525.Az

"Tariximizin təbliği muzeylərdən başlamalıdır"


 

AYTƏN FƏTTULAYEVA: "İŞĞALDAN AZAD OLUNMUŞ RAYONLARDA ZƏFƏR MUZEYLƏRİNİN YARADILMASI NƏZƏRDƏ TUTULUR"

"Tariximizin təbliği muzeylərdən başlamalıdır"<b style="color:red"></b>

Yeni nəslin vətənpərvər ruhda yetişdirilməsində, yaşadığın şəhərin tarixinin, adət-ənənələrinin öyrənilməsində böyük rol oynayan mədəniyyət ocaqlarından biri də muzeylərdir. Muzeyləri ziyarət etmək insana tarixin nə qədər zəngin olduğunu canlı görməyə imkan yaradır və onun mənəviyyatını zənginləşdirir. Ölkəmizdə kifayət qədər tanınmış, müxtəlif eksponatlarla zəngin muzeylər var ki, bunlardan bir çoxu torpaqlarımız işğal olunan zaman düşmən vandalizmininə məruz qalıb. Qarabağ işğaldan azad olunandan sonra isə onların yenidən bərpa olunması istiqamətində əməli və ardıcıl addımlar atılmağa başlanılıb.

İşğaldan azad olunaraq bərpa olunan ən qədim muzeylərdən biri də Cəbrayıl tarix-diyarşünaslıq muzeyidir. Muzey 1980-ci ildən fəaliyyət göstərməyə başlayıb. Cəbrayıl tarix-diyarşünaslıq muzeyi vandalizmə məruz qalmış muzeylər içində yeganə tarixi ocaqdır ki, eksponatlarının çox hissəsi işğaldan xilas edilib. Elə bugünkü həmsöhbətimiz də, sözügedən tarix-diyarşünaslıq muzeyinin rəhbəri Aytən Fətullayevadır. 1989-cu ildən muzeyşünas olaraq fəaliyyət göstərən, A.Fəttulayeva əvvəllər bələdçi, 2000-ci ildən fond müdiri kimi çalışsa da, 2020-ci ildən bu günə kimi muzeyin rəhbəridir.

 

 

- Aytən xanım, muzeylərin fəaliyyəti üçün üçün əsas tələb və prinsiplər nələrdir?

-Tariximizin, ədəbiyyatımızın təbliği elə məhz muzeylərdən başlanmalıdır. Muzeylərin əhəmiyyəti barədə Ulu öndər dəfələrlə müxtəlif fikirlər söyləyib. Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə onun böyük təşkilatçılıq səyi ilə muzeylər haqqında qərar qəbul edildi. Qərarda xüsusi olaraq vurğulanırdı ki, Azərbaycan bütün rayon və şəhərlərində tarix-diyarşünaslıq muzeyləri yaradılsın. Bu qərardan sonra 1980-ci ildə Cəbrayıl rayonunda muzey yaradılmağa başladı. Dekabr ayında muzey artıq öz qapılarını ziyarətçilərin üzünə açdı.

Rayon ziyalıları muzeyin yaradılmasında, ən unikal eksponatların toplanılmasında yaxından köməklik göstərdilər. Elə ona görə də Cəbrayıl muzeyi o vaxt ən tanınmış muzeylərindən biri olub.

- Muzeyləri ziyarət etmək insanlara nə qazandırır?

- Muzeyləri ziyarət etmək insanların qan yaddaşını oyadır. Tarixi ekskursiyaya aparır. Muzeylərdə tarixi ardıcıllıq, yəni xronologiya xüsusi yer tutur. Qeyd edərdim ki, müasir dövrdə muzeylərə daha çox xarici qonaqlar maraq göstərir.

Gözəl yadımdadır, əvvəllər Cəbrayıl müəssisələri vaxtaşırı muzeyi qrup şəklində ziyarət edirdilər. Məktəblilərin muzeyə cəlb olunması bir ənənə halını almışdı. İndiki dövrə nisbətən keçmişdə daha çox ziyarət olunurdu. Muzeylər tariximizin bir parçasıdır, tariximizi tanımaq və tanıtmaq hər bir vətəndaşın borcudur.

- Ölkəmizdə daha çox hansı muzeylər ziyarət olunur və buna səbəb nədir?

- Ölkəmizdə ən çox ziyarət olunan muzeylər Milli Azərbaycan Tarixi muzeyi, İstiqlal muzeyi, İncəsənət muzeyi və bölgələrdəki tarix-diyarşunaslıq muzeyləridir. Məsələn, İncəsənət muzeyinə Azərbaycan incəsənət xadimləri haqqında məlumat almaq üçün gəlirlər. Bölgələrdə fəaliyyət göstərən muzeyləri ziyarət edənlər isə daha çox, həmin bölgənin tarixi, mədəniyyəti, flora və faunası ilə tanış olmaq üçün ziyarət edirlər.

- Sizcə, daha çox kütləni cəlb etmək, insanlarda muzeylərə getməyə maraq yaratmaq üçün hansı tədbirlər görülməlidir?

- Muzeylər tək eksponat nümayiş etdirmək üçün deyil. Muzeylər həm də mədəni-kütləvi tədbirlərin yüksək səviyyədə keçirilməsi üçün bir məkandır. Təbii ki, hər bir muzeyin profilinə uyğun olaraq, tədbirlər keçirilməlidir. Belə tədbirlərdə iştirak edən insanların muzeyə marağı artır. Bu da daha çox insanın ziyarət etməsi ilə nəticələnir. Ona görə də, tək muzeylərdə yox, digər mədəniyyət ocaqlarında da elmi-bədii kütləvi tədbirlərin keçirilməsi vacibdir.

- Bəs pullu xidmətlər muzeylərə necə təsir göstərir?

- Pullu xidmətlər, demək olar ki, bütün muzeylərdə var. Bölgələrdə fəaliyyət göstərən muzeyləri xarici vətəndaşlar da ziyarət edir. Cənab Prezidentin göstərişi ilə işğaldan azad olunmuş rayonlarda Zəfər muzeylərinin yaradılması nəzərdə tutulur. Çox güman ki, həmin muzeylərdə də pullu xidmətlər olacaq. Belə xidmətlər muzeyləri tanıtmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına da müsbət təsir göstərir.

Havar ŞƏFİYEVA

 





29.11.2023    çap et  çap et