525.Az

Zəngilan Günündə doğulan oğul


 

Zəngilan Günündə doğulan oğul <b style="color:red"></b>

Elşad oktyabrın 20-də, indiki təqvimimizin Zəngilan şəhəri günündə anadan olmuşdu. Onda Zəngilan hələ qəsəbə idi və şəhər adını bir il sonra, 1968-ci ildə alacaqdı. Sevdiyi şəhərlə bərabər böyüyən Elşadın 26 yaşı olanda...

Hələ 1967-ci il idi və həmin vaxt 20 oktyabr təqvimin adi günlərindən biri idi. Kiminsə ağlına da gəlməzdi ki, 53 il sonra məhz bu tarix təkcə zəngilanlılar deyil, bütün Azərbaycan üçün qürur, iftixar dolu bayram günlərindən biri olacaq. Ancaq bir şey yəqin idi. 7 bacının 4-cü qardaşı, sonbeşik övlad ailəyə özü boyda sevinc gətirmişdi.

26 il sonra, yenə oktyabr ayında Zəngilan işğal edildi. Elşadsa, son gülləsinə qədər düşmənə sinə gərmiş döyüş dostları, 6 milis nəfəri ilə birgə itkin düşdü. Beləcə, 27 il ərzində nə düşmənin viran qoyduğu Zəngilanın, nə də 7 döyüşçünün taleyindən doğru-dürüst xəbər tutduq. Yurdun da, onun 7 layiqli oğlunun da taleyi qaranlıq qaldı. Hərəsi bir ailənin ümidi, pənahı olan oğulların öldüsü, qaldısı bilinmədi. Yurdu yağı taladı, onlarınsa adları itkin siyahılarına salındı. Sinəsi dağlı ata-analar, gözüyaşlı bacılar, ömür-gün yoldaşları, dərdli qardaşlar üz tutmadıqları dövlət ünvanı, döymədikləri qapı, sorğulamadıqları şahid qoymadılar. Elşadın böyük qardaşı Vidadi Nərimanovun illərcə neçə ünvana, tanış-bilişə müraciət etdiyini bildiyimdən bunları ehtimal kimi yazmıram. Ancaq min təəssüf ki, o müraciətlər, dövlət orqanlarının axtarışları da Elşadın və döyüş dostlarının Dərzili kəndi yaxınlığında mərdliklə vuruşmalarının, düşmənin 1 motoatıcı taboru və 1 tank bölüyünə qarşı dayanaraq bir addım geri çəkilmədiklərinin növbəti təsdiqindən başqa, onların sonrakı taleyinə aydınlıq gətirmədi.

Beləcə, aralarında sinif yoldaşım Akif Bəşirovun qardaşı Fazilin və Elşadın da olduğu 7 oğulun itkinlik "ömrü" başlandı. Həmin gündən Sarıtel ana nələr yaşadı, Tanrı bilir. Əslində, ömrü sona çatdı, övladlarının, dərddən beli bükülmüş ərinin gözləri önündə əridi. Bir yandan yurd, ocaq, bir yandan da iki körpəsini qoyub getmiş oğul dərdi. O biri itikinlərin anaları da eyni dərdlə qovruldular.

Əvəz dayının, Sarıtel xalanın ocağının necə gur yandığı, ətrafdakıları da öz şöləsinə qərq etdiyi illərin şahidiyəm. Səliqə-səhmanı görənləri heyran qoyan geniş həyətdə bol meyvəli ağacların sırası göz oxşayır, gül-çiçəyin ətrindən adam bihuş olurdu. Fitrətən bağban olan Əvəz dayının zövqlə yetişdirdiyi, neçələrinə pay verdiyi müxtəlif gül kollarının rahiyəsini, toylara, şənliklərə təmənnasız göndərilən qucaq-qucaq qızılgülləri indiki kimi xatırlayıram. Hər günü bu gözəlliklərlə bərabər, övladlarından arxayın, qohum-qonşu, dost-tanış əhatəsində şad-xürrəm yaşamaq, üç yanı dağlar, təpələrlə əhatəli, lap yaxınlığından axan Oxçu çayının nəğmə misallı şırıltısına qulaq kəsilmək nə gözəl bir qismət imiş. Oğul-uşağın əksəriyyəti Bakıda iş-güc sahibi olmuşdu, gözəl ailələr qurmuş, onlara nəvələr bəxş etmişdilər. Yanlarında qalan, özlərinə həyan bildikləri sonbeşiklərindən də nəvə payları görmüşdülər. Elşadın həyat yoldaşı Almaz xanıma, övladları Gülşən və Elvinə də bu xoşbəxtlikdən pay düşmüşdü. Nəvələr nənəli-babalı, atalı-analı idilər.

