525.Az

Qələmsiz yazılanlar - Rəşad Məcidin status-esseləri


 

Qələmsiz yazılanlar - <b style="color:red"> Rəşad Məcidin status-esseləri</b>

Xankəndidən Daşkəndə.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında iştirak etmək üçün noyabrın 8-də Özbəkistana səfərə gedib.

Tanrı Sizin gücünüzü və enerjinizi qorusun, cənab Prezident!

lll

Telefonu söndürəndə özünü orta əsrlərdə hiss edirdi.

lll 

"Nə yaxşı gəldin"

İki gözəl və istedadlı xanımın - Ayşən Mehdiyeva və Aygün Bayramlının ərsəyə gətirdiyi bu gözəl mahnıya görə dərin təşəkkürümü bildirirəm.

30 il əvvəl yazılan şeirə belə can verib diriltdiyinizə, ruhumuzu oyatdığınıza, sirli musiqi və ecazkar ifanızla bizi reallıqdan uzaqlaşdırdığınıza görə minnətdaram!..

lll 

Heç şübhəsiz, idman jurnalistləri, obyektiv mütəxəssislər oyun barədə fikirlərini bildirəcəklər; səhv haydaydı, nədəydi - təhlil edəcəklər. Mənim fikrimcə, "Qarabağ" "Bayer" kimi güclü rəqiblə açıq futbol oynamamalıydı.

Hesab komandaların büdcəsinə uyğun gəlsə də, oyuna adekvat deyildi.

Məyus olmağa dəyməz.

Yola davam,"Qarabağ"!

lll 

Naməlum psixoloq xanım "emosional ehtiyac" terminini məşhurlaşdırdı. Mövzunun dərininə getməyə isə elmi ehtiyac duyulur. Tanınmış psixoloq xanım Vəfa Əkbərin "Ehtiyaclar piramidası"nı gündəmə gətirməsi yerinə düşür və məsələyə elmi ehtiyacı qismən doydurur.

lll 

Səhər-səhər Aytac Sahədin "Ədəbiyyat bizi bədbəxt edir" yazısını oxumaq xoş oldu; düşündürücü və səmimi, saf reallıq.

"Yazmaq elə bir xəstəlikdir ki, ona yoluxandan sonra sağalmaq, asanlıqla başqa yol tutmaq mümkün deyil. Yazmağı sən seçmirsən, o səni seçir. Necə deyərlər, yazıçılıq taledir".

lll 

Elə sahələr var ki, orda qənaət ziyan edir.

lll 

Belə gözəl havaya anomal deməzlər.

lll 

Son günlərin bir sıra əhəmiyyətli hadisələri içərisində iki mühüm tədbir şüuraltımdan çəkilmir, onların xoş diktəsini, pıçıltısını duyurmuş kimi oluram.

Gürcüstan paytaxtında 150 illik tarixi olan Tbilisi Dövlət Azərbaycan Dram Teatrının müasir üslubda inşa ediləcək yeni binasının təməlqoyma mərasimi barədə tez-tez düşünürəm. 1872-ci ildə təsis edilmiş Tbilisi Dövlət Azərbaycan Dram Teatrı 1947-ci ilə kimi fəaliyyət göstərib, 2004-cü ildə Ulu öndər Heydər Əliyevin adı verilməklə yenidən fəaliyyətə başlayıb. Yeni, möhtəşəm binanın təməlinin qoyulması teatrın fəaliyyətinə stimul verəcək, tarixi yaddaşı diriltmək baxımından mühüm hadisəyə çevriləcək...

Bakıda keçirilən "İraq türkmanları və türk dünyası: Tarixi yaddaşın bərpası" adlı beynəlxalq elmi-praktik konfransa 40 nəfərə yaxın qonaq dəvət olunub. Müxtəlif mövzularda müzakirələrin keçirilməsi tarixi yaddaşı oyatmaqla həm də gələcəyə nikbin baxmağa əsas verir.

Hər ikisi müdrik, uzaqgörən siyasətin, məqsədyönlü əzmin, güclü iradənin göstəricisi olmaqla yanaşı, düşündürücü və bizi də məhz bu əsasda ardıcıl fəaliyyətə sövq edə biləcək hadisədir.

lll 

Münasibətini açıq bildirməyin rahatlığı...

lll 

Votsapın səsli mesajları kommunikasiyanı rahatlaşdıran ən yaxşı icaddır.

lll 

Təvazökarlıq gözəl keyfiyyətdir, ehtiram və rəğbət yaradır.

lll 

İnnovasiya ekosistemi indi ən məşhur termindir.

lll 

Tədbirlərdə iştirakçıların yarıdan çoxu telefona baxır.

lll 

"İnnovasiyalar çox zaman fərqli düşüncə və səhvlərin nəticəsində ortaya çıxır.

...Bugünkü gənclər daha yaradıcı və dinamikdirlər".

Təhsilin İnkişafı Forumunun "İnnovasiya ekosistemlərinin yaradılması" panelində çıxış edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin bu fikirləri düşündürücü idi.

Səhv varsa, demək, fərqli nəsə yaratmağa cəhd edilib. İnnovasiya isə məhz fərqli, yenilikçi insanların, xüsusən yaradıcı və dinamik gənclərin sayəsində mümkün olur.

lll 

"Gülüstan" sarayından görünən mənzərəni 30 il əvvəl xəyal edə bilməzdik.

lll 

Sosial şəbəkələrin meydan suladığı indiki dövrdə psixi pozğunluğu, sapıntılı orientasiyası, şübhəli reputasiyası, küt düşüncəsi olan adamlar hər cür sərsəm fikirlər səsləndirə bilərlər. Amma özünə hörmət edən ciddi media subyektləri, normal düşüncəli fəal sosial şəbəkə istifadəçiləri belə sərsəm fikirləri yaymamalı, tirajlamamalı, əksinə, hiddət və etirazlarını bildirməli, xaosun, bulanıqlığın qarşısında sipər olmalıdırlar.

lll 

Mətbuat Şurası İdarə Heyətinin üzvləri və Media Agentliyinin nümayəndələri də stadionda olacaq.

