525.Az

"Ofeliya" - "Bir rəsmin dedikləri" rubrikası


 

"Ofeliya" - <b style="color:red"> "Bir rəsmin dedikləri" rubrikası</b>

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Mətanət Teymurdur. Onunla məşhur rəssam Con Everett Millenin "Ofeliya" əsərindən danışmışıq.

Con Everett Mille 1829-cu ildə İngiltərədə məşhur bir ailədə anadan olub. Uşaqlığının çox hissəsini Cersidə keçirib və həyatı boyu buraya bağlılığını qoruyub. Anasının onun həyatına güclü təsiri olub. Anası incəsənətə və musiqiyə böyük maraq göstərir, oğlunun bədii yaradıcılığına xüsusi qayğı ilə yanaşırdı. Mille hələ 11 yaşında "Kral Akademiyası Məktəbləri"nə (Royal Academy Schools) daxil olub. Çəkdiyi əsərlərində ənənədən kənarlaşaraq duyğu və hisslərə üstünlük verib. 19 yaşında Uilyam Holman Hant və Dante Qabriel Rossetti ilə birlikdə akademik rəssamlığın mühafizəkarlığına qarşı "Prerafaelit qardaşlığı" üslubunu sənət dünyasına gətirib.

 

- Mətanət xanım, bilirik ki, Ofeliya obrazı incəsənətdə uzun müddət aktuallığını qoruyub. Millenin bu mövzuya müraciətində təməl səbəb bu aktuallıq idi, yoxsa başqa  məqam vardı?

- Mille bu əsəri 1851-1852-ci illərdə çəkib. Kraliça Viktoriya hakimiyyəti dövründə həm Şekspirin əsərləri, həm də Ofeliya əsas mövzulardan biri idi. Ancaq  təsviri sənətdə Ofeliya deyildikdə, ağla ilk Millenin əsəri gəlir. Rəsm Ofeliyanın ölümə qədər yaşadıqlarının aspektlərini simvolizə edən, saysız-hesabsız çiçəklərlə əhatə olunmuş şəkildə, boğulmaq üzrə olduğu anı təsvir edir.

- Şekspirin Ofeliyası, Millenin Ofeliyası və Millenin çəkdiyi gerçək "Ofeliya".

- Mille əsərin fon təsvirini açıq havada, Ofeliyanı isə emalatxanasında çəkmişdi. Ofeliyanın modelliyini 19 yaşlı Elizabet Siddal edir. Rəssam birlikdə işlədiyi bu xanımla daha sonra evlənir. Siddal o qədər gözəl olmasa da, üzündə məsumiyyət və hüzn var idi. Rəssam qızın suda saçının dalğalanmasını, geyimini, hərəkətini diqqətlə təsvir edib. Şəkli çəkən zaman su soyumağa başlayır və vannanın altına qoyduğu şamlar da sönür. Siddal buna baxmayaraq, soyuq suda bir müddət qalır, axırda isə xəstələnir. Bu vəziyyət elə Ofeliyanın halına bənzəyir.

- Əsərin rəng həlli necədir?

- Əsərdəki hər detal o qədər dəqiq, canlı təsvir edilib ki, sanki bu saat Ofeliyanın suya düşməsinin şahidi oluruq. Rəng kontrastı elə mükəmməldir ki, rəsmdəki suyun axmasını, küləyin ağacların yarpaqlarını hərəkət etdirməsini, çiçəklərin qoxusunu hiss edirik. Bu əsəri çəkərkən bilavasitə təbiətin ahəngindən istifadə edilib. Açıq havada çəkilən rəsmlər deyildikdə XIX əsrin sonlarında yaranan impressionizm üslubu yada düşsə də, "Prerafaelit"lər bu üsuldan yüzilliyin əvvəllərindən istifadə etməyə başlamışdılar. "Cənnət bağı" təəssüratı yaradan bu meşəlik Ofeliyanın ölmə səhnəsi üçün zəmin yaradırdı. Rəssam hər detalı tək-tək işləmiş, gərçəklikdən qaçmamışdı. Yerdəki mamırları açıq-tünd yaşıl rəngdə verməsi, suyun üzərinə düşən ağac kölgələrini, qızın üzünün solğun ağ rəngdə olması Millenin bu işdə usta olduğunu göstərir. Tamaşaçı polixromluqdan yorulmur, rəssam bu mövzuda bizi həyəcanlandırır, emosional təsir bağışlayır. Rəsmin rəngləri Ofeliyanın əhval- ruhiyyəsini əks etdirir. Əsərdə üstünlük təşkil edən rəng yaşıldır. Yaşıl rəng həm təbiətin, həm də Ofeliyanın təravətinin və canlılığının simvoludur. Bununla belə, yaşıl rəng Ofeliyanın qısqanclıq, xəstəlik və dəlilik hisslərini də ifadə edir. Rəsmdə qırmızı, mavi və sarı kimi canlı rənglərdən də istifadə olunması qəhrəmanın canlı şəxsiyyətini və duyğularını göstərir. Rəsmdə torpağın tünd qəhvəyi rəngdə verilməsi Ofeliyanın ölümü və tənəzzülündən xəbər verir. Mövzunun faciəli olması onu poetiklikdən məhrum etmir.

