525.Az

Ədliyyə Nazirliyi beynəlxalq hüquqi əməkdaşlığa daim xüsusi önəm verir


 

Ədliyyə Nazirliyi beynəlxalq hüquqi əməkdaşlığa daim xüsusi önəm verir<b style="color:red"></b>

Bu yaxınlarda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Adil Əbilov Avropa Şurasının Ekspertlər Komitəsinin sədri seçilib. Bu münasibətlə 22 noyabr - Ədliyyə işçilərinin peşə bayramı günü ərəfəsində idarə rəisi Adil Əbilovdan götürdüyümüz müsahibəni oxuculara təqdim edirik.

 

- Adil müəllim, ilk növbədə Avropa Şurasının Ekspertlər Komitəsinin rəhbərliyinə seçilməyiniz və 22 noyabr - Ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə sizi təbrik edirik. Bununla bağlı təəssüratlarınızı öyrənmək istərdik.

- Təşəkkür edirəm. Əvvəla həmin təşkilat barədə məlumat vermək istərdim ki, Avropa Şurasının Ekspertlər Komitəsi (PC-OC) cinayət məsələlərində əməkdaşlığa dair Avropa konvensiyalarının icrasına nəzarət edir, bu sahədə əlavə müqavilə layihələrinin hazırlanması ilə məşğul olur. Yəni ekstradisiya, cinayət işləri üzrə hüquqi yardım, məhkumların verilməsi və s. haqqında konvensiyalar üzrə əməkdaşlıq məsələlərini tənzimləyir.

Nəzərə alsaq ki, həmin konvensiyalara Avropa Şurasına üzv ölkələrindən başqa, üçüncü dövlətlər də qoşula bilir, Komitədə də üzv və müşahidəçi qismində ABŞ, Meksika, Çili, İsrail və Koreya olmaqla 50-ə yaxın dövlətin, habelə beynəlxalq təşkilatların ekspertləri təmsil olunurlar. Komitə qeyd olunan sahədə rast gəlinən praktiki problemlərin həllinə və yeni tendensiyalara dair standartlar işləyib hazırlayır və onları qəbul etmək üçün Avropa Şurası Nazirlər Komitəsinə təqdim edir.

Ekspertlər Komitəsi tərəfindən Avropa konvensiyalarının icrası sahəsində təcrübə mübadiləsi aparılaraq cinayətkarlığa qarşı qlobal mübarizəyə mühüm töhfələr verilir.

Azərbaycanda da bu sahədə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qəti mübarizə aparılaraq beynəlxalq əməkdaşlığa daim böyük önəm verilir.

Uzun zamandır, ölkəmiz PC-OC-da təmsil olunaraq əvvəlcə Komitənin üzvü, daha sonra isə qurumun sədr müavini vəzifəsinə irəli çəkilərək fəaliyyətinə mühüm töhfələr verilir, Komitənin işinin təkmilləşdirilməsi, əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı təşəbbüslər, təkliflər irəli sürülür, işçi qruplarda, sənədlərin hazırlanmasında, o cümlədən, Azərbaycan dilinə tərcümə olunmasında yaxından iştirak edilir.

Bildirməliyəm ki, Komitənin Strasburqda bu günlərdə növbəti iclasında PC-OC-un rəhbərliyinə yeni seçkilər keçirilmişdir.

Seçkidən öncə iclasda aktual məsələlər, o cümlədən, Cinayət işləri üzrə hüquqi yardım haqqında Avropa Konvensiyasına üçüncü əlavə Protokol layihəsinə dəyişikliklər müzakirə edilmişdir. Həmin layihədə ekstradisiyaya dair sorğuların elektron qaydada elektron imza ilə göndərilməsi və onların icrası ilə bağlı konkret müddətlərin müəyyən olunması ehtiva edilmişdir.

