525.Az

Ağ rəngin işığı"nda gedilən müqəddəs yol


 

Ağ rəngin işığı"nda gedilən müqəddəs yol<b style="color:red"></b>

44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan gənclərində torpaq, vətən sevgisinin və bu müqəddəs anlayışlar uğrunda hətta şəhadətə qovuşmaq arzusunun nə qədər böyük olduğunu ortaya qoydu. Dövlətimizin başçısı İlham Əliyevin ali çağırışına fədakarlıqla cavab verən gənclərimiz böyük ruh yüksəkliyi ilə silaha sarılaraq torpaqlarımızı işğaldan azad etdilər. Azərbaycan əsgəri yazdığı yeni tarixlə xalqımızın qürurunu özünə qaytardı. Minlərlə igidimiz şəhid oldu, minlərlə cəsur döyüşçümüz qazi adını qazandı. Qəhrəman şəhidlərimizin adları uca tutulur, əbədiləşdirilir, büstləri qoyulur, adlarına bulaqlar açılır, şəhid məzarları ziyarət yerinə çevrilir. Onların ruhu qarşısında vətəndaşlıq borclarından biri də şəhidlərin həyat tarixçəsini qəhrəmanlıq dastanı kimi yaddaşlara həkk etməkdir. Bu baxımdan, istedadlı jurnalist Bibixanım İsayevanın oxuculara təqdim olunan "Ağ rəngin işığı" kitabı Vətən üçün canını fəda edən şəhid həkim, baş leytenant Aqşin Ənvərlinin qəhrəmanlığının, fədakarlığının unudulmaması və gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi üçün çox faydalı olacağına əminəm.

Mən Bibixanımı çoxdan tanıyıram, tələbə yoldaşım olub. Gəncliyimiz, demək olar ki, bir yerdə keçib. Xasiyyətinə, duyğularına, hisslərinə, düşüncələrinə yaxşı bələdəm. Bilirəm ki, həssas, kövrək, yeri gələndə sərt, tərs, dözümlü qadındır. Ətrafda baş verən hadisələrə, haqsızlığa biganə qala bilməz. Ehtiyacı olanın yardımına qaçar, gücü çatan, əlindən gələni edər, ən azından təskinlik, məsləhət verər. İkinci Qarabağ münaqişəsi başlayanda o da, bütün Azərbaycan vətəndaşları kimi, ana kimi hər gün cəbhə xəbərlərini həyəcanla izləyir, zəfər üstündən zəfər xəbərlərini sevinclə qarşılayır, itkilərimizə, şəhid xəbərlərinə məyus olurdu. Bir də, axı Bibixanım jurnalistdir, rayon qəzetinin müxbiridir. O üzdən şəhid dəfnlərində iştirak edir, qəzet üçün yazı hazırlayır, şəhid ailələrində olur, valideynlərinə təskinlik verirdi. Və beləcə şəhid analarının dərddaşı oldu Bibixanım. Bu dərddaşlıqdan, yoldaşlıqdan müharibə başlayandan bu günəcən şəhid ailələrinin kədərli və qürur dolu anlarını onlar ilə birlikdə yaşadı və bu kövrək, incə duyğuları içindən keçirərək onlarla sanballı yazılar və "İnsanlığın zirvəsi" kitabını (Azərbaycan Milli Qəhrəmanı general Polad Həşimov haqqında) həsr edərək ərsəyə gətirdi.

Budur, onun ikinci kitabı - "Ağ rəngin işığı" qarşımdadı. Kitabda İkinci Qarabağ müharibəsində torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə vəzifə borcunu ləyaqətlə yerinə yetirən və qəhrəmancasına döyüşərək şəhid olmuş hərbi həkim, baş leytenant Aqşin Ənvərlinin şəhidlik zirvəsinə yüksələnədək keçdiyi qısa, lakin şərəfli həyat yolunun səlis, təsirli ədəbi-publisistik dillə işıqlandırıldığına şahid oluruq. Müəllif qəhrəmanının qeyd və yazılarına, məktublarna, doğmalarının, dostlarının, əsgər yoldaşlarının müəllimlərinin söylədikləri xatirələrə və əldə etdiyi konkret faktlara istinadən, "Təki Vətən sağ olsun!" - deyərək gözünü qırpmadan canından keçən, qanı, canı ilə Böyük Zəfərə imza atan qəhrəman obrazını yaradır, gənc nəslə örnək olaraq təqdim edir.

Bizi birləşdirən, torpağımız qədər ruhumuzu da bütövləşdirən vətənə sonsuz və təmənnasız sevgimizdir, məhz bu sevgi yurdumuzun dilbər güşələrindən biri olan qədim Qəbələdə doğulmuş, bütöv Azərbaycan sevgisi ilə boy vermiş igidlərimizi də 30 ilə yaxın zaman kəsiyində düşmən tapdağında qalan torpağımızı azad olunması üçün səfərbər etdi. Getdilər və zəfərlə qayıtdılar! Qayıtmayanlar isə vətən torpağının müqəddəs parçasına çevrildilər. Belə övladlardan biri də Aqşin oldu - həkim Aqşin, əsgər Aqşin, vətəndaş Aqşin.