- Bəs kompozisiya haqqında nə deyə bilərsiniz?

- "İnsanın həyatı bir göz qırpımında keçir - dedi Hamlet - Söyüdün budaqlarına gül asmağa çalışarkən, xəyanətkar bir budaq qırıldı və Ofeliya gül dəstələri ilə birlikdə axan çaya düşdü. Paltarı açılıb onu suyun üzərinə qaldırdı. Bu müddət ərzində başına gələn fəlakətindən xəbərsiz, əsl su pərisi kimi köhnə mahnılar oxuyurdu; fəqət bu, uzun çəkmədi. Su ilə dolub ağırlaşan geyimi, mahnı oxuyarkən palçığa sürükləyib batırdı bədbəxti". Şekspir Ofeliyanı bu cümlələrlə təsvir etmişdi. Mille incəsənət elementi kimi kompozisiyada istifadə olunan "sahə"yə dərinliyi çox yaxşı verə bilib. Tabloda ön və arxa planda olan bitki örtüyü çərçivə effekti yaradır ki, bu da tamaşaçıların diqqətini mərkəzdəki Ofeliyaya yönəldir. Bundan əlavə, kompozisiyanın fonu demək olar ki, flora və fauna rolunu oynayır, bu isə Ofeliyanın fiqurunu məkanımıza yaxınlaşdırır, həm də şəkil məkanını daha dayaz edir.

Ofeliyanın gözləri açıqdır, əllərində güllər var. Əlləri xəfifcə yuxarı qalxıb. Bu isə onun "yüksəliş"i, ağrı-acılardan xilasını, yüngülləşməsini göstərir. O, hələ həyatdadır. Ofeliyanın başı üstündəki söyüd ağacı budaqlarını Ofeliyaya sarı çevirib. Sol küncdə budağa qonmuş quş olanlara şahiddir. Çayın kənarında müxtəlif bitkilər, çiçəklər, həşəratlar və heyvanlar var. Rəsmdə gördüyümüz bəzi bitkilər Ofeliyanın vəziyyətini simvollaşdırır. Şekspirin yazdığı bu əsərdə hər bir çiçəyin öz mənası var. "Bu, qərənfildir, xatirə çiçəyidir. Xahiş edirəm, sevgilim, al, məni xatırla... Bu isə yasəməndir, yaddaş çiçəyidir, məni yaddan çıxarma... Sizə bir neçə bənövşə də verərdim, ancaq atam öləndən hamısı solub..."

Bundan əlavə, xaşxaş yuxu, çöl qızılgülü sevgi, söyüd ayrılıq, nərgiz ölüm, zanbaq saflıq və bakirəlik deməkdir. Rəsmin yuxarı sol küncündə dələ, yuxarı sağ küncdə isə dovşan görünür. Bu heyvanlar da Ofeliyanın məsumluğunu və müdafiəsizliyini vurğulayır. Geyimindəki gümüş tikmələrin ağırlığını hiss edirik. Onun saçı və paltarı suya yayılıb. Bədəninin qalan hissəsi isə suyun içərisində görünmür.

- Tablo harada saxlanılır?

- Kətan üzərində yağlı boya ilə işlənmiş, hündürlüyü 76 sm, eni 112 sm ölçüsündə olan bu əsər Londonda yerləşən, milli sənət əsərlərinin sərgiləndiyi "Tate Britain qalereyası"da saxlanılır.

- Millenin üslubuna xas xüsusiyyətlər bu əsərdə özünü necə göstərir?

- Mille üçün sənətin mövzusu hər nə olursa-olsun gözəl olmalı idi. Rəssamın digər əsərlərində də üslub aydın görünür. Məsələn, "Bahar" əsərində frizvari kompozisiyada olan qızlar piknik edir.  Arxa fondakı alma ağacları mövsümlərin gəlib keçdiyini göstərir, çiçəklərin bəzilərinin açmış, bəzilərinin isə hələ qönçə olması gənc qızların fərqli yaşları üçün metaforadır. Zaman dayanmır, axıb gedir. Qızlar bir gün yaşlanacaq və gözəlliklərini itirəcəklər. Yalnızdırlar, güllər kimi onlar da solub öləcəklər. Eynilə Ofeliya da gözəlliyinə, gəncliyinə rəğmən, alın yazısından boyun qaçıra bilmir.

- Sizcə, bu rəsm bizə nə deyir?

- "Ofeliya" tablosu qadınların patriarxal cəmiyyətdəki rolundan bəhs edir. Ofeliyanın 19-cu əsrdə bir çox rəsm əsərinin mövzusu olmasının başqa səbəbləri də var. Viktoriya dövrünün qadınları bütün gün evdə yoldaşlarının gəlməyini gözləyir, başlarını tikmə və ya məişətlə bağlı işlərə qarışdırırdı. Demək olar ki, heç bir söz haqlarının olmaması, talelərinin başqaları tərəfindən həll olunması aydın məsələ idi. Mille "Ofeliya" əsəri ilə ruhumuzun sadəcə ölümlə bütünləşəcəyini, əbədi hüzuru bu şəkildə əldə edəcəyimizi və bundan çıxış yolunun olmadığını qəlbimizə toxunaraq göstərir.

Aytac SAHƏD 

 





22.11.2023    çap et  çap et