525.Az

Tarix səhifəsindəki işıqlı sima: Lalabəyim Naxçıvanskaya


 

Tarix səhifəsindəki işıqlı sima: Lalabəyim Naxçıvanskaya<b style="color:red"></b>

Musa RƏHİMOĞLU - QULİYEV
AMEA Naxçıvan Bölməsi Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

 

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının maarif, məktəb və pedaqoji fikir tarixi çox qədimdir. Bu səbəbdən də bir çox zəka sahibləri Naxçıvanın tarixini yazmağa maraqlı olublar. O zəka sahiblərinin hamısının adlarını sadalasaq, Böyük Göyüzünü bəzəyən Ülkər - ulduz topası, pleyada gözlərimiz önünə gələr.

İskəndər bəy Münşidən başlanan siyahıda bir çox dünya tarixçilərinin, salnaməçilərinin yazıb çap etdirdikləri əsərlərdə və arxivlərdə, dünya kitabxanalarında qalmış əlyazmalarında Naxçıvan tarixi ilə bağlı yazdıqları bu gün də aktuallığı ilə seçilir.

Naxçıvan Muxtar Respublikasının məktəb, maarif və pedaqoji fikir tarixini dərindən tədqiq edən unudulmaz alim İbrahim Mollayev yazır ki, 1965-66-cı illərdə Leninqradda (Sankt-Peterburqda) M.Y.Saltıkov-Şedrin adına kitabxanada araşdırmalar apararkən "Türk səlcuqları" adlı kitabda maraqlı bir fərmanla qarşılaşdım. Bu fərman 1284-cü ilə aid idi. Elxanilərin hakimiyyəti zamanı verilmişdi. Fərman Azərbaycan atabəylərinin hökmranlığı dövründə (1136-1225) Naxçıvanda təsis edilmiş məktəb-mədrəsəyə aiddir. Bütün bunlar göstərir ki, bizim pedaqogika tariximiz çox qədimdir. Belə bir mühitdə doğulan elm adamları bu estafeti davam etdirmişlər. XVI-XVII əsrlərdən başlayaraq Naxçıvanın Kəngərli hərbçiləri də bu xəttə sadiq qalmışlar. Çünki naxçıvanlılar üçün dövləti idarə etmək, sərhədlərini qorumaq, ordu qurmaq nə qədər vacib və müqəddəs sayılırdısa, elm öyrənmək də bir o qədər zəruri hesab edilirdi. XVIII əsrin ortalarından başlayaraq Naxçıvanın zadəgan əsilli Naxçıvan xanları da ulu babalarının bu müqəddəs arzularını layiqincə yerinə yetirmişlər.

1828-ci ildə Naxçıvan xanlığı Rusiya tərəfindən işğal ediləndən sonra I Ehsan xan Naxçıvanski qraf Paskeviçlə apardığı danışıqlarda Naxçıvanda dünyəvi məktəblərin yaradılması şərtini də irəli sürmüşdü. Arxiv araşdırmalarından məlum olur ki, çarizm müstəmləkəçiliyinə qarşı mübarizə aparan Ehsan xan 1837-ci ildə Naxçıvan şəhərində qəza məktəbi açdıra bilmişdi. Qafqaza sərdarlıq, sonralar canişinlik edənlər çarın səlahiyyətli hərbçiləri bunu ürəkdən istəməsələr də, Naxçıvanın Kəngərli süvarilərini özlərindən incik salmaq istəməmişdilər.

Naxçıvan şəhərində olan qəza məktəbində oxuyan və sonralar XIX əsrin ortalarında Rusiyanın ali məktəblərində təhsil alan qızlardan biri Ehsan xanın sonbeşik qızı Lalabəyimdir. O, 1838-ci ildə general-mayor I Ehsan xanın ailəsində anadan olmuşdu. Ona görə də Naxçıvan şəhərinin 1832 və 1843-cü illərə aid kameral siyahılarında Ehsan xanın ailəsində qeydə alınmamışdı. 1843-cü ildə isə Lalabəyim köhnə adətə uyğun olaraq əmisi Nəzərəli xanın oğlu İrzaqulu xana nişanlanmışdı. Və adətə görə, o, həddi-buluğa çatanadək əmisinin evində yaşamalı idi. Bu səbəbdən Lalabəyim 1843-cü ildə də Ehsan xanın ailəsinin üzvləri arasında qeyd edilməyib.

