525.Az

Türkiyəli aktyor: "Bakı kinonu çağırır"


 

Türkiyəli aktyor: "Bakı kinonu çağırır"<b style="color:red"></b>

Müsahibimiz Türkiyənin tanınmış aktyoru, Azərbaycan tamaşaçısının daha çox "Yedi numara" serialından tanıdığı Volkan Girgindir.

 

- Volkan bəy, Azərbaycana ilk gəlişinizdir. Bakı ilə bağlı ilkin təəssüratınız necədir?

- Bakıya çatan kimi hava limanında çamadanımı qırdılar (gülümsəyir).

- Hirslənmədiniz?

- Yox, çünki qəza idi, qəsdən olmadı. Bu, Nyu-Yorkda da başına gələ bilər, Sidneydə də. İlkin təəssürata gəldikdə isə, Bakı baxımlı bir şəhərdir. Xüsusilə də Bakının memarlığını sevdim.

- Bəs filmlərimizi sevirsinizmi? Ümumiyyətlə, hansı Azərbaycan filmlərinə baxmısınız?

- Azərbaycan filmlərinə baxmamışam, ancaq türk film və seriallarının azərbaycanca dublyajına baxmışam. Diliniz çox maraqlı və fərqli gəlirdi mənə. Düzü, aktyor və filmləriniz barədə çox da məlumatlı deyiləm, ancaq musiqinizi daim dinləyirəm. Rəşid Behbudovun heyranıyam. Konservatoriyada oxuduğum zamanlarda tar çalmağı öyrənmək istəyirdim. Milli rəqslərinizi də sevirəm. Amma mətbəxinizdən çox da xəbərdar deyiləm.

- Volkan bəy, uzun müddətdir ki, kino sahəsindəsiniz, ancaq çoxları sizi "Receb" obrazı ilə tanıyır. Sonradan seriallara özünüz çəkilmədiniz, yoxsa sizdən asılı olmayan səbəblər vardı?

- On doqquz yaşım olanda Taksimdə bir nəfərin mənə diqqətlə baxdığını gördüm. Əvvəlcə özümə də qəribə gəldi, bu niyə mənə belə baxır deyib həmin adamın üstünə getdim. Adam dedi ki, sənin teatrda tamaşana baxmışam və çox bəyənmişəm. İlk dəfə onda tanındığımı hiss etdim. Seriallardan sonra isə insanlar məndən imza istəməyə başladılar. Daha çox insan tərəfindən tanınmağım isə 1998-ci illərə təsadüf edir. Əslində, seriallarda rol almağı heç vaxt sevməmişəm. "Yedi numara"dan öncə uzun müddət seriallarda çəkilmişəm. Müəyyən bir nöqtə var ki, artıq doyursan. Fasiləsiz olaraq on il seriallarda oynadım. O zaman türk kinosu bu qədər inkişaf etməmişdi. İldə təxminən on film çəkilirdi. Bu şərtlərdə təkcə filmdə oynamaqla dolana bilməzsən, ona görə də serialda oynamağa məcbursan. Sonra serialda oynamaq yerinə, ssenari yazıb pul qazanmağı seçdim. Həmçinin teatr fəaliyyətimi davam etdirdim. Əgər "Yedi numara"dan sonra davamlı olaraq başqa film, seriallarda rol alsaydım və buna rəğmən məni ancaq bu serialla xatırlasaydılar, problem olardı. Amma mən o serialdan sonra teatrda davam edib ssenari yazarlığına yönəldim. Təxminən, iyirmi beş ildir ssenari yazıram. Altı filmim çəkildi. Rejissor kimi iki qısa film çəkdim. Bu səbəbdən dolayı "Yedi numara" ilə tanınmaqdan narahat olmuram, çünki seriallarda aktyor kimi ondan böyük işim olmayıb.

- Siz "Yedi numara" serialının yaradıcı heyətində yer alırdınız. Bu hekayə necə başladı?

- Orada gördüyünüz kollektivlə əvvəlcə bir teatr qurmuşduq. Həmin vaxtlarda TRT kanalı ssenari yazarımız olan Oya Yücedən layihə istəmişdi. Bir gün evdə oturmuşdum, təxminən saat on idi. Oya zəng edib dedi ki, bizə gəl, ssenari yazacağıq. Mən də durub onlara getdim. Bir şüşə rakını stola qoyub içməyə başladıq. Həmin gecə təxminən saat ikidə "Yedi numara"nın bütün hekayəsini yazmışdıq.

- Niyə məhz "Yedi numara"?

