525.Az

"Bakıya Nazim Hikmət" gəlib dedilər - Türkan Turan yazır


 

"Bakıya Nazim Hikmət" gəlib dedilər - <b style="color:red"> Türkan Turan yazır</b>

Nə az-nə çox, düz 65 il sonra "Nazim Hikmət" Bakıda. İşə bir bax, Nazim Hikmət və Bakı yarım əsrdən sonra qovuşdu... Bu cümlələr beynimdə əks-səda yaratdı, dalğalandıqca dalğalandı. Hər sədadan çıxan avaz çoxaldı və fərqli düşüncələrə çevrilərək özümə qayıtdı.

1957-ci ildə Moskvadan Bakıya gələrkən yazdığı şeiri xatırladım, eşidəcəyim qədər pıçıldadım özümə yadımda qalan misraları, ürəyimin döyüntüsünü qulağımda duydum:

 

"Bakü Aslı, ben Kerem.

Bakü gençliğim demek:

Dost eline emanet ettiğim yürek..."

 

Şeirlərinə kəlmə-kəlmə sarıldığım, cümlələrinə söz-söz vurulduğum, yazdıqları ilə heca-heca yoğrulduğumdur, Nazim Hikmət!

Şəhərimə gəlib, özü də 65 il sonra. Yağan leysana qarışaraq Nizami Kino Mərkəzinin yolunu tutdum. İti addımlarla ikinci mərtəbəyə, əsas zalın qarşısına gəldim və onu görmək istədiyimi söylədim. Təşkilatçılardan biri olan Tuğçe xanım məşqdə olduğunu söylədi, "eybi yox" dedim "...bir mesaj yazaram", yazdım da! Həmin vaxt özünə deyiblər ki, "bir dostunuz gəlib, sizi soruşur". Təəccüblənib, yaddaşını ha alt-üst edib, burada dostunun kim ola biləcəyi ağlına gəlməyib. Mesajımı oxuduqdan bir neçə dəqiqə sonra məni gözlədiyini söylədilər. Kulisə böyük bir həyəcanla daxil oldum.

Budur, qarşımda dayanmışdı, "Mavi gözlü dev". Qollarımı açdım və bağrıma basdım, uzun bir həsrətdən sonra Nazimlə üz-üzə gəlmiş kimi qucaqladım onu, adına, şeirlərinə, sözlərinə, vicdanına, insanlığına sarılırmış kimi sarıldım boynuna.

"Yüz yıldır bekler beni

bir şehirde bir kadın", misrası keçdi beynimdən.

Göz-gözə gəldik, gözlərimin dolduğunu gördü, "Nazim ürəyimin ən zərif sızıltısıdır, şeirində də dediyi kimi sanki "yüz ildir alacaqaranlıqda qaçıram arxasınca" dedim.

Xeyli söhbət etdik. Bir ara xəstələndiyini, antibiotiklərlə ayaq üstə qaldığını dedi və əlavə etdi: "Tamaşadan sonra heç yerə getmə, düşüncələrin mənim üçün maraqlıdır". Mənim üçün də maraqlı idi, görəsən, necə olacaq?

 

Bəlkə, başdan başlayaq?

 

Noyabrın 18-də Türkiyənin böyük sənətçisi Yurdaer Okur Nazim Hikmətin şeirlərindən və məktublarından ibarət "Ran" adlı təkpərdəli tamaşası ilə Nizami Kino Mərkəzində idi. 20:00-da nəzərdə tutulan oyun işıqların söndürülməsi və zalın zülmətə qərq olmağı ilə başladı. Qaranlığın içindən göy gurultusu kimi bir səs ucaldı, sözlər şimşək kimi çaxmağa başladı.

"Adedi devir

sıfır.

Şehir

sustu.

Kenetlendi nokta nokta şehrinin

asfalt-beton çenesi:

bin dokuz yüz nokta nokta senesi

nokta nokta

ayında...

Cadde boş.

Bir uçtan bir uca koş.

Cadde boş

bomboş

cebim gibi..."

- deyərək başlayır, böyük şairin 1931-ci ildə yazdığı "Sesini kaybeden şehir" şeirinə.

Tamaşaçılar susur, zaman və məkan anlayışı unudulur, telefonlar yaddan çıxır, nə əllər tərpənir, nə ayaqlar, hər kəsin ürəyi ağzında atırmış kimi bir həyəcan başlayır. Səssiz bir fırtına qopur. Ürək döyüntüləri bir-birinə qarışır. Düz, 70 dəqiqə bütün zala hökm edir böyük aktyor, böyük şairin şeirləri və içindəki sonsuzluq kimi uzanıb gedən istedadı ilə... Bu anı yazarkən həmin axşamı xatırlayır və düşünürəm, əslində müddəti 70 dəqiqə, təsiri isə 70 il unudulmayacaq anlar idi.

