525.Az

UNEC-in inkişaf yolu: strateji məqsədlər, vacib hədəflər


 

UNEC-in inkişaf yolu: strateji məqsədlər, vacib hədəflər<b style="color:red"></b>

Ölkənin aparıcı ali təhsil ocaqlarından olan Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) regionda iqtisad elmini dərindən öyrədən fundamental tədris mərkəzi sayılır. Cənubi Qafqaz ölkələrinin ən iri ali təhsil ocaqlarından biri olan UNEC-in ölkənin yeganə ali iqtisadi təhsil müəssisəsi olaraq yüksək ixtisaslı iqtisadçı kadrların hazırlanmasında müstəsna xidmətləri var. UNEC maddi-texniki bazası, təlim-metodik vəsaitlər və bir sıra digər istiqamətlər üzrə bir çox regional universitetlərə örnək ola biləcək ali təhsil mərkəzidir. Yarandığı gündən ölkə iqtisadiyyatının tələblərinə uyğun olaraq ən mühüm ixtisaslar üzrə iqtisadçı kadrların hazırlanması, onların ixtisaslarının artırılması missiyasını öz üzərinə götürən, həm də bu işi şərəflə yerinə yetirən UNEC böyük inkişaf yolu keçib. Son illərdə universitetdə çox zəruri islahat aparılıb və müsbət nəticələr əldə olunub. Əmək bazarının tələbləri nəzərə alınmaqla qəbul planında dəyişikliklər edilib, ixtisaslar üzrə təhsilin keyfiyyəti artırılıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov deyir ki, ilk növbədə, təhsilin və iqtisadiyyatın inkişaf strategiyalarının tələblərinə uyğun olaraq, 2030-cu ilə qədərki dövr üçün "UNEC 100" İnkişaf Strategiyasını hazırlanıb. Bu strategiya Prezident İlham Əliyev tərəfindən təsdiq edilən "Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası", "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi" və UNEC-in mövcud vəziyyətinin elmi əsaslarla hərtərəfli təhlili nəticəsində ərsəyə gəldi. Strategiyamızın əsas istiqamətləri isə Ulu öndər Heydər Əliyevin Azərbaycan Dövlət İqtisad Universitetinin 70 illik yubileyindəki çıxışı zamanı bu ali təhsi müəssisəsinin qarşısına qoyduğu vəzifələrə görə müəyyənləşdirildi: "Bu istiqamətdə 7 strateji məqsəd və 31 hədəfimiz var. Həmin hədəflərə doğru inamla irəliləyirik. Deyə bilərəm ki, bir neçə strateji hədəfimizə artıq çatmışıq. UNEC ölkədə 4 dildə (Azərbaycan, türk, rus, ingilis) təhsil verən yeganə ali təhsil  müəssisəsidir. Ali təhsilin bütün pillələri - bakalavriatura, magistratura, doktorantura üzrə tədris həyata keçiririk. Biz həm bakalavr, həm də magistraturada ixtisasların sayını artırdıq. Yeni ixtisaslar əmək bazarının ən son tələblərinə uyğun olaraq müəyyən edilibdir. Hazırda UNEC-ə bakalavriatura səviyyəsində 5 qrup üzrə 24 ixtisasa, magistraturada 56 ixtisaslaşmaya, MBA proqramında isə 29 ixtisaslaşmaya tələbə qəbulu aparılır. Bu il UNEC-də bakalavriaturada qəbul planı 98,2 faiz, magistraturada isə 98,7 faiz dolub. Bütövlükdə, ölkədə magistraturaya qəbul olanların (13286 nəfər) 18 faizi məhz UNEC-in payına düşür. Bu rəqəm MBA proqramı üzrə 37,1 faizdir. Bir məqamı diqqətə çatdırım ki, UNEC-də təkcə iqtisadçı kadrlar hazırlanmır. Burada texniki və texnoloji ixtisasların tədris olunduğu və ixtisaslaşmış 13 laboratoriyanın fəaliyyət göstərdiyi yeni, möhtəşəm kampusumuz var. Kampusda abituriyentlərin daha çox maraq göstərdiyi İnformasiya Texnologiyaları (İT) ixtisasları üzrə Rəqəmsal İqtisadiyyat fakültəsi, eləcə də Mühəndislik fakültəsi və Dizayn Məktəbində həmin sahələr üzrə peşəkar mütəxəssislər hazırlanır. İT ixtisasları Azərbaycan dili ilə yanaşı, ingilis dilində də tədris olunur və ingilisdilli ixtisasların sayını artırmışıq. Bakalavr səviyyəsi üzrə biri bu il açılmaqla, 3 ixtisas - "İnformasiya texnologiyaları", "İnformasiya təhlükəsizliyi", "Kompüter mühəndisliyi" üzrə ingilis dilində tələbə qəbulu aparılır. Bu il UNEC-ə bakalavr səviyyəsi üzrə ən yüksək nəticə (675 bal) ilə qəbul da məhz "İnformasiya təhlükəsizliyi" (ingilis dilində) ixtisası üzrə oldu. Doktorantura üzrə isə 8-i iqtisadyönümlü, 3-ü texniki və 3-ü fizika olmaqla, 14 ixtisas üzrə qəbul planımız var. UNEC-in 30 nəfər doktorantı Dövlət Proqramı ilə hazırda Böyük Britaniya, Portuqaliya, Türkiyə və digər Avropa ölkələrində təhsil alırlar. Dövlət proqramı çərçivəsində xaricdə təhsilini bitirmiş 2 doktorantımız isə bu tədris ilindən UNEC-də müəllimlik fəaliyyətinə başlayıb".

