525.Az

Siyasi memuarın dəyərli nümunəsi - Asif Rüstəmli yazır


 

Siyasi memuarın dəyərli nümunəsi - <b style="color:red"> Asif Rüstəmli yazır</b>

Azərbaycan siyasi memuar janrının ilk və ən görkəmli nümayəndələri fikrimcə, ədəbi-fəlsəfi düşüncə tariximizdə mühüm rolu və yeri olan, ictimai, siyasi və dövlət xadimləri kimi tanınan, demokratik dünyagörüşlü, Qarabağ kökənli Ağaoğlular ailəsinə mənsubdur. Türkiyə Cümhuriyyətinin qurucusu, böyük siyasət adamı Mustafa Kamal Atatürkün yaxın dostu və məsləkdaşı Əhməd bəy Ağaoğlunun "Sərbəst Firqə xatirələri", Türkiyədə Baş nazirin müavini vəzifəsinədək yüksəlmiş, Əhməd bəyin oğlu Səməd Ağaoğlunun "Arkadaşım Menderes" əsərlərini siyasi memuar janrının şübhəsiz ki, klassik və mötəbər nümunələrindən saymaq olar.

"Heydər Əliyev İli"ndə Ümummilli liderə həsr edilmiş ən dəyərli əsərlərdən biri də görkəmli ictimai-siyasi xadim, diplomat, tərcüməçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Vilayət Quliyevin "Heydər Əliyev: Böyük insan haqqında xatirələr" (Bakı, TEAS Press Nəşriyyat evi, 2023, 216 səh.) adlı siyasi memuarıdır. Kitaba "Redaksiyadan" və "Müəllif haqqında" adlı Nəşriyyat evindən yığcam qeydlər, Müəllifin "Tanıdığımız və tanımadığımız fenomenal şəxsiyyət", "Bitməyən bir eşq hekayəti" və "Tarixi səfər və tarixi perspektivlər" bölmələrindən ibarət xatirələr daxil edilmişdir.

Vilayət Quliyevin Ümummilli lider haqqında yazdığı "Böyük insan haqqında xatirələr" əsərinin digər eyni mövzulu kitablardan fərqli və üstün cəhətləri ondan ibarətdir ki, müəllif Heydər Əliyevin daha çox görünməyən tərəflərinə, tanımadığımız, bizə bəlli olmayan xüsusiyyətlərinə, Azərbaycanın ərazi bütövlüyü uğrunda diplomatik mübarizə metodlarına, yüksək dövlət idarəçiliyi üslubuna diqqəti cəlb etmiş, şəxsi müşahidələrinə güvənərək bədii dilimizin zəngin imkanlarından barınaraq parlaq siyasi lider obrazı yarada bilmişdir. Memuarın maraqlı və dəyərli xüsusiyyətlərindən biri də müəllifin zaman və hadisələri dəqiqliklə təqdim və təsvir edilməsi, tərəf-müqabillərin söhbətlərini, mülahizələrini, mübahisələrini fikir və düşüncələrini, dolğun, real sərgilənməsi, faktlara ciddi və dürüst münasibət bəsləməsidir. Əsərin cazibədar, inandırıcı və oxunaqlı olması üçün müəllifin yalnız yaddaşa söykənərək onu araya-ərsəyə gətirməsi ehtimalı üzərində skeptik kölgənin görünməsi təbii qarşılanmağa layiqdir. Çünki müəllifin Ulu öndərlə çoxsaylı görüşlərinin qeydiyyatını aparması, davamlı olaraq xatirə dəftərləri yazması az inandırıcı görünür. Vilayət Quliyev stixiya etibarilə tədqiqatçı-alimdir və fikirlərində, mülahizələrində mötəbər fakta və polad məntiqə sığınır. Yeni kitabının süjet xəttində və mahiyyətində də bu iki təməl prinsipi - fakt və məntiq amili  özünü güclü büruzə verməklə yanaşı, oxucunu öz ardınca aparmaq qüdrətini təcəssüm etdirir.

Ulu öndərlə müəllifin ilk canlı görüş və ünsiyyətinin tarixi akademik İsa Həbibbəylinin vasitəsi və təşəbbüsü ilə "1992-ci il sentyabr ayının 27-də Naxçıvanda ol"duğu əsərdə dəqiqliklə qeyd edilmişdir. O vaxtlar Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevlə mərkəzi hökumət arasından soyuq küləklər əsirdi və belə görüşlər Bakının "nəzarəti" altında idi. Ölkədə cərəyan edən böhranlı və mürəkkəb dövrdə tanınmış ziyalıların Naxçıvana gələrək Məclis sədrini ziyarət etməsi ilk növbədə mənəvi dəstək kimi dəyərləndirilməklə yanaşı, həm də Bakıdan qısqanclıqla müşahidə olunurdu. Durumun gərginlik müstəvisində Məclis sədrinin qəbulunda olmaq ziyarətçidən həm də məsuliyyət və cəsarət tələb edirdi.

