525.Az

Zabil Pərviz segahı - Qəşəm Nəcəfzadə yazır


 

Zabil Pərviz segahı - <b style="color:red"> Qəşəm Nəcəfzadə yazır</b>

Zabil Pərviz mənim üçün, inanıram ki, başqaları üçün də belədir, göy üzündən Muğan düzünə zühur eləmiş bir Zabil segahıdır. Mənə elə gəlir ki, bu Zabil segah heç vaxt yerini dəyişmir və heç vaxt da dəyişməyəcək, səsi hər yerə gedəcək, amma kökü düşdüyü torpaqda əbədi qalacaq.

Səsi də, səsinin ritmi də, qədimliyi də, qədimliyin  müasirliyi də heç vaxt dəyişməyəcək. Uzaqdan bilinir ki, bu səs Muğana məxsusdu və o saat hiss edirsən ki, bu səsin yanında Ana Kür var, Yulğun, Torağay, Söyüd, Söyüdün kölgəsində dədələr var.

Tez-tez mənə zəng eləyir, zəng eləyəndə yuxarıda dediyim duyğuları eyni qaydada həmişə, hər zaman olduğu kimi yaşayıram. Lap Zabil Pərviz gəlsin mənə Bakının "Əhmədli"sindən zəng eləsin, fərqi yoxdur, elə bilirəm o səs gedir Muğan düzünə, Neftçalaya  dəyib yenidən qayıdır Bakıya və gəlib sevgi ilə dəyir ürəyimin başına. Zabil Pərviz qədim bir torpaqdandı, ağır bir eldəndi,  türk obasındandı.

Onun səsi ötən əsrin 70-ci illərindən gəlir, özü də çox gur gəlir. Yetmişinci illərin çox şairi var, çoxunun səsi yoxdur, batıb. Zabil Pərviz hamını haraylayır, səsləyir, hal-əhval tutur. Kimdən incikliyi varsa, deyir. Elə bu incikliyi demək də və həm də bunu deməyi bacarmaq da bir cəsarət səciyyəsidir. Kimin bir şeiri çıxırsa və xoşuna gəlirsə, o saat müəllifə deyir. Özünün də şeirləri dövrü - mətbuatda müntəzəm çap olunur. Amma elə vaxt olur ki, heç kəs ona zəng etmir, ona görə ki, oxumurlar, oxusalar da, zəng etməyə ərinirlər və bəzən də heç zəng eləmək istəmilər. Amma Zabil Pərviz Xəlil Rza çoşqunluğu ilə, xoşuna bir şeir gələn kimi dayanmır, təbrik edir, Muğan küləyi kmi coşur, Kür kimi dalğalınır.

Zabil Pərvizin yaşıdlarının çoxu yorulub, Zabil onların da adından danışır. Mənə elə gəlir ki, onun ədəbi nəslinin adından danışmağa, öz dövrünü ifadə eləməyə tam haqqı var.

İlk vaxtlar hiss edirdim ki, Zabil bir az tələsir, sanki ədəbiyyat qatarına gecikdiyini təsəvvürünə gətirir və mən onun yeni şeirlərini oxuyandan sonra gördüm ki, o ədəbiyyat qatarına gecikməyib və bu qatarın ən birinci vaqonundadır.

Yüz şeirin içindən onun şeirlərini tanımaq olur. Əsasən hecada yazır, amma bu, fərqli hecadır. Sərbəst şeirləri də gözəldir. Çünki şeirin mənbəyi yetkindir. Təcrübə də var, peşakarlıq da. Mütaliə də var, müşahidə də.

Zabil Pərviz yaradıcılığının əsas xüsusiyyətlərdən biri onun dilinin axıcılığıdır. Bu yaxınlarda "Azərbaycan" jurnalında çap olunan və diqqət çəkən "Yaşıl simfoniya" poemasında da şair dilimizin möhtəşəm bir abidəsini yaradıb:

 

Al günün altında alışıb yanan,

Pulları sayrışan susuz bir ilan

Keçdi alayanıq otlar içindən,

Süründü çalanın sahilinəcən.

Budur, qarşısında həmin qamışlıq,

Burda su tapılar, sərin, ya ilıq.

Bir az da sürünüb irəli getdi,

Birdən qamışlıqdan bir səs eşitdi,

Fəryada bənzəyən yaralı bir səs.

Qurbağa səsiydi... çəkmədi nəfəs,

Su çıxdı yadından. Yarıb otları

Cumdu xışıltıyla ovuna sarı.

 

Və yaxud

 

Su verən tapılmadı,

Ölümə susadılar.

Yana-yana Allahdan

Ölüm arzuladılar.

 

Poemada Muğan torpağının məsnəvisini xatırladan, səhər açılanda uzaqlara yol başlayan qədim bir karvanın ləngərli yerişini göz önünə gətirən möhtəşəm misralar var.  İntonasiya mənə Səməd Vurğunun səsini xatırlatdı, əllinci illərdən bu günə gəlib çıxan səsini. Əgər bir hadisə və ya bir detal sənə nəyisə xatırlada bilirsə, bu hal mətnlərarası əlaqəni inkişaf etdirirsə, bu, müəllifin uğurudur. Poemada məzmin, ideya bədiiliyə üyğun bir şəkildə inkişaf edir. Heç biri o birindən kənarda qalmır. "Su verən tapılmadı, ölümə susadılar" misraları real həyatı su üzərində, xüsusən "s" səsinin alleterasiyasında qurur və bununla şeirin poetikası ideyaya xidmət edir:

           

Asma kanallarda asılan sular,

Beton məcralara basılan sular

Bəxtəvər-bəxtəvər baş alıb gedər,

Bəxtəvər çöllərə boşalıb gedər.

Boylanar söyüdlər, baxar çinarlar,

Boylanıb yanarlar, baxıb yanarlar.

 

Mənə elə gəlir ki, Zabil Pərviz bu poemanı yazmayıb, sadəcə oxuyub, Muğam kimi - Zabil segahı kimi. Necə ki, Mirzə Sadıq tarın qoluna Zabil pərdəsini əlavə edib, eləcə də Yaradan da Zabil Pərvizi  Muğam çöllərinə elə yazıb. 

Zabil Pərviz təbiət şairidir, ona görə də dili su kimi axıcıdır, safdır. Nə vaxt ki, cəmiyyət tükənir, o zaman həmqafiyə yoldaşı təbiətə inteqrasiya edir, ondan güc alır, yenidən əvvəlki yerinə qayıdır. Zabil Pərviz də belədir. O, balığın səsini eşidir, quşları dinləyir, təbiətin bir hissəsinə çevrilir.

 

Yayılır çöl boyunca

Köhnə gözə bir səda.

Xallı turac oxuyur,

Daaddada daddada...

 

Zabil Pərviz xallı Turacın dilini bilirsə, demək, şeirin də dilini dilir, insanın da. Muğanın da dilini bilir, muğamatın da, suyun da.

Şair dostuma yeni-yeni yaradıcılıq uğurları arzu edirəm!

 





23.11.2023    çap et  çap et