525.Az

Şəhərim - Rəfail Tağızadə yazır


 

Şəhərim - <b style="color:red"> Rəfail Tağızadə yazır</b>

Şəhərim

 

Dünənim, sabahımsan,

Varımsan, olanımsan,

Mənimlə qalanımsan,

Hər daşı sirr şəhərim,

Tütyəm, pir şəhərim.

 

Adı əsrlərdən keçən,

Başı bəlalar çəkən,

O çağ, bu çağ şəhərim,

Mənim qədim şəhərim,

Mənim bəxtim şəhərim.

Dosta qucaq şəhərim,

Oğlu qoçaq şəhərim,

Mənim ocaq şəhərim,

Mənim zirvə şəhərim,

Mənim türbə şəhərim.

 

Elin hər harayına

Anda coşan şəhərim,

Bir qıyğacı baxışa

Tez alışan şəhərim,

Bir az da sərt şəhərim.

Mənim mərdlər şəhərim,

Mənim əhdlər şəhərim.

Əzəldən seçilənsən,

Sən yoxdan tikilənsən,

Sən içdən dikələnsən,

Ağappaq daş şəhərim,

Sən mənim baş şəhərim.

 

Sən muğam nəfəslisən,

Həm zilisən, pəsisən,

Qarabağın səsisən.

Mənim səda şəhərim,

Mənim əda şəhərim.

Mənim muğam şəhərim,

Mənim Ağdam şəhərim.

 

 





23.11.2023    çap et  çap et