mükəmməl hədəflər müəyyən edilib. Məhz buna görə də günəş və külək enerji istehsalını yaratmaq üçün bu sahəyə investisiyalar cəlb olunur, yaşıl zona üçün lazımi texnologiyaların tətbiqi həyata keçirilir. Gələcək naminə icra olunan layihələr içərisində alternativ və bərpa edilən enerji mənbələrindən istifadə mühüm yer tutur: "Yerləşdiyi əlverişli coğrafi mövqe və iqlim şəraiti dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, Azərbaycanda, o cümlədən, Qarabağ və Şərqi Zəngəzurda da ekoloji cəhətdən təmiz alternativ (bərpaolunan) enerji mənbələrindən geniş istifadə edilməsinə imkan verir. Məhz buna görə də ölkəmizdə bərpaolunan enerji potensialından səmərəli istifadə edilməsi məqsədilə atılmış əsas addımlardan biri 2004-cü ildə "Azərbaycan Respublikasında alternativ və bərpaolunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı"nın qəbul edilməsi olub. Dövlət Proqramının qəbulu bərpaolunan enerji mənbələrinin istifadəsində əsaslı dəyişikliklərin həyata keçirilməsinə və ölkəmizin bu sahədəki potensialının dəyərləndirilməsinə geniş imkanlar yaradıb".

Ekspertin sözlərinə görə, Prezident İlham Əliyev "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində "yaşıl enerji" zonasının yaradılması ilə bağlı tədbirlər haqqında" çox mühüm Sərəncam imzalayıb. Bu gün həmin Sərəncam uğurla icra olunur. 470 meqavatlıq külək və günəş elektrik stansiyalarının təməlinin qoyulması və 240 MVt gücündə daha bir günəş elektrik stansiyası layihəsinin reallaşdırılması üçün müqavilələr imzalanıb.

Birləşmiş Ərəb Əmirliklərinin "Masdar", Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" və Çinin "Gezhouba Group" şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində "yaşıl enerji" layihələrinə investisiya yatırmaqda maraqlıdırlar. Bu barədə "yaşıl enerji" sahəsində fəaliyyət göstərən xarici şirkətlərin nümayəndələrinin Laçın rayonuna səfəri zamanı bildirilib. Məlum olduğu kimi, işğaldan azad edilmiş ərazilər ciddi bərpaolunan enerji potensialına malikdir və xarici investorlar bu sahəyə böyük maraq göstərirlər. Yaxın zamanlarda Qarabağ və Şərqi Zəngəzur bərpaolunan və "yaşıl enerji" zonasına çevriləcək və bu hər iki bölgənin inkişafına müsbət təsir göstərəcək.

İqtisadçı ekspert Rəşad Hüseyn bildirib ki, yerli və xarici investisiya hesabına yeni zavod və fabriklərin, o cümlədən, turizm infrastrukturunun yaradılması nəzərdə tutulur. İlkin olaraq bölgənin inkişafı üçün yerli investisiya proqramları həyata keçirilir. Gələcəkdə məskunlaşma başa çatdıqdan sonra investisiya mühitini tam şərtləndirən amillərin təmin edilməsi nəticəsində daha böyük həcmdə xarici investisiya gəlməyə başlayacaq. Yaponiya, Böyük Britaniya, İsrail və Avropanın bir sıra ölkələri Qarabağa investisiya yatırmaqda maraqlıdırlar: "Təbii ehtiyatlardan daha səmərəli istifadə etməklə mədənçilik sənayesini də genişləndirmək olar. Belə ki, ərazidə zəngin qızıl, mis, perlit, əhəng, gips, pemza, qum-çınqıl yataqları mövcuddur ki, bunun hesabına kimyəvi məhsullar, o cümlədən, tikinti materialları istehsalı üçün geniş xammal mənbələri kimi istifadə etmək olar. Təbii yataqlardan səmərəli istifadə, həmçinin xammal idxalından asılılığı da minimumlaşdıracaq. Bunun hesabına ixrac istiqamətli mallar istehsal edib xaricə satmaqla daha böyük həcmdə valyutanı ölkəyə gətirmək imkanları yaranacaq. Qarabağın relyefinə görə unikallığı turizm sahəsi üçün son dərəcə əlverişlidir. Həm ərazinin təbiəti, həm də tarixi faktorlar bölgəni turizm üçün daha da cəlbedici edir. Otellərin saylarının artırılması, tarixi yerlərin yenidən bərpası, tələb edilən standartlara cavab verən turizm infrastrukturunun qurulması turizm potensialını daha da genişləndirmiş olacaq".

