525.Az

"Həmişə bir şəhəri film şəhərinə çevirməyi xəyal edirdim"


 

"HOÇAZFİLM"İN RƏHBƏRİ, REJİSSOR AMİL AMAL: "LAÇININ RELYEFİ ÇOX KİNEMATOQRAFİKDİR, BİR ŞƏHƏR KİMİ SANKİ GÖY ÜZÜNDƏ YERLƏŞİR"

"Həmişə bir şəhəri film şəhərinə çevirməyi xəyal edirdim"<b style="color:red"></b>

Müsahibimiz "HoçazFilm" kinostudiyasının rəhbəri, rejissor Amil Amaldır.

 

- Amil, postmüharibə dövründə Qarabağda ilk kinostudiyanın - "HoçazFilm"in açılışını hadisə saymaq olar. Bu ideya nə vaxt yarandı?

- On iki yaşımdan Xırdalanda yaşayıram. Xırdalanda köhnə kinoteatr binası var. Arxa tərəfində məcburi köçkünlər məskunlaşıb. Qarşısı çox baxımsız durumdadır. Film festival keçirmək üçün şəhər rəhbərliyi ilə görüşüb Xırdalanı film şəhərinə çevirməyi düşünürdüm. Ancaq bir-iki cəhddən sonra gördüm ki, kinoya insanların münasibəti ciddi deyil. Yəni bir şəhəri bir film şəhərinə çevirməyi həmişə nədənsə içimdə xəyal etmişəm. Getdiyim film festivallarında həmişə bunun şahidi olmuşam. Məsələn, kasıb Bişkek şəhərində nəinki şəhəri, ölkəni film ölkəsinə çevirmək üçün nə qədər addımlar atılır. Üst-başından qoyun-quzu qoxusu gələn adamların qalın kürkdə, norka papaqda kinoteatra gəlməsini görmüşəm. Laçınlılar məni rejissor kimi "Qara bağ" filmindən tanıyırdılar. Məhz bu səbəblə həm bir rejissor, həm də Laçın şəhərinin sakini kimi məni Laçına görüşə dəvət etmişdilər. Bu,  31 ildən sonra 3 yaşımda çıxdığım evimizə, Laçına ilk qayıdış idi. Laçında Bakı Abadlıq Xidmətinin direktoru Bünyad müəllimlə tanış oldum. Bünyad müəllim yenilikçi, intellektual insandır. Bu gün Laçında gördüyünüz göz oxşayan avropasayağı gözəlliyin səbəbkarı odur. Onunla kinodan söhbət edərkən dedi ki, Laçında Disneyland kimi park yaratmaq istəyir, meyvə-tərəvəz anqarı kimi fəaliyyəti nəzərdə tutulan yer var, orada bəlkə, bunu etmək olar. Məndən bir kino mütəxəssisi kimi həmin yerə getməyimi istədi, orada nə etmək olar, pavilyon qurmaq olarmı deyə soruşdu. Dərhal həmin yerə baxış keçirdim və oranın kinopavilyon ola biləcəyi qənaətinə gəldim. Həmin gün Bünyad müəllim məni bu işin başına rəhbər təyin etdi. Çətinliklərə baxmayaraq, sidq ürəklə işə başladım. Mane olanlar da tapılırdı. O adamlar ki, bu məkanın heç vaxt pavilyon kimi işə yaramayacağını söyləyirdilər. Mən isə bu işi yekunlaşdırmağı qarşıma məqsəd qoymuşdum. Təyinatı meyvə-tərəvəz anqarı kimi fəaliyyətə başlayacaq bir məkanı kinopavilyona çevirmək! Çox şükür ki, əziyyətim yerdə qalmadı. Əvvəl "LaçınFilm" adını təklif etsəm də, hər müəssisəyə Laçın adının qoyulması məni yeni ad tapmağa vadar etdi. Beləliklə, Laçın şəhərinə yaraşıq verən, Laçının əsas simvollarından olan, Qarabağ müharibəsinin ən sərt döyüşlərinin getdiyi, çox strateji əhəmiyyətə malik, nəhayət öz dədə-baba kəndim olan Hoçaz dağından, Hoçaz qayasından adını götürdüyüm Hoçaz sözünü film sözü ilə birləşdirməli oldum - "HoçazFilm"! Cənab Prezident Laçın şəhəri günündə "HoçazFilm"də açılışda iştirak edəndə Bünyad müəllim Hoçaz sözünün adının mənasını söyləmək istəyəndə, o, kəndi tanıdığını, Hoçazsu çayının Həkərinin əsas qollarından biri olmasını dedi, hətta əlavə elədi ki, 20-ci illərin xəritəsində Həkəri çayının adı Hoçazsu çayı keçir.