Eyni zamanda həmin Konvensiyaya üçüncü dövlətlərin qoşulması, ekstradisiya və hüquqi yardım üzrə yeni praktikalar, habelə Komitənin mandatında olan digər məsələlər ilə bağlı faydalı fikir mübadiləsi aparılmış, ekstradisiya sahəsində təcrübələr bölüşülmüşdür.

Daha sonra Avropa Şurası üzv dövlətlərdən namizədlər sırasında seçkilər olmuşdur və gərgin rəqabət şəraitində keçən seçkidə səsvermə yolu ilə Komitənin sədri vəzifəsinə Azərbaycan nümayəndəsi seçilmişdir.

Əlbəttə ki, belə bir mötəbər qurumun rəhbəri kimi təmsilçiliyimiz dövlətimizin beynəlxalq aləmdə artan nüfuzunun daha bir əyani təzahürü olmaqla cinayətkarlıqla mübarizə, o cümlədən, ekstradisiya sahəsində çoxtərəfli əməkdaşlıq imkanlarımızı daha da genişləndirir.

- Cinayətkarlıqla mübarizə, daha dəqiq desək, ekstradisiya məsələləri ilə bağlı nə deyə bilərsiniz?

- İlk öncə qeyd edim ki, ən qədim beynəlxalq hüquqi mexanizm (institut) olan ekstradisiya qəliz və mürəkkəb prosedurdur. Bəzən ekstradisiya və məhkumların verilməsi proseduru yanlış ifadə edilir, lakin bunlar tamamilə fərqli anlayışlardır.

Ekstradisiya o deməkdir ki, şəxs cinayət törədib başqa dövlətə qaçdıqda, onun getdiyi yer müəyyənləşdirilir və o, orada həbs olunaraq cinayəti törətdiyi ölkəyə təslim olunur. Məhkumun verilməsi zamanı isə başqa ölkədə cəzasını çəkən məhkum müraciət edərək cəzasının qalan hissəsini vətəndaşı olduğu dövlətdə çəkmək istədiyini bildirir və o, hər iki dövlətin razılığı ilə həmin ölkəyə təhvil verilir.

Bununla bağlı Ədliyyə Nazirliyi cinayət törətmiş şəxslərin təslim edilməsi (ekstradisiya), hüquqi yardım və digər sahələrdə müxtəlif ölkələrlə səmərəli əməkdaşlıq edir. Bu məqsədlə bir sıra dövlətlərlə ikitərəfli müqavilələr bağlanılmış, habelə 50 dövlət tərəfindən ratifikasiya olunmuş "Ekstradisiya haqqında" 1957-ci il tarixli Avropa Konvensiyasının iştirakçısı olmaqla həmin dövlətlərlə sıx qarşılıqlı fəaliyyət həyata keçirilir.

Həmin sənədlər cinayətkarlığın yayılmasının qarşısının alınması, cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb olunması və bununla da ədalət mühakiməsinin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan dövləti universal və regional konvensiyalardan irəli gələn vəzifələrin icrası ilə yanaşı, cinayətkarlıqla mübarizəyə xüsusi önəm verərək ekstradisiya haqqında xüsusi qanun qəbul etmişdir ki, bu da xarici tərəfdaşlarımızla bu sahədə müqavilə olmadan belə əməkdaşlıq etməyə imkan verir.

Ekstradisiya sorğularının icrası zamanı əsas məsələlərdən biri odur ki, belə sorğuların və aidiyyəti sənədlərin rəsmi qaydada əsli təqdim edilməlidir.

Müasir informasiya texnologiyalarının inkişafı, habelə yaşadığımız qlobal pandemiya dövrü ekstradisiyaya dair sənədlərin elektron qaydada göndərilməsini və videokonfrans vasitəsilə dindirilmənin aparılmasını şərtləndirmiş, bununla bağlı "Ekstradisiya haqqında" Avropa Konvensiyasına Əlavə Protokollar qəbul olunaraq ölkəmiz həmin sənədlərə qoşulmuş, Dördüncü Protokol artıq cari ilin mayın əvvəlindən qüvvəyə minərək tətbiq edilir.