Tək narahatlıqları nankor qonşuların torpaq iddiası ilə başlatdıqları ədalətsiz müharibə ilə bağlı idi. Hələ Zəngilan etibarlı müdafiə olunurdu. Artıq iyun ayından rayon Polis Şöbəsinin Post-patrul bölüyünün bölmə komandiri kimi xidmətə başlayan baş çavuş Elşad Nərimanov da bu döyüşlərə qatılır, sərhəd kəndlərinə düşmən hücumlarının qarşısının alınmasında yaxından iştirak edirdi. 1985-1987-ci illərdə Arxangelsk vilayətində Hərbi Dəniz Donanmasında xidmət etmiş Elşad lazımi hərbi hazırlıq keçmiş, hətta şərq əlbəyaxa döyüş növü olan karate üzrə yüksək dərəcə almışdı. İndiki kimi yadımdadır, xoş xasiyyətli, təbiətən xeyirxah olan Elşad şəhərdə bir qrup cavana da bu döyüş üsullarını nə zamansa gərəkləri olar deyə, öyrətməyə çalışırdı.

O vaxt torpaqlarımızın müdafiəsi, təcavüzkarlara qarşı döyüşlərə qatılmaq üçün rayonun çox gəncləri polisə, yaxud özünümüdafiə taborlarına üz tuturdular. Bakı dəmiryol nəqliyyatı texnikumunda orta ixtisas təhsili alıb rayonda Mincivan dəmiryol distansiyasında işləyən Elşadın da seçimi başqa cür ola bilməzdi. Aldığı tərbiyə, yetişdiyi ailə mühiti, Vətən, yurd sevgisi bu seçimə alternativ qoymurdu. Vaxtı ilə atası İkinci Dünya müharibəsində SSRİ adlı böyük, nə gizlədək, həm də Azərbaycan kimi respublikaların zorla daxil edildiyi vətəni alman faşizmindən qorumuşdu. Əlbəttə, nə Əvəz dayını, nə də onun kimi həmin müharibədə iştirak edən 700 mindən artıq azərbaycanlını kimsə buna görə qınaya bilməz. Onlar vətəndaşlıq borclarını yerinə yetirmişdilər. İndi fərqli olan o idi ki, müstəqil, azad Azərbaycan Respublikasını, doğma Vətəni daha təhlükəli, məkrli və amansız erməni faşizmindən qorumaq lazım idi. O, kənarda dayana, yurdun harayına biganə qala bilməzdi və qalmadı.

Ana ürəyi isə onsuz da həmişə narahatdır. O ki müharibə, qan-qada, hər gün postlardan gələn ölüm-itim xəbərləri, ətraf rayonların düşmən işğalına düşməsi barədə rəsmi məlumatlar ola. Belə dəhşətli məlumatların sonuncusunun elan edildiyi 31 avqustdan, Qubadlı rayonunun da Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmasından sonra Zəngilan üç tərəfdən mühasirədə qalmışdı. Daha iki ay rayon ərazisində qanlı, qeyri-bərabər döyüşlər getdi. Bu iki ayda əsgər balasının düşmənlə döyüşdən qalib, sağ-salamat dönməsi üçün gecə-gündüz əli göydə olan, baş verənlərdən bir az gec xəbər tutan anaların qəlbi neçə yol dayandı, hər ağır xəbərdən ölüb-dirildilər. Nəhayət, Sarıtel ana üçün də dünyanın sonu olan o gün yetişdi. 1993-cü il oktyabr ayının 25-də Cəbrayıl rayonunun Dərzili kəndi istiqamətində ermənilərin üçtərəfli hücumunun qarşısını alarkən 7 polis və Baloğlan Süleymanovun komandirlik etdiyi Zəngilan Müdafiə alayının kəşfiyyat bölüyünün 20 nəfərdən çox əsgər və zabiti həlak oldu, neçəsi isə itkin düşdü. Düşmənin qat-qat üstün qüvvələri ilə qeyri-bərabər döyüşdə əsl igidlik, şücaət göstərən bu oğulların son döyüşü Zəngilanın süqutu, işğal taleyinin başlanğıcı oldu. Amma eyni zamanda, rayon əhalisinə Araz çayından İran ərazisinə keçməklə real soyqırımı təhlükəsindən xilas etdilər. Təfərrüta varmadan bir həqiqəti də deməyi borc bilirəm ki, həmin döyüşçülərin doğmalarını, yaxınlarını, elə hamımızı yandıran onların taleyinə "itkin" adı kimi ağır, dözülməz qismətin yazılması oldu. Çünki Vətən, torpaq uğrunda müqəddəs müharibədə doğmasının şəhid olması şərəfli olduğu qədər də, bu dəyərlərlə tərbiyələnmiş bizlər, ən birinci də illər uzunu gözü yolda qalan ata-analar, bacı-qardaşlar üçün qürurvericidir.