Aqşin Ənvərli 1994-cü ildən Qəbələdə anadan olub. Tibb Universitetini bitirib, hərbi həkim olmağa qərar verib və xüsusi təyinatlı qoşunları tibb xidmətinin rəisi vəzifəsinə yüksəlib. Gələcəyi üçün şirin arzular qurub. Ancaq qara libaslı, qan qoxulu müharibə çox igidlər kimi Aqşinin də arzularını, niyyətlərini yarım qoydu. Minlərlə vətən sevdalısı kimi həm döyüşdü, həm də müqəddəs vəzifəsini yerinə yetirdi, yaralı yoldaşlarını ölümün pəncəsindən aldı. 41 gün döyüşdü, qanlı-qadalı 41 gün... Vətən yarasını, həm də Vətən üçün gülləyə qəlpəyə sinəsini sipər edən döyüş yoldaşlarının yarasını sağaltmaq üçün gecə-gündüz bilmədi, elə səngərdəcə baş leytenant rütbəsi aldı igid həkim. Qələbənin astanasında - noyabrın 6-da Xocavənd uğrunda döyüşlərdə qəhrəmancasına şəhidlik məqamını fəth edən Aqşin "Azərbaycan Bayrağı" ordeni və bir neçə medalla təltif olundu.

Vətənin dar günündə dadına çatan qeyrətli oğul haqqındadır bu kitab. Böyüklərin söhbətindən, ekranda gördüklərindən qaynaqlanan vətən sevgisi, görmədiyi Qarabağın yanğısını söndürməyə, yarasını sağaltmağa gedən oğuldan bəhs edilir bu əsərdə. 30 illik yolu 44 günə fəth edən, vətən sevdalısı, torpaq aşiqi, azadlıq düşkünü olan oğuldan yazılır bu kitabda. Bu zamandan sonra ən yeni tariximizin şanlı səhifələrini yazan minlərlə müəlliflərdən birinin hünərin ad edilib bu kitab. Kitabın oxunaqlı olmasına səbəb müəllifin gördüklərinə, eşitdiklərinə, oxuduqlarına, qəhrəmanın valideynləri, qohumları, müəllimləri, dostlarının söylədiklərinə qatılan, xüsusi çalar verən yazıçı təxəyyülünün məhsuludur. Müəllifin bəzən bədiiləşdirdiyi səhnələrin koloriti kitabı daha həyəcanla oxumağa sövq edir. Sətirlərin alt qatında son dərəcə kövrək həzin bir qələm əhlinin, ananın, vətəndaşın qəlb çırpıntıları duyulur.

Başqasının kədərini kədəri, sevincini sevinci bilən Bibixanım bu həssas mövzunun ağırlığını, məhsulliyyətini duyaraq öz səmimiyyəti, qədirbilənliyi ilə vətən torpağının hər qarışı üçün canını fəda etmiş şəhid oğullarımızın ruhlarını dərin ehtiram, sayğı hissiylə, duyğuların dili yad izhar edib. Sevgi, mərhəmət ilə qələmə alıb bu kitabı, bir vətəndaş kimi öz mənəvi borcunu verməyə çalışıb. Müəllif vətənpərvər jurnalist kimi qəlbinin səsini səhifələrə hopdurmağı bacarıb.

Bibixanım şəhid analarını duruşundan, baxışında, gözlərinin rəngindən tanıyır. Şəhid anasının qürurlu durub içində çəkdiyi fəryadı, naləsi, ahı var Bibixanımın qəlbindən qələminə süzülən sətirlərdə. Şəhidlərin ruhu qədər müqəddəsdir bu sətirlər. O aslan ürəkli oğulların hər birinin bir həyat hekayəsi var. Və bu gerçək hekayələri yazmaq, qələmə almaq, oxumaq və gələcək nəslə ötürmək də bir qəhrəmanlıqdır.

Hisslər, duyğular dünyasında dolanan Bibixanımın rənglər dünyasına qəribə yanaşması var. O, ölümün rəngi, kədərin rəngi, qəhrəmanlığın rəngi, şəhid atası, şəhid anasının üz cizgiləri ilə iç dünyasındakı kədərin, hiss və duyğularını rəngini, çəkisini görə bilir, duya bilir. "Ağ rəngin işığı" şəhid həkim Aqşinin valideynləri Faiq atanın, Dilruba ananın, arzu-kam qəlbində donan sevdalısının gözlərinin dərinliklərində qara-qırmızı rəngə də işıq salır sanki. Ağ rəng bu doğmaların kədərinin və qürurunun rəngidir.

 

 





24.11.2023    çap et  çap et