525.Az

Yeri dolmayan Üzeyir Hacıbəyli itkisi


 

DAHİ BƏSTƏKARIN VƏFATININ 75 İLLİYİ TAMAM OLUR

Yeri dolmayan Üzeyir Hacıbəyli itkisi<b style="color:red"></b>

1885-ci ilin 18 sentyabrında Qarabağ Mahalının Ağcabədi kəndində kənd mirzəsi Əbdülhüseynin bir oğlu oldu. Bu, sonralar, doğma xalqının musiqisi tarixinə qiymətli səhifələr yazan Üzeyir Hacıbəyli idi. Üzeyir hələ çox kiçik yaşlarından özünün musiqiyə sonsuz həvəsilə diqqəti cəlb etmişdi. Bir az sonra ailəsilə birlikdə Şuşaya köçən Üzeyir, burada onun bədii təəssüratını daha da qüvvətləndirən canlı musiqi həyatı gördü. İkiillik rus-tatar məktəbini Şuşada bitirdikdən sonra 14 yaşlı Üzeyir 1899-cu ildə təhsilini davam etdirmək ücün Qori Müəllimlər Seminariyasına daxil oldu. Artıq Seminariyada oxuyarkən Üzeyir bəy skripka, violonçel və baritonda çalmağı öyrənmişdi. 1904-cü ildə Seminariyanı bitirdikdən sonra Hadrutda kənd məktəbində bir il müəllimlik etdikdən sonra, Bakıya gələn Hacıbəyli qızğın fəalliyətə başlayır. Riyaziyyat, Coğrafiya, Tarix, Kimya, Rus dili, Azərbaycan dili fənlərindən dərs deyirdi. O, həm müəllimlik edir, həm ədəbiyyat və musiqi ilə məşğul olur, həm də mətbuatda məqalə və felyetonlarla çıxışlar edirdi. "Həyat", "Tərəqqi", "Həqiqət", "Yeni İqbal", "Azərbaycan" qəzetlərində tərcüməçi, felyetonçu və redaktor kimi çalışdı.

1908-ci ildə müsəlman Şərqində ilk opera olan "Leyli və Məcnun" operasını yazmaqla Azərbaycan musiqisində yeni səhifə açdı. Operanın premyerası Hacı Zeynalabdin Tağıyev Teatrında baş tutdu. Tezliklə Ü.Hacıbəylinin yeni operalarının "Şeyx Sənan", "Rüstəm və Zöhrab", "Şah Abbas və Xurşidbanu", "Əsli və Kərəm" və musiqili komediyalar "Ər və Arvad", "O olmasın, bu olsun", "Arşın mal alan" kimi operettalarının premyeraları oldu.

1910-cu ildə Ü.Hacıbəyli Moskva Konservatoriyasının professoru İlyinskinin kursuna daxil oldu. 1914-cü ildə Bakıya qayıdaraq yenidən jurnalist fəaliyyətilə məşğul olaraq "Yeni İqbal" qəzetinin əvvəl baş redaktoru, sonra isə rəhbəri kimi və daha sonralar "Azərbaycan" qəzetinin redaktoru kimi fəaliyyət göstərdi.

1920-30 cu illərdə o, Xalq Çalğı Alətlərindən ibarət ilk Azərbaycan Dövlət Notlu Orkestrini və ilk Azərbaycan Dövlət Xorunu, ilk musiqi məktəbini yaratdı.

Böyük sənətkarın yaradıcılığının zirvəsi olan "Koroğlu" operasının 1937-ci ilin yazında ilk dəfə tamaşaya qoyulması Azərbaycan musiqi sənətinin bayramına çevrildi. Ü.Hacıbəyli Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, 1945-ci ildən Azərbaycan İncəsənəti İnstitunun direktoru olmaqla yanaşı, həm də Azərbaycan Dövlət Konservatoriyasının direktoru və professoru idi. Azərbaycan Dövlət Himninin musiqisini yazmaq şərəfi də Ü.Hacıbəyliyə nəsib olmuşdur. İkinci Dünya müharibəsi illərində bəstəkar bir çox vətənpərvər əsərlərini yaratdı. Bəstəkarın vətənə sonsuz məhəbbəti "Şəfqət bacısı", "Döyüşçülər marşı", "Yaxşı yol" kimi mahnılarda gözəl ifadə olunmuşdu.

O, 1907-ci ildə "Mətbuatda müstəməl siyasi, hüquqi, iqtisadi və əsgəri sözlərin Türk-Rusivə Rusi-Türk lüğəti" kitabının müəllifi olmuş, "Hesab məsələləri" kimi dərslik tərtib etmişdi.