- Kinostudiyanın hansı özəllikləri var və kinomuza necə bir praktik fayda verəcək?

- Ermənistanın Gorus rayonu, Dığ (Tex) kəndi ilə üzbəüz olan Laçın şəhərində belə bir pavilyonun qurulmağı təsadüf deyil. Biz təkcə kino yox, həmçinin bu regiondakı işğaldan əvvəlki və işğaldan sonrakı salnaməni formalaşdırmaq niyyətindəyik. Yüz il sonra bizim çəkdiyimiz kadrlara baxan insanlar buranın necə cənnətə çevrildiyinin şahidi olsunlar. İşğal dövrünü əks etdirən sökük, talan olunmuş evləri kameraya çəkmək istəyirəm. Bunlar hamısı düşmənin xarakterini açan dəlil-sübutdur. Bu mənada "Hoçazfilm"in öhdəsinə böyük məsuliyyət düşür. Min kvadratmetr sahəsi olan pavilyonumuzda ölkəmizin heç bir yerində olmayan dekorlar var. Məsələn, təyyarə interyeri heç yerdə yoxdur. Həbsxana interyeri "Azərbaycanfilm"də var, ancaq bizdəki qədər geniş və keyfiyyətli deyil. Bundan savayı, həm studiya verilişlərini çəkə biləcəyimiz, həmçinin elmi-fantastik filmlər üçün nəzərdə tutulmuş laboratoriyamız var. Buranı asanlıqla həm kosmik gəmiyə, həmçinin kimya laboratoriyasına çevirmək imkanı var.  Hazırda "HoçazFilm"in saytı üzərində çalışıram və ilin sonuna kimi bunu da təqdim edəcəyəm. Hochazfilm.az saytından müştərilərimiz asanlıqla hər bir dekoru girib müəyyən bir qiymət və saat ərzində bron etmək imkanı qazanacaqlar. Əsas özəlliyimiz ondan ibarətdir ki, çəkiliş məqsədi ilə regiona gələn hər hansı çəkiliş komandasına paket şəklində öz imkanlarımızı təklif edəcəyik. Paketə kompakt yerləşmək üçün "Hoçaz Hotel" xidməti, qidalanmaq üçün "Hoçaz Catering" xidməti, interyer çəkilişləri üçün "HoçazFilm" pavilyonu daxildir.

- Kino adamlarıyla söhbətlərimizdə ölkənin müxtəlif bölgələrində kinopavilyonların, studiyaların qurulmasının vacibliyindən danışırıq. Məsələn, Naxçıvanın kino üçün əla naturası var, xüsusən tarixi, mistik filmlər üçün. Necə fikirləşirsən, kinostudiyaları ölkəmizin hansı bölgələrində qurmaq daha əlverişlidir?

- Laçının relyefi çox kinematoqrafikdir. Laçın bir şəhər olaraq sanki göy üzündə yerləşir. Elə bil, əlini qaldırsan səmaya toxunacaqsan kimi gəlir adama. Kinorejissor Həsən Seyidbəyli Laçında çox olub. Hətta səhv etmirəmsə, bir almanax filminin bir hissəsini də Laçında çəkib. Onun haqqında şəxsən atamdan, digər Laçın ziyalılarından da çox eşitmişəm. Eldar Quliyev "Gümüşgöl əfsanəsi"ni Laçında Qara göldə çəkmək istəyirmiş. Qara göl dağların başında üzük qaşı kimi görsənir. Amma film komandasının çətin şəraitdə necə məskunlaşması, ağır texnikanın daşınması kimi çətinliklər ucbatından Eldar müəllim çəkilişləri Naxçıvanda Arpaçay su anbarında etməli olur.

