Əsrlər boyu sözə, şeirə dəyər verən insanların "şair xalq" adlanması təəccüblü deyil. Füzulilər, Seyid Əzimlər, Rəsul Rzalar, Süleyman Rüstəmlər yetişdirən xalqın, bayatılar, nəğmələr deyən xalqın əlbəttə ki, sevgisi də bir başqa olmalıdır.
525.az ötən əsrdə qələmə alınan sevgi şeirləri arasından 3 şeiri Üçlük rubrikasında təqdim edir:
Əli Kərim - Qayıt
Həsrətin araya atdı dağ, dərə,
Sönən işıq oldun, batan səs oldun.
Qayıt, mənim gülüm, qayıt bu yerə,
Ey mənim istəyim, nə gəlməz oldun?!
Ümidlər, arzular pərən-pərəndir,
Qəlbə təsəllidir xatirələrim.
Bir halımı soruş, könlümü dindir,
Axşamlar yadıma düşür səhərim.
Qayıt, mənim gülüm, yerbəyer elə,
Dərdli səhərləri, gecələri sən.
Çaşıb başqa yolla keçirəm elə,
Düz öz qaydasınca küçələri sən.
Qayıt, yerinə qoy Ayı, Günəşi —
Yenə olduğu tək görüm həyatı.
Qayıt, gözüm nuru, könlüm atəşi,
Qayıt, səhmana sal bu kainatı.
Eldar Baxış - Sərçə balası
İlahi, mənə yox, mən istəmirəm,
İlahi, yazığın gəlsin bu qıza.
Elə eləmə ki,
oğlanlar, qızlar,
Kişilər, arvadlar gülsün bu qıza.
Elə eləmə ki,
vüsal yerinə
Göz yaşı danışsın, qəhər danışsın.
Bir qızdan bir bölük adam danışsın,
Bir qızdan bir böyük şəhər danışsın.
Elə eləmə ki, bu qız bu eldə,
Dilə-dişə düşsün məndən ötəri…
Sərçə balasıdı bu qız bu saat,
Boynunu uzadıb dəndən ötəri.
Bu qızın
bu saat məndən umduğu,
Məndən istədiyi dən məndə yoxdu.
Bu qız ay istəyir, ay yoxdu məndə,
Bu qız gün istəyir gün məndə yoxdu.
Sevgi yoxdu məndə sevəm bu qızı,
Elə axan suyu belə döndərim.
Çevirəm özümü kəpənəyə mən,
Bu qızı çiçəyə, gülə döndərim.
Səndən çiçək olmaz, səndən gül olmaz,
Məndən də kəpənək, sərçə balası.
Durduğumuz yerdə biz niyə duraq,
Biz niyə tərpənək, sərçə balası?
Lap belə tərpəndik, lap belə getdik,
Sən deyən, mən deyən olası deyil.
Sərçə balasısan sən bu dünyada,
Şair ki, kəpənək balası deyil.
Kəpənək olmuşam dünyada bir vaxt,
Qanadım da olub bilmək istəsən.
İstəyim də olub özümə görə,
İnadım da olub, bilmək istəsən.
O qanad,
o inad,
o istək hanı,-
O qanad,
o inad,
o istək öldü.
Bircə gün çəkmədi gəlib-getməyi,
Kəpənək doğuldu, kəpənək öldü.
Ağca pambıq kimi,
ağca yun kimi,
Diddilər, diddilər o kəpənəyi.
Daraşıb qanadlı, əlli-ayaqlı,
Yedilər, yedilər o kəpənəyi.
Hanı o kəpənək, hanı o sevgi?-
Yaşamır, yaşamır, sərçə balası.
Bu ağ kəpənəklər o kəpənəyə,
Oxşamır, oxşamır, sərçə balası.
…Sən ey yeri, göyü yaradan kişi,
Uzaq görünürmü ordan yer sənə?!
Bu qıza bu boyda sevgi vermisən,
Mənə də bir azca sevgi versənə.
Səni də düşəsən mənim günümə,
Sənin göyün olsun,
quşun olmasın.
İlahi, neyləsən, sən mənə eylə,
İlahi, bu qızla işin olmasın…
Vaqif Bayatlı - Səni niyə belə sevdim?
Səni niyə belə sevdim,
belə istədim niyə,
canımdakı min tikana,
bir gülə istədim niyə?!
Eşqdə gizlətdim bu canı
görəmməyən varmı, hanı?!
həm gizlətdim, həm də hamı
bilə istədim niyə?
Min illərçün də Allahdan
Gecə-gündüz, hər an, hər an
səni özümə həm sultan,
həm də, həm də
kölə istədim niyə?!
Malik Atilay
çap et