525.Az

Nə qədər gözəlsən, ay kəlağayı…


 

Nə qədər gözəlsən, ay kəlağayı…<b style="color:red"></b>

26 noyabr Azərbaycan Kəlağayısı günüdür. Millilikdən uzaq düşməyək.
 
Əsrlərdən gəlir səsin- sorağın,
İpək telə bəzək vurub darağın,
Sənə səcdə üçün gəlib qonağın,
Xalqın namususan, xalqın harayı,
Nə qədər gözəlsən, ay kəlağayı
 
Çeşnisi, butası, rəngi bir gözəl,
Saz üstə tərifi, rəngi bir gözəl,
Musiqisi, söz ahəngi bir gözəl,
Pərinin məclisdə lap çoxdu sayı,
Nə qədər gözəlsən, ay kəlağayı.
 
Anama nənəmdən yadiğar qalıb,
Anam sevə-sevə çiyninə salıb,
Gözəl xanımları bəxtinə alıb,
Sərmisən sinənə ulduzu, ayı,
Nə qədər gözəlsən, ay kəlağayı.
 
Həcərin, Nigarın adı- həyası,
Narıncımın baş bəzəyi, boyası,
Pərvanə Pərinin səsi-sədası,
Xanımlıq rəmzisən, həm də ağayı,
Nə qədər gözəlsən, ay kəlağayı.
 
Güllü- güllü gəldin Güllüyə sarı,
Sandıqdan çıxardı Güllü , a sarı,
Topladı, gətirdi elliyə sarı,
Gül açan rəngləri say, kəlağayı,
Nə qədər gözəlsən, ay kəlağayı.
 
Şəki, Basqal, Gəncə, Şirvan gülü var,
Şamaxıdan Naxçıvana yolu var,
Bakı bazarında ipək, tülü var,
Sarı, qara, ağ, qırmızı, çəhrayı,
Nə qədər gözəlsən, ay kəlağayı.
 
Adın “Albuxarı”, “Abı”, “Yelanı”,
“Istiotu”, “Heyratı” və “Soğanı”,
Qız- gəlininm zinət vurur hər anı,
Gedək Qarabağda  vuraq halayı,
Nə qədər gözəlsən, ay kəlağayı.
 
Xırda buta, saya buta, şah buta,
Ömrün olsun nağıl buta, baxt buta,
Uzun olsun yolun, butam, taxt butam,
Mənim sevdiyim yox səndən savayı,
Nə qədər gözəlsən, ay kəlağayı.
 
Təranənin sözüdü son butası,
Xarıbülbül- ürəkdə can butası,
Ən gözəli Azərbaycan butası,
Əsillikdə yoxdu dunyada tayın,
Nə qədər gözəlsən, ay kəlağayım.

 





26.11.2023    çap et  çap et