Bundan əlavə, ekstradisiya məsələsinə baxılarkən, həmçinin sorğu olunan şəxslərin insan hüquqlarının qorunmasına, penitensiar müəssisələrdə saxlanma şəraitinə və tibbi təminatına xüsusi diqqət yetirilir, bəzi hallarda isə bu sahədə vəziyyətlə yerində tanış olunur.

Bununla bağlı islahatlar barədə aparılan məsləhətləşmələr, görüşlər zamanı, o cümlədən, Avropa Şurasının Ekspertlər Komitəsi çərçivəsində daim məlumatlar verilir.

Təsadüfi deyil ki, dövlətimizin daim diqqətdə saxladığı penitensiar sahədə aparılan islahatların uğurlu nəticəsi olaraq ötən dövrdə bir sıra qabaqcıl Avropa dövlətləri bu sahədə ölkəmizdəki vəziyyəti təqdir edərək ekstradisiya ilə bağlı müsbət qərarlar qəbul etmişlər.

Həyata keçirilən əməkdaşlıq çərçivəsində son illər adam öldürmə, adam oğurluğu, soyğunçuluq, kibercinayət, dələduzluq, mənimsəmə və israfetmə, vergidən yayınma, mütəşəkkil dəstə tərəfindən külli miqdarda narkotik vasitələrin qaçaqmalçılığı kimi cinayət əməllərinin törədilməsində ittiham edilərək beynəlxalq axtarışa verilən şəxslər Ədliyyə Nazirliyi tərəfindən Böyük Britaniya, Almaniya, Türkiyə, Polşa, Şimali Makedoniya, Monteneqro, Bosniya və Herseqovina, Əlcəzair, Birləşmiş Ərəb Əmirlikləri, Moldova və Ukraynadan ölkəmizə 40 nəfərə yaxın şəxs ekstradisiya edilmişdir.

Bu zaman hətta, mürəkkəb beynəlxalq prosedurlara riayət olunmaqla ekstradisiyanın həyata keçirilməsi ilə bağlı nazirlik tərəfindən digər dövlətlərin səlahiyyətli orqanları ilə danışıqlar aparılır və bütün tələb olunan sənədlər təqdim edilərək onun təslim edilməsinə dair razılıq əldə edilir. Bundan əlavə, bəzən ekstradisiya olunan şəxslərin birbaşa reys olmadığından digər dövlətlərin ərazisindən tranzit yolu ilə gətirilməsi zərurəti yaranır. Bəzi ölkələrdə bu razılıq ədliyyə nazirləri tərəfindən verilir və bu zaman qarşı tərəflə məsləhətləşmələr, danışıqlar aparılır.

Bir sözlə, Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən ekstradisiya prosesi axtarışda olan şəxsin yeri müəyyən edildiyi andan danışıqlar, məsləhətləşmələr, sorğuların verilməsi, qarşı tərəfdən razılığın, o cümlədən, zərurət olduqda tranzitlə bağlı alınması, şəxsin digər dövlətin ərazisindən nazirliyin Beynəlxalq əməkdaşlıq idarəsinin və Penitensiar xidmətin məsul əməkdaşları tərəfindən yerində təhvil alınaraq ölkəmizə gətirilməsi və istintaq təcridxanasına yerləşdirilməsinə qədər çoxmərhələli mürəkkəb proseduru əhatə edir.

Bütün bunlar cinayətkarların özünü təhlükəsizlikdə hiss etmələrinin qarşısını alan çox mühüm təsirli mexanizm olmaqla cəzanın labüdlüyü prinsipini təmin edir.

- Adil müəllim, bu günlərdə həm də ədliyyə işçiləri öz peşə bayramlarını qeyd edirlər. Nazirliyin beynəlxalq əməkdaşlığı barədə də məlumat oxucularımız üçün maraqlı olardı.