Qeyd edək ki, İrzaqulu xan təxminən 1821-ci ildə Naxçıvanda doğulub. 1841-ci ildə Varşava şəhərində feldmarşal qraf Paskeviçin mühafizə xidmətində olub. 1848-ci ildə Naxçıvana qayıdıb. Və Kəngərli süvari qoşunlarının zabiti kimi xidmətini davam etdirib.

Qayıdaq əvvəlki söhbətimizə. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində general-mayor Ehsan xanın kəbin kağızı saxlanılır. Orada deyilir: "Bu kağız ona görə yazılmışdır ki, Allahın əmri ilə möhtərəm Ehsan xan Kalbalı xan oğlu əzəmətli Kərim xan Kəngərlinin qızı Bədirnisə xanımla evlənir (tapılan arxiv sənədinə görə Bədirnisə Kərim xanın yox, Şükrulla xanın qızıdır. Şükrulla xanın vəfatından sonra Kərim xan onun dul qadını Şərəfcahan xanımla evlənir. Sənəddə olan məlumata görə, onunla evlənir ki, Şükrulla xanın varidatına sahib olsun. Ona görə də Şükrulla xanın qızı Bədirnisəni öz adına yazdırır - müəllifdən). Bu kəbinə görə Ehsan xan arvadı Bədirnisə xanıma 500 tümən, 100 ədəd qızıl pul, 200 ədəd gümüş pul, 2 kəndin 4 xəlvərlik dağıdılmış bağını hədiyyə edir. 1227-ci ilin Camadialasan ayının 7-si, yəni iyun ayı (söhbət 1821-ci ildən gedir - müəllif)".

Möhürünü vurdu Axund Möhsün, Şahid oldular: İbrahim, Axund molla Nəzərəli, varaqırtlı (Ordubadda Yuxarı Əylisdən xeyli yüksəkdə yerləşən kənd), Cəfərqulu bəy Kəngərli, Hüseynəli Sultan, Abbasəli Sultan, İbrahim Sultan.

Möhürlərini vurdular: Axund Möhsün, Məmmədəli bəy, Hacı Feyzulla, Əliməmməd ağa Məmmədkərim Sultan oğlu, Əliməmməd sultan Allahqulu Sultan oğlu, Mədətnağı Hacı Mirzəxan oğlu. Tərcümə etdi Mirzə Rəfi (imzası var).

General-mayor Ehsan xanın bu evlilikdən oğlu II Kalbalı xan anadan olmuşdu (1824-cü ildə).

Yeri gəlmişkən qeyd edək ki, Ehsan xan birinci həyat yoldaşı Xırda xanımdan böyük qızı Sonabəyim (1817-ci ildə doğulub), böyük oğlu İsmayıl xan (05.01.1819-10.02.1909) doğulmuşlar. Xırda xanımın və Xədicə xanımın vəfatından sonra Ehsan xan Bədirnisə ilə evlənib. Bədirnisə xanımın vəfatından sonra Fatma xanımla ailə qurub. 1826-cı ildə Murad xan (ailədə ona Baba xan demişlər) doğulub. Anası Bədirnisə xanımdır. Murad xan Ehsan xan oğlu 1831-ci ildə vəfat etmişdir.

Ehsan xanın sonbeşik qızı Lalabəyim isə dediyimiz kimi, 1838-ci ildə doğulub. Anası Fatma xanım olub. Bu haqda bir az sonra. General-mayor Ehsan xanın vəfatı ilə bağlı arxivlərdə 2 sənəd vardır. Naxçıvandakı arxivdə olan sənəddə bildirilir ki, Ehsan xan 1845-ci ilin dekabr ayında vəfat etmişdir. Amma Rusiyanın Hərbi-Tarix Arxivində və Gürcüstan Milli Arxivindəki sənədlərdə onun vəfatının 1846-cı ildə olduğu haqda məlumat verilmişdir.

Rusiyanın hərbi nazirliyinin 1846-cı il fevralın 26-da verdiyi əmrdə (№46) Ehsan xanın vəfat etməsi rəsmi olaraq bildirilir.