Düşünürəm ki, Aran rayonlarımızın birində, Mingəçevirdə, Lənkəranda və Qubada da kinopavilyon qurmaq olar. Eşitdiyimə görə, Şamaxıda var artıq. Bu da Bakıya yaxın olmaq cəhətdən çox əlverişlidir. Həm relyefinə görə, həm mədəni-iqtisadi rayon xarakterinə görə ölkəmizin hər tərəfində kinopavilyonların olması həmin regiondakı kinoteatr şəbəkəsinin yaranmasını aktivləşdirəcək.

- Yanılmıramsa, "HoçazFilm" eyni zamanda xarici kinoşirkətlərə burada çəkiliş apardıqları zaman xidmət  göstərməyi də nəzərdə tutur.  Azərbaycanda bir neçə ildir ki, xarici kinoşirkətləri ölkəmizə cəlb etmək, burada çəkilişlər aparmaları üçün çalışan "Filming Azərbaycan" fəaliyyət göstərir.  Bu qurumla əlaqəniz varmı? Və ya onlar sizin iş prosesinizə müdaxilə edə bilərmi?

- Biz özəl şirkətik. Bunu cənab Prezident "HoçazFilm"in açılışında məndən soruşmuşdu. Mən özəl şirkət deyəndə cənab Prezidentin buna müsbət reaksiya verdiyinin şahidi olmuşdum. Çünki bizim prioritetimiz dövlətin bizə yaratdığı gözəl şəraitdən düzgün istifadə edərək, öz ayaqlarımız üstündə durmağı bacarmaqdır. Məncə, bu mənada özəl teatrlar, özəl kinostudiyalar mütləq çoxalmalıdır. Dediyiniz şirkət iki dəfə mənimlə əlaqə saxlasa da, sonradan necə oldusa, əlaqələrimiz kəsildi. Onu da deyim ki, "HoçazFilm"in xidmət sahələri içərisində "Filming Karabagh" deyə bir perspektivimiz var. Bələdçi qismində yerli və xarici kinoşirkətlərə xidmət etmək fikrindəyik. Hələ ki bu sistem fəaliyyət göstərmir. Ancaq hazırda onu qurmaq üzərində çalışıram.

- Laçın ölkəmizin ən gözəl bölgələrindəndir. Paylaşdığın foto və videolardan görürəm ki, burada hər yer Vim Vendersin təbiriylə desək, təmiz kino kadrının bol olduğu məkandır. Bu məkanlar hansı janrda, ovqatda filmlər üçün əlverişlidir?