Müəllifin Ulu öndərlə iki saatlıq ilk görüşünün sirli-sehrli cazibəsi, müzakirə olunan mövzuların siqləti, diapazonunun çoxqatlılığı və çoxşaxəliliyi, Məclis sədrinin respublikanın ən ağrılı problemləri haqqında ölçülü-biçili müdrik düşüncələri, vəziyyətin ağırlığı və sabaha sarsılmaz inam şübhəsiz ki, mövzunun aparıcı xəttini təşkil edirdi.

1993-cü ildə, ölkənin başı üzərində qara buludların sıxlaşdığı iyun günlərində xalqın təkidli xahişi ilə ikinci dəfə Azərbaycan rəhbərliyinə qayıdan Ümummilli lider respublikanı parçalanma təhlükəsindən xilas etdikdən, ölkədə mötəbər ictimai-siyasi sabitlik yaratdıqdan sonra ziyalılarla ənənəvi görüşlərini davam etdirmiş, həmin aydınlardan bir qismi Prezidentin rəhbərliyi ilə nümayəndə heyətinin tərkibində xarici rəsmi səfərlərdə olmuşdur. 1994-cü ilin fevral və iyun aylarında Prezidenti Türkiyəyə və İrana rəsmi səfərlərdə müşayiət edən nümayəndələrdən biri də Heydər Əliyev siyasi məktəbinin müdavimi, bu memuarın müəllifi professor Vilayət Quliyev olmuşdur. Əfsanəvi öndər gələcək kadrlarına yüksək etimad göstərməmişdən öncə elə bil onları səfər sınaqlarından keçirməyi zəruri və əhəmiyyətli şərt kimi ümumi tələblər siyahısına daxil etmişdir.

Memuarda heç vaxt diplomatiya sahəsində çalışmayan humanitar sahə mütəxəssisinin necə xarici işlər naziri təyin edilməsi barədə də müəllif bəzi "gizlincləri" açıqlanmışdır: "1999-cu il oktyabrın 25-də, axşam saat 18 radələrində Prezidentin İcra Aparatının rəhbəri özü mobil telefonuma zəng vurub vacib bir söhbət üçün Aparata dəvət etdi... R.Mehdiyev bir azdan Prezidentin məni qəbul edəcəyini dedi və... Həqiqətən də bir neçə dəqiqədən sonra Prezident məni qəbul etdi. Ciddi və qayğılı idi... Qarabağ münaqişəsinin həlli ilə bağlı aydın, prinsipal mövqe nümayiş etdirilməsinin zəruriliyini vurğuladı. Qarabağdan seçilmiş millət vəkili, qarabağlı ziyalı kimi mənim də üzərimə böyük vəzifə düşdüyünü dedi. Və birdən-birə sanki çox adi bir məsələdən danışırmış kimi rəhbərliyi altında xarici işlər naziri olmağıma necə baxdığımı soruşdu.

Təklif çox gözlənilməz idi. Doğrusu, ilk anda özümü itirdim, cavab verməyə söz tapmadım".

Aparat rəhbərinin zənginə qədər müəllifin bir məqamı "unutduğu" üçün düşünürəm ki, burada haşiyə çıxmaq yerinə düşərdi. Nazir təyin olunana qədər Vilayət müəllimlə fərqli kitab layihələri üzərində çalışmışdıq. Sonuncu birgə işimiz 1999-cu ildə araya-ərsəyə gətirdiyimiz "Heydər Əliyev: Ədəbiyyatın yüksək borcu və amalı" kitabı idi. Yüksək səviyyəli təqdimat mərasimindən sonra onunla görüşə bilməmişdik. Hamı kimi mən də onun nazir təyin edilməsini televiziyanın "Xəbərlər" proqramından öyrəndim və təbii ki, çox sevindim. Təxminən bir ay sonra nazir dostumla görüşmək fürsəti yarandı. Söhbətin sonunda üzümə diqqətlə baxaraq soruşdu: Necəsən? Sual ritorik olsa da, doğrusu, heç bir məqsəd güdmədən piyadaçılıqdan "gileylənmə"yə başlayanda sözümü yarıda kəsib: "Jiquli"ni istəyirsən? - dedi. Məlum oldu ki, Aparat rəhbəri Prezidentin tapşırığı ilə gələcək nazirə zəng vuranda o, "09" markalı "Jiquli"sini təmir etdirirmiş... və o vaxtan da avtomobil təmirxanada qalıb. Vilayət müəllim yanımdaca təmir ustasına zəng vurub mənim gəlib "Jiquli"ni aparacağımı tapşırdı. Yenidən üzünü mənə tərəf tutaraq: "Halalın olsun, sağlıqla istifadə et. Avtomobildən yalnız "Sürücülük vəsiqəsi"ni mənə qaytarsan yetərlidir" - dedi...

Əlbəttə, etiraf edim ki, Vilayət müəllim o vaxt düşdüyü situasiyanın bəlli modelini mənə də yaşatdı və aradan iyirmi dörd il ötsə də, müəllifdən yuxarıda gətirdiyim sitatın son cümləsini öz adımdan təkrarlamaq könlümdən keçdi...