- Əvvəlcə Oya ilə fikri tapdıq. Mövzumuz bir evdə yaşayan üç oğlan və dörd qız idi. Qərb və Şərqin ziddiyyəti olacaqdı. Fikir Oyanın çox xoşuna gəlmişdi. Bu mövzuda çox yanaşmalar olacaqdı və xeyli hekayə yaranacaqdı. Mövzuda qərar verəndən sonra gəldik serialın adına. Biz teatrı quran yeddi nəfərlə serialda rol alacaqdıq. Ordakı rollar həmin yeddi nəfərə yazılmışdı. Oya evin o baş-bu başına gedib ad fikirləşdi. Birdən qışqırdı ki, tapdım. Biz yeddi nəfərik, serialın da adı "Yedi numara" olsun. Əslində, hər şey bu qədər sadə oldu. Amma bu qədər sadə bir şey iyirmi üç il sonra haqqında danışdırır.

- Sənət belədir.

- Hə, sonra digər xarakterlər yazıldı, komanda üzvləri ilə paylaşıldı və çəkilişlər başladı.

- Rəcəb obrazının hansı xüsusiyyətini bəyənirdiniz?

- Mühafizəkarlığını. Öz dəyərlərinə sahib çıxmaq mənə görə yaxşı bir şeydir. Rəcəb ailəsindən gələn dəyərlərə sahib çıxırdı. Onun bu cəhətini sevirdim. Mən də öz ailəmə düşkün biriyəm.

- Siz elə Rəcəbin sevib-seçdiyi qızla evlənmisiniz. Sevgi hekayəniz serialda başladı, yoxsa ondan qabaq da münasibətiniz vardı?

- Yox, serial başlayanda biz artıq bir il idi ki, sevgili idik. Əvvəlcədən teatrda tanış olmuşduq. Hazırda Sədəf bir serialda oynayır.

- "Yedi numara" kollektivi ilə tez-tez görüşürsünüz?

- Yox, ümumiyyətlə, heç bir işdə elə olmur. Çalışarkən bir yerdə çox olursunuz, bir müddət görüşməyə davam edirsiniz, ancaq sonra başqa həyatlar gəlir, başqa seriallar başlayır, hərə bir tərəfə gedir. Teatrımız da fəaliyyətini dayandırdıqdan sonra hər kəs öz yoluna yön aldı.

- Bilmirəm, oynadığınız komik obrazlara görədir, yoxsa digər səbəbdən sizi çox əyləncəli biri kimi təsəvvür edirdim. Amma çox ciddi davranırsınız.

- Əslində, çox sərt biri deyiləm, əyləncəli insanam. Sadəcə indi beynimdə xeyli fikirlər, həll etməli olduğum məsələlər var. Yəqin ona görə elə görünürəm.

- Bayaq qeyd etdiniz ki, filmlərdə rol almağı yox, teatrda oynamağı seçdiniz. Bu seçimin kökündə nə dayanır?

- Oyun oynamaq.

- Filmdə bunu etmək olmur ki?

- Filmdə də edə bilirsən, amma filmlə teatr bir deyil. Seriallarda isə daha mexaniki gəlir hər şey. Filmdə, serialda oynamaq pis bir şey deyil, sadəcə müqayisədə teatr mənə daha doğmadır. Hazırda rejissoru olduğum bir film, oynadığım bir tamaşa və ssenarisini yazdığım bir serial var. İndi təkcə mahnı bəstələmirəm (gülümsəyir).

- Çəkdiyiniz filmlər qısametrajlıdır. Ümumiyyətlə, qısa filmləri necə xarakterizə edərdiniz?

- Qısa film çəkmək şeir yazmaq qədər çətindir. Bu cür film yaratmaq ustalıq istəyir. "Öncə qısa film vardı" - bu sloqanı çox sevirəm. Həqiqətən də kino tarixi qısa filmlərlə başlayıb. Qısa zamanda bir duyğunu göstərmək asan məsələ deyil. İki qısa film çəkmişəm və bu tərzi sevirəm.

- Ən çox sevdiyiniz rejissor kimdir?

- Bu sualı heç sevmirəm. Tamaşaçı olaraq sevdiyim rejissorlar var, amma rejissor olaraq örnək aldığım yoxdur. Təbii ki, Nuri Bilge Ceylanın, Özcan Alperin filmlərini çıxan kimi izləyirəm. Daha keçmişə getsək, Tarkovskini, Viskontini çox sevirəm. Amma kral Çaplindir.

- Azərbaycanla bağlı nəsə çəkməyi düşünürsünüz?

- Ola bilər. Vaxt məsələsidir. Məsələn, bu gün şəhəri gəzərkən xeyli kinemotoqrafik an gördüm. Bakı filmi çağırır.

- Nə qəşəng dediniz. Müsahibənin başlığını tapdım.

- Onda hesabı siz ödəyərsiniz (gülümsəyir).

- Rəcəbin məşhur deyimindəki kimi, "müsrüflüğün lüzumu yox".

Aytac SAHƏD

 





27.11.2023    çap et  çap et