525.Az

"Məni göylərdə axtarın"


 

ŞƏHİD RAMİN RZAYEVİN HƏYAT VƏ DÖYÜŞ YOLU HAQQINDA QEYDLƏR

"Məni göylərdə axtarın"<b style="color:red"></b>

...Əsli ana yaylığının ucunu gözlərinə tərəf apardı. Doluxsunmuş gözlərini məzarın üstünə düzülmüş güllərdən ayırmadı. Yaş damlaları yanaqlarından süzülərək təzə-tər qərənfillər üzərində qəribə naxış saldı. Keçən ad günündə də Bakıdakı 2 saylı Şəhidlər xiyabanına gəlmişdi. Onda da şəhid oğlunun məzarı üstündə qırmızı güllər düzülmüşdü. Əsli ana onda bunun fərqinə varmamışdı. İndi isə qəlbini didib parçalayan qeyri-adi hisslərdən qurtula bilmədi.

- Ağbirçək bir ana idi, - qonşuları Hacı Aslan Əkbərov dilləndi. - Kimliyi ilə maraqlanmışam, o da şəhid anasıdır. Hər il oğlunun ad günündə bura gəlir. Ramini də yaddan çıxarmır. Deyir ki, oğlu Raminlə bir yerdə döyüşüb, bir yerdə də həlak olublar.

Günəşin ağaclardan süzülən şüaları postament üzərində bərq vuraraq ətrafa şəfəq saçırdı. Əsli ana oğlunun məzar daşına həkk edilmiş portretinə baxa-baxa xəyala dalmışdı. Kim bilir, bəlkə də oğlunun uşaqlıq illəri yadına düşmüşdü, bəlkə də ölümünə inanmağı gəlmirdi. Hər halda anaya təsəlli verən o idi ki, oğlu ömrünü boş yerə sərf etməyib, canını Vətən yolunda qurban verib, döyüş dostlarını xilas edərkən qəhrəmancasına həlak olmuşdu.

Bir qədər aralıda general Fikrət Məmmədovun məzarı görünürdü. Ramin həmyerlisini yaxşı tanıyırdı. O da Fikrət kimi general olmaq istəyirdi, fikri vardı ki, hərbi məktəbə oxumağa getsin. Amma bu, ona qismət olmadı. Həyatının çiçəkləndiyi bir vaxtda Ramin və döyüş yoldaşları ölümləri ilə ölməzlik qazandılar.

lll

26 avqust 1998-ci il idi. Çavuş Ramin Əvəz oğlu Rzayevin də tərkibində olduğu kəşfiyyatçılar dəstəsi mühüm dövlət əhəmiyyətli tapşırığı yerinə yetirərkən erməni döyüşçüləri gözlənilmədən başlarının üstünü aldılar. Dəstənin komandiri kapitan Teymur Paşa oğlu İbrahimov mühasirənin get-gedə daraldığını görüb əmr etdi:

- Mən leytenant Elşən Mirzəliyevlə qabağını alarıq. Silah-sursatınızı bizə verin, özünüz isə hissəyə qayıdın!

Kəşfiyyatçı Ramin Rzayev etiraz etdi:

- Cənab kapitan, mən də sizinlə qalıram! Ölsəm də, qanım vətənə halaldır!..

- Əmri müzakirə etmirlər, Rzayev! - Kapitan Teymur İbrahimov üstünə qışqırdı. - Görürsən ki, onlar çoxdurlar, buradan sağ çıxmaq sıfıra bərabərdir. Bilə-bilə özünü oda atma, Rzayev!

- Xahiş edirəm, komandir! İcazə verin...

Kapitan İbrahimov çavuş Rzayevin yalvarışlı səsinin qarşısında başqa söz deyə bilmədi, ermənilər artıq onlara yaxınlaşmışdılar. Güllələr başlarının üstündə vıyıldayıb keçirdi, yanlarına düşən qumbaralar ətrafda od-alov saçırdı. Kapitan İbrahimov, leytenant Mirzəliyev və çavuş Rzayev özlərini güllə və qumbaralardan qorumaq üçün qollu-budaqlı ağacları özlərinə sipər seçmişdilər. Onları diri tutmaq istəyən düşmən əsgərlərini sərrast güllə ilə yerə sərirdilər. Torpaq üstünə xeyli düşmən cəsədi səpələnmişdi.