Bayraq günündə "Qarabağ"ı dəstəkləyəcəyik!

lll 

Bakıda 5 gün kitab havası.

Siz də nəfəsinizi dərin!

Sabahınız kitabla açılsın!

lll 

Bakı Dövlət Universitetində Mətbuat Şurası auditoriyası yaradılır. Uğurlu olsun!

lll 

Saxta xəbəri ayırd etmək də yetkinlikdir.

lll 

Leksikonu vulqarizmlə dolu olandan səsi eşidilənədək uzaq durun.

lll 

Ayaz Mirzəyev, "Nəsil ağacı" filmini çox bəyəndim! Təbrik edirəm! Var ol!

Arzular gerçəkləşsin!

lll 

Niyə biz neqativləri daha çox qabardırıq?

Yaxşıları görməyə, deməyə niyə həvəsli deyilik?

Qaramat, pisniyyət adamlar var, ətrafını ancaq bədbin ovqata kökləyirlər.

Mental xasiyyətdimi bu bizdə?

Bəlkə, dərin kökləri var?

Bəlkə, gəvəzəlik etmək, boş-boş danışmaq elə xüsusi qabiliyyət istəmədiyi, amma yaxşını görmək, demək və öymək istedad, böyük ürək tələb etdiyi üçün belədir?

Fərd halında, Zəfərimiz sübut etdi ki, elə birlikdə də istedadlı xalqıq.

Bugün öz tarixinin ən şərəfli, işıqlı dövrünü yaşayan ölkəmizdə sevinməli, fəxr və mədh etməli o qədər hadisələr var ki!

Amma biz hansısa neqativi tapıb çözələyirik. Sosial çətinliklərdənmi qaynaqlanır bu? Axı belə bədniyyətliyi varlı, imkanlı, sosial rifah içində yaşayan adamlarda da çox görürük.

Aza qane olan kasıbın qürurunu saxladığına çox şahid olmuşuq.

Əgər bu, cəmiyyət olaraq xarakterimizdisə, Zəfərimiz onu da dəyişə bilərmi? Qalib ölkənin vətəndaşı olmağın qürur və sevincinin milli iftixar duyğusuna, dəyişməz xarakterə çevrilməsi, özünəgüvən və sevginin hər addımda görünməsi üçün neyləməliyik?

Zamanmı lazımdır buna? Yoxsa

davamlı təbliğatmı? Fərdi və kütləvi proqramlar, psixoloji inkişaf təlimləri ilə düzələr, bəlkə? İçimizdəki kini, xıltı boğub, qəlbimizdəki sevgini cücərdib artırmağa necə nail olaq?

Hər halda bir yolu var bunun. O yolu tapmağa çalışaq ki, neqativdən pozitivə yönələk.

lll 

Nazir düz deyir, çoxusu oxuduğunu başa düşmür, ya da diqqətlə oxumur, özünü əziyyətə salmaq istəmir.

lll 

Fikir bildirməyə də gərək haqqın ola.

lll 

Bir müddət öncə jurnalistlər səviyyəli musiqi proqramı nümunəsi kimi İTV-nin "Hər zaman musiqi" verilişinə münasibətimi soruşmuşdular. Baxmadığım verilişə münasibət bildirməyin qeyri-ciddi olduğunu söyləmişdim.

İndi də futbol millimiz birinci hissədə Belçikaya böyük hesabla məğlub olub oyuna marağımı tar-mar etməsəydi, fasilə zamanı kanalı dəyişməsəydim, Saleh Bağırovun şövqlə aparıcılıq etdiyi bu verilişə bu gün də baxa bilməyəcəkdim. Səviyyəli musiqilərdən, ifalardan, təhlillərdən xeyli zövq aldım. O qədər maraqlıydı ki, heç qayıdıb futbolun davamına da baxmadım. Yekun hesabı təxmin edirəm. Hər ziyanda bir xeyir var. Məğlubiyyət olmasaydı, "Hər zaman musiqi"yə bu dəfə də baxa bilməyəcəkdim.

Efir məkanımızda səviyyəli musiqimizi belə gözəl təqdim edən verilişlərin artması ümidiylə Saleh Bağırovu və bütün əziyyəti olanları təbrik edirəm.

lll 

Dövlət Gömrük Komitəsinin təşkil etdiyi "Gömrük Biznes Forumu 2023"ün oxşar tədbirlərdən fərqi və üstünlüyü yeni tətbiq və proqramların gömrük əməkdaşları tərəfindən təqdimatı oldu. Forumda iştirak edən hökumət və dövlət nümayəndələri, sahibkarlar və media rəhbərləri Komitənin əməkdaşlarını daha yaxşı tanıdılar və səviyyələrinə bələd oldular. Adətən, rəhbərlikdə qısqanclıqlar olur, əməkdaşların qabarıq görünməsinə ehtiyatla yanaşırlar. Bu dəfə tərsinə oldu və xoş təsir bağışladı.

Sahibkarların müxtəlif suallarının cavablandırılması da məmnunluq yaratdı.

 





22.11.2023    çap et  çap et