Əfşan YUSİFQIZI
Ağlayan ruh
Nə ağır səsləndi bu söz, İlahi,
Deyir, filankəsin yurdu boş qalıb.
Bir zaman hər kəsin diqqətin çəkən
O xoşbəxt ocaqdan bircə daş qalıb.
Köhnə kirəmitlər dərddən çat verib,
Fikirdən dirəyin dizi bükülüb.
Bir paslı qıfıla əmanət olan
Qapının gözləri yola dikilib.
Gecələr səs gəlir, bilən yox kimdi,
Bəlkə, sahibinin ruhu ağlayır?
Dolanır başına uçuq damının,
Duyulmur fəryadı, ahı ağlayır.
Hanı mis qazanı qaynadan ocaq,
Təndir xəcalətdən cadar-cadardı.
Samavar utanıb küncə qısılıb,
Dəmkeşi pas atıb, qabar-qabardı.
Küskün-küskün baxır yurd-yuvasına,
Nə bir inni-cinni, nə bir quş qalıb.
Vəfalı cəftəsi, paslı qıfılı,
Mülkünə sahibsə bir bayquş qalıb...
Bu evin yiyəsi hanı?
Kandarı görünmür, yolu ot basıb,
Ay qonşu, bu evin yiyəsi hanı?
Qapıdan bir paslı qıfıl da asıb,
Ay qonşu, bu evin yiyəsi hanı?
Bəlkə evdən çıxıb düşüb tuzağa,
Bəlkə baş götürüb gedib uzağa.
Bəlkə də rast gəlib ac yalquzağa,
Ay qonşu, bu evin yiyəsi hanı?
Gedib bəy balasın aramaq üçün,
Şəhid yarasını sarımaq üçün,
Qanlı tellərini daramaq üçün? -
Ay qonşu, bu evin yiyəsi hanı?
Bir zaman hay-küylü gen qucağında,
İndi külək gəzir künc-bucağında,
Külü sovrulubdu od-ocağında,
Ay qonşu, bu evin yiyəsi hanı?
Dəymə
Min bir arzudadır yazıb-yaradan,
İlahi, gözləri dolana dəymə!
Sərrafdır, düz seçər ağı qaradan,
Dostuna vəfalı qalana dəymə!
Ömrünü əritdi sözün yolunda,
Tanrıya sığındı əli qoynunda.
Dostu, düşməni var sağı-solunda,
Bu qələm əhlindən olana dəymə!
Düzdün cərgə-cərgə öz dərgahına,
Neçə deyilməmiş söz, dərgahına.
Əlinə keçəni düz dərgahına,
Bircə Əfşan adlı balana dəymə!
Süfrə
Bilirsən könlümə necə düşübdü
Yumaqdan bozarmış butali süfrə?
Başı samovarlı qəndli, nabatlı,
Bir zaman analı, atalı süfrə.
Gəlir qulağıma qəhqəhə səsi,
O bozarmış süfrə nə xoşbəxt imiş.
Ana nəvazişi, ata nəfəsi
Ac qarın doyuran bir nemət imiş.
Süfrə büzüsərdi, bilmirdik neyçin,
Anam sevgisini sərərdi ona.
Beş körpə balanı doydurmaq üçün
Süfrə sığınardı ana qoynuna.
Süfrədən pay umar hərə bir tikə,
Atam gizlin-gizlin dərdin çəkərdi.
Atamı duyardı güllü mütəkkə
Ona dayağıtək dirsəklənərdi.
İndinin süfrəsi yeməklə boldu,
Amma o bərəkət yoxdu süfrədə.
Anasız-atasız süfrə də soldu,
O zəngin süfrəmiz, qayıtmaz bir də.
Etiraf
Könlüm yay fəslinin sonu sayağı,
Bir az buludludu, bir az çisgindi.
Bir az da Günəşin sönük şüası,
Köhnə xatirətək laldı, miskindi.
Yolum başlanıbdı payıza tərəf,
Saralmış cığırla keçib gedirəm,
Gedirəm, arxamca "boylanan qıza"
Mən necə söyləyim, köçüb gedirəm?
Axı, o, ömründə bahar görmədi.
Ürəyim qalıbdı o qızda mənim,
Çəkilib bir küncə bir ömür, nədən?
Göründü gözümə "payızda" mənim?
Bağışla əzizim, çox gecikmişəm,
Sənin saflığının solan yeriyəm.
Sanma ki, həyatda mən gerçəkmişəm,
Bu yalan həyatın yalan yeriyəm.
çap et