525.Az

Qələbən mübarək, şəhidim!


 

Qələbən mübarək, şəhidim!<b style="color:red"></b>

Vətənpərvərliyin ən ali məqamı şəhidlikdir. Şəhidlik zirvəsi isə hünər və qeyrət simvoludur. Gənc ömrünü doğma vətəninə calayan, haqqın dərgahına ucalan hər bir şəhid bizə doğmadır. Müqəddəs vətəndə uyuyan hər bir şəhidimizin öz ünvanı, öz taleyi, öz həyat hekayəsi var. Bu ucalığa yüksələnlərin ömür yolu qısa olsa da, şərəfli və örnək sayılır. Belə şərəfli ömür sahiblərindən biri də şəhadətindən 3 il ötən Orxan Hüseynovdur.

Baş leytenant Orxan Bəhmən oğlu Hüseynov 25 iyul 1991-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Əslən Qərbi Azərbaycandan olan Orxan orta təhsilini 146 saylı orta məktəbə alıb. 2008-ci ildə Heydər Əliyev adına Hərbi Akademiyaya qəbul  olub. 2013-cü ildə akademiyanı yüksək fərqlənmə diplomu ilə bitirdikdən sonra 2013-2014-cü illərdə Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində təkmilləşdirmə kursu keçərək 2014-cü ildə Qusar şəhəri N saylı hərbi hissədə tağım komandiri kimi hərbi qulluğa başlayıb. Xidməti ilə həmkarları və rəhbərliyinin rəğbətini qazanan, yüksək nailiyyətlərinə görə fəxri fərmanlarla təltif olunan Orxan Hüseynov 2017-ci ildə Tərtər rayonunda yerləşən, az sonra isə Yevlaxdakı N saylı hərbi hissəyə təyinat alıb və son gününə kimi burada qulluğa davam edib.

Həmin payız günü - sentyabrın 27-si Azərbaycan tarixində yeni səhifə açıldı, İkinci Qarabağ müharibəsi başlandı. Və həmin payız günü baş leytenant Orxan Hüseynovun taleyinə ilk və son döyüş günü kimi yazıldı. Həmin bir gündə onun bir komandir kimi nələri bacardığını Orxanın bir özü bildi, bir də silahdaşları...

Azərbaycan Ordusunun baş leytenantı Orxan Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində bölük komandiri kimi iştirak edib. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Orxan Hüseynov 27 sentyabr 2020-ci ildə Suqovuşanın azad edilməsi uğrunda döyüşlərdə - Tərtər rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirən zaman həlak olub.

Orxan Hüseynov hərbi anda sadiq olan, xidməti vəzifələri və döyüş tapşırıqlarını vicdanla yerinə yetirən, xalqın, dövlətin marağını öz şəxsi marağından, mənafeyindən qat-qat üstün tutan əsl komandir idi.

Yer üzündə baş vermiş savaşların tarixi göstərir ki, düşməni zəbt etdiyi torpaqlardan Vətənin igid oğulları qovub çıxarır. Düşməni işğal etdiyi torpaqdan çıxaran Orxan kimi oğulların Böyük Qələbəyə yolu odlu-alovlu səngərlərdən, ölümün gözünə dik baxan igidliyindən, canından-qanından, şəhidliyindən keçib gedirdi...

Dünyaya gəlişinə bir ailə sevinmişdi. Dünyadan gedişinə bütün Azərbaycan xalqı kədərləndi. Şəhadətə qovuşan qəhrəman Orxan Hüseynov ailə üzvlərinə mükafatların ən böyüyünü, fəxri adların ən şərəflisini bağışladı: Şəhid anası, Şəhid atası, Şəhid qardaşı, Şəhid yoldaşı, Şəhid övladı... Məhz bu şərəfli və fəxarətli adın işığında valideynləri, yeganə qardaşı, iki oğul övladı cəmiyyətdə sayılıb-seçilən insanlar cərgəsində yer alıb, hörmət və ehtiramla qarşılanırlar. Bu adın işığı onların bundan sonrakı ömür yollarını daim mayak kimi aydınladır, bu adın əzəməti onların hər birinə yaşamaq üçün güc verir. Orxan Hüseynovun 2 oğul övladı - Muradı və heç üzünü görmədiyi, onun ölümündən sonra dünyaya gələn, adını daşıyan balaca Orxanı atalarının qəhrəmanlığını hələ yaşa dolduqca öyrənəcəklər.

Orxanı tanıyan hər kəs onun Suqovuşanda göstərdiyi qəhrəmanlığından danışırdı. Döyüş yoldaşları hələ də inana bilmirdilər ki, belə bir oğul aralarında deyil. Onun haqqında keçmişdə danışmaq çətindir. Tərxis olunan əsgərlər onun evini və qəbrini ziyarət edib, komandirləri haqda xoş xatirələrini bölüşdülər. Onların dediyinə görə, Orxan təkcə komandir deyil, dost və böyük qardaş olub. O, heç bir əsgərin haqqına girməz, heç kimin xətrinə dəyməzdi. Lazım gəldikdə intizamlı və zabit əzmini də göstərə bilirdi. Ancaq əsgərlər ondan heç vaxt incimirdilər, çünki sərt üzünün arxasında sadə mehriban bir insanın varlığını bilirdilər.

Müharibənin ilk günündə onun rəhbərliyi ilə əsgərlərimiz döyüş bölgəsində şücaət göstərərək Suqovuşanın azad olunmasında 12 düşmən postunu ələ keçirib. Orxan özü isə bir neçə yaralı əsgərini minalı sahədən çıxarıb və partlayış nəticəsində çoxlu sayda qəlpə yarası alaraq şəhidlik zirvəsinə ucalıb.

Hələ sağlığında "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalına layiq görülən Orxan Bəhmən oğlu Hüseynov ölümündən sonra Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda" medalı, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Suqovuşanın azad olunmasına görə" medalı ilə də təltif edilib.

Şəhidin adının əbədiləşdirilməsi üçün Suraxanı rayonunda bulaq xatirə-abidə kompleksi inşa olunub. Suraxanı rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə həyatı, keçdiyi döyüş yoluna həsr edilmiş "Savaş üçün doğulanlar" sənədli filmi ictimaiyyətə təqdim edilib. Sənədli filmin çəkilişləri Orxan Hüseynovun təhsil aldığı orta məktəbdə, ailəsində, xidmət etdiyi hərbi hissədə və döyüşdüyü - şəhadətə yüksəldiyi Suqovuşan ərazisində aparılıb.

Şəhidlər ölməz, unudulmaz! İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər. Şəhidlərin davamçısı varsa, xatirələri hər yerdə anılırsa, deməli, onlar ölməyib, ürəklərdə daim yaşayırlar. Hər birimizin vətəndaşlıq borcudur ki, şəhidlikləri ilə bizə qələbə sevinci yaşadan bu oğullarımızı daim qəlbimizdə yaşadaq. Şəhidlər vurulanda yox, unudulanda ölür...

Ruhun şad olsun, Orxan, öpüb and içdiyin o üçrəngli bayrağın kölgəsində rahat uyu. Artıq bayrağımız Xankəndində, Xocalıda və Ağdərədə də dalğalanır. Qarabağ azaddır, bunda sənin də payın var. Sən vəzifəni layiqincə yerinə yetirdin. Şəhidlər ölmür, sən də əbədi yaşayacaqsan!

Ramidə ABBASOVA

 





28.11.2023    çap et  çap et