Rektorun sözlərinə görə, universitetlərin beynəlxalq reytinq sistemlərinin qiymətləndirmə meyarları arasında elmi tədqiqat fəaliyyətinin xüsusi çəkisi var: "Bunu nəzərə alaraq, UNEC-in elmi tədqiqat mərkəzinə çevrilməsini strateji hədəflərimizdən biri olaraq müəyyən etdik. Biz regionda ilk dəfə olaraq, müəllimlərin reytinqini formalaşdıran Differensial Əmək Haqqı Sistemini hazırladıq. UNEC-in intellektual məhsulu olan reytinq sisteminin tətbiqindən sonra keyfiyyətli elmi məqalələrin və tədqiqatların sayı artmağa başladı, müəllimlər arasında sağlam rəqabət mühiti formalaşdı. Müəllimlərlə yanaşı, tələbələrin elmi tədqiqata marağını artırmaq və tədqiqatlarını stimullaşdırmaq məqsədilə nüfuzlu elmi jurnallarda məqalə çapına görə 4500 manatadək pul mükafatı təsis etmişik. İndiyədək onlarla müəllim və bir neçə tələbəmiz bu imkandan yararlanıb. Təsadüfi deyil ki, bu mexanizmlərin tətbiqi nəticəsində UNEC-in nüfuzlu "Web of Science" və "Scopus" elmi bazalarındakı əsərlərinin sayı 2015-ci ildən sonra əhəmiyyətli dərəcədə artmış və ölkə üzrə lider universitetlər sırasına yüksəlmişdir. Bütövlükdə, 1975-2023-cü illərdə "Web of Science" elmmetrik bazasında UNEC-in indekslənən elmi əsərlərinin 85 faizi, məqalələrə istinadların 93 faizi, eləcə də 1997-2023-cü illərdə Scopus bazasında UNEC-ə məxsus elmi əsərlərin 95 faizi, onlara edilən ümumi istinadların 96 faizi məhz son 6 ilin (2017-2023) payına düşür. Bundan əlavə, Elmi Şuranın qərarı ilə "UNEC professoru" və "UNEC dosenti" vəzifələrini təsis etdik, eləcə də "UNEC-in professor-müəllim heyəti üzvlərinə "tədqiqatçı" statusunun verilməsi haqqında" Qaydaları təsdiqlədik. Müasir dövrün tələb və ehtiyaclarını nəzərə alaraq, UNEC-də müxtəlif istiqamətləri əhatə edən 40 elmi-tədqiqat mərkəzi, eləcə də UNEC Tədqiqat Fondu yaradılıb. Tədqiqat mərkəzlərinin fəaliyyəti universitet-dövlət-sənaye əlaqələrinin genişləndirilməsi, elm və təhsilin inteqrasiyası, eləcə də beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi baxımından çox önəmlidir".