Ardınca işığın zorla sızdığı səhnədən növbəti şeir səsi ucalır göylərə,

 

"Diz boyu karlı bir gece,

sofradan kaldırılıp,

polis otomobiline bindirilip,

bir tirenle gönderilerek

bir odaya kapatılmakla başladı maceram"

- deməklə tamaşaçıların növbəti macərası başlayır sanki. Getdikcə susqunluq, tərk edilmiş şəhərin səssizliyinə çevrilir. Artıq nəfəs alışlar duyulacaq həddə çatır. Nazim Hikmətin böyüklüyünün, Yurdaer Okur dərinliyi ilə birləşib nəhəng bir dünya yaratdıqlarını heyranlıqla izləyir hər kəs.

Təkbaşına bütün zalı əldə saxlamaq, hələ telefonların altıncı barmağımıza çevrilmiş bir əzamız kimi əlimizdən qoymadığımız bir dövrdə, insanlara 70 dəqiqəni 7 saniyə kimi hiss etdirmək hər kəsin bacaracağı iş deyil. Nə qədər peşəkar olursan ol, XXI əsrin surəti öz sözünü deyir. Yurdaer Okur bunu qüsursuz şəkildə bacarır və bacardı. Sadəcə böyük aktyor olmağına görə deyil, içində nəhəng bir Nazim Hikmət sevgisi daşıdığına görədir. Təbii ki, təkcə sevgi ilə də bu cür performans mümkün deyil, düşünür, dərin düşünür və düşündükcə daha da çox anlayır.

Nazimi anlamaq eşqi, sevdanı, vicdanı, mərhəməti, insanı, insanlığı anlamaq deməkdir. Məmləkət sevgisinin sonsuzluğunu, həsrətin dərinliyini anlamaq deməkdir. Nazim sürgünün, savaşın, çarəsizliyin səsidir. Hər dönəmdə yaşamış və yaşayacaq olan uşaqların, qadınların, insanlığın dilidir. Çürük rejimlərə, leş sistemlərə, ədalətsizliklərə, haqsızlıqlara qarşı durmaq deməkdir. Bilir, Yurdaer Okur bunu, çox yaxşı bilir!

 

Necə başladı, nə cür davam edir?!

 

Nazim Hikmətin şeir və məktublarından ibarət "Ran" adlı bu tamaşa ilk dəfə 2017-ci ildə Millfileld Teatrında dünya premyerası ilə baş tutub. Həmin tarixdən bəri həm Türkiyədə, həm Avropada, həm də dünyanın müxtəlif ölkələrində nümayiş etdirilir.

Kulisdə etdiyimiz söhbətlərdə öyrəndim ki, ilk təhsil aldığı ixtisas turizm olub. Belə böyük bir istedadı turizmçi kimi təsəvvür etmək belə insana dəhşətli gəlir. Hətta deyərdim ki, bu, sənət və ədəbiyyat üçün böyük bir əskiklik olardı. Şeirə olan sevgisi onu teatra, oradan da filmlərə gətirir: "Nazim böyük ustaddır, gəlmiş-keçmiş ən böyük üç şairdən biridir. Altı-yeddi il əvvəl şeirlərini yenidən oxudum, oxuduqca təsirləndim. Nazimi yenidən canlandırmaq, öz ağzından Nazim olmaq, Nazimın ruhunu daşımaq, Nazimin ruhu ilə kütlələrə bir şey söyləmək və böyük şairi xatırlamaq məqsədi ilə belə bir oyuna qərar verdim".

 

Dünyanı verək uşaqlara...

 

Nazim demək həm də humanizm deməkdir, dünyanın bu halını görsə, yəqin ki, ürəyi ikinci dəfə yenilərdi infarkta, deyirəm Okura. Aktyor, İsrail-Fələstin, Ukrayna-Rusiya savaşlarından danışır və şairin böyüklüyünə kim bilir neçə mininci dəfə heyran qalırıq: "Nazim Hikmət oxumaq insanı gerçəklərlə üz-üzə gətirir. Təəssüf ki, şairin 1940-50-lərdə yazdığı şeirləri oxuduğumuzda o illərlə bu illər arasına elə də fərq olmadığını görürük. Hətta problemlər daha da artıb. Bu gün baş verən savaşlarda minlərlə uşaq ölürsə, deməli, dünya dəyişməyib".

"Haqlısınız" dedim, "dünya öz quyruğunu qovalayıb tutmağa çalışan pişiyə bənzəyir, eləcə fırlanıb durur, nəticədə isə uşaqlar ölür, insanlar savaşlarda can verir".

Aktyorun gözləri uzaqlara dalır, pəncərəyə zillənən baxışlarında dünyada gedən oyunlar qarşısındakı çarəsizliyi hiss edilir və bir qədər sonra səssizliyi pozur: "Gəncliyə, gələcəyə, qarşı məsuliyyətlərimiz var. Ümidli günlərimiz, gələcəyimiz, uşaqlarımıza necə baxmağımıza bağlıdır. Onlara yaşanacaq bir dünya vermək əllərimizdədir. Dünyanı yaxşılıq və ərdəm xilas edəcək. Həmişə belə oldu, bundan sonra da belə olacağına ümid etməliyik".

 

Tək nəfərlik ordu!