Memuarda müəllif böyük səmimiyyətlə etiraf edir və qədirşünaslıqla vurğulayır ki, "xüsusi təcrübəm, professional hazırlığım olmadan dövlətçilik həyatının və siyasi proseslərin mərkəzinə düşdüm. Təbii ki, belə bir şəraitdə Heydər Əliyevin məsləhətləti, gündəlik qayğısı və diqqəti, ən başlıcası isə xeyirxah, təmkinli münasibəti olmasaydı, üzləşdiyim çətinliklər qat-qat artardı". Əlbəttə, bu məqamda müəlliflə razılaşmamaq mümkünsüzdür və yalnız "çətinliklər" sözünün sinonimi kimi "səhvlər" kəlməsini də urvatlandırmaq yazının səmimiyyəti üzərinə kölgə salmazdı...

Əsərdə müəllif təhkiyəsinin cazibədarlığını, inandırıcılığını artıran etiraflar, öncədən sığortalanması mümkün olmayan "səhvlər" mövzunun cəmiyyətdən gizlin, örtülü tərəfləridir. Fəaliyyətinin ilk aylarında səhvlərinin olduğunu vurğulayan müəllif Prezidentin İsveçrəyə, Davos konfransına səfərinin hazırlıq vəziyyəti haqqında dövlət başçısının yanındakı yığıncaqda məlumat verərkən səfərdə müşayiətedici nümayəndə heyətinin tərkibi haqqında layihənin də hazır olduğunu bildirir. Bu vaxt Prezident gənc nazirin sözünü kəsərək: "Bunu mənim yanımda ayrıca müzakirə edərik" - deyib. Müəllif "səhvinin" nədən ibarət olduğunu vurğulayaraq yazır: "Yığıncaqdan sonra isə kabinetdə heç bir danlaqsız, töhmətsiz nümayəndə heyətinin tərkibi ilə bağlı məsələnin Prezidentin preroqativi olduğunu, təklifin dövlət başçısının ofisində hazırlandığını xatırlatdı... Sonra gülə-gülə: "Mənə heç kim qorxusundan heç nə deyə bilməz, amma durub elan eləsən ki, siyahını sən tutursan, biri gəlib deyəcək ki, mənim də adımı ora sal, yaxud kiminsə adını çıxarsan, səndən inciyəcək ki, niyə adımı siyahıdan pozmusan. Ara yerdə başın ağrıyacaq, düşmən qazanacaqsan", - deyə fikrini tamamladı".

Bu yığcam qeydlərdən Ümummilli lider Heydər Əliyevin yüksək vəzifəyə gətirdiyi gənc kadrlara necə qayğıyla, təmkinlə yanaşdığını, onları kənar və yersiz təsirlərdən qoruduğunu, dövlətçilik sahəsində öz iş təcrübəsini səxavətlə bölüşdüyünü müşahidə edirik.

Vilayət müəllimin Prezidentlə bağlı xatirələrində ibrətamiz, nümunə ola biləcək məqamlar, uyğun və uğurlu misallar, müdrik yanaşmalar az deyil. O, memuarında qeyd edir ki, 2000-ci ilin əvvəllərində Böyük Britaniyanın "Times" jurnalının Moskva ofisindən XİN-ə zəng vuraraq dünya miqyaslı siyasətçi, dövlət xadimi kimi tanınmış Azərbaycan Prezidentinin portretini növbəti saylardan birinin üzqabığında 50 min funt-sterlinq müqabilində vermək niyyətində olduqlarını bildirirlər. Təklifə dövlət başçısının cavabı isə qısa olur: "- Ay qardaş, 50 min pulun 50 min dərdi var. Mənim şiklim ora düşməsə də, ötüşərik".

Böyük insanın təvazökarlığı, səmimiyyəti, mənəvi üstünlükləri haqqında memuarda dəyərli, yaddaqalan epizodlara da yer ayrılmışdır. Kitabda Əliyev-Şevardnadze münasibətlərindən bəhs edərkən müəllif 2000-ci ilin mart ayında Prezidentin Gürcüstana rəsmi səfəri zamanı bir ziyafət məclisində Eduard Şevardnadze etiraf etmişdir ki, onun 1972-ci ildə respublikanın İctimai asayişi mühafizə naziri vəzifəsindən Gürcüstanın rəhbərliyinə irəli çəkilməsində Heydər Əliyevin rolu böyük olub. Bu etirafın özü də Ümummilli lider Heydər Əliyevin hələ sovet dönəmində Cənubi Qafqazın siyasi lideri, müdrik ağsaqqalı olduğunu təsdiqləyən mötəbər arqumentlərdən biridir.

Görkəmli ictimai-siyasi xadim, diplomat, professor Vilayət Quliyevin "Heydər Əliyev: Böyük insan haqqında xatirələr" adlı əsəri Ümummilli lider haqqında yazılmış, zəngin faktları, hadisələri, məzmunlu, unudulmaz epizodları özündə əks etdirən dolğun və dəyərli siyasi memuar nümunəsidir. Düşünürəm ki, bu kitab Heydər Əliyev siyasi məktəbinin müdavimləri və davamçıları üçün müvafiq dərs vəsaitinə olan ehtiyacları əvəzləməyə layiqdir.

 





24.11.2023    çap et  çap et