Həyatının son illərində böyük sənətkar "Firuzə" operası üzərində işləyirdi. Lakin bu operanı tamamlaya bilmədi. 1948-ci ilin 23 noyabrında dahi bəstəkar dünyasını dəyişdi. Xalqın çox sevdiyi gözəl əsərlər müəllifi, böyük musiqi nəzəriyyəçisi və gənc bəstəkarların tərbiyəçisi, xalqın sədaqətli oğlu Ü.Hacıbəyli ilə son dəfə görüşmək üçün axın-axın insanlar Azərbaycan Elmlər Akademiyasının binasına yığışdılar.

Azərbaycanın bir çox incəsənət xadimlərinin yetişməsində Ü.Hacıbəylinin rolu əvəzsizdir. Üzeyir Hacıbəylinin tələbəsi olmuş mərhum bəstəkar Şəfiqə Axundova öz xatirələrindən danışarkən deyirdi: "Üzeyir müəllim olmasa idi, mən də olmazdım. Bugünkü varlığımla, bugunkü uğurlarımla mən müəllimimə borcluyam. Üzeyir müəllim çox mehriban, səmimi, qayğıkeş, böyük ürəkli bir insan idi. Yadımdadır, 1944-cü ildə Zaqafqaziya musiqi ongünlüyünə getməli idik. Bizim geyimimiz də müəllimimizi düşündürürdü. Bir gün Ağabacı Rzayeva ilə onun kabinetinə getdik. Bizi görən kimi o, göstəriş verdi ki, bizi palto ilə təmin etsinlər. Bundan əlavə, kostyum tikilməsi üçün atelyeyə göstəriş verildi və hətta tapşırıldı ki, kostyumun fasonunu Şövkət Məmmədova seçsin. Üzeyir müəllim haqqında çox danışmaq olar. O, əsl insan, mərd adam idi. Biz ondan çox şey öyrəndik. Onun xatirəsi qəlbimizdən silinməzdir".

Şövkət Məmmədova öz xatirələrindən danışarkən Üzeyir bəy haqqında deyirdi: "Mənim Üzeyirlə qəlbimdə dərin iz salmış ilk görüşüm 1912-ci ildə olmuşdur. Bu görüş çox səmimi keçdi. Vəsait olmadığı üçün musiqi təhsilimi yarımçıq qoyduğumu eşidən kimi o, dərhal təklif etdi ki, tamaşa təşkil edib, toplanan pulla məni yenidən oxumağa göndərsinlər. Bu səmimi dəqiqələr uzun illər qəlbimdə kök saldı".

Bülbül dahi bəstəkarla tanışlığını öz "Ölməz sənətkar" adlı məqaləsində qeyd edib: "Məni bu böyük bəstəkarla Əbdürrəhim bəy Haqverdiyev "Əsli və Kərəm" operasında Kərəm rolunda çıxışımın ikinci günü öz iş otağında tanış etdi. O vaxt Üzeyir bəy musiqi şöbəsinin müdiri idi. Onun gözəl, cazibədar siması, iki tərəfə ayrılmış, azca qıvrım saçları, sadə və mənalı baxışları məni də heyran etdi ki, gözümü bir an belə onun simasından ayıra bilmədim. Bizim dostluğumuzun əsası ideya birliyidir. Vətənimizə, xalqımıza olan məhəbbətimizin əks-sədasıdır".

Onun tələbələrindən olan Əşrəf Abbasov Üzeyir bəy haqqında xatirələrini bölüşərkən dahi bəstəkarı belə xatırlayırdı: "Yaxşı yadımdadır, çox tərəddüddən sonra Üzeyir bəyin o zaman yaşadığı evinə zəng vurdum. Böyük bəstəkar telefonun dəstəyini özü qaldırıb cavab verdi. Dilim dolaşa-dolaşa özüm haqqında məlumat verən kimi, o, məni heyrətə gətirdi. Görüşdükdə mənə dedi: "Əşrəf, əsl bəstəkar olmaq üçün ən əvvəl mükəmməl musiqi təhsili almaq lazımdır". Mən sevincimdən bilmirdim ki, nə edim... Üzeyir Hacıbəyli ilə şəxsən tanış olmuşdum".

Üzeyir Hacıbəyli haqqında nə qədər danışılsa da, yazılsa da, yenə də azdır. Böyük bəstəkar, gözəl alim, əvəzedilməz insan Ü.Hacıbəylinin vəfatından 75 il ötür. Həyatda elə insanlar olur ki, onlar aramızdan getdikdən sonra belə, yaşamağa davam edirlər. Ü.Hacıbəyli xalqın yaddaşında daim yaşayacaq.

Bəyim DADAŞOVA

Üzeyir Hacıbəylinin Ev-Muzeyinin əməkdaşı

 





23.11.2023    çap et  çap et