 

Yenidən tamaşaya qayıtdıq. "Ran" Yurdaer Okurun ilk və tək aktyorluq oyunudur. Ancaq elə bil səhnədə bir ordu adam var. İnsana teatr zövqünü, Nazim dərinliyini, aktyorluq hünərini iliyinə qədər hiss etdirir. Özünün də dediyi kimi, həqiqətən də söylənən deyil, xitab önəmlidir: "Səhnədə nəyin söyləndiyi vacib deyil, bunu necə söyləndiyi, seyrçinin ürəyinə necə xitab edilməyi əhəmiyyətlidir. Tək adamlıq oyunlarda digər oyunlara nəzərən bədənsəl və beyinsəl olaraq daha artıq enerji xərcləməyiniz lazımdır. Səhnədə tək ola bilərsən, amma seyrçi olmasa, tək başına heç bir şey edə bilməzsən. Oyun zamanı tamaşaçı ilə aktyor arasında möhkəm bir bağ qurulur. İlk düyün elə ilk saniyədə atılır.  Ən başda bunu bunu bacarmaq vacibdir".

 

Günəşi zəbt edənlər

 

Şeirlər arxa-arxaya sıralandı, aktyor söylədi, oynadı, yaşadı, yaşatdı. Tamaşanın 60-cı dəqiqələrində səssizliyi göz bəbəkləri kimi qoruyan tamaşaçılar artıq dayana bilmədilər və alqış sədaları qopdu zalda. Sonra sonuncu şeir səsləndi, hər kəs yenidən sükutun ağuşuna atdı özünü.

 

"Akın var

güneşe akın!

Güneşi zaptedeceğiz

güneşin zaptı yakın!"

 

Bu, artıq kulminasiya idi. Bayaqdan bəri nəfəs almağa belə ehtiyat edən insanlar ayağa qalxdı və alqışlar əllərdən atəşfəşanlıq kimi yayılmağa başladı. Həmin an o qədər uzun davam etdi ki, aktyor arxasın çevirib gedə bilmirdi.

Sonra zal boşaldı. İnsanlar foto çəkdirmək üçün sıraya düzüldülər. Bir küncdə dayanıb baxdım, hər kəsə və hər şeyə. İnsanlar üzlərində məmnuniyyət hissi ilə ayrıldılar. Tətmin olmuş bir duyğu vardı hər birinin gözlərində. Ətrafı o qədər müşahidə elədim ki, birdən özümü unutduğumu fərq etdim. Bütün duyğularım bir-birinə qarışmışdı. Bir yanımda Nazim Hikmət, bir yanımda Yurdaer Okur rüzgarı əsirdi. Hətta küncdən seyr edərkən böyük sənətçini, ağlıma Attilla İlhanın misraları gəldi:

"Durup köşe başında deliksiz dinlesem,

Sana kullanılmamış bir gök getirsem" deyir "Ben sana mecburum" şeirində. Həmin gün bir daha əmin oldum ki, dünyanın ən gözəl məcburiyyətidir şeir, sənət, söz!

 

Dünyanın ən gözəl şeiri...

 

Kulisə qayıtdıqdan sonra düşüncələrimi paylaşdım və öyrəndim ki, tamaşaya Nazim Hikmətin yeni şeirləri əlavə ediləcək. Okur, yorğunluğuna rəğmən, həmin şeirlərdən biri olan "Severmişim meğer"i eynilə səhnədəki kimi həyəcanla söylədi.

"Yıl 62 Mart 28

Prag-Berlin treninde pencerenin yanındayım

akşam oluyor.

Dumanlı ıslak ovaya akşamın yorgun bir kuş gibi inişini severmişim meğer.

Akşamın inişini yorgun kuşun inişine benzetmeyi sevmedim,

toprağı severmişim meğer..."

 

Yeri gəlmişkən, "Severmişim meğer" şeiri Londonda yerləşən "Southbank Center" adlı sənət mərkəzi tərəfindən son 50 ildə dünyanın ən yaxşı 50 şeirindən biri seçilib. Nazim bu şeiri yazarkən 60 yaşında idi və bu, onun son şeiri hesab edilir, çünki bir il sonra ürəyi dayanır. Qəlbi illərin yorğunluğuna yenilir. Nazim Hikmətin hər şeiri bir dünyadır, amma bu, sənət əsəridir. Nələrə və kimlərə zaman xərclədiyimizi, kimlərdən və nələrdən ötrü özümüzü incitdiyimizi və bir başqa şeirində dediyi kimi, "bütün işimizin, gücümüzün yaşamaq olduğunu" unutduğumuzu, ancaq unutmamalı olduğumuzu izah edir.

Gecə uzun oldu, İçərişəhəri gəzdik, tarixə boylandıq, şairləri andıq, dünyadan danışdıq, güldük, duyğulandıq, arada mahnı oxuduq, dərindən nəfəs almaq üçün Nazim Hikmət "dayanacaqlarında" durduq. Sonra davam etdik. O gün Çingiz Aytmatovun sözü ilə bitirməyə qərar verdik, həqiqətən də: "Gün var əsra bərabər".

 

 

 





27.11.2023    çap et  çap et