Ədalət Muradov bildirib ki, UNEC-in beynəlmiləlləşməsi əsas strateji hədəflərdəndir: "Hazırda ABŞ-ın Linkoln, Fransanın Monpelye və ICD, İsveçin UBİS, Litvanın Mikolas Romeris, Türkiyənin Ege Universiteti, Rusiya Ali İqtisad Məktəbi, Moskva Dövlət Humanitar İqtisad Universiteti ilə bakalavr və magistratura səviyyəsi üzrə 9 ikili diplom proqramı həyata keçiririk və bu proqramların sayı ilbəil artmaqdadır. İndiyədək beynəlxalq ikili diplom proqramından 101 tələbəmiz məzun olub. Hazırda 15 tələbəmiz Monpelye, 1 tələbəmiz isə ABŞ-ın Linkoln Universitetində ikili diplom proqramı üzrə təhsilini davam etdirir. Proqramı uğurla bitirənlər məzun olduqda UNEC diplomu ilə yanaşı, həmin xarici universitetlərin də diplomunu qazanacaqlar. 2016-cı ildən Qərbi Makedoniya Universiteti ilə birgə magistr proqramı da reallaşdırırıq. Bu ildən Türkiyənin Ege Uiversiteti ilə "Qida mühəndisliyi" ixtisası üzrə ikili diplom proqramına başlamışıq. Proqrama 19 tələbə qəbul olub. Onlar 1-ci və 4-cü kursda UNEC-də, 2 və 3-cü kurslarda isə Türkiyədə təhsil alacaqlar. UNEC dünyanın 70-dən çox aparıcı universiteti ilə tərəfdaşlıq edir və hər il onlarla bakalavr və magistr tələbəmiz dünyanın müxtəlif ölkələrində mübadilədə olurlar. Hazırda 30-a yaxın tələbəmiz Macarıstan, İsveçrə və digər ölkələrdə Erasmus mübadilə proqramı və ikitərəfli əməkdaşlıq çərçivəsində bir semestrlik təhsillərini davam etdirirlər. Bu ilin sentyabr ayında isə İsveçrənin HES-SO Universiteti ilə əməkdaşlıq çərçivəsində 12 isveçrəli tələbə UNEC-də 2 həftəlik təcrübə proqramında uğurla iştirak edib. UNEC iki ildir ki, Türk dünyası ölkələrinin ali təhsil müəssisələri arasında qarşılıqlı inteqrasiya və əməkdaşlığın inkişafını nəzərdə tutan Orhun mübadilə proqramını reallaşdırır. Tələbələrlə yanaşı, UNEC-in müəllim və əməkdaşları da beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə xarici universitetlərdə mübadilədə iştirak edirlər. Ötən tədris ilində 9-u müəllim, 14 nəfəri isə inzibati heyət olmaqla, 23 əməkdaşımız Avropa və Türkiyə universitetlərində təcrübədə olublar. Eləcə də ABŞ, Avropa və Türkiyə universitetlərində çalışan 27 əcnəbi müəllim mübadilə proqramı ilə ötən il UNEC-də həm tədrisə cəlb olunub, həm də tədqiqat aparıb. UNEC-də əcnəbi tələbələrin sayının artırılması beynəlmiləlləşmə istiqamətində əsas hədəflərimizdəndir. Bu istiqamətdə qəbul etdiyimiz fəaliyyət planı öz nəticəsini verməkdədir. Bu il UNEC-ə qəbul olan xarici tələbələrin sayı keçən illə müqayisədə 51 faiz, son 8 ilin orta göstəricisindən isə 53 faiz çoxdur. Xarici tələbələr Türk dövlətləri də daxil olmaqla, 13 xarici ölkəni təmsil edirlər".