Ətrafa azacıq sükut çökdü, kəşfiyyatçıların döyüş sursatı tükənməkdə idi.

- Qorxmayın, - kapitan İbrahimovun səsi eşidildi. - Əsir düşmək ölümdən dəhşətlidir, bu, Vətənə xəyanət deməkdir. Sonra heç vaxt adamların üzünə baxa bilmərik. Öldü var, döndü yoxdur!..

Kapitan İbrahimovun sözünə leytenant Elşən Mirzəliyev də, çavuş Ramin Rzayev də eyni səslə cavab verdilər:

- Ölərik, amma təslim olmarıq, cənab kapitan!

Bir neçə dəqiqədən sonra sanki dağlar silkələndi, ətrafı bürüyən tüstü qarışıq alov içində üç igidin - üç Azərbaycan döyüşçüsünün para-para olunmuş cəsədləri göründü: onları bir-birindən seçib-ayırmaq çətin idi. Döyüşçülər qumbaranı sinələrinə sıxaraq özlərini partlatmışdılar.

Qəhrəmanların cəsədlərini Beynəlxalq Qırmızı Xaç cəmiyyətinin, Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla İş Üzrə Dövlət Komissiyasının köməkliyi ilə yalnız iki ay sonra - 22 oktyabr 1998-ci ildə geri almaq mümkün oldu.

"7 gün" qəzeti özünün 23 oktyabr 1998-ci il tarixli nömrəsində yazırdı: "Oktyabr ayının 21-də üç şəhid "əsir"imiz bir erməni meyiti ilə dəyişdirildi... Ekspertiza rəyindən sonra onların kapitan İbrahimov Teymur Paşa oğlu (Xaçmaz rayonu), leytenant Mirzəliyev Elşən Həsən oğlu (Gəncə şəhəri) və çavuş Rzayev Ramin Əvəz oğlu (Lənkəran rayonu) olduğu təsdiqləndi. Dünən İbrahimov Teymur və Rzayev Ramin Bakı şəhərindəki 2 saylı Şəhidlər xiyabanında, Mirzəyev Elşən isə doğulduğu Gəncə şəhərində torpağa tapşırıldı".

lll

İllər keçir, Əsli ana hələ də özünə yer tapa bilmir. Əvvəl oğlu Zauru itirdi, o, Milli Ordudan tərxis olunan ili dünyasını dəyişdi, xəstələnmişdi. Sonra qızı faciəli surətdə həlak oldu, qardaşlarının ölümünə dözə bilməmişdi. Sonra da... Əvəz ata üç övlad itkisini ürəyində gəzdirə-gəzdirə həyata əlvida etdi. Əvəz çörək zavodunda işləyirdi, yaxşı işinə görə hörmət və nüfuz qazanmışdı.

Ramin Rzayev 9 yanvar 1977-ci ildə bu ünvanda - Lənkəran şəhəri, Ü.Hacıbəyov küçəsi, dalan 2, ünvan 5-də dünyaya göz açıb. Buradan da böyük həyata qədəm qoyub, məktəbə bu evdən gedib-gəlib. Sonra da əsgərlik həyatı başlanıb, 18 yaşında ordu sıralarına yollanıb. Füzuli rayonunda xidmət keçib, burada da əbədiyyətə qovuşub...

Günəş yatağına tələsir ki, yenidən doğulsun. Şəhidlər də belədir. Onlar canlarını müqəddəs torpaq uğrunda fəda ediblər ki, doğma Vətən yaşasın. "Bizi göylərdə axtarın, ana", - Əsli ana sanki oğlunun səsini eşidir. "Şəhidlər yenidən doğulurlar. Nə yaxşı ki, bizi əvəz edə biləcək oğullar var. Ana, biz ölməmişik, uşaqların təbəssümündə, gənclərin hünərində, qocaların xatirəsində, anaların göz yaşlarında yaşayırıq, təki Vətən yaşasın!"

Çox təəssüf, yazı çapa hazırlanarkən eşitdik ki, Əsli ana dünyasını dəyişib, oğlu Raminə qovuşub. Ruhları şad olsun!

 

 





23.11.2023    çap et  çap et