- İzmirdə EgeArt Sənət günləri çərçivəsində "Qarabağ şəhidlərinə vəfa" adlı sərgim baş tutdu. İlk dəfə idi ki, sərgim olurdu. Fəxr edirdim ki, öz şəhərimi başqa bir ölkənin şəhərində təqdim edirəm. Şəhərin bələdiyyə başqanına, Ege Universitetinin rektoruna, rektor yardımçısına, universitetin akademiklərinə, tələbələrinə Laçın haqqında danışmaq möhtəşəm bir zövq verirdi mənə. Laçının həqiqətən hər yeri gözəldir. Hər evin öz xüsusi panoraması var. Məsələn, mən demək olar hər gün evimizin eyvanından buludların rəqsini izləyirəm. Ona görə telefon əlimdən düşmür, telefonumun yaddaşı tez dolur, çəkdiklərimi hard diskə köçürürəm tez-tez. Ancaq Laçın dağlarını şəkillərdə görüb hiss etmək olmur. Gərək canlı görəsən. Boz dağları fotoda görəndə elə də cəlb etmir, reallıqda isə dağın tərkibi tamamən qayadan-daşdan ibarətdir. İnsan fiqurlarına bənzəyən dağın-daşın möhtəşəmliyi, səmanın genişliyi, dağın-qayanın üzərində bitən qoca arduc ağacları, qırmızı kitaba düşən akasiyanın bolluğu, Həkərinin aşıb-daşan gur sulu məcrası, ilan kimi qıvrılan əsas yollar Laçını daha da kinematoqrafik şəkilə salır. Laçından həqiqətən də inanılmaz bir enerji alıram. Bakıya gələn kimi Laçın üçün darıxıram. Laçında inanılmaz dejavülər yaşayıram. İlk dəfə gördüyüm yerləri sanki çoxdan görmüşəm və çoxdan burda yaşayırmışam kimi tanış gəlir. Bir sözlə, bundan sonra inanmıram ki, filmlər üçün məkan axtarışına çıxım. Ən sevdiyin rejissorlardan olan Abbas Kiarostaminin demək olar bütün məkanlarının kopyasını artıqlamasıyla Laçında tapa bilərəm. Çay, göl, dağ, qaya, düzənlik, dərinliyi olan perspektivi görsənən yollar, tək ağaclı ətəklər, çəmənlik, dizə çıxan güllük gülüstanlıq və s. Laçın daha çox tarixi filmlərin, ciddi sənət filmlərinin, təbiətlə bağlı sənədli filmlərin əsl məskənidir.

- Sən Laçında qısa müddətdə kino şöbəsinin sabiq rəbərliyindən daha çox iş görə bildin. Amma ən əsas məsələ istehsalatdır. Bu mənada planda nələr var?

- Artıq üç ilə yaxındır üzərində çalışdığım "Arılar və qəbirlər" filmini çəkməyi planlaşdırıram. Mən həmin ssenarini yazanda Laçını görməmişdim. Paralel olaraq Xosrov bəy Sultanov haqqında "Qarabağ qubernatoru" adlı bədi-sənədli filmi bu ilin sonuna kimi təqdim edəcəyəm. Ancaq bu studiyada təkcə mən film çəkməməliyəm. Çalışacağam ki, "HoçazFilm" hamının, xüsusilə gənc rejissorların, ssenaristlərin üzünə açıq olsun.

- Müharibədən sonra dövlətimizin prioritetlərindən biri ermənilərlə birgəyaşayışdır. Bir qarabağlı,  onların başladığı müharibədən zərərçəkən kimi qarşı tərəflə müştərək film çəkməyə özünü hazır bilirsənmi? Və səncə, bu, necə bir hekayə ola bilər?

- Müharibədən sonra Smolensk və Minskdə keçirilən "Avrasia.DOC" sənədli film festivalında iştirak edirdim. Festivalda iştirak edən erməni rejissor Edo Sarqsyanın qardaşının İkinci Qarabağ müharibəsində öldüyünü öyrəndim.  Həmin günün axşamı yemək zamanı onunla qısa söhbət etdim. Ona Qarabağdan olduğumu və Birinci Qarabağ müharibəsində eyni gündə atamın əmisi oğlanlarının şəhid olmasını söylədim. Həmin rejissor kosmopolit düşüncəli olduğu üçün gördüm ki, sözlərimiz üst-üstə düşür. O, Qarabağın ermənilərin olmadığını deməkdən çəkinmədi və qardaşının siyasətin qurbanı olduğunu etiraf etdi. Mənə dedi ki, gələcəkdə mütləq bir gün sülh olacaq və o zaman istəsən, mənə yazarsan və müştərək bir film çəkərik. Sonra əlaqə yaratmaq üçün mail ünvanımı soruşdu. Telefonuna yazdım. Boş mesajı mail ünvanıma göndərdi. Həmin mail mesajımda cavabsız vəziyyətdə hələ də durur. Bir rejissor kimi həmişə sülhün, tolerantlığın, humanistliyin və kosmopolit dəyərləri özündə birləşdirən sənət filmlərinin tərəfdarı olmuşam.

 

 





27.11.2023    çap et  çap et