Tanınmış türk şairi Məmmədəmin Yurdaquldan bir yarpaq:

 

Get övladım, illərcə mən oğulsuz qalayım,

Bu yaralı bağrıma qara daşlar çalayım,

Haydı yavrum, haydı get, ya gazi ol, ya şəhid.

 

Onlar şəhid oldular. Türk əsgərinin iki seçimindən birini haqq etdilər. Ancaq şəhid olsalar da, hələ neçə illər qismətlərinə yazılan müəmmalı "itkin" adını daşıdılar. Şəhidlik alın yazısıdır. Qazi olmaq əzmi ilə döyüşən hər əsgərin, zabitin qisməti olmur. Şəhid olanların amalı Vətəni qazi etməkdir. 1993-cü ilin 25 oktyabr gününün şəhid oğulları bu müqəddəs amal yolunda özlərini fəda etdilər. Özləri görməsələr də, Vətən xilas edildi. Onlar kimi şəhidlərin qisasını alan yenilməz Azərbaycan Ordusu düşmənə qan uddurub, qətliamların, soqırımların da bədəlinı ödətdi. Haqlı qisas qiyamətə qalmadı.

Zəngilan tarixinin də dönüş nöqtəsi, düşmən tapdağından qurtuluş günü yetişdi. Onu azadlığına qovuşduran ərənlər sırasında Elşad da, çiyindaşları da vardı. Gözüyaşlı şəhid analarının, bacılarının, qızlarının qisasını alanların sırasında lap irəlidə düşmən üzərinə yeriyənlər arasındaydılar. O savaşda düşmənin vahimə ilə pərən-pərən düşməsinin bir səbəbi də bu idi. Qəhrəman Azərbaycan əsgərinin Zəfər yürüşünə şəhid ruhları da qoşulmuşdu. O ruhların arasında ermənilərin qorxulu röyası olan Əlyar, Həsən, Baloğlan, "Vətən yaxşıdır", deyən Şəhriyar və daha neçə mərd oğul da vardı.

İl dəyişsə də, gün həmin gün idi, 2020-ci il 20 oktyabr. Zəngilanın öz azadlığına qovuşduğu, Elşadın doğum günü 20 oktyabr. Bu, bir təsadüf, yoxsa tale qismətidir? Məncə, alın yazısı demək daha doğrudur. Bu, alnına yurdu xilas missiyası həkk olunan bir oğulun Zəngilanın işğalından 27 il sonra, oktyabrın eyni günündə Vətəni, doğmalarını müjdələməsi idi. Nə yazıq ki, bu şad xəbəri eşidənlər, xoşbəxt günü yaşayanlar arasında anası, atası yox idi. Ancaq təsəllisi də vardı. Həmin gün onların, neçə-neçə yurd həsrətli insanların da ruhları Elşadın, döyüş dostlarının narahat ruhlarına qovuşub rahatlıq tapmışdılar. Vətənin qurtuluşu uğruna canını fəda edənlərin ruhları ilə birgə azad torpaqlarda, yağı tapdağından qurtarılmış yurdun səmasında pərvaz edirdilər. Oradan bütün Zəngilan, onun qurtuluşuna sevinən, o yerlərdə ocaqlarımızı yenidən çatacaq insanlar ovuc içindəki kimi görünürdü. Onların arasında Elşadın nəvəsi Nilufər də vardı.

Elşadgilin son döyüş yerini görənlər, oranın kiçik bir təpə olduğunu deyirlər. Uyuduqları o yerdə nə vaxtsa bir abidə ucaldılacağına inanıram. Böyük Taras Şevçenkonun "uca bir təpədə" basdırılmaq arzusunu o şəhidlərin də haqq etdiyi düşüncəsindəyəm.

...25 oktyabr günü dostumla qatıldığım "Məzarsız şəhidlər" tədbirində səslənən, "Döyüş marşı" adlanmağa layiq şərqinin nəqarətində hələ də təsiri altında olduğum bir misra vardı.

Şəhidimiz, yaralımız var,

ölənimiz yoxdur, ana!

Bu marş sanki həm də 7 şəhid milisin, dostumun qardaşı Elşadın dilindən qopurdu. Ruhun şad olsun, Sarıtel ana, rahat yat, oğlun şəhiddir, bu uca adla anılır, dedim.

 





22.11.2023    çap et  çap et