Fərqanə SƏFƏRLİ
Beş nömrəli palata
Beş nömrəli palata:
Burda bir xəstə yatıb -
Canı möhkəm yansa da,
Ruhu rahatlıq tapıb...
Onun can otağında
Bir pəncərə, dörd divar;
Gözləriylə ağ divara yazdığı
Qara sualları var:
"Ciyərim nə rəngdədi,
Qəlbimdə qan hardadı?
Beynimə gedən yolun
Qapıları burdadı?!"
Deyib sıxdı köksünü,
Həkimin gözlərində
Axtarırdı özünü...
...Gecə çox ağır keçdi,
Basıldı qara düymə.
Dərdindən o söylədi
Növbədəki həkimə...
Səhər beş dəqiqəlikdə
Verildi bu məlumat:
"Beşinci palatanı
evə yazın tam rahat..."
Diaqnoz:
Ruh adamı,
Xəstəliyi sevgidi -
Onun yeri bura yox,
Sevdiyinin evidi..."
Sevgi valsı
Gəl, rəqs edək səninlə,
Mələklər savab yazsın
Çiynimizdə ritmlə...
Gəl, üzümüz ölümə,
Dözək hər bir zülmə.
Zaman şərə qarışsın,
Gecənin işıqları
Gözümüzdən alışsın...
Tərləsin əllərimiz
Valsın şən notlarında.
Büdrəsin ayağımız
Zər qırçınlı donumda.
Cismim ağırlıq etsin,
Sol qoluna əksimi -
Oynayaq sənin ilə
Ölümsüzlük rəqsini...
Elə gözəl sevirsən...
Elə gözəl sevirsən -
Sənin sevgi formulun
Mənim hesabım olur.
Elə isti baxırsan -
Gözlərindəki işıq,
Həyat çırağım olur...
Elə narın gülürsən -
Qucaq açıb dərdimə
Sənlə gülməyim gəlir.
Elə noğul qatırsan -
Gerçəklər yalan olur,
Nağıl olmağım gəlir...
Elə fitnə-fəsadsan -
Həqiqətdə alt yazın,
Dilsiz qalmağım gəlir.
Elə gözəl duasan -
Allahdan utanıram,
Dinsiz olmağım gəlir...
çap et