Rektorun dediyinə görə, Cenevrə hesabatında UNEC innovasiyanı ən yaxş tətbiq edən universitetlərdən biri kimi qeydə alınıb və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı UNEC-in fəaliyyətində QS reytinqinin göstəricilərinə istinad edib. Sentyabr ayında açıqlanan "QS Avropa Universitetləri Reytinqləri 2024"də UNEC Azərbaycanda 1-ci, Avropada 349-cu, Qərbi Asiyada 14-cü yerə yüksəldi. Reytinq ümumilikdə 12 indikator əsasında müəyyən edilir. UNEC "Akademik reputasiya" indikatoru üzrə Avropada 198-ci oldu. Bu göstərici 144.000 akademik heyətin rəyi əsasında müəyyən edilib. 98.000-dən çox işəgötürən arasında keçirilən sorğu nəticəsində isə UNEC "İşəgötürənlər reputasiyası" indikatoru üzrə Avropada 195-ci yerdə qərarlaşdı. İqtisadiyyat və Ekonometrika üzrə də dünyanın ən yaxşı 501-530 universiteti oldu. Bunlar təbii ki, bizim üçün böyük uğurdur: "Bundan əlavə, UNEC 2023-cü ildə ilk dəfə olaraq, SCimago (Scimago Institutions Rankings) reytinqində də yer aldı və ölkə birincisi oldu. UNEC həmin reytinqdə dünyanın 8433 universiteti arasında "İqtisadiyyat, ekonometrika və maliyyə" sahəsi üzrə 691-ci, "Biznes, menecment və mühasibat" sahəsi üzrə 1256-cı yerdədir. Şərqi Avropada isə 803 universitet arasında UNEC "İqtisadiyyat, ekonometrika və maliyyə" sahəsi üzrə 33-cü, "Biznes, menecment və mühasibat" sahəsi üzrə 69-cu yerə yüksəldi. UNEC dünyanın ən nüfüzlu reytinq təşkilatlarından biri olan "Times Higher Education" "THE İmpact Ranking" reytinqində dünya universitetləri arasında "Layiqli əmək və iqtisadi artım", "Keyfiyyətli təhsil", "Sənaye, innovasiya və infrastruktur", "Məqsəd üçün tərəfdaşlıq" kriteriyaları üzrə 619-cu, Azərbaycan üzrə isə birinci olub. "UI Green Metric World University Rankings" reytinq siyahısına görə UNEC 2019-cu ildə dünya üzrə 432-ci, Azərbaycan üzrə isə 1-ci "yaşıl" universitet kimi tanındı. Dünya Universitetlərinin "Webometrics Reytinqi"nin (Webometrics Ranking of World Universities) 2023-cü il nəticələrinə əsasən, UNEC dünya universitetlərinin ilk 10 faizliyində yer alaraq, ilk dəfə ölkə üzrə birinci yerə yüksəldi. Dünyanın 32 minə yaxın universitetinin reytinqini  hazırlayan "Webometrics"də UNEC son illərdə 15 min universiteti geridə buraxmış və hazırda inamla irəliləməkdədir. 2023-cü ilin birinci reytinq cədvəlində 3644-cü pillədə Azərbaycan üzrə ikinci yeri tutan UNEC, 6 aydan sonra 3196-cı pilləyə yüksələrək ölkə birincisi oldu".

(Ardı var)

Sevinc QARAYEVA

 





28.11.2023    çap et  çap et