Ekspert qeyd edib ki, nəqliyyat və logistika sahələrinin inkişafı xüsusilə önəmlidir. Gələcəkdə Zəngəzur dəhlizi ilə daşınılacaq yüklər Qarabağdan keçərək aparılacaq. Bu səbəbdən də yol infrastrukturunun genişləndirilməsi, yükdaşımalar üçün əlverişli yolların çəkilməsi son dərəcə əhəmiyyətlidir: "Ən vacib məqamlardan biri ərazidə yaşıl enerji istehsalını artırmaq və bunun üçün imkanları araşdırıb ortaya çıxarmaqdır. Ərazidə günəş, su, külək, elektrik stansiyaların tikilməsi üçün lazım olan imkanlar araşdırılır, bu istiqamətdə tərəfdaş ölkələrlə əməkdaşlıq edilir. Buna misal kimi, Zəngilan və Cəbrayılda BP şirkəti ilə Azərbaycan Energetika Nazirliyi arasında 240 Mvt gücündə günəş elektrik stansiyasının tikilməsi haqqında razılaşmanı göstərmək olar. Bundan başqa, Kəlbəcər və Laçın rayonlarında külək elektrik stansiyalarının tikilməsi də planlaşdırılır. Kənd təsərrüfatı və heyvandarlıq Qarabağın hər zaman aparıcı sahəsi olmuşdur. Burada kənd təsərrüfatına yararlı torpaqlardan istifadə etməklə taxıl əkinlərinin sahələrini genişləndirmək, o cümlədən, meyvəçilik, tərəvəzçilik istiqamətli kənd təsərrüfatı məhsullarını yetişdirib daxili tələbatı təmin etdikdən sonra ixrac edərək ölkəyə əlavə valyuta cəlb etmək mümkün olacaq. Göründüyü kimi, Qarabağ iqtisadi rayonunun və Şərqi-Zəngəzur iqtisadi rayonunun çox geniş inkişaf potensialı var. Köç davam etdikcə, əhali məskunlaşdıqca qarşıda nəzərdə tutulmuş işlər daha sürətlə davam edəcək".

Energetika nazirinin müavini Elnur Soltanov qeyd edib ki, Qarabağda istehlak ediləcək bütün elektrik enerjisi yaşıl mənbəli olacaq. Bu istiqamətdə bp və digər şirkətlərlə birgə fəaliyyət davam etdirilir: "Bütün işlər ölkə Prezidentinin imzaladığı "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" çərçivəsində həyata keçirilir və bu barədə 5 illik Tədbirlər Planı artıq hazırdır. Bizim Azərbaycanı "yaşıl enerji" məkanına çevirmək öhdəliyimiz var. Bu "yaşıl enerji" məkanında Qarabağ ayrıca "yaşıl enerji" zonası olmalıdır. Bu, sənədlərdə olan məsələdir və ona Böyük Qayıdış Proqramı çərçivəsində baxılır. Bu, Prezidentin frazasıdır. Azərbaycan üçün Qarabağ bir tacdırsa, Şuşa bu tacdakı ən parlaq qaşdır. Biz də məsələyə bu şəkildə baxırıq. Qarabağ üzrə "yaşıl enerji" zonasının tədbirlər planı Yaponiyanın Tepsko şirkətini cəlb etməklə hazırlanıb".

E.Soltanov Şuşa ilə bağlı bir neçə məqama toxunub: "Birincisi, Qarabağda ən kritik 110 kilovoltluq yarımstansiyalardan biri Şuşada tikildi və bu, ilk istismara verilən yarımstansiyalardan oldu. Xankəndi də məhz həmin stansiyadan qidalandı. İkincisi, Şuşada yaşıl enerji zonası mövzusunu hazırlayanda təbii qazdan minimum istifadə konsepti üzərində çalışırdıq. Yekunda tamamilə qazsız versiya da mövcud idi, amma bu, çox bahalı olduğuna görə məhdud ölçüdə qazdan istifadə nəzərdə tutuldu. Amma Şuşanın ayrılıqda qazsız olmasına son anda qərar verildi. Biz çalışdıq ki, şəhər ümumiyyətlə təbii qazsız olsun. Şuşa barəsində ən son qərar verdiyimiz şəhər oldu. Üçüncüsü, biz bütün Qarabağda çalışırıq ki, isitmə sistemi mərkəzi olsun. İlk mərkəzi isitmə sistemlərini isə Şuşada qurduq".

Onun sözlərinə görə, hazırda paylama şəbəkələri elektrik enerjisində ən çox itki olan sahədir: "Azərbaycanda ilk dəfə Şuşada 35 kilovoltluq gərginlikdən birbaşa 4-ə enən sistem quruldu. Bu, dünyada ən effektiv paylama sistemlərindən sayılır. Hazırda proses davam edir. Şuşa şəhərinin istilik mühafizə qaydaları da artıq hazırlanıb. Binaların izolyasiya məsələsinin enerji itkilərində 50 faiz payı olur. Binaların bu tələblərə cavab verməsi bütün dəyər zəncirində bəlkə də ən əhəmiyyətli məqamdır. Bu sahədə də addımlar atılır. Led işıqlardan istifadə məsələsi gündəmdir və həyata keçirilir. Binaların üzərində günəş panellərin qurulması aparılır. Şuşa ilə bağlı hazırlanan tədbirlər planında bir çox işləri həyata keçirmək istəyirdik. Amma ərazinin kiçikliyi bəzi planlarımızı başqa şəhərlərə keçirməyimizlə nəticələndi. Məsələn, bizim nümayiş pavilyonu qurmaq planımız var və bu istiqamətdə işlər gedir. Birinci namizəd Şuşa idi. Amma "yaşıl enerji" zonası üzrə görülən işlər çərçivəsində bu kimi bəzi planlarımızı sırf ərazi baxımından digər şəhərlərə keçirdik".

Sevinc QARAYEVA

 

 

 





20.11.2023    çap et  çap et