- Bu il Azərbaycan ədliyyəsinin yaranmasından 105 il ötür. Bir əsrdən artıq şanlı tarixi yol keçən və bu il 100 illiyini qeyd etdiyimiz Ulu öndər Heydər Əliyevin qayğısı ilə təkmil struktura çevrilən Ədliyyə Nazirliyi Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin davamlı inkişafına uyğun olaraq mütərəqqi islahatlar aparılmaqla təkmilləşir və müasirləşir. Aparılan hərtərəfli uğurlu islahatlar, həmçinin nazirliyin beynəlxalq hüquqi əlaqələrin genişlənməsi ilə müşayiət olunur.

Qeyd etməliyəm ki, Ədliyyə Nazirliyi tərəfindən Avropa, Asiya, Afrika qitələrini əhatə edən, həmçinin, MDB, Yaxın Şərq və s. dövlətlərin ədliyyə qurumları ilə əməkdaşlıq haqqında saziş və ya anlaşma memorandumları imzalanaraq onların sayı 34-ə çatdırılmış və həmin sənədlər çərçivəsində səmərəli əməkdaşlıq edilir.

Təkcə ötən bir il beynəlxalq əməkdaşlıq baxımından zəngin və məhsuldar olmuş, hüquqi sahədə əlaqələrimizin genişlənməsinə əlavə töhfə vermişdir. Belə ki, ədliyyə nazirlərinin 10-dək qarşılıqlı səfərləri həyata keçirilərək görüşlər keçirilmiş, faydalı təcrübə mübadiləsi aparılmışdır.

Ədliyyə naziri Fikrət Məmmədovun Özbəkistana səfəri zamanı Ədliyyə nazirlikləri arasında yeni Əməkdaşlıq Proqramı imzalanmış, bir sıra dövlətlərlə də yeni sənəd layihələri hazırlanmış və onların həyata keçiriləcək səfərlər çərçivəsində imzalanması nəzərdə tutulur.

Xorvatiyanın ədliyyə naziri, digər yüksək səviyyəli nümayəndə heyətləri ölkəmizə səfərlər edərək ədliyyə və məhkəmə sistemində müsbət təcrübəmizlə tanış olmuşlar.

Eyni zamanda beynəlxalq təşkilatların fəaliyyətində yaxından iştirak edilmişdir. Ədliyyə nazirinin vitse-prezidenti olduğu Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası (IAACA) səmərəli əməkdaşlığımız davam olunaraq korrupsiyaya qarşı qlobal mübarizəyə mühüm töhfələr verilmiş, ölkəmizin təşəbbüsü ilə IAACA-nın xətti ilə 60 dövlətdən 400-dən çox nümayəndənin qatıldığı vebinar keçirilmişdir.

Həmçinin bir sıra mötəbər beynəlxalq tədbirlərdə, o cümlədən, Türkiyədə, Özbəkistanda, Gürcüstanda keçirilən forumlarda çıxışlar edilərək ölkəmizin ədliyyə, o cümlədən, penitensiar, notariat, həmçinin məhkəmə və digər sahələrdə müsbət təcrübələrinə böyük maraq göstərilmişdir.

Xüsusi qeyd etməliyəm ki, keçirilən görüş və tədbirlərdə tərəf-müqabilləri Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş ərazilərimizin bərpası, bu prosesə ciddi əngəl törədən və çoxsaylı insanların ölümünə və yaralanmasına səbəb olan Ermənistanın mina terroru və buna qarşı həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri ilə bağlı əsl həqiqətlər barədə məlumatlandırılmışdır.

Ədliyyə Nazirliyi tərəfindən beynəlxalq hüquqi əməkdaşlığa daim xüsusi önəm verilərək bu istiqamətdə tədbirlərimiz davam etdirilməkdədir.

Sevinc QARAYEVA

 





22.11.2023    çap et  çap et