Gürcüstan Arxivində olan sənəddə də fevralın axırlarında (1846-cı il) vəfat etdiyi bildirilir. Ona görə də biz, hərbi nazirin rəsmi bildirişini əsas götürərək Ehsan xanın vəfatının 1846-cı il olduğunu yazırıq. Amma Naxçıvan arxivindəki tapılan sənəd bu məsələni daha dərindən araşdırmağı tələb edir. Maraq üçün deyək ki, general-mayor I Ehsan xan Naxçıvanskinin oğlanları İsmayıl xana və II Kalbalı xana məktubları vardır. O, ömrünün son illərində (avqust 1844-cü il) oğlu İsmayıl xana aşağıdakı məzmunda məktub yazıb: "Əziz oğlum İsmayıl xan. Qıvraq kəndini mən sənin üçün almışam. Varşavadan qayıtdığına görə həmin kəndi, Abbasabad bağı adlanan bağı və 4 xəlvər şumluq torpağı sənin istifadənə verirəm. 1260-cı ilin Ramazan ayı". İmza: Ehsan xan. Məktub Ehsan xanın möhürü ilə təsdiqlənib. Oğlu II Kalbalı xana (Xanlar xanına) 1845-ci ilin fevralında məktub yazıb: "Dəfələrlə bildirmişəm ki, anandan qalmış əmlakların mənim payıma düşən hissəsini, yəni Xan bağı" (Ordubadın Vənənd kəndindədir - müəllif) bağını, Şəmsi adlanan torpağı və "Hüseyn xan yeri" adlanan torpağı bərdəfəlik sənin istifadənə verirəm. 1261-ci ilin səfər ayı (fevral, 1845-ci il). İmza Ehsan xan. Məktub Ehsan xanın möhürü ilə təsdiqlənib. Araşdırmalar göstərir ki, bu vaxtlar I Ehsan xanın səhhətində nasazlıq varmış".

1845-ci ilə aid bir sənəddə yazılan məlumatda artıq Ehsan xan mərhum kimi xatırlanır: "Mərhum general-mayor Ehsan xanın azyaşlı qızının qəyyumları tərəfindən 19 sentyabr tarixdə 18 №-li məlumatla (raportla) təqdim olunmuş siyahıda göstərilib ki, bütün əmlaklar 11 yanvar 1828-ci il tarixdə 44 №-li sənədə əsasən Kalbalı xana məxsus olması Ermənistan Vilayət İdarəsində təsdiqlənmişdir. Bu əmlaklar nənəsi Şahcahan xanımdan anası Bədirnisə xanıma, ondan isə Kalbalı xana qalmışdır. 1261-ci il səfər ayının 5-i (fevral 1845-ci il) tarixdə tərtib edilmiş əmlakın bağışlanma vərəqəsinə əsasən Kalbalı xana atası mərhum Ehsan xandan qalmışdır". Bu sənədlərdəki məlumatlara əsasən məlum olur ki, Ehsan xan 1845-ci il dekabrın sonlarında Naxçıvan şəhərində vəfat edib. Lakin yuxarıda dediyimiz kimi, Tiflis və Moskva arxivlərindən tapılan sənədlərdə isə onun 1846-cı ilin fevralında vəfat etdiyi haqda məlumat vardır. Və Rusiya hərb nazirinin bu haqda rəsmi məlumatı da fevral ayındadır. Ona görə də bu məsələlərə aydınlıq gətirmək üçün ətraflı araşdırmaya ehtiyac duyulur.

Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində Ehsan xanın daşınan və daşınmaz əmlaklarının həyat yoldaşı və varisləri arasında bölünməsi, azyaşlı qızı Lalabəyimin qəyumluğa verilməsi, qardaşlarının onu Tiflisdə oxumağa göndərmələri haqqında və digər mübahisəli məsələlərlə bağlı sənədlər saxlanılır. 1000 səhifədən çox olan bu işlərdə olduqca mühüm məlumatlar vardır. Bütün bunlar həmin sənədlərin tarixilik baxımından qiymətli olduğunu təsdiqləyir.

Azyaşlı Lalabəyim əmisi Nəzərəli xanın evində yaşadığından, atası Ehsan xanın vəfatından sonra Qəyyumluq İdarəsi Nəzərəli xanı, onun qardaşı Mehdiqulu xanı, Naxçıvan şəhərinin sakinlərindən Hacı Həsəni, Molla Əliqulunu və Hacı Seyidi Lalabəyimə qəyyumlar təyin edirlər.

Az keçmir ki, Ehsan xanın oğlanları adları yuxarıda çəkilən qəyyumların fəaliyyətinə etiraz edərək bu barədə Naxçıvan Qəza Qəyyumluq İdarəsinə məlumat verirlər.

(Ardı var)

 

 





21.11